Azərbaycan təhlükəsizlik orqanlarının 91 illiyi

 

Dövlətin təhlükəsizliyi suverenliyin etibarlı təminatıdır

 

Bir neçə gündən sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Azərbaycanın ilk təhlükəsizlik orqanlarının yaradılmasının 91 illiyini qeyd edəcəklər. Bu münasibətlə MTN-nin Nərimanov Rayon İdarəsində tədbir keçirilmişdir. Veteran çekistlərdən general-mayor Bahadur Hüseynovun, ehtiyatda olan polkovniklər Bəxtiyar Süleymanovun, Ənvər Məmmədyarovun, Zülfüqar Tağıyevin, Elşad Şabanovun, Binnət Məmmədovun və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə MTN-nin Nərimanov Rayon İdarəsinin rəisi Asif Abbasov açmış, veteranları təhlükəsizlik orqanlarının 91 illiyi və Novruz bayramı münasibətilə təbrik etmişdir. O, demişdir ki, ötən 91 il ərzində təhlükəsizlik orqanlarının fəaliyyəti nəticəsində doğma Azərbaycanın tarixinə şərəfli səhifələr də yazılıb, xalqımızın yaddaşında qaranlıq dövr kimi qalmış illər də olub.

 

İlk təhlükəsizlik orqanlarının fəaliyyətə başaladığı dövrdə Azərbaycan müxtəlif təhlükələr qarşısında qalmışdı. Çoxsaylı təhdidlərin mövcudluğu ölkə həyatının bütün sahələrində səmərəli fəaliyyət göstərməyə qadir təhlükəsizlik orqanlarının təşkilini zəruri etmişdi. Yeni qurum daha peşəkarcasına fəaliyyət göstərməli və müstəqil olmalı idi.

1919-cu ildə təhlükəsizliyin təminatında daha geniş səlahiyyətlərə malik, Azərbaycanın ilk müstəqil xüsusi xidmət orqanı olan “Əksinqilab ilə mübarizə təşkilatı” yaradıldı. Bu təşkilat gənc dövlətin müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin qarşısını almaqla, daxili və xarici qüvvələrlə mübarizə aparan orqan kimi fəaliyyətə başladı. Lakin bolşevik Rusiyası və yerli kommunistlərin köməyi ilə 1920-ci ilin 28 aprel istilası ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini təkmilləşdirmək səyləri yarımçıq qaldı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-65-ci illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1965-ci ildən sonra bu orqana milli kadrların cəlb edilməsi, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə irəli çəkilməsi bu istiqamətdə mühüm addım oldu. Məhz Heydər Əliyevin səyi və birbaşa iştirakı ilə təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq, 80-ci illərdə 70 faizə çatmış, bu proses dinamik, dönməz xarakter almışdır. Bu dövrdə Azərbaycan təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin kadr potensialının özəyini təşkil etdi.

Lakin 80-ci illərin sonundan etibarən Azərbaycan DTK-sı öz prioritet istiqamətlərini dəyişərək yenidən mərkəzin xalqımıza qarşı yönəlmiş təxribat və repressiya siyasətinin alətinə çevrildi. Yaranmış şərait M.Qorbaçovun ətrafında toplaşmış erməni millətçilərini Azərbaycan əleyhinə illərlə həyata keçirmək niyyətində olduqları məkrli planlarını və bundan qaynaqlanan əsassız ərazi iddialarını real müstəviyə çıxarmağa cəsarətləndirirdi. 1988-ci ildə azərbaycanlılar növbəti dəfə qədim ata-baba yurdları olan Qərbi Azərbaycandan kütləvi şəkildə qovuldu. Moskva qarşısında güzəştli mövqe tutan respublika rəhbərliyinin bu proseslərə lazımi reaksiya verməməsi, ermənilərin törətdikləri cinayətlərin cəzasız qalması Azərbaycanı yeni fəlakətlərə sürüklədi. 1990-cı ilin 20 yanvarında Bakıya qoşun yeridən imperiya Azərbaycan xalqının qanını axıtmaqla, onun haqq səsini boğmağa, özünün ermənipərəst siyasətinə daha münbit şərait yaratmağa çalışdı. Ancaq öz azadlığı və müstəqilliyi uğrunda hər cür məhrumiyyətlərə dözən, Heydər Əliyev kimi ümid, pənah yeri saydığı dahi övladına güvənən Azərbaycan xalqı susmadı, öz haqq səsini dünyaya çatdırmağa, imperiya ilə mübarizə əzmini nümayiş etdirməyə nail oldu. Bu gün Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafı naminə ölkə Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi Heydər Əliyev siyasi kursunun uğur qazanmasında MTN əməkdaşları da yaxından iştirak edirlər.

Natiq qeyd etmişdir ki, nazirliyin son illərdəki fəaliyyəti onun xalq arasındakı nüfuzunu daha da yüksəltmişdir. Terrorçuluqla mübarizədə əldə edilən uğurlar nəinki ölkədə, eləcə də beynəlxalq tərəfdaşlar arasında nazirliyimizə milli maraqları daxili və xarici təhdidlərdən qorumağa qadir xüsusi xidmət orqanı imici qazandırmışdır. Bu gün beynəlxalq terrorçuluqla ardıcıl, məqsədyönlü mübarizə aparan Azərbaycan MTN-nin adı dünyanın sivil xüsusi xidmət orqanları ilə yanaşı çəkilir.

Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı hazırlıq mərhələsində alınmış, külli miqdarda silah-sursat və partlayıcı maddə götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı olan bir qrup radikal vəhhabinin Pakistanın Vəziristan vilayətinə getmələri, orada “Əl-Qaidə” terror təşkilatının və Taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə iştirakları müəyyən olunmuş, həmin şəxslər barəsində cinayət işi başlanmışdır.

Son illər bu istiqamətdə görülən işlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi uğurların artmasına zəmin yaratmışdır. İftixarla qeyd edirik ki, digər sahələrdə olduğu kimi, terrorçuluqla mübarizə istiqamətində qazanılan uğurlarda da MTN-nin Nərimanov Rayon İdarəsi əməkdaşlarının da özünəməxsus payı olmuşdur. Hazırda müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, radikal dini meyilli qrupların bütün fəaliyyətlərinin tərəfimizdən nəzarətdə saxlanılması davam etdirilir.

MTN terrorçuluğun ayrılmaz tərkib hissəsi olan təcavüzkar separatçılıqla mübarizəyə xususi diqqət yetirir. Çünki, məlum olduğu kimi, beynəlxalq terrorizmin tərkib hissəsi olan, Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorizmin başlıca hədəfləri siyahısında Azərbaycan ilk yerdədir.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dediyi kimi: “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən irəli gələn fəsadlar milli təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Atəşkəs rejiminin mütəmadi pozulması, işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərin keçirilməsi, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin davam etdirilməsi narahatlıq doğuran və sayıqlıq tələb edən hallardır”.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da digər güc qurumları və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə çiyin-çiyinə Qarabağ uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı mübarizədə şücaət və rəşadət nümunələri göstərmişlər. Müharibə illərində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə nazirliyin 6 əməkdaşı qəhrəmancasına həlak olmuş, xalqımız onların bu şücaətini layiqincə qiymətləndirmişdir. Hazırda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışmaq nazirliyin hər bir əməkdaşının ən başlıca vəzifə borcudur.

Nazirliyin son illərdəki fəaliyyəti onun nüfuzunu daha da yüksəltmiş, təhlükəsizlik orqanlarına xalqın inam və etibarını qazandırmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin göstərdiyi yüksək etimad bizim daha yaxşı işləməyimiz, ölkənin təhlükəsizliyinə daha möhkəm zəmin yaradılması üçün ən yaxşı stimuldur.

Tədbirdə çıxış edən veteranlar qeyd etdilər ki, Milli Təhlükəsizlik Nazirliyinin də həyatında ən məhsuldar dövr görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra başlayır. Bu da ulu öndərin nazirliyin işinin yenidən qurulmasına göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqəti ilə bağlı olmuşdur. Bu gün bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən inam və uğurla davam etdirilməkdədir.

Veteranlar dövlətin və Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin onlara göstərdiyi qayğı və diqqəti də yüksək qiymətləndirdilər. Tədbirin sonunda veteran çekistlərə qiymətli hədiyyələr təqdim olundu.

 

 

Namiq QƏDİMOĞLU

 

Xalq qəzeti.- 2010.- 21 mart.- S. 5.