Azərbaycan və Türkiyənin ölkələrimizin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirməsi bəzi ermənipərəst qüvvələri narahat edir

 

Köşə yazarı Mehmet Əli Birant erməni lobbisinə nökər xisləti ilə xidmət edir

 

Son vaxtlar Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı uğurlar ölkəmizə düşmən kəsilən bəzi ermənipərəst qüvvələri ciddi narahat etməyə başlayıb. Bəzi beynəlxalq güc dairələrinin təzyiqlərinə baxmayaraq rəsmi Bakı ilə Ankaranın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına yanaşmada prinsipial mövqelərindən dönməməsi həmin qüvvələrin narahatlığını daha da artırır. Azərbaycanın və Türkiyənin Ermənistan ilə sərhəd qapılarının açılması məsələsində işğal edilmiş torpaqların azad olunması və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli şərtini qətiyyətlə irəli sürməsi isə xarici güc mərkəzləri ilə yanaşı hər iki ölkədə mövcud olan destruktiv qüvvələri də narahat etməyə başlayıb.

 

Çünki “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin problemin ədalətli həllindən başqa digər həll variantlarını qəbul etməməsi regionda və dünyada siyasi balansın Bakı və Ankaranın xeyrinə dəyişməsi ilə nəticələnir. Belə olan halda iqtisadi böhran məngənəsində boğulan Ermənistan və ona himayədarlıq etməyə çalışan güc mərkəzləri çətin vəziyyətdə qalır, bölgədə öz siyasi planlarını həyata keçirməkdə çətinliklə üzləşirlər. Onların narahatlığı isə dünyanın bəzi mətbuat orqanlarında, hətta Türkiyədə dərc olunan məqalələrdə də özünü hiss etdirir. Bu baxımdan türkiyəli köşə yazarı və teleaparıcı Mehmet Əli Birantın son dövrlərdəki ermənipərəst mövqeyi, canfəşanlığı diqqətlərdən yayınmır.

Bəri başdan onu deyək ki, Mehmet Əli Birantın Azərbaycanın əleyhinə yazdığı bütün məqalələr ziddiyyətli məqamlarla doludur. Məsələn, “Hürriyət” qəzetinin aprelin 15-də dərc olunan “Türkiyə çabalayır, azərilər isə buna əhəmiyyət vermir” adlı köşə yazısında Birant qeyd edir ki, “Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu Qarabağ probleminin həllinə nail olmaq üçün bir tədbirdən digərinə qaçır, ancaq ətrafında ona dəstək verəcək bir tək azəri rəsmisi belə yoxdur.” Bu cümlələri oxuyanda təəccüblənməmək mümkün deyil.

İnana bilmirsən ki, Türkiyənin “hər şeyi görən və bilən” köşə yazarı Vaşinqton sammitini təşkil edən ABŞ administrasiyasının məlum səbəblərə görə, Azərbaycanı bu tədbirdən təcrid etməsindən xəbərsizdir. Azərbaycan rəsmiləri Vaşinqtonda olmadığı və tədbirdə iştirak etmədiyi halda, türkiyəli dostlarımıza necə dəstək verə bilərdilər? Əlbəttə, sammiti izləyən jurnalistlər arasında olan Birant bunu çox yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, bütün səylərini Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməyə yönəldən Amerika administrasiyası bilərəkdən Azərbaycanı tədbirə dəvət etməmişdi. Çünki bizim nümayəndə heyəti sammitdə iştirak etsəydi, diplomatik təmaslarla barışmaz və ədalətli mövqe tutmaqla, məntiqli və real arqumentlər ortaya qoymaqla həm Türkiyənin, həm də rəsmi Bakının mövqelərini xeyli gücləndirə bilərdi. Birantdan fərqli olaraq “Vaşinqton post” qəzeti bu həqiqəti etiraf edib. Qəzetin aprelin 14-də işıq üzü görən sayında yazılmışdı ki, rəsmi Bakının sammitə dəvət olunmamasına səbəb ABŞ rəhbərliyinin sərhədlərin açılmasına dair aparılacaq danışıqlara Azərbaycanın mane ola biləcəyindən ehtiyat etməsi ilə əlaqədardır. ABŞ-da dərc olunan qəzet həqiqəti yazdığı halda, bizə qardaş olan bir ölkədə özünü türk hesab edən köşə yazarı yalan yazır. Bununla da qane olmayaraq, əsassız yerə Azərbaycanı ittiham etməkdən belə çəkinmir. Erməni lobbisinə riyakarlıqla xidmət göstərən Birant nədən Türkiyə ictimaiyyətində rəsmi Bakı əleyhinə rəy yaratmağa çalışır?! Birantın damarlarında türk qanı axırsa, ədalət axtarırsa Azərbaycanı sammitdən təcrid edən Amerika rəhbərliyinin ünvanına niyə bir kəlmə belə tənqidi fikir səsləndirmir? ABŞ-ın ədalətsiz yanaşması nəticəsində danışıqlardan kənarda qalan Azərbaycanı günahlandırmaqla Birant düşmən dəyirmanına su tökmürmü?!

Bir az əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanın və Türkiyənin ölkələrimizin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirməsi, hər iki ölkənin daxilindəki destruktiv qüvvələri ciddi narahat edir. Bu qüvvələr çalışırlar ki, Ankara və Bakının ölkələrimiz üçün xüsusi əhəmiyyətə malik olan məsələlərdə həmrəylik nümayiş etdirməsinə maneçilik törətməklə, onların regiondakı mövqelərinin zəifləməsinə nail olsunlar. Təbii ki, bunu ən çox istəyən və arzulayan ermənilər və rəsmi İrəvanın himayədarlarıdır. Təəssüf ki, Birantın Azərbaycan, Türkiyə və Ermənistan ilə bağlı yazdığı demək olar ki, bütün məqalələrində həmin qüvvələr tərəfindən müxtəlif vaxtlarda səsləndirilən fikirlər və ya erməni lobbisinin antitürk təbliğatında istifadə etdikləri tezislər öz əksini tapır. Köşə yazarı Türkiyə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə həmişə qısqanclıqla yanaşır. Yazılarında Ankaranı tarixən türkə düşmən kəsilən ermənilərlə əməkdaşlığa səsləyir. Bununla da ümumtürk dəyərlərinə, özünün mənsub olduğu millətin mənafelərinə xəyanət edir.

Birant bəzən ictimai rəyə təsir göstərmək üçün bu qəbildən olan fikirlərini fərqli tərzdə ifadə edir. Türkiyə ictimaiyyətinin qınağına tuş gələcəyindən qorxduğu üçün zərərli fikirlərini, dolayı yolla oxucuya çatdırır. Xüsusən, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsində birtərəfli qaydada ermənilərin mövqeyindən çıxış edərək yazır: “Əgər Türkiyə bir sıra məsələlərdə yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət tamamilə fərqli olardı.” Maraqlıdır, görəsən bu fərq özünü nədə göstərəcəkdi? Türkiyəyə qarşı qondarma “soyqırımı” və ərazi iddiaları ilə çıxış edən, hər fürsətdə onun milli maraqlarına zərbə vurmağa çalışan Ermənistan ilə sərhədlərin açılması məsələsində hər hansı razılıqmı əldə olunacaqdı? Əgər razılıq əldə olunsaydı bu kimə fayda verəcəkdi, ermənilərə, yoxsa onlara heç bir ehtiyac duymayan Türkiyəyə? Ankara üçün geostrateji əhəmiyyətə malik, təbii sərvətlərlə zəngin, etibarlı tərəfdaş Azərbaycan daha önəmlidir, yoxsa, qapı-qapı gəzərək ona-buna əl açıb dilənən Ermənistan?

Maraqlıdır ki, müəllif heç vaxt Azərbaycanın qardaş Türkiyənin milli maraqlarının qorunması istiqamətində atdığı ardıcıl addımlar barədə bir kəlmə də yazmır. Heç vaxt xatırlatmır ki, rəsmi Bakı vaxtilə ona göstərilən ciddi təzyiqlərə baxmayaraq region və dünya üçün taleyüklü bir sıra məsələlərdə Ankaranın mənafeyini hər şeydən üstün tutaraq sarsılmaz siyasi iradə nümayiş etdirdi. Sanki “unudur” ki, Azərbaycan, istər Bakı - Tbilisi — Ceyhan, istərsə Bakı - Tbilisi —Ərzurum, istərsə də əsas iştirakçısı olduğu digər strateji enerji və nəqliyyat layihələrinin reallaşması zamanı yalnız özünün deyil, həm də Türkiyənin maraqlarının müdafiəçisi qismində çıxış edib, nəhəng dövlətlərin aramsız basqılarına sinə gərib. Halbuki, dünya əhəmiyyətli enerji layihələri ilə Ermənistanın sərhəd qapısının açılması məsələsi heç müqayisə belə oluna bilməz. Ümummilli liderimiz Heydər Əliyevin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində strateji layihələrin Türkiyə üzərindən reallaşması onun dünyadakı mövqelərini möhkəmləndirdi, siyasi-diplomatik manevr imkanlarını artırdı, iqtisadi cəhətdən güclənməsinə kömək göstərdi, ən əsası isə ölkənin enerji dəhlizi olmasına geniş imkanlar açdı. Yəqin ki, dünyada enerjiyə tələbatın sürətlə artdığı bir vaxtda bunun nə demək olduğunu köşə yazarı Birant bilməmiş deyil.

Bütün bunları xatırlatmaqla onu diqqətə çatdırmaq istəyirik ki, Türkiyənin maraqlarının təmin olunması naminə ölkəmiz ciddi təzyiqlərə məruz qaldığı vaxtlarda rəsmi Bakı heç vaxt öz prinsipial mövqeyindən dönməyib. Ən əsası isə biz heç vaxt “əgər Azərbaycan yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət tamamilə fərqli olardı” kimi təxribatçı fikirlər səsləndirməmişik.

Azərbaycan bu gün də beynəlxalq arenada dost və qardaş Türkiyənin haqlı mövqeyini qətiyyətlə və inamla müdafiə edir. Martın 5-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı tövsiyə xarakterli qanun layihəsi qəbul olunanda buna ən kəskin reaksiyanı Azərbaycan tərəfi verdi. Prezident İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə telefonla zəng edərək, Azərbaycan xalqının hər zaman Türkiyəni dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirdi. Məsələ Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılmamışdan əvvəl Azərbaycan Milli Məclisində müzakirə olundu. Parlamentimiz ABŞ və İsveç parlamentlərinin qeyri-obyektiv qərarlarına etiraz bəyanatları yaydı, ölkə ictimaiyyəti kütləvi informasiya vasitələri hər iki ölkənin qeyri-obyektiv addımına kütləvi şəkildə etirazını bildirdi. Vaşinqtonda Azərbaycan diasporu türk cəmiyyətləri ilə çiyin-çiyinə verərək birgə aksiyalarda iştirak etdi. Görəsən, “prosesləri daim izləyən və təhlil edən” siyasi şərhçi bütün bunlardan xəbərdar deyilmi?

Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin əvəzsiz müttəfiqidir. İki ölkə arasında olan münasibətlər bu gün də yüksək səviyyədədir, sabah da belə olacaq. Bizi birləşdirən tarixi köklərimiz, dilimiz, dinimiz, ölkələrimizin milli maraqlarıdır. Bizim dostlarımız da, düşmənlərimiz də birdir. Bu gün Azərbaycana düşmən kəsilən Ermənistan, Türkiyəyə qarşı da çirkin kampaniya aparır, onun imicinə zərbə vurmaq üçün hər cür hiyləyə əl atır. Bəzi güc mərkəzlərindən dəstək alsa da, Ermənistan səfil və zəlil durumdadır, ancaq Azərbaycan və Türkiyə güclüdür, birlikdə daha da güclüdürlər. Rəsmi Ankara həmişə böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipinə sədaqət göstərib. Xarici təzyiqlərə baxmayaraq, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan naminə prinsipiallıq nümayiş etdirməsi, biri-birinə arxa durması iki qardaş ölkə arasındakı münasibətlərin əsas mahiyyətini təşkil edir. Təbii ki, bu, düşmənlərimizi ciddi narahat edir. Ehtimal ki, onlar da M.Ə. Birant kimi populist fikirlər səsləndirən köşə yazarlarını müəyyən vasitələrlə ələ alır və türk dünyasına qarşı çirkin kampaniya aparması üçün onları təlimatlandırırlar. Birantın aprel ayının 15-də və 30-da “Hürriyət” qəzetində dərc olunan məqalələri də göstərir ki, bu şəxs Azərbaycan və Türkiyənin birliyini pozmağı, ona zərbə vurmağı özünün əsas amalı hesab edir. Belələrinə Azərbaycanda sadəcə olaraq “erməni agenti”, “araqatan” deyirlər. Bu qəbildən olan insanlar özlərini təəssübkeş göstərərək məhz ölkələrinin milli maraqlarını zərbə altında qoyacaq çirkab dolu fikirlər səsləndirirlər. Öz soyuna və kökünə hörmətsizlikdən, xalqının maraqlarını satmaqdan çəkinməyən Birant kimi insanların cəhdləri isə elə həmişə cəhd olaraq da qalacaqdır. Bu çirkin kampaniyada erməni lobbisinə nökər xisləti ilə xidmət edən Birantın qazancı isə ümumtürk nifrəti olacaq.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2010.- 1 may.- S. 5.