31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür
Soyqırımı siyasəti xəstə
təxəyyülün nəticəsidir
Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Tarixən qonşu dövlətlərə
qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək,
“Böyük Ermənistan” yaratmaq xülyası ilə
yaşayan erməni millətçiləri bütövlükdə
bəşəriyyətə və insanlığa
qarşı yönəlmiş soyqırım, terror siyasəti
həyata keçirmiş, dəhşətli cinayətlərə
əl atmışlar. Faktlar göstərir ki, bədnam
qonşularımız bu qeyri-hüquqi iddialarını
reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini
“milli mübarizə” yoluna çevirərək dövlət səviyyəsində
dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən
xarici qüvvələrin maraqlarının ifadəçisinə
çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və
Qərbi Asiyada möhkəmlənmək üçün daim
“erməni məsələsi”ndən öz mənafelərinə
uyğun şəkildə istifadə etməyə
çalışmışlar.
Erməni millətçilərinin
xalqımıza qarşı apardığı soyqırım
və təcavüz siyasətinin iki yüz ildən artıq
tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları
qədim torpaqlarından sıxışdırıb
çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin
və ideoloqlarının uydurduğu “Böyük Ermənistan”
dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə
həyata keçirilən terror və soyqırım siyasətinin
qanlı fəsadları təkcə böyük türk
dünyasının deyil, bütün bəşəriyyətin
başı üstünü qara kabus kimi bürüməklə,
əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının
qan yaddaşında dərin izlər buraxmışdır.
Tarixi həqiqətlərə
işıq salan sənəd
Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bu soyqırımın əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
Ermənilər Qarabağa XIX əsrdə
köçürülüb
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırım və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib, bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur.
Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə, “erməni kartını” işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdir. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdir: ”Ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır”.
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuş, 1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra – 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur. Həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürülmüşdür. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərmiş, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırılmışdır. Bu proses, eyni zamanda, minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunmuşdur.
XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” dövləti qurmaq xülyasına düşmüş ermənilər “Qnçaq” (1887-ci ildə Cenevrədə qurulub), “Daşnaksütyun” (1890, Tiflis), “Erməni Vətənpərvərləri İttifaqı”, (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu.
Böyük Sovet Ensiklopediyasında (20-ci cild, 1930) “Daşnaksütyun”la bağlı məlumatda göstərilir: “Daşnaksütyunun 1894-cü ildə qəbul olunmuş birinci proqramı vulqar marksizmin, liberalizmin, xalqçılığın və xırda burjua millətçiliyinin qarışığından ibarət idi. Proqramın mərkəzində “Türkiyə Ermənistanını” azad etmək ideyası dururdu. 1903-cü ildən partiya demək olar ki, yalnız Türkiyə ərazisində fəaliyyət göstərirdi”.
Mart soyqırımı - tarixi faktlar nə deyir
1905-1907-ci illərdəki
Rusiya inqilabı zamanı qarışıqlıqdan istifadə
edən ermənilər Bakı,
1915-ci ilin əvvəlində
Türkiyənin şimal-şərq bölgələrinin erməni
əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə
və türklərə qarşı kütləvi
qırğınlara başladı. Bunun cavabında Osmanlı
dövləti erməni əhalisinin o ərazilərdən
kütləvi şəkildə köçürülməsi
barədə əmr verdi. Türkiyə ərazisindən erməni
hərbi dəstələri ilə birlikdə İrəvan
quberniyasına, Qarabağa və Zəngəzura böyük
miqdarda erməni əhalisi köçüb gəlmişdi.
Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə
Naxçıvanda və İrəvanda, sonra isə
Qarabağda, Azərbaycanın digər bölgələrində
azərbaycanlılara divan tutmağa başladılar.
1917-ci ilin dekabrında
Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya
Komissarlığı arasında bağlanmış Ərzincan
barışığına uyğun olaraq Qafqaz cəbhəsindən
çıxarılan rus ordusunu əvəz edən erməni hərbi
birləşmələri faktiki başıpozuqluq şəraitindən
istifadə edərək yerli müsəlman əhaliyə divan
tutmağa başladılar. Nəticədə hələ
1918-ci ilin martına qədər İrəvan quberniyasında
199 azərbaycanlı kəndi
dağıdılmışdı. Bu ərazidə yaşayan
135 min azərbaycanlının böyük əksəriyyəti
ermənilər tərəfindən qətlə yetirilmiş,
qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə
qaçmağa məcbur olmuşdular.
Qırğınlara 1917-ci il
dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən
Qafqaz işləri üzrə fövqəladə komissar təyin
edilmiş Stepan Şaumyan başçılıq edirdi.
Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini
həyata keçirmək və Türkiyədə rus ordusunun
işğalı altında olan yerlərdə “Türkiyə
Ermənistanı” yaratmaq səlahiyyəti verilmişdi. I
Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər
də ermənilərin azğın planlarına uyğun idi.
1918-ci il martın 30-da səhər
tezdən erməni bolşevik birləşmələri şəhəri
gəmilərdən yaylım atəşinə tutdular. Bunun
arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə
soxularaq amansız qətllər törətdilər. Martın
31-i və aprelin 1-də qırğınlar xüsusilə
kütləvi şəkil almış, üç gün ərzində
Bakıda 30 min insan qətlə yetirilmişdi. Şaumyanın
erməni-bolşevik dəstələri Bakı əhalisinin
400 milyon manatlıq əmlakını müsadirə etmiş,
müsəlmanların bir çox ziyarətgahlarını
dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri
Təzəpir məscidini topa tutmuş, Bakının ən
möhtəşəm memarlıq incilərindən sayılan
“İsmailiyyə” binasına od vurmuşdular. Martın 30-dan
aprelin 2-dək sürən qırğınlarda Şamaxı
qəzasının 53 müsəlman kəndində ermənilər
tərəfindən 8027 azərbaycanlı qətlə
yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın
edilmiş, 16 mindən çox insanın həyatına son
qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə
soydaşımız öldürülmüşdü. Ermənilər
Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə
dağıtmış, Şuşada görünməmiş
qırğınlar törətmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci
il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının
yaradılması haqqında qərar qəbul etmişdi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdiklərı
ağır cinayətləri araşdırmış, bu həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə
mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara
qarşı yürüdülən soyqırım və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı
prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi
olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin
süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan
erməni-rus qüvvələri tərəfindən törədilən
dəhşətli soyqırımın miqyasını
dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir.
Ermənilər isə dünyaya səpələnmiş
diaspor təşkilatları vasitəsilə, habelə, Ermənistanda
daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin
təbliğat maşınının köməyi ilə
qondarma “soyqırımı” kampaniyasına geniş vüsət
vermişlər.
Deportasiya siyasəti - etnik separatizmin əyani nümunəsi
1920-ci ildən sonra
Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədləri
üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişlər.
1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağ “muxtar vilayət” elan olunmuşdur.
Ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi qətliam və etnik təmizləmə
sovet dövründə də davam etmiş, amma həmin vaxt bu
proses “qanun” çərçivəsində edilmişdir. Bu
xüsusda Stalin dövrünün deportasiyasını,
1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan
SSR-dəki tarixi yurdlarından köçürülməsini
xüsusi qeyd etmək lazımdır. SSRİ Nazirlər
Sovetinin “Ermənistan SSR-də yaşayan azərbaycanlıların
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” 1947-ci il dekabrın
23-də verilən qərarını ermənilər
çoxdan gözləyirdilər. Anastas Mikoyan başda olmaqla,
ermənilərin Moskvada əyləşən liderləri
“türksüz Ermənistan” uğrunda fəaliyyətə hələ
Böyük Vətən müharibəsindən əvvəl
başlamışdılar. Əsas lsəbəb” kimi o göstərilirdi
ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssisi
Ermənistana qayıdaraq “sovet dövlətinin inkişafı
və tərəqqisi naminə çalışmaq əzmindədir,
lakin onların yerləşdirilməsi ilə bağlı
problemlər var”. “Optimal” çıxış yolu isə guya
Ermənistan SSR-də qeyri-ermənilərin
yaşadığı torpaqların boşaldılması idi.
Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət
bu fəaliyyətin qarşısını ala bilsə də,
Stalin ideyanı dəstəklədi və SSRİ hökumətinin
“tarixi” qərarına imza atdı. Azərbaycanlıların
yaşadığı 476 kənd tamamilə
boşaldıldı. Nəhayət, 1987-1989-cu il
deportasiyası Ermənistanda azərbaycanlılara qarşı
etnik təmizləməni başa çatdırdı.
Ermənistan soyqırımı və terror siyasətini
davam etdirir
Ermənistanın 1987-1988-ci
illərdən başlayaraq Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tutduğu mövqe və
atdığı hər bir addım beynəlxalq hüquqla
qadağan edilmiş zor tətbiq etməyə, digər
dövlətin ərazisini ilhaq etməyə əsaslanır.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ
münaqişəsinin əsasında da məhz bu ərazinin
müəyyən bəhanələrlə Azərbaycandan
qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi
dayanır. 1988-ci ilin 20 fevralında ermənilərin Azərbaycanın
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsı haqqında qeyri-konstitusion qərar verməsi,
eləcə də SSRİ rəhbərliyinin bu vilayəti
Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmağa çalışması ilə
Azərbaycan zorla hərbi münaqişəyə cəlb
edilmişdir.
Ermənistanın dövlət
səviyyəsində dəstəklədiyi terror
aktlarının başlıca hədəfi də təcavüzkar
separatçılıq vasitəsilə Azərbaycan ərazisinin
ilhaqına yönəlmişdir. Ermənistanın
soyqırım və terror siyasəti nəinki Qafqaz bölgəsində
sabitliyi pozur, eləcə də Azərbaycanla yanaşı,
Türkiyə, ABŞ, Gürcüstan və s. dövlətlərin
milli maraqlarını təhdid edir. XX əsrdə Azərbaycan
ərazilərinin ilhaqı məqsədi ilə terrorizmi və
separatizmi özünə başlıca vasitə kimi seçən
və dövlət səviyyəsində dəstəkləyən
ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri
Ermənistana və Qarabağ separatçılarına gedib
çıxan 373 terror aktı törətmişlər. Nəticədə
1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər
yaralanmışdır. Terror aktları nəticəsində həlak
olanların böyük əksəriyyətini qadın,
uşaq və qocalar təşkil edir. 1988-ci ildən etibarən
bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi
bir sıra dövlətlər və beynəlxalq təşkilatlar
tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından
yüz kilometrlərlə kənarda yerləşən
yaşayış məntəqələrində erməni
separatçıları tərəfindən törədilən
və minlərlə dinc insanın - müsəlmanın,
türkün məhvi ilə nəticələnən
çoxsaylı terror aktlarına yanaşmada “ikili
standartlar”ın mövcudluğu ciddi narahatçılıq
doğurur.
Ümumiyyətlə, ötən
əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın
rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni
birliyi”, “Erməni Azadlıq Cəbhəsi” və digər “məşhur”
terror təşkilatlarının fəallarının
reabilitasiyası məqsədi ilə genişmiqyaslı
kampaniyaya başlamış, onlara sığınacaq
vermiş, yaşayış və fəaliyyətləri
üçün şərait yaratmış, lazımi maliyyə
dəstəyi göstərmişlər. 1983-cü ilin iyun
ayında Parisdə Orli aeroportunda 8 nəfərin
ölümü və 50-dək insanın yaralanması ilə
nəticələnmiş terror aktına görə
ömürlük həbs cəzasına məhkum edilmiş
terrorçu V.Qarabedyanın azad olunması üçün
Ermənistanda dövlət səviyyəsində imzatoplama
kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa
məhkəməsi tərəfindən azad olunan terrorçu
Ermənistanda rəsmi sığınacaq tapmışdır.
“Məşhur” terrorçu,
Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı
qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin
Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs
olunmuş M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından
buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini
davam etdirmək üçün Dağlıq Qarabağa
göndərilmiş və Xocavənd döyüşlərində
məhv edilmişdir.
1992-ci ilin 26 fevralında ermənilər
Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutmuş, tarixə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə
çoxlu sayda azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsi ilə
nəticələnmişdir. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə xüsusi qəddarlıqla törədilmiş
Xocalı soyqırımı erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı iki əsrdən artıq
müddətdə həyata keçirdiyi etnik təmizləmə
və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir.
Xocalı faciəsi Ermənistanın Dağlıq
Qarabağı işğal etmək məqsədi ilə
apardığı işğalçılıq müharibəsinin
gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırım cinayətlərinin
miqyasca ən dəhşətlisidir.
Erməni təcavüzkarlarının
Azərbaycan xalqına qarşı törətdikləri
növbəti genosid – Xocalı soyqırımı 613 nəfərin,
o cümlədən 106 qadının, 63 azyaşlı
uşağın, 70 qocanın həyatına son qoymuş, 487
nəfər şikəst olmuş, 1275 dinc sakin girov
götürülmüş, 150 nəfər itkin
düşmüşdür. Bu soyqırım aktı nəticəsində
bəzi ailələr bütünlüklə məhv
edilmiş, mülki əhali görünməmiş qəddarlıqla
qətlə yetirilmiş, girov götürülənlərə
amansız işgəncə verilmişdir. Həmin əməllərin
qabaqcadan düşünülmüş qaydada, milli zəmində
insanların məhv edilməsi niyyəti ilə törədilməsi
faciənin məhz soyqırım olduğunu sübut edir.
BMT Baş Məclisinin
1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində
qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu
tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dayaqlardan məhrum edir. Belə bədnam əməllər
BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə
minən “Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında”
Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit
olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər dinc və
yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürmüşlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunmuşdur. Bu işğalçı ölkənin
yürütdüyü soyqırımı siyasəti uzun illərdir
ki, dünya ictimaiyyətinin gözü qarşısında
baş verir.
Beynəlxalq hüquqa görə,
soyqırımı sülh və bəşəriyyət əleyhinə
yönələn əməl olmaqla ən ağır beynəlxalq
cinayət sayılır. Soyqırımı hər hansı
milli, irqi, etnik və dini əlamətlərinə görə
fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən
məhv edilməsinə yönəlmiş
aşağıdakı hərəkətlərə deyilir:
birincisi, həmin qrupun üzvlərinin öldürülməsi;
ikincisi, onların sağlamlığına və ya əqli
qabiliyyətinə zərər vurma, bədən xəsarəti,
yaxud əqli pozğunluq yetirilməsi;
üçüncüsü, qrupun qəsdən tam və ya
qismən fiziki məhvinə gətirib çıxaracaq həyat
şəraitinin yaradılması; dördüncüsü, həmin
qrupda doğumun qarşısını almağa yönəlmiş
tədbirlərin həyata keçirilməsi; beşincisi,
uşaqların bir insan qrupundan zorla başqasına keçirmə.
Bunlardan hansısa biri hadisənin soyqırımı kimi qiymətləndirilməsi
üçün kifayət edir. Bu meyarlar baxımından,
1918-ci ilin mart hadisələri, habelə Xocalı faciəsi
soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası
Milli Məclisinin 1996-cı il 31 may tarixli “Genosid siyasətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında Konvensiyaya qoşulmaq barədə” Azərbaycan
Respublikası Qanunu da bu baxımdan az əhəmiyyət
daşımır. Bu qanunla respublikamız BMT Baş
Assambleyasının 1948-ci il 9 dekabr tarixli konvensiyasına
qoşulmuşdur. Milli Məclisin Xocalı faciəsinin 15
illiyi ilə bağlı qərarında isə ermənilərin
tarixən azərbaycanlılara qarşı
soyqırımı və terror siyasəti
yürütdüyü birmənalı qeyd olunmuşdur:
“Xocalı faciəsi son yüz ildən artıq dövrdə
davakar erməni millətçilərinin azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırım və
etnik təmizləmə siyasətinin yeni bir səhifəsi
olmuşdur. XIX əsrin sonlarından etibarən çar
Rusiyasının və digər dövlətlərin gizli və
açıq himayəsindən istifadə edən erməni
millətçiləri “Böyük Ermənistan” yaratmaq
xülyasına düşmüş, ələ keçirmək
istədikləri əraziləri yerli sakinlərdən təmizləmək
niyyəti ilə müxtəlif dövrlərdə Şərqi
Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror
aktları törədərək 2 milyona qədər
günahsız türkü və azərbaycanlını vəhşicəsinə
qətlə yetirmişlər”.
Ən yaxşı müdafiə
hücumdur
Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməyə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi özünü göstərir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin türk dünyasına qarşı apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücumun təşkili prosesində bütün türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.
Dövlət başçısı cənab İlham Əliyev hələ Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında “Ən yaxşı müdafiə hücumdur” taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir. ”Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir”.
Bir müddət əvvəl ABŞ Konqresində qondarma soyqırım ilə bağlı məsələnin ciddiliklə müzakirəyə çıxarılması, habelə bəzi Avropa ölkələrinin də bu məkrli kampaniyaya qoşulması ermənilərin saxtakarlıq mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir. Bu baxımdan xaricdəki diaspor və lobbi təşkilatlarımız da xüsusi fəallıq göstərməli, erməni məkrinə qarşı effektiv əks-hücum tədbirləri təşkil etməlidir. Eyni zamanda, erməni terror və soyqırım siyasəti ilə bağlı təbliğat daxilə deyil, daha çox xaricə hesablanmalı, ayrı-ayrı dövlətlərin parlamentləri və hökumət qurumları ilə bu sahədə iş gücləndirilməlidir.
Ermənistanın təcavüzkarlıq siyasəti özünü həm də bu ölkənin ali sənədində əksini tapmışdır. Belə ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası açıq şəkildə ortaya qoyulmuşdur. Bundan başqa, ermənilər kompakt yaşadıqları ölkələrdə də təxribatla məşğul olur, əsassız ərazi iddiaları ilə çıxış edirlər. Buna misal kimi, Gürcüstanın Cavaxetiya bölgəsinə olan ərazi iddialarını göstərmək olar. Fikrimizcə, əks-təbliğat zamanı bu faktlardan da geniş istifadə olunmalı, erməni iddialarının gələcəkdə bütün dünya üçün başağrısına çevriləcəyi əsaslı şəkildə ortaya qoyulmalıdır.
31 mart və Xocalı soyqırımlarını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanının – internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Etiraf etməliyik ki, bədnam qonşularımız qondarma erməni soyqırımı iddialarını genişləndirmək üçün bu vasitədən geniş istifadə edirlər. Müxtəlif veb saytlarda Azərbaycanın və Qarabağın tarixi saxtalaşdırılır, Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar həyasızcasına erməni kimi təqdim edilir. Eyni zamanda, Sumqayıt hadisələri ilə bağlı həqiqətə uyğun olmayan, yalan iddialar irəli sürülür. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycanın tarixi əraziləri ilə bağlı son illərdə yazılmış əsərlərin xarici dillərə tərcümə olunması da son dərəcə vacibdir.
Son illər xüsusən də Heydər Əliyev Fondunun milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyəti ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Toplunun 20 min nüsxəsi Xocalı soyqırımının 14-cü ildönümündə xarici ölkələrdəki səfirliklərimizə, Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna, beynəlxalq təşkilatlara, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizə göndərilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, ”Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, ”Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümündə təşkilatın təşəbbüsü ilə Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlar və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.
Hesab edirik ki, bu istiqamətdə mühüm addımlardan biri də azərbaycanlıların tarixən kütləvi şəkildə soyqırıma məruz qaldığı bölgələrdə memorial komplekslərin və muzeylərin yaradılması ola bilər. Eyni zamanda, müxtəlif illərdə ermənilərin soyqırım siyasətinin qurbanı olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün bölgələrdə abidələrin ucaldılması məqsədəuyğun olar. Belə komplekslər gənc nəslin tarixi həqiqətlərlə yaxından tanış edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Əslində, məhz unutqanlığımızın nəticəsidir ki, zaman-zaman ermənilərin soyqırım və terror siyasətinə məruz qalmışıq.
Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Sərəncamla Quba şəhərində kompleksin yaradılması üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılmışdır. Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Özləri haqqında “məzlum xalq” obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırım iddiaları ilə çaşdırmağa, türklər və azərbaycanlılar barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Lakin zaman keçdikcə dünya ictimaiyyəti dərk edir ki, qondarma “erməni soyqırımı” məsələsi məhz Türkiyə və Azərbaycan əleyhinə qərəzli kampaniyanın tərkib hissəsidir. Eyni zamanda, hər iki ölkənin fəal surətdə apardıqları əks-hücum kampaniyası ermənilərin əsl xislətini açır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həlli vacibliyini önə çəkmişlər. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev isə ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan edir. Bütün bunların müqabilində ölkə vətəndaşları da ürəkdən inanır ki, haqq-ədalət öz yerini tapacaq, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 31 mart.- S. 3.