Qaxda Novruz bayramı

 

Xalqımızın çox qədim zamanlarda yaratdığı, milli yaddaşımıza yüksək mənəvi-əxlaqi dəyərlər toplusu kimi daxil olan Novruz bayramı, əslində, Azərbaycanda bütün dövrlərdə keçirilmişdir. Lakin onun rəsmi dövlət bayramı kimi qeyd edilməsi məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Son illər Novruz bayramı bir neçə gün, bu il isə bir həftədən çox davam edəcək.

 

Bütün bölgələrdə olduğu kimi, Qaxda da da xalqımızın milli-mənəvi dəyərləri ilə zəngin olan Novruz bayramına bu il daha ciddi hazırlıq görülmüş, rayon icra hakimiyyətinin tədbirlər planına əsasən, mərasimlər, el adət-ənənələrinə uyğun olaraq ardıcıl və yaradıcılıqla təşkil olunmuşdu. Belə ki, hələ fevral ayından yaşayış yerlərində, bağlarda, küçə və meydanlarda səliqə-sahman yaradılmış, əkin-səpinə hazırlıq işləri görülmüşdür, Novruzun tərkib hissələri olan su, od, yel və torpaq çərşənbələri adət-ənənələrimizə uyğun şəkildə icra olunmuşdur.

Novruzun mühafizə edib saxladığı milli dəyərlərdən olan şifahi xalq ədəbiyyatına bu bayram ərəfəsində xüsusi yer verilmişdi. tərəfindən Folklor kollektivlərinin ifa etdikləri şifahi xalq ədəbiyyatı nümunələri daha maraqla qarşılanmışdır. Əvvəlcə Novruz bayramına hazırlıqla bağlı rayonda fəaliyyət göstərən folklor kollektivlərinə baxış-müsabiqə keçirilmişdir.37 folklor kollektivindən 10-u bu müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. Üçüncü mərhələdə I-III yerləri tutmuş Qaşqaçay kəndinin “Xına yaxdı”, Cəlayir kəndinin ”Tonqay-Məlik”, İlisu kəndinin “Bayatı” kollektivləri ümumrayon Novruz şənliklərində iştirak etmişdir.

Həmçinin Novruza hazırlıqla əlaqədar məktəblilər arasında inşa yazı, rəsm, bədii qiraət üzrə də müsabiqələr təşkil edilmişdir. Novruza 10 gün qalmış keçirilmiş “Novruz gözəli” müsabiqəsi daha maraqlı olmuşdur. Müsabiqənin şərtlərinə görə, milli geyiminə, adət-ənənələrimizə bələdliyinə, azərbaycan dilində səlist danışığına görə seçilən Bahar gözəli rayon şənliklərində aparıcı olmuşdur.

Bayramla bağlı ümumrayon tədbiri isə adət-ənənələrə uyğun nümayiş etdirilən əyləncəli tamaşaların, ifa olunan mahnıların, rəqslərin, milli oyunların rəngarəngliyinə, məzmununa görə daha yüksək səviyyədə təşkil edilmişdi. Bayram şənliyi keçirilən rayonun mərkəzi meydanı Novruzun atributu olan səmənilər, müxtəlif məişət əşyaları, bahara aid plakatlarla bəzədilmişdi. Mərasimə respublikamızın paytaxtında müxtəlif elm, mədəniyyət, dövlət qurumlarında çalışan ziyalılardan ibarət nümayəndə heyəti, respublikamızın 15-dək görkəmli incəsənət nümayəndələri də dəvət edilmişdi. Meydanın ətrafında düzülmüş stollarda, quraşdırılmış alaçıqlarda kənd sakinləri, kollektivlər millətimizin zənginliyini əks etdirən yeməkləri nümayiş etdirirdilər.

Mərasim iştirakçıları başda rayon icra hakimiyyətinin başçısı Telman Quliyev olmaqla, əvvəlcə mili adət-ənənələrimizin qorunub saxlanmasında, zənginləşdirilməsində, xüsusilə Novruzun rəsmi dövlət bayramı kimi yaşadılmasında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə gül-çiçək qoydular. Sonra aparıcı mərasim iştirakçılarını təbrik edərək sözü rayon icra hakimiyyətinin başçısı Telman Quliyevə verdi. Başçı xalqımızın zəngin mili-mənəvi dəyərlərindən, Novruz adət-ənənələrindən danışaraq rayon sakinlərini, qonaqları bu gözəl bayram münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Novruzun əsas qəhrəmanlarından olan Keçəl, Kosa, Bahar qız meydanda Novruz bayramının ayin və mərasimlərini icra etməyə başladılar. Rayon mədəniyyət müəssisələrinin nümayəndələri, rəqs, folklor kollektivləri bir-birinin ardınca maraqlı nömrələrlə çıxış etdilər. Milli idman oyunları, kəndirbazın çıxışı da şənlik iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Tədbirdə Bakıda yaşayan Qaxın görkəmli ziyalılarının rayon ictimaiyyətinə ünvanlanmış təbrik məktubları oxundu. Yerli müğənnilərlə bərabər, Qaxa gələn respublikamızın incəsənət xadimlərinin çıxışları da mərasimi məzmun və forma etibarı ilə daha da zənginləşdirdi.

Bayramın adət-ənənələrinə görə mərasimdə iştirakçılara sərbəstlik verilmişdi. Adamlar bir-biri ilə bayramlaşır, Novruz ənənələrindən danışır, arzu və diləklərini edir, hətta mili mətbəximizin zəngin təamlarına da bir-birini qonaq edirdilər. Hamının simasından sevinc, təbəssüm yağırdı. Min nəfərdən çox iştirakçının qatıldığı tədbir gecə saat 23-dək davam etdi. Adamlar Novruz mərasimindən xoş təəssüratlarla, sevinc hissləri ilə ayrıldılar.

Məndən bir az aralıda dayanan, Qaxda sayılıb seçilən, ağsaqqal Camal Muxtarovun dediyi sözlər isə yadımdan çıxmır: “Qaxda hələ belə təmtəraq olmamışdı. Qoy insanlarımız bütövlükdə köhnə ili bax belə sevinclə başa vursunlar, xalqımızın taleyüklü problemi olan Qarabağ məsələsi həll olunsun”.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

Xalq qəzeti.- 2010.- 21 mart.- S. 5.