Kürdəmir : insan təbiətlə yarışır və qalib gəlir

 

Qazanılan uğurlar məhz belə düşünməyə əsas verir

 

Ölkənin ən isti bölgəsi olan Kürdəmirdə indi, doğrudan da, təbiətin gözəl çağıdır. Məşhur bir atalar məsəlində deyildiyi kimi, bağa baxarsan bağ olar... Sözün bütün mənalarında son illər ərzində Kürdəmir rayonunda xeyli iş görülmüş, uğurlar qazanılmış, gələcək nailiyyətlərin təməli qoyulmuşdur. Burada yorulmaq bilmədən, inadla davam etdirilən yeniləşmə və inkişaf prosesi sanki insanla təbiətin mübarizəsini xatırladır. Nəticədə də, bu mübarizədə həmişə olduğu kimi işdən, əməkdən qorxub-çəkinməyən kürdəmirlilər qalib çıxırlar.

 

... Dövlət başçısı İlham Əliyev əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək, infrastruktur və kommunal xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə 14 aprel 2009-cu ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əlaqədar fərman imzalamışdır. Bu ilin mart ayının 12-də Prezident “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş müşavirə keçirmiş, 2009-cu ildə proqramdan irəli gələn vəzifələrin həlli ilə bağlı qazanılmış uğurları qeyd etmiş və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Kürdəmir rayonunda da mart ayının 30-da keçirilmiş növbədənkənar şura iclasında 2009-cu ilin sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı müzakirələr aparılmışdır.

Rayonun 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş məsələlərin icra olunması ilə bağlı bu ilin 27 aprelində komissiya yaradılmış və qarşıda duran məsələlər müəyyənləşdirilmiş, sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq həlli vacib olan bir sıra məsələlər barədə təkliflər hazırlanaraq Prezident Administrasiyasına təqdim olunmuşdur.

İqtisadi inkişaf, aqrar sektorda məhsuldarlığın artırılması, istehsalda sənayenin həcminin gücləndirilməsi, əhalinin daimi iş yerləri ilə təmin olunması rayon rəhbərliyinin diqqətini çəkən ən başlıca məsələlərdən olmuşdur.

Məlumat üçün qeyd etmək lazımdır ki, 2004-2009-cu illərdə rayonda 9337 iş yeri açılmış, 5826 nəfər daimi, 3511 nəfər isə mövsümü xarakterli işlərlə təmin edilmişdir.

2010-cu ilin I rübündə isə 103 yeni iş yeri açılmışdır. İşçilərin orta aylıq əmək haqqı 151,9 manat olmuşdur. Ötən illə müqayisədə bu göstərici 13,0 manat və ya 7,9 faiz çoxdur.

2010-cu ilin I rübündə tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə və ya 430,5 min manatlıq artaraq 731,2 min manat təşkil etmişdir. Görülmüş işlərin 400 min manatını (54,7 faiz) yeni tikinti, yenidənqurma və genişləndirmə, 67,9 min manatını (9,3 faiz) əsaslı təmir, 263,3 min manatını isə (36,0 faiz) cari təmir işləri təşkil etmişdir.

Qeyri dövlət mülkiyyətində olan tikinti müəssisələrinin gördükləri işlərin həcmi 509,2 min manat (69,6 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 222,0 min manat (30,4 faiz) olmuşdur.

2010-cu ilin ötən dövrü ərzində tikinti müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 171,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründən 15,9 manat və ya 8,5 faiz çoxdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər də daxil olmaqla nəqliyyat müəssisələri tərəfindən 2010-cu ilin I rübü ərzində 182 min ton yük daşınmışdır ki,bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,0 min ton və ya 11,6 faiz çoxdur.

Cari ilin ötən dövrü ərzində rabitə xidməti sahəsində də xeyli iş görülmüş, əldə edilən ümumi gəlirin həcmi 141,6 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15,4 min manat və yaxud 12,2 faiz çoxdur.

I rübdə rayonlararası və rayondaxili yolların təmiri və bərpası sahəsində müvafiq tədbirlər görülmüşdür. “Azəryolservis” ASC-nin 30 saylı Yol İstismarı İdarəsi Bakı-Ələt-Qazax avtomobil yolunda 2100 kvadratmetr və Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunda 4040 kvadratmetr sahəyə asfalt döşəməklə orta və cari təmir işləri aparmışdır.

2010-cu ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması diqqət mərkəzində olmuş, bu məqsədlə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Dövlət Proqramına uyğun olaraq yeni elektrik stansiyasının tikintisinin layihələndirilməsi, maliyyələşdirilməsi və tikintisi ilə əlaqədar hazırda müvafiq orqanlarla məsləhətləşmələr aparılır.

Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 110 kv-luq hava xəttinin 36 kilometrində, 35 kv-luq hava xəttinin 18 kilometrində əsaslı təmir işləri aparılmış, 110 kv, 35 kv, 10 kv-luq Kürdəmir yarımstansiyasında 2 ədəd 25 MVA güc transformatoru cari təmir olunmuşdur. Kəndlərdə olan 10 kv-luq elektrik hava xətlərinin 1,3 kilometri əsaslı, 14 kilometri cari, 0,4 kv-luq elektrik hava xəttinin 3,5 kilometri əsaslı, 26 kilometri isə cari təmir edilmişdir.

82 abonentin mənzilinə 1 fazalı yeni tipli elektrik sayğacı quraşdırılmışdır.

Kürdəmirlilərin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Şəhərin Sabir küçəsində 1 ədəd 15 millimetrlik qaz siyirtməsi quraşdırılmış, Bakı prospektində diametri 100 millimetrlik boru xətti istismara yararsız olduğu üçün yenisi ilə əvəz olunmuşdur.

Yenikənd kəndində 1 ədəd 100 millimetrlik qaz siyirtməsi quraşdırılmış, Şıxımlı, Xırdapay, Böyük Kəngərli kəndlərində korroziyaya uğramış orta təzyiqli müxtəlif diametrli borular yeni qaz boruları ilə əvəz edilmişdir.

Vətəndaşların müraciətlərinə əsasən təmir-tikinti sahəsi layihəyə əsasən 29 mənzili qazlaşdırmış, 73 ədəd qaz sayğacı quraşdırılmışdır.

Rayon üzrə sayğaclarla təmin edilmiş abonentlərin ümumi sayı 8265 olmuşdur.

Su-Kanal İdarəsi 2010-cu ilin I rübündə şəhərdə içməli su və çirkab suların axıdılması istiqamətində təminatın yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmişdir. I və II Külüllü-Kürdəmir mərkəzi su xətlərində təmir işləri aparılmış, müəyyən qədər su itkisinin qarşısı alınmışdır. H.Əliyev prospektində, İ.Məmmədov, Babək küçələrində su xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.

Kanalizasiya sistemində qurulmuş 1 və 2 saylı nasosxanalarda təmir işləri aparılmış, elektrik mühərriklərinə texniki qulluq göstərilmişdir.

Uzunluğu 7,5 kilometr olan mərkəzi kanalizasiya xətti üzərində baxış quyuları təmizlənmiş, xəttin tutulmasının qarşısını almaq üçün metal barmaqcıqlar qoyulmuşdur.

Mart-aprel aylarında aramsız yağan yağışlar nəticəsində şəhər və kəndlərdə həyətyanı sahələrə və yaşayış binalarına xeyli ziyan dəymişdir. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları küçə və meydanlarda, həyətyanı sahələrdə yığılmış yağış və qrunt sularının axıdılması üçün ərazilərdə işlər aparmış, ziyan dəymiş yaşayış evlərinə baxış keçirilmiş, yerlərdə aktlar tərtib olunmuşdur. Bu işlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri, həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çox mühüm tarixi sənəd kimi Kürdəmirdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında daha böyük nailiyyətlər əldə etməyə imkan verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013- cü illər) təsdiq edildiyi dövrdən sonra aqrar sahənin mühüm yer tutduğu rayonda bu sahədə də xeyli işlər görülmüşdür.

Kənd təsərrüfatının bütün sahələrində, o cümlədən taxılçılıq, tərəvəzçilik, meyvəçilikdə son illər əldə olunan yüksək iqtisadi göstəricilər deməyə əsas verir ki, bu rayon bazar iqtisadiyyatı yolu ilə uğurla addımlayır.

Qeyd etmək lazımdır ki, 2009-cu ilin payızında cari ilin məhsulu üçün 34 min 869 hektar sahədə taxıl əkilmişdir ki, bunun 57,4 faizini arpa, 42,6 faizini isə buğda təşkil edir.

Hazırda yüksək məhsul almaq üçün taxıl sahələrində lazımi aqrotexniki tədbirlər həyata keçirilir. Bu məqsədlə “Aqrolizinq”ASC-nin Kürdəmir Aqrotexservis mərkəzi yaradılmış və mərkəzin 6 ərazidə mexaniki dəstələri təşkil edilmişdir. Aqrotexservis mərkəzinə və onun mexaniki dəstələrinə 40 traktor, 24 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 100-dən çox kənd təsərrüfatı maşını və avadanlığı alınmışdır.

Bundan əlavə, 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada da 120-dən çox kənd təsərrüfatı texnikasından istifadə olunur.

Aqrotexservis mərkəzi tərəfindən istehsalçılara güzəştli qiymətlərlə mineral gübrələr satılmış və sahələrə verilməsi təşkil edilmişdir.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür. İribuynuzlu mal-qara, qoyunçuluq və quşçuluq heyvandarlığın inkişaf etmiş sahələrindəndir.

2010-cu il aprelin 1-i vəziyyətinə rayon üzrə 62 min 38 baş iri buynuzlu mal-qara, 130 min baş qoyun və keçi mövcud olmuşdur.

Əvvəlki ilin eyni dövrünə nisbətən iri buynuzlu mal-qaranın sayı 3,4 faiz, qoyun və keçilərin sayı 3,9 faiz artmışdır.

Ötən dövr ərzində 64 min 175 sentner süd, 3 milyon 366 min ədəd yumurta istehsal edilmişdir. Süd istehsalı əvvəlki illə müqayisədə 1,4, yumurta istehsalı 7,9 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəsaiti hesabına rayonunun 16 kəndində (Yenikənd, Dəyirmanlı, Mürtülü, Cəyli, Şahbəyli, Sor-sor, Ərşəli, Muğanlı, Xınıslı, Çərtəyəz, Ərəbxana, Xırdapay, Topalhəsənli, Şahsevən, Qaraqocalı və Qarasaqqal) modul tipli sutəmizləyici qurğuların tikintisi üçün torpaq sahələri ayrılmış, torpaqayırma sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi yönümlü proqram və layihələr əsasən ölkədə işsizliyin aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına xidmət göstərir. Elə bunun nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 10,9 faizə enmişdir. Ölkədə mövcud vəziyyətdə aztəminatlı ailələr daim diqqət mərkəzində olmuş, davamlı olaraq onlara ünvanlı sosial yardımlar göstərilmişdir.

Eyni zamanda, rayon icra hakimiyyətinin büdcədənkənar fondundan yetim və kimsəsiz uşaqlara, tənha və əlil ahıllara, Qarabağ əlilləri və Şəhid ailələrinə 4400 manat maddi vəsait və ərzaq yardımı göstərilmişdir. Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir.

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlət rəhbərinin diqqət mərkəzindədir.

Bütün sahələrdə olduğu kimi səhiyyədə də irimiqyaslı layihələr, görülən tədbirlər ilk növbədə ən vacib istiqamətlərə yönəldilir. Onlardan biri yeni tibb müəssisələrinin yaradılması, maddi-texniki bazanın gücləndirilməsidir.

Dövlət Proqramına uyğun olaraq Çöhranlı, Mehdili kəndlərində feldşer-mama məntəqələrinin inşasına başlanılması üçün hazırlıq işləri aparılır.

İlin I rübündə Rayon Mərkəzi Xəstəxanasının həyətində yaşıllaşdırma və abadlıq işləri aparılmış, digər tibb məntəqələrində isə bu tədbirlər davam etdirilir.

Rayon Mərkəzi Xəstəxanasının binasının əsaslı təmir oluması məqsədi ilə vəsait ayrılmış və yaxın günlərdə təmir işlərinin başlanması nəzərdə tutulmuşdur. Cari ilin I rübündə dövlət vəsaiti hesabına şəhər 1 saylı, E.Zülfüqarov adına Şilyan kənd orta, Təklə kənd əsas məktəblərinin, Rayon Texniki Yaradıcılıq Mərkəzinin dam örtükləri dəyişdirilmiş, 4 saylı Körpələr evi uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.

Sosial-iqtisadi inkişafa dair Dövlət Proqramına əsasən 2010-cu ildə şəhər 3 saylı orta məktəbin ərazisində 640 yerlik yeni məktəb binasının inşaasına yaxın vaxtlarda başlanılacaqdır. Eyni zamanda Heydər Əliyev Fondu hesabına Z.Əhmədov adına Şilyan kənd orta məktəbinin ərazisində 360 yerlik yeni məktəb binasının, rayon Təhsil Şöbəsi üçün inzibati binanın tikintisi nəzərdə tutulmuş, lazımi sənədlər hazırlanaraq müvafiq təşkilatlara təqdim edilmişdir.

Bu ilin 13-14 martında Təhsil Nazirliyi tərəfindən növbəti buraxılış imtahanlarına hazırlıq məqsədi ilə buraxılış IX və XI sinifləri üzrə mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları uğurla keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının 25 iyun 2007-ci il tarixli sərəncamına əsasən Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində təmizlik-abadlıq və yaşıllaşdırma işlərinin aparılmasına dair təxirəsalınmaz tədbirlər planı hazırlanmışdır.

Ulu öndər Heydər Əliyevin 87 illik yubileyi ilə əlaqədar Kürdəmir rayonunda da silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yaşıllaşdırma işlərinin aparılması ilə əlaqədar şənbə və bazar günləri rayon iməcliyinin və mayın 5-də mərkəzi stadionda konsert proqramının keçirilməsi, Yaponiya səfirliyinin maliyyə vəsaiti hesabına Şahbəyli kəndində tikilmiş 4 otaqdan ibarət feldşer-mama məntəqəsinin açılış mərasimi və s. tədbirlər planlaşdırılmışdır.

Şəhərin Bakı prospektində, Bakı-Qazax avtomagistralının və Ağsu-Kürdəmir-İmişli avtomagistralının rayon ərazisindən keçən hissələrində və şəhər ərazisində yöndəmsiz köşk və tikililər sökülmüş, şəhər mərkəzində 8 bina əsaslı təmir olunmuş, alkopan materialı ilə üzlənməsi işləri davam etdirilir.

Rayonun daxili imkanları hesabına Heydər Əliyev parkında və Babək küçəsində 22 min manatlıq abadlaşdırma işləri aparılmış, Bakı prospektində hasarların rənglənməsi işləri başa çatdırılmışdır.

Büdcə vəsaiti hesabına şəhərin 13 küçəsinin asfaltlaşdırılması işlərinə 174 min manat vəsait ayrılmış, layihə-smeta sənədləri tərtib edilmiş, yaxın günlərdə abadlıq işlərinə başlanılması üçün hazırlıq işləri aparılır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov görülən işləri təsadüfi saymır, hesab edir ki, dövlət başçısının yaratdığı şəraitə uyğunlaşmamaq, qurub-yaratmaq əzmində olanların sırasında addımlamamaq, sadəcə, mümkün deyil. O, söhbət əsnasında dedi:

— Qarşımızda mühüm vəzifələr durur. 2009-2013-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Qəti əminəm ki, kürdəmirlilər möhtərəm Prezidentimiz İlham Əliyevin çöx böyük fədakarlıqla həyata keçirdiyi bütün tədbirləri bundan sonra da dəstəkləyəcək, yeni qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş konkret tədbirlərin həyata keçirilməsi, rayonda sabitliyin qorunması, iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün bütün qüvvə və səylərini əsirgəməyəcəklər.

... Əlbəttə, əlini zəhmətdən uzaq tutmayan kürdəmirililərin daha böyük uğurlar qazanacağı və bütövlükdə respublikada qətiyyətlə həyata keçirilən yeniləşmə və inkişaf kursuna yeni-yeni töhfələr verəcəyi heç kimdə şübhə doğurmur.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 1 may.- S. 6.