Peşə təhsili: islahat davam
edir
Ölkəmizdə aparılan təhsil
islahatının tərkib hissəsi olan texniki-peşə təhsilinin
yeniləşdirilməsi sahəsində son illər
böyük işlər görülməkdədir. Söz yox
ki, müxtəlif fəaliyyət sahələri
üçün yeni texnologiyalara yiyələnmiş
kadrların hazırlanması ölkənin dinamik
inkişafında həlledici amillərdən biridir. Xarici
ölkələrin təcrübəsi göstərir ki, orta məktəb
məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə
əhatə olunur. Bizdə isə bu göstərici 10-11 faizə
bərabərdir. Beləliklə, texniki peşə təhsil
sisteminin əsas istiqamətlərindən biri olmaqla, cəmiyyətin
sosial-mədəni və iqtisadi inkişafında fərdlərin
iştirakını təmin edir, onların ətraf mühitə
təsir etmək imkanlarını artırır, insanları
yeni biliklərə yiyələnməyə istiqamətləndirir,
peşəkar fəaliyyətdə davamlı inkişafa nail
olmaqda real köməklik göstərir.
Bu gün peşə təhsili
sadəcə olaraq “sənətkarlar və ustalar”
hazırlamaqla öz işini bitirməməlidir. Burada daha
yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis
hazırlığını həyata keçirilməlidir.
Bir vaxtlar cəmiyyətdə
texniki peşə təhsilinə maraq xeyli zəifləmişdi,
bu məktəblərə zəif oxuyan, savadsız
uşaqları göndərirdilər. Ancaq son illər cəmiyyətdə
yaranmış bu münasibət dəyişməyə
başlamış, aparılan təbliğat və maarifləndirmə
işləri öz müsbət nəticəsini verməkdədir.
Digər tərəfdən, son illər texniki peşə təhsilinin
maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində
də davamlı iş aparılır.
Ölkəmizin
iqtisadiyyatı gücləndikcə bu sahəyə yönəldilən
dövlət vəsaiti də artmağa başlamışdır.
Müqayisə üçün belə bir faktı nəzərə
çatdırmaq istərdik. Əgər texniki peşə təhsilinə
ayrılan dövlət vəsaiti 2004-cü ildə 5,4 milyon
manat təşkil etmişdisə, 2009-cu ildə bu rəqəm
26 milyon manata çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin bu sahəsinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Prezident 2007-ci ildə “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etməklə bu sahənin sürətli inkişafı üçün güclü stimul yaratdı. Burada çox mühüm məsələlər qoyulmuşdu və onların reallaşdırılmasına artıq başlanılmışdır. Belə ki, texniki peşə təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, adambaşına maliyyə idarəetmə sisteminə keçid, hər bir iqtisadi rayonda əhalinin texniki peşə təhsilinə olan tələbatı ödəmək üçün mövcud peşə məktəbləri və peşə liseylərinin bazalarında peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və s. məsələlər Proqramda nəzərdə tutulurdu.
Bu gün artıq Proqramın reallaşması istiqamətində həyata keçirilən tədbirlər barədə danışmaq olar. Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, işə götürən təşkilatlarla təhsil müəssisələri arasında duran problemlərin həlli məqsədilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət əlaqələndirmə şurası yaradıldı. Bu şurada təhsilin bu sahəsinin ciddi problemləri müzakirə mövzusuna çevrildi.
Proqrama uyğun olaraq, peşə məktəblərimiz təmir edildi, onlara əyani vəsaitlər verildi, məktəblərimizdə kompyuter laboratoriyaları yaradıldı. Azərbaycanın ayrı-ayrı regionlarında da peşə təhsilinin inkişafına diqqət artırıldı. Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaradılması bu sahədə atılan ilk uğurlu addım kimi qiymətləndirilməlidir. Qeyd edək ki, bu mərkəz son 20 ildə yeni yaradılan ilk texniki peşə təhsili müəssisəsidir. Belə mərkəzlərin respublikamızın müxtəlif rayonlarında yaradılması da planlaşdırılır.
Çox sevindiricidir ki, Təhsil Nazirliyi texniki peşə təhsili sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə ki, YUNESKO, Dünya Bankı, Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Cənubi Koreyanın DEU İnternational Korporasiyası ilə ölkəmizdə texniki peşə təhsilinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilməkdədir.
Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında 18 iyun 2007-ci il tarixdə imzalanmış sazişə əsasən, “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi” həyata keçirilir. Söz yox ki, son illər həyata keçirilən islahat rəhbərlik etdiyim 17 saylı Bakı peşə liseyinin fəaliyyətinə də öz təsirini göstərmişdir.
Bizim liseyin əsası 1936-cı ildə qoyulmuşdur. Ötən illər ərzində liseyin ixtisas yönümü bir neçə dəfə dəyişmiş və bu gün isə informasiya texnologiyaları üzrə kadrlar hazırlanmasına daha çox üstünlük verilir. Bizim lisey kompyuter üzrə operator, telekommunikasiyada kompyuter texnologiyasının istismarı operatoru, mühasib-fərdi kompyuter operatoru, kabel calayıcısı – rabitə montyoru ixtisasları üzrə kadrlar hazırlayır.
Respublika Prezidenti İlham Əliyevin texniki peşə təhsilinin inkişafı ilə bağlı sərəncamından sonra bizim liseydə əsaslı təmir işləri aparılmış, bütün sinif otaqları və emalatxanalar ən müasir texniki avadanlıqlarla təmin olunmuşdur. Bununla yanaşı, fizika, kimya laboratoriyaları, kompyuter otaqları yenidən qurulmuşdur.
Hazırda liseyimizdə 375 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 72 müəllim və mühəndis-texniki işçi məşğul olur. Liseyimizin böyük kitabxanası və müasir tipli oxu zalı vardır ki, bu da şagirdlərə biliklərə yiyələnmək üçün geniş imkan yaradır. Müntəzəm olaraq mədəni-kütləvi tədbirlər həyata keçirilir. Ədəbiyat və incəsənət xadimlərimizin yubileyləri, tarixi və bayram günləri xüsusi olaraq qeyd edilir. Uşaqların hərbi vətənpərvərlik tərbiyəsi də nəzərdən qaçırılmır. Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranları ilə görüşlərə şagirdlər böyük maraq göstərirlər.
Son illər kompyuter sahəsinə böyük maraq olduğundan bizim liseyə daha çox maraq göstərilir. Biz də çalışırıq ki, hazırladığımız mütəxəssislər bilikli, bacarıqlı, öz işlərinin mahir ustaları olsunlar.
Qəhrəman HACIYEV,
17 saylı Bakı Peşə
Liseyinin direktoru
Xalq qəzeti.- 2010.- 21 mart.- S. 7.