Prezident İlham ƏLİYEV: Aparılan ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir

 

Bu gün Azərbaycan regionlarında geniş canlanma müşahidə edilir. Şəhər və qəsəbələrin siması yeniləşir, tikinti, abadlıq-quruculuq işləri sürətlənir, müasir infrastrukturlar yaradılır, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır. Bunu belə bir fakt da aydın göstərir: 2004-2009-cu illərdə Azərbaycanda 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılmışdır. Orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmışdır. Bütün bunlar barədə martın 12-də Dənizkənarı Milli Parkda yenicə istifadəyə verilmiş Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında ətraflı söhbət getmişdir. Prezident İlham Əliyev giriş nitqində demişdir:

 

“Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir.

Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan “Doing Business” Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir.

Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq".

Konfransda o da vurğulanmışdır ki, kompleks islahatlar siyasətinin məntiqi nəticəsi olaraq, 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri müqayisəolunmaz dərəcədə az olmuşdur. Belə ki, ÜDM 9,3 faiz, onun adambaşına düşən həcmi 7,9 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmiş, bu vəsaitlər hesabına infrastruktur təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunmuşdur. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 700 kilometrdən çox yol çəkilmiş və təmir olunmuş, o cümlədən ölkə başçısının bilavasitə iştirakı ilə Bakı-Quba-Rusiya dövlət sərhədi, Ucar-Yevlax, Bakı-Şamaxı, Naxçıvan-Sədərək magistral yollarının açılışı olmuş, körpülər və nəqliyyat qovşaqları, Bakıda Beynəlxalq Avtovağzal Kompleksi, yeni metro stansiyaları istifadəyə verilmişdir.

Ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə Sumqayıtda və Qubada elektrik stansiyaları istifadəyə verilmiş, bir sıra stansiyaların, o cümlədən Füzuli Su Elektrik Stansiyasının inşası davam etdirilmiş, Ağdaş regional yarımstansiyasının və “Göyçay-1” Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bununla yanaşı, alternativ və bərpaolunan enerji resurslarının istifadəsi ilə bağlı müvafiq struktur yaradılmış, bir sıra layihələrin icrasına başlanılmışdır. Hesabat dövründə yaşayış məntəqələrinin qaz təchizatı üçün yeni qaz kəmərləri çəkilmiş, 63 kəndə qazın verilməsi bərpa edilmiş, su və kanalizasiya təchizatının yaxşılaşdırılması ilə bağlı beynəlxalq maliyyə institutları ilə birgə 62 şəhər və rayonu əhatə edən layihələrin icrası davam etdirilmişdir. Rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 74 telefon stansiyası quraşdırılmış, 80 poçt binası inşa edilmiş, ölkənin bütün ərazisini əhatə edən internet şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilmişdir. Konfransda regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılması məsələsinə də toxunulmuşdur. Bildirilmişdir ki, ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, ölkə Prezidenti tərəfindən 2010-cu il ”Ekologiya ili" elan edilmişdir. Ərazilərin, xüsusilə Abşeron yarımadasının yaşıllaşdırılmasına başlanılmış, Xəzər dənizinin çirklənmədən qorunması üçün 7 sutəmizləyici stansiya istismara verilmiş, Hövsan aerasiya stansiyası yenidən qurulmuşdur. Kür-Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 rayonun 122 kəndində sutəmizləyici sistemlər quraşdırılmışdır. Bundan başqa, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun təməli qoyulmuş, “Təmiz şəhər” Səhmdar Cəmiyyəti Balaxanı poliqonu ərazisində yenidənqurma işləri aparmış, xüsusi çeşidləmə sahəsi yaradılmış və görülən işlər nəticəsində yanğın və tüstülənmə hallarının qarşısı alınmışdır. “Qaradağ Sement” ASC-də ətraf mühitə təsirin azaldılması məqsədilə Avropada üstünlük verilən quru istehsal texnologiyasının tətbiqi layihəsinə başlanılmışdır.

Konfransda sahibkarlığın inkişafına daim diqqət yetirildiyi də göstərilmişdir. Vurğulanmışdır ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2 süd emalı və 3 konserv zavodu, 2 mebel fabriki, 4 quşçuluq, 3 qablaşdırma, 1 tikiş, 1 yuyucu toz, 4 tikinti materialları istehsalı müəssisələri və 3 müasir istixana kompleksi tikilməkdədir. Qeyri-neft sektorunda böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” Səhmdar Cəmiyyəti vasitəsilə onların güzəştli şərtlərlə texnika, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə aqroservislərin və logistik mərkəzlərin yaradılması öz bəhrəsini vermişdir. Ötən il aqrar sektorda artım 3,5 faiz təşkil etmiş, rekord səviyyədə – 3 milyon ton taxıl yığılmış, əsas ərzaq məhsullarının istehsalı xeyli artmış, tələbat əsasən yerli istehsal hesabına ödənilməklə, ölkənin ərzaq təhlükəsizliyi təmin olunmuşdur.

Aqrar sektorda mövcud olan potensialdan daha səmərəli istifadə edilməsi, bu sahədə məhsul ixracının artırılması məqsədilə məhsulların tədarükü, saxlanılması və satışı üzrə müasir anbar komplekslərinin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 sahibkarlıq subyektinə 48 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Qeyd etmək lazımdır ki, tikintisi başa çatmış komplekslərin fəaliyyətə başlaması artıq istehlak bazarına öz müsbət təsirini göstərmişdir. Cari il ərzində digər komplekslərin istifadəyə verilməsi planlaşdırılır.

Bütün iqtisadi rayonları əhatə etməklə sahibkarların maarifləndirilməsi və kreditlərlə təmin olunması ilə bağlı 37 tədbir keçirilmiş, 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmiş, maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşmüşdür. Azərbaycan İnvestisiya Şirkətinin yerli və xarici investorlarla birgə Göyçay və Hövsanda süd emalı, Dəvəçidə quş əti istehsalı, Masazırda duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələri davam etdirilir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə bağlı layihələr üzrə araşdırmalar aparılır. İnvestisiya Şirkətinin təcrübəsi göstərdi ki, investisiya fəaliyyətinin azaldığı böhran ilində belə İsveçrə, Böyük Britaniya, Sinqapur, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdən olan investorlar, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməkdə davam etmiş, müxtəlif layihələrin icrasına dövlət zəmanəti olmadan böyük vəsaitlər qoymuşlar. Bu isə Azərbaycanda olduqca əlverişli investisiya mühitinin formalaşmasının nəticəsidir.

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 707 mənzillik 23 yaşayış binası istifadəyə verilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi təkmilləşdirilmiş, pensiyaçıların 97,3 faizi bu sistemə qoşulmuşdur. Yeri gəlmişkən, qaza görə borcların silinməsi əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi olmuş, bu qərar əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

2009-cu ildə 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 62-si regionlarda olmaqla, 87 məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, bədən tərbiyəsi və idman sahəsində işlər davam etdirilmiş, 7 olimpiya idman kompleksi, Bakı Tennis Akademiyası istifadəyə verilmiş, Bakıda Gimnastika kompleksinin təməli qoyulmuşdur.

Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il ərzində 5300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla 74 min iş yeri açılmışdır. Ötən il regionların sosial iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində əhalinin gəlirləri 8 faiz artmışdır. Beləliklə, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl, praqmatik və qətiyyətli siyasəti nəticəsində bütün sahələrdə böyük nailiyyətlər əldə olunmuş, Dövlət Proqramının uğurlu icrasının möhkəm təməli qoyulmuşdur.

Konfransda Azərbaycanda buraxılan məhsulların dünya standartlarına uyğunlaşdırılmasından, sənaye komplekslərinin modernləşdirilməsindən də ətraflı bəhs edilmişdir. Dövlət başçısı demişdir: “Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır”.

Dövlət başçısının fikrincə, sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin. Nəzərə almalıyıq ki, bizim böyük neft-qaz ehtiyatlarımız, eləcə də çoxşaxəli nəqliyyat infrastrukturumuz vardır. Bu sahədə də təkcə bir marşrutdan asılı deyilik. Bu vəziyyəti biz özümüz, təkbaşına yaratdıq. Bunu nəzərə alsaq, əlbəttə ki, ölkəmizin gələcək inkişafına ancaq nikbinliklə baxmaq olar və belə də olacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 30 mart.- S. 1.