1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlıların soyqırımı

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Ermənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının 1917-ci il çevrilişindən sonra Türkiyə torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi. Rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan 120 mindən artıq erməni əsgər və zabiti, habelə hər birində 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları ərazilərdən 200 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Bütün bunlar ermənilərin İrəvan quberniyasında silah gücünə azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini ələ keçirmək planlarını reallaşdırmağa şərait yaratmışdı.

 

Ermənilər azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirmək təcrübəsini hələ 1905-1906-cı illər qırğınları zamanı əldə etmişdilər. O dövrdə Şərqi Anadoluda erməni üsyanlarının yatırılmasından sonra əlində silah 400 min erməni Cənubi Qafqaza gəlmiş, özlərinə yeni yaşayış məskənləri əldə etmək üçün İrəvan quberniyasında, Zəngəzur qəzasında və Qarabağda kütləvi qırğınlar törədərək təqribən 200 azərbaycanlı yaşayış məntəqəsini viran qoymuşdular.

Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1918-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Cənubi Qafqaz Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Azərbaycan fraksiyası təsis edilmişdi.

1917-ci il noyabrın 7-də Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən iki gün sonra Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. Millətlərin İşləri üzrə Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılır. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Sovet hökumətinin sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahasını artırmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara almışdı ki, bu məqsədlə təmənnasız olaraq 6194784 rubl vəsait ayrılsın. Eyni zamanda, bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Qafqaza göndərmək haqqında təlimat göndərmişdi. Göründüyü kimi, istər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkilini və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Məhz həmin təlimata əsasən əldə edilən silahlarla və Qafqaz cəbhəsindən qayıdan erməni silahlılarının iştirakı ilə sonralar Cənubi Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımlar törədildi.

1917-ci ilin dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi imzalanmışdı. Dekabrın ortalarından etibarən rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsindən istifadə edən ermənilər komandanlığı və silah-sursatı ələ keçirməyə başlamışdılar. Geri çəkilən rus-erməni birlikləri müsəlman əhalisini vəhşicəsinə qırıb-çatır, kəndləri yandırırdı. Həmin dövrdə Tiflisdə çıxan qəzetlər tərxis edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək Sarıqamışdan Gümrüyədək keçdikləri əraziləri dağıdıb, xaraba qoyduqlarını yazırdılar.

Fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək əks hücuma keçir. Andranikin, Hamazaspın, Dronun, Njedin qoşunları türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırıma məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu.

1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan Andranikin qoşunları ayın 18-də Axılkələk istiqamətində hərəkət etmiş, Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinin) və Cəlaloğlu (sonralar Stepanavan) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoyur. Andranikin qoşunu həmin bölgənin Şabandilər, Qızılkilsə, Kəkliyən, Səfərli, Hamamlı, Yuxarı Azman, Aşağı Azman, Mamışlı, Əngirval, Qamışlı, Saatlı, Muğanlı, Sarıyar, Molla Eyyublu, Soyuqbulaq, Xocakənd, Yırğancaq, İlməzli, Qaraqala, Qara İsə kəndlərini talan etmiş, əhalisini kütləvi surətdə qırğınlara məruz qoymuşdu. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçir. Oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sol sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bayazid (Kəvər) qəzasının kəndlərini viran qoymuşdur.

İyunun 20-də Şərur-Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmiş və türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.

Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalini yer-yurdlarından didərgin salmışdılar. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. Gözlədərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər.

Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunlarının İrəvan quberniyasında törətdikləri qırğınlar haqqında Türkiyə arxivlərində də kifayət qədər sənədlər saxlanılır. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K.Qarabəkir Paşa yazır:

- 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir;

- min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar;

- 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər;

- 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimali şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır.

Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrinin təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı.

1918-ci il mayın 15-də Kazım Qarabəkir Paşanın komandanlığında türk qoşunları Gümrüyə daxil olmazdan əvvəl ermənilərə ultimatum vermişdi ki, şəhərdəki türkləri gətirib türk ordusuna təhvil verin və sonra da şəhəri təslim edin. Ermənilər qorxularından Gümrüdə yaşayan 250 türk ailəsini arabalara mindirib Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim etmişdilər. Kazım Qarabəkir Paşa Gümrüdə ancaq 8-10 imkansız türk ailəsinin qaldığını yazır.

Gümrüyə daxil olan türk ordusu iki istiqamətdə irəliləmişdi. Qoşunların bir qismi İrəvan istiqamətində, bir qismi də Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor şəhəri) istiqamətində hərəkət etmişdi. Mayın 21-də türk qoşunları Sərdarabadı və İrəvan yaxınlığındakı Qamışlı (sonralar Yeğeknut) dəmiryol stansiyasını ələ keçirir. Ayın 24-də türk qoşunları Hamamlını (sonralar Spitak) erməni silahlılarından təmizləyir. General T.Hazarbekovun komandanlığı altında geri çəkilən erməni korpusu Birinci Dünya müharibəsi gedişində rus qoşunlarının Anadoluda əsir aldığı və həmin vaxt Qarakilsədə saxlanılan 3 min türk hərbi əsirlərindən 2 minini diri-diri yandırır. Qalan əsirlər türk ordusu Qarakilsəni ələ keçirdikdən sonra xilas edilmişdi.

Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.

İrəvan quberniyasında yaşayan müsəlmanları ermənilərin törətdikləri qırğınlarından xilas etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Osmanlı ordusunun 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətində deyilirdi: “İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaçaraq gələn yaralı və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində üzülməkdə olduqlarından, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır”.

Bütün bu qırğınları ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin erməni fraksiyası İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün Müsəlman fraksiyasına müraciət etmişdi. Çünki müstəqillik aktının elan olunması üçün Ermənistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.

Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirir. İyunun 1-də keçirilən Milli Şuranın iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.

İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.

Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin.

Türk qoşunlarının nəzarətindən xaric bölgələrdə ermənilər qırğınları bir gün də olsa dayandırmamışdılar. Azərbaycan hökumətinin başçısı F.Xoyski Gürcüstandakı daimi nümayəndəyə 1918-ci il avqustun 28-də göndərdiyi teleqramda Novo-Bəyazid qəzasının Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Nokit, Yuxarı Alçalı və Kərkibaş kəndlərinin nümayəndələrinin onun yanına şikayətə gəldiklərini və ermənilərin həmin kəndlərə hücum etdiklərini, kəndləri yandırdıqlarını, əhalinin dağlara çəkildiyini, əkin sahələrinin məhsulunu ermənilərin yığdıqlarını bildirmiş, Azərbaycan hökumətindən yardım istədiklərini bildirmişlər. F.Xoyski daimi nümayəndəyə Ermənistan hökumətinə etiraz verilməsini tapşırır. Avqustun 30-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistan nümayəndəsinə Azərbaycan hökumətinin sədrinin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı zorakılıqlara qarşı etiraz məktubunu təqdim edir.

Andranikin qoşununun Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi. Göründüyü kimi, Azərbaycan tərəfi diplomatik yazışmalara güc verdiyi vaxtda, ermənilər silaha güc verib, azərbaycanlı yaşayış məntəqələrini ələ keçirməkdə, xalqımıza qarşı soyqırım törətməkdə idilər.

Ermənilər 1918-ci ilin sentyabr-oktyabr aylarında Yelizavetpol (Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəsini ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdilər. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bildirirdi ki, Gəncə qəzasının 9-cu sahəsinin pristavı Gəncə şəhərinə gələrək bildirmişdir ki, oktyabrın 12-də Novo-Bəyazid qəzasının komissarı Basarkeçər kəndinə gəlib, kənd starşinalarını və ruhaniləri toplayaraq bəyan edib ki, 9-cu sahə bundan sonra Ermənistana tabe olacaq. Özünü pristav elan edən Çayxorski tələb edib ki, bir həftə ərzində vergilər ödənilsin, silahlar təhvil verilsin, bu tələbləri yerinə yetirməyənlər ərazini tərk etsinlər.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. IX ordunun komandanı Yaqub Şevki Paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımi qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin təlimləri ilə məşğul olsunlar. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iriçaplı rus tüfəngi Naxçıvan və İqdır əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi. Həmin ərazilərin ermənilər tərəfindən işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar. Hökumət rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə sonralar Cənub-Qərbi Qafqaz hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirzadə seçilir. İbrahim bəy dərhal işə başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabur təşkil edir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilir və həmin bölgələrin əhalisini erməni qırğınlarından müdafiə edir.

Ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınları türk qoşunlarının geri çəkilməsindən dərhal yenidən intensivləşmişdi. Azərbaycan hökuməti dekabrın sonlarında Məmhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. Ermənistan hökuməti 1919-cu il fevralın 1-də nümayəndəliyin fəaliyyətə başlamasına razılıq verir. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur bəy Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına - yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur bəy Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazır.

Azərbaycan xarici işlər nazirinin müavini Adilxan Ziyadxanov İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar və zorakılıqlarla bağlı Ermənistan XİN-ə nota göndərmişdi. Notada deyilirdi: “İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar... Alınan məlumatlara görə, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.” Həmçinin notada bildirilirdi ki, Azərbaycan hökuməti erməni qoşunlarının müsəlmanlara qarşı törətdikləri zorakılıqlara qarşı çıxır və erməni qoşunlarının ələ keçirdikləri İrəvan quberniyasının müsəlmanlar yaşayan ərazilərini özünün ayrılmaz tərkib hissəsi hesab edir.

İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu ildə keçirdiyi 7-ci iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdir. “Azərbaycan” (rusca) qəzeti 10, 11, 12 yanvar 1919-cu il tarixli nömrələrində İrəvan müsəlmanlarının ağır vəziyyəti haqqında materiallar dərc etmişdir.

İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində qeyd edilir ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanlara məxsus ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.

12 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildirdi ki, Ermənistan silahlı dəstələri başda erməni zabiti olmaqla Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s.müsəlman kəndlərini viran etmişdir. Adları çəkilən kəndlərin kişilərinin bir hissəsini öldürmüşlər, bir hissəsi də qaçaraq canlarını qurtarmışlar.

Həmin günlərdə Vedibasara da ermənilərin hücumları genişlənmişdi. Azərbaycan XİN müavini (əvəzi) Ziyadxanov Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y.Cəfərova 21 fevral 1919-cu ildə göndərdiyi teleqramda bildirirdi ki, erməni dəstələrinin Qaraxaç, Qədili, Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahablı kəndlərini dağıdan zaman yüzlərlə müsəlman qadın və qızlarını əsir götürmüşlər. Onlar hazırda İrəvan qəzasının Vedibasar rayonunda erməni dəstələrinin əlindədirlər. Teleqramda müttəfiqlərin Ali Komandanlığının qarşısında əsirlərin azad olmaları üçün ciddi addımlar atılması tələb edilirdi.

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin martın 31-də Azərbaycan XİN-ə göndərdiyi cavab məktubunda bildirilirdi ki, o, martın 28-də general Biçlə görüşmüş, İrəvan quberniyasında bir neçə yüz müsəlman qadının əsir götürülməsi barədə teleqramı ona təqdim etmişdir. General onun verdiyi xəritədə hadisənin baş verdiyi yerlə tanış olmuş, kəndlərin adlarını yazıb götürmüş, teleqrafla ingilis komandanlığının İrəvandakı nümayəndəsinə tapşırıq vermişdir ki, qadınların azad olunması üçün tədbirlər görsün.

Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 26-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir. Müsəlman qardaşlar! Sonuncu dəfə sizə müraciət edirik. Ümidsiz vəziyyətimizi nəzərə alın, nə ilə kömək etmək mümkündürsə bizə kömək edin. İrəvan quberniyası ərazisində qalan 60 minlik bədbəxt müsəlman əhalisinin tiran, şovinist və daşnaksakanlar tərəfindən məhv edilməsinə yol verməyin” .

Gəncə qəzasının dağlıq hissəsinin 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanov Gəncə qəza rəisinə ünvanladığı 1919-cu il 22 aprel tarixli məlumatında yazırdı: “Aprelin 13-dən etibarən Ararat Respublikasının qoşunları Novo-Bəyazid qəzasının Göyçə rayonunun şərq və şimal bölgəsinin müsəlman kəndlərini təmizləmək məqsədilə hücumlara başlamışdır. İndiyədək Göyçənin 60 minə yaxın əhalisi olan 22 kəndi dağıdılmış, yandırılmış və əhalisi təmizlənmişdir...Ermənistan Respublikası öz məqsədinə çatmışdır, artıq Göyçə rayonunda müsəlman qalmamışdır. Novo-Bəyazid qəzasının 84 müsəlman kəndi məhv edilmişdir ki, onlardan da 22-si aprelin 13-20-si arasında dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Söyünquluağalı, Ağkilsə, Zod, Quluağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Canəhməd, İnəkdaği, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Qayabaşı, Hacı Qərib kəndlərində 15 min evin əhalisinin mal-mülkü talan edilmiş və ermənilərə qismət olmuşdur.”

Erməni müəllifi A.Lalayan “Daşnaksutyun” partiyasının quldur dəstələrinin Basarkeçərdə törətdiklərini erməni zabiti Vahramın dili ilə belə təsvir etmişdir: “Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım – deyə, daşnak “başkəsəni” lovğalanırdı. – Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub, üstündən ağır daşları tökəsən ki, onlardan əsər-əlamət qalmasın. – Bandit sözünə davam edərək deyir: – Mən elə də etdim: bütün kişiləri, qadınları və uşaqları öldürüb doldurdum quyuya və üstünü də daşla doldurdum...” Beləliklə, A.Lalayan daşnak könüllülər hərəkatının nəticələrindən birinin on minlərlə türk zəhmətkeşinin qırılması ilə nəticələndiyi qənaətinə gəlir.

 

 

(ardı növbəti sayımızda)

 

Nazim MUSTAFA,

AMEA A.Bakıxanov adına

Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 31 mart.- S. 4.