Ermənilərin törətdiyi faciələr misli görünməmiş soyqırımı aktıdır

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla hayata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasətini həyata keçirmişlər. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.

Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilərin hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.

1988-ci ildə erməni millətçiləri SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Yeri gəlmişkən, burada bir məqama da toxunmağı vacib bilirəm. Erməni qəddarlığından danışarkən, xalqımıza qarşı törədilən soyqırımı aktlarına təfərrüatı ilə diqqət yetirmək lazımdır. Bunun üçün ilk növbədə “soyqırımı” anlayışının nə olduğunu, onun müasir beynəlxalq hüquq elmində necə müəyyənləşdirildiyini dəqiqləşdirmək zəruridir. “Soyqırımı” ifadəsi ilk dəfə olaraq, 1949-cu il dekabrın 9-da BMT BA-nın İnsan Hüquqları Komissiyasının “Soyqırımı siyasəti üçün xəbərdarlıq edilməsi və ona görə cəzalandırma Konvensiyası”nın II maddəsində bir beynəlxalq hüquqi termin kimi qəbul edilərək istifadə olunmuşdur. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırımı Bəyannaməsini imzalamışlar. Bu bəyannaməni 1950-ci ildə Türkiyə dövləti də imzalamış və həmin sənəddən irəli gələn məsuliyyəti qəbul etmişdir. Həmin maddəyə görə, soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq bir dövlət və ya hərbi-siyasi qurum tərəfindən məqsədli şəkildə yox edilməsi prosesini nəzərdə tutur. Bu prosesin hər hansı ölkənin hökuməti və ya hərbi siyasi təşkilatı tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Ümumiyyətlə, “Soyqırımı hər hansı milli, etnik, irqi və ya dini mənsubiyyətə görə, hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdən hərəkətə deyilir”.

Soyqırımı hərəkətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının XX əsr tarixinin bütün mərhələlərində bir cinayət faktı kimi rast gəlinir. Bu ağır və qeyri-insani hərəkəti törətməkdə ermənilər və onların himayədarlarının son məqsədi nədir? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. Artıq indi inkaredilməz bir həqiqətdir ki, ermənilər ta qədim zamanlardan, tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar.

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarix və zəngin mədəniyyətə malik bir ölkəsidir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir və bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir. Onu da qeyd etmək lazımdır ki, bu tarixin qanlı səhifələri də az deyildir. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların hədəfinə çevrilmiş, əraziləri işğal edilmiş, müəyyən mərhələdə öz dövlətçiliyindən məhrum olmuş, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləməyə və soyqırıma məruz qalmışdır. Bütün bəşəriyyət üçün ən ağır cinayət sayılan bu proseslər Azərbaycan xalqına qarşı XVIII-XX əsrlərdə çar Rusiyasının, eləcə də onun varisi olan SSRİ dövlətinin əlində alət olan ermənilər tərəfindən həyata keçirilmişdir.

XVIII əsrin I yarısında çar Rusiyasının xarici siyasətində əsas istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi. Bunun həlli üçün isə Rusiya imperiyasına bu ərazilərdə həm keçmiş, həm də müasir Rusiya hakim dairələri nümayəndələrinin dedikləri kimi, hərbi-siyasi qüvvə-forpost lazım idi və bu rolu isə Türkiyə və Qafqazın xristian əhalisi oynaya bilərdi. Lakin qeyd etmək lazımdır ki, hələ XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazilərində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyətı olmayan ermənilər öz “zülmkarlarından” azad olmaq üçün Qərbi Avropaya ümid bəsləyirdilər. Bu məqsədlə 1678-ci ildə Azərbaycan Səfəvilər dövlətinin üçüncü paytaxtı olan İsfahan şəhəri yaxınlığında I Şah Abbas tərəfindən ermənilər üçün salınmış Culfa şəhərində katalikos Akopun sədrliyi ilə erməni Qriqoryan kilsəsinin və tacirlərinin xüsusi müşavirəsi keçirilir və yeddi nəfərlik nümayəndə heyəti Avropaya göndərilir. Avropada uğursuzluğa düçar olan ermənilər Avstriya imperatorunun məsləhəti ilə Rusiya çarı I Pyotra müraciət edir və onun tərəfindən böyük ehtiramla qarşılanırlar. Avstriya monarxı I Pyotra yazdığı məktubunda ermənilərin əsas məqsədini belə izah edir: “Ermənilər mənim yanıma Beros nəslindən olan Uri adlı bir məlikzadəni və vartapet Minası göndərmişlər. Onların əsas məqsədi Ermənistanı İran zülmündən azad etməkdir...”. Belə bir fürsəti çoxdan gözləyən I Pyotr Qafqazın işğalı üçün hərbi-strateji planın hazırlanmasına 21 il vaxt sərf etdi. Bu planın əsas mahiyyətini Cənubi Qafqazın böyük hissəsini və İranın şimalını əhatə edən bütöv Azərbaycanı ələ keçirərək, bura Türkiyə və İrandan erməniləri köçürmək və paytaxtı Xəzər dənizi sahilində yerləşən, Rusiya imperiyasının Ön Asiya, Yaxın Şərq ölkələrinə və Hind okeanına çıxışını maneəsiz reallaşdıracaq qondarma bir erməni “dövlətinin” – forpostun yaradılması təşkil edirdi. Məlumdur ki, o zaman bu planların həyata keçirilməsinə I Pyotrun ölümü mane olsa da, onun 1724-cü ilin oktyabrında gələcəkdə işğal ediləcək ərazilərə ermənilərin köçürülməsi ilə bağlı verdiyi fərman mühüm rol oynadı. Məhz bu dövrdən azərbaycanlı əhaliyə qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin əsası qoyuldu.

Rus alimi F.Semyonovun “Orta əsrlər tarixi” əsərində göstərdiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin xilası pərdəsi altında türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olmuşdur. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.

II Dünya müharibəsi illərində alman faşistlərinin yəhudilərə, 1992-1993-cü illərdə Bosniya-Hersoqovinada serblərin müsəlmanlara qarşı törətdikləri qanlı cinayətlər, Azərbaycanda isə ermənilərin azərbaycanlılara qarşı soyqırımı faciələri dedikdə, hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907, 1915-1918-1920, 1948-1953, 1988-ci ildən bu günə qədər (1988-1994-cü illərdə Xocalı və başqa yerlərdə Ermənistan dövləti tərəfindən həyata keçirilən qırğınları soyqırım adlandırmaq olar). İndi diqqət yetirək: tarixdən məlum olan hansı soyqırım hadisəsində belə bir vəziyyət müşahidə olunur? Demək olar ki, heç birində. Azərbaycan xalqına qarşı törədilən cinayət-deportasiya, etnik təmizləmə və soyqırımının ümumi sahəsi 46,7 min kvadratkilometr ərazini əhatə etsə də, buna yalnız ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında qiymət verilmişdir. Buradan aydın olur ki, zaman, faktiki şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti dəyişməmişdir. Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, bu məsələ yalnız tarixçilərin işidir. Əslində, bu, belə deyil, soyqırımı ilə bağlı məsələlər ümummilli mahiyyət daşıdığından təkcə tarixçilərin, psixoloqların, hüquqşünasların deyil, həm də hərbçilərin və bir sıra digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə araşdırılmalıdır. Aşkara çıxan acı həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqı bir əsrdə həm obyektiv, həm də subyektiv səbəblərdən onun varlığına qarşı yönəlmiş soyqırımı kimi dəhşətli faciənin qarşısını almağa hazır olmamışdır.

Lakin XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpası və xalqımızın öz taleyinin, torpaqlarının və milli sərvətlərinin sahibinə çevrildikdən, xüsusilə də milli lider Heydər Əliyevin bu həlledici tarixi mərhələdə milli dövlətçiliyə rəhbərlik etməyə başlamasından sonra azərbaycanlılara qarşı törədilmiş cinayətlərin üstünü açmaq, onlara siyasi və hüquqi qiymət vermək mümkün oldu. Çar Rusiyası dövlət orqanlarının, 1918-ci ildə AXC Fövqəladə Təhqiqat Komissiyasının və Sovet dövlət orqanlarının tərtib etdikləri sənədlər əsasında ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” son dərəcə çox mühüm sənədlər imzalandı. Bu sənədlər həm hüquqi, həm də siyasi cəhətdən azərbaycanlılara qarşı törədilən cinayətlərin aşkara cıxarılması və onların beynəlxalq hüquq baxımından mühakimə olunması üçün zəmin yaratmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı həmin sənədlər bir neçə mühüm vəzifəni həll etmək üçün çox böyük əhəmiyyətə malikdir. Birincisi, bu, tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və bütün mütərəqqi qüvvələri, türkün dostlarını əsl həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, ermənilərin “erməni soyqırımı” məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən sonuncu tarixi sənəddə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımının dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görmüşdür. Amma bunlar bizdə arxayınlıq yaratmamalıdır. Bədnam qonşularımızın saxta “erməni soyqırımı” iddialarının cəfəngiyyat olduğunu sübuta yetirmək üçün sistemli və ardıcıl surətdə iş aparmalıyıq. Tarix boyu xalqımızın başına hansı faciələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyasını və mahiyyətini ilk növbədə özümüz dərindən dərk etməliyik. Bunun üçünsə, həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.

 

 

Dilqəm QULİYEV,

Azərbaycan DBTİA-nın prorektoru,

professor

 

Xalq qəzeti.- 2010.- 30 mart.- S. 5.