Müəllim şərəfi
“—Uşaqlar ən həssas, ən
səmimi insanlardırlar. Onların yanında bir sözün
yalan çıxdımı, dərhal hörmətin
düşəcək. Səni qaba bir hərəkətdə,
çirkin bir əməldə gördülərmi, onların
nəzərində nəinki təkcə sənin,
bütün müəllim adı daşıyanların nüfuzu
enəcək. Uşaqların iti müşahidəsi,
mühakiməsi qarşısında ehtiyatlı olun!
Onların hörmətini qazanmağa çalışın.
Camaat arasında hörmət qazanmayan müəllimin
sözündə kəsər olmaz...”
Azərbaycan Elmlər Akademiyasının geniş iclas salonunda filologiya elmləri doktoru, professor, yazıçı Mir Cəlal Paşayevin çıxışını hamı böyük maraqla dinləyirdi. Azərbaycan müəllimlərinin dördüncü qurultayındakı bu çıxışda irəli sürülən mülahizələrə, təkliflərə biganə qalmaq mümkün deyildi.
Salonun orta cərgələrinin birində əyləşmiş, Tovuzdan olan qurultay nümayəndəsi Möhsün Axundov dizinin üstünə qoyduğu blaknotunda qeydlər aparırdı. Onun yanında əyləşən həmyerlisi Şəmsəddin Paşayev astadan “Möhsün müəllim, yadınızdadır, bir dəfə soruşanda ki, Sizin üçün ən ağır, amma şərəfli iş nədir, cavabında ”şagirdin hörmətini qazanmaqdır” dediniz. Möhsün müəllim eynəyini çıxarıb razılıqla mülayim istiqanlı baxışlarını keçmiş şagirdinin üzündə, gözlərində gəzdirdi. 1928-ci ildə Tovuz rayon mərkəzində yeddiillik məktəbdə ilk müəllimlik fəaliyyətinə başlayanda Şəmsəddinə dərs demişdi. Çox sonralar yazıçı-şair Məstan Əliyev (Məstan Günər) öz xatirələrinin birində yazırdı: “Möhsün Axundovu bütün sinif və təbii ki, həm də bütün məktəb çox istəyirdi. Nəyə görə? O vaxt bunu aydınlaşdırmaq mənim üçün çətin idi. Elə indinin özündə də Möhsün müəllimdəki gözəlliyi, cazibəni xırdalayıb təsvir etməkdə gücsüzəm. Məgər bir dinləyici xoşuna gələn musiqini incələyə bilir? Sadəcə, yaxşı musiqi eşidərkən ”gözəldir, necə də gözəldir” deyir.
Möhsün müəllim daim yüksək nəcabət səviyyəsində dayanırdı. Hamını isti qəlblə, öz balası kimi sevirdi. O qədər sadə və səmimi idi ki, bunu təsvir etmək olmur. Ağayanalıq, qürur və əzəmət onun daxilində, içərisində idi. Dəfinə yatırdı içərisində Möhsün müəllimin və bu dəfinə zahirdə onu gözəllik cizgiləri ilə bəzəyirdi”. Milli Məclisin sabiq deputatı, elmlər doktoru, mərhum Zakir Zeynalov isə “İmkanım olsaydı onlara abidə ucaldardım” məqaləsində Möhsün müəllimi belə xatırlayır: “Coğrafiya müəllimi Möhsün Axundovun tədris etdiyi fənnə elə bir məhəbbətli münasibət vardı ki, istər-istəməz bu məhəbbət şagirdə də sirayət edirdi. Üstündən uzun illər keçməsinə baxmayaraq mən bu gün də coğrafiyanı orta məktəbdə mənimsədiyim kimi yadda saxlayıram. İstənilən qitənin, ya ölkənin xəritəsini heç nəyə baxmadan çəkmək məndə adi bir işə çevrilib...”
...Möhsün Axundov düz 100 il qabaq, 1910-cu il martın 21-də Tovuzda dünyaya göz açıb. Onun atası Kərbalayi Həmid Axund dövrünün digər qabaqcıl ruhani alimləri olan Azaflı və Xatınlı Mirzə Məhəmmədlə Qahirə İslam Universitetini bitirmişdi. Həmid Axundlu dövrünün sayılıb-seçilən ziyalılarından idi və təbii ki, övladlarını, o cümlədən Möhsünü də əsl ziyalı kimi böyütməyə çalışırdı. Möhsün Axundov o zamana görə mükəmməl təhsil sistemlərindən hesab olunan dini və dünyəvi təhsili üzvü surətdə birləşdirən, şəxsi evlərdə fəaliyyət göstərən xalq məktəbində təhsil almışdı.
Sovet hakimiyyətinin ilk illərində təhsilli adamlara daha çox ehtiyac duyulurdu. Təsadüfi deyil ki, elə Möhsün Axundov da artıq 18 yaşında müəllim kimi ilk əmək fəaliyyətinə başlayır. O, Bozalqanlı, Tovuz yeddillik, Böyük Qışlaq, Aşağı Quşçu məktəblərində müəllim, direktor vəzifələrində çalışır, rayon maarif şöbəsinin inspektoru işləyir. Həmin illərdə qiyabi müəllimlər institutunu bitirir, 1936—1941-ci illərdə isə Dövlət Pedaqoji İnstitutunda təhsilini artırır, “orta məktəb pedaqoqu” diplomunu alır. Sonralar Möhsün müəllim şəhərdəki Puşkin adına məktəbdə coğrafiya fənnindən dərs deyir, 1948—1950-ci illərdə həmin məktəbin tədris hissə müdiri vəzifəsində çalışır. M.Axundov dərs deməklə yanaşı, maarif şöbəsində pedaqoji kabinə müdiri işləyir, Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri vəzifəsində fəaliyyət göstərir.
Möhsün Axundov çox cavan yaşlarından qayğılarla, problemlərlə, çətinliklərlə əhatə olunur. Həyat artıq onu gənc ikən mətinləşdirir, qətiyyətli, əsl ağsaqqal edir. Bu bir tərəfdən gənc Möhsünün özünün xarakteri, həyata baxışları, aldığı tərbiyə ilə bağlı idisə, digər tərəfdən haqsızlıqlarla, atası Axund Həmidin çörək verdiyi adamların dönüklüyü ilə bağlı idi. 30-cu illərin repressiyaları başlanmışdı və çox keçmədi ki, Həmid kişi başda olmaqla Axundlu nəslinin say-seçmə oğulları Qazaxıstan çöllərinə sürgün edildi.
Möhsün Axundov gənc yaşlarından öz övladlarının, böyük bir nəslin qayğıları ilə yanaşı, elin-obanın da dərd-sərini çəkməyə, problemləri ilə məşğul olmağa başladı. O, işlədiyi kəndlərin camaatının xeyir-şərinə yarıyan, onlara dayaq duran adam idi. Artıq 35-40 yaşlarında böyük nüfuz qazanmışdı. O, adamların məsləhət aldığı etibarlı şəxslərdən biri olmuşdu. Maraqlıdır ki, ən çətin, inadkar adamlarla belə Möhsün müəllim dil tapmağı bacarırdı. Ona özündən cavanlar da, özündən qat-qat yaşlı adamlar da böyük hörmət və izzətlə yanaşırdılar. Dostluq etməyi, onu davam etdirməyi bacarırdı. Müəllim dostları Cahangir Musayev, Rəhim Muradov və başqaları ilə dostluqları nəsildən-nəslə keçib və bu gün də davam etdirilir. Yaxud, başqa bir misal. Möhsün müəllimin atası sonuncu dəfə Kərbala ziyarətinə Dəlləkli Həmid Axundla, Qaraxanlı Abbasla və Kərimlə, Çeşməli Kazımla birgə gedib və onlar siğə qardaş olmuşdular. Möhsün müəllim bu münasibəti çox yüksək səviyyədə davam etdirməyi bacarırdı, adları çəkilən şəxslərin yaxın qohum-əqrabalarına çox böyük hörmət, qayğı, diqqətlə yanaşardı. Kərbəlayı Abbasın bacısı oğlu Qəşəm kişi, Mirzə Məhəmmədin oğlu Mirzə Mehdi, Kəbləyi Kazımın oğlu Xalıqverdi Möhsün müəllimin ən yaxın dostlarına çevrilmişdi.
Möhsün Axundov özü nümunəvi ailə başçısı idi. Ailənin ilki Həmayım, digər qızları Mülayim, Nailə, Mələk, oğlanları Firudin, Mücaməddin, Nizaməddin atalarının rayonda böyük nüfuz sahibi olduğu ilə qürur duyurdular. O, övladlarının hamısının ali təhsil almasına nail olmuşdu, onların əsl ziyalı, vətəndaş kimi formalaşması üçün əlindən gələni etmişdi. Möhsün müəllimin oğlu Mücaməddin Axundov atasından söhbət düşəndə deyir:
— Atam rəhmətə gedəndə 15 yaşım da yox idi. Heç on gün keçməmiş əmək fəaliyyətinə başladım. Çünki ailəmizdən yalnız ikisi institutu qurtarmışdı. Qalanları tələbə və şagird idi. Onlara kömək göstərmək, ata yerinin boşluğunu hiss etdirməmək mənim üzərimə düşürdü.
Harada işləmişəmsə, harada olmuşamsa məni Möhsün müəllimin oğlu kimi tanıyıblar və mən bundan daim qürur duymuşam və bu hissləri ömrümün axırına kimi keçirmək mənim üçün şərəfdir.
...Möhsün Həmid oğlu Axundov keçmiş ittifaqın, respublikanın ən ali mükafatlarına layiq görülüb. Onun sinəsini Lenin, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” kimi ordenlər bəzəyirdi. Razılaşın ki, o zamanlar bu cür yüksək mükafatlara layiq görülmək hər adama qismət olmurdu. Bundan başqa, o, “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adını daşıyırdı. Müxtəlif fəxri fərmanlar, “Qabaqcıl maarif xadimi”, “Xalq maarifi əlaçısı” döş nişanlarına layiq görülmüşdü.
Möhsün Axundov cəmi 53 il ömür sürdü. Amma elə bir ömür sürdü ki, onunla bu gün də təkcə övladları, nəvə-nəticələri deyil, böyük bir el-oba fəxr edir, qürur hissi keçirir. Möhsün müəllim xatirələrdə yaşayır, qəlblərdə özünə yer tapıb. Gözəl, təkrarolunmaz həyat yolu keçən, ən yüksək mükafatlara layiq görülən Möhsün Axundovun adının əbədiləşdirilməsinə ehtiyac duyulur. Bu, Möhsün Axundovun xatirəsinə ən böyük ehtiram olardı.
Yazını böyük ədib Mir Cəlal Paşayevin qurultayda dediyi digər sözlərlə bitiririk: “Cavanlıqda mən kənd müəllimi olmuşam. Duzdür, indi mənim adıma ədib, professor, alim deyirlər, amma mən müəllim adı ilə həmişə fəxr etmişəm və indi də edirəm. Mədəni cəmiyyətin, mədəni ailənin, mədəni vətəndaşın çox minnətdar olduğu zümrə müəllimlərdir. Gənc nəslin ilk nümunə, ibrət götürdüyü, sözünü, işini, hərəkətini təqlid etdiyi şəxs xalq müəllimidir”.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 20 mart.- S. 8.