Şamaxıda Zərifə
xanım Əliyevanın anadan olmasının 87-ci
ildönümü ilə bağlı tədbirlər
keçirilmişdir
Aprelin 28-də Şamaxı Şəhər Mərkəzi
Xəstəxanasında Azərbaycanın görkəmli
oftalmoloq-alimi, əməkdar elm xadimi, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 87-ci
ildönümü ilə bağlı geniş tədbir
keçirilmişdir. Tədbirdə çıxış edən
xəstəxananın baş həkimi, tibb elmləri namizədi
Adil Mustafayev bildirmişdir ki, Zərifə xanım tibb elmi,
xüsusən müxtəlif göz xəstəliklərinin
müalicəsi problemləri sahəsində keçmiş
SSRİ miqyasında kifayət qədər şöhrət
qazanmış, özünün elmi nailiyyətləri ilə
bütün ittifaqda tanınmışdır.
Akademik Zərifə Əliyevanın
həyatı və geniş elmi-ictimai fəaliyyəti
haqqında məlumat verən baş həkim bildirdi ki, Azərbaycanın
görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin
ailəsində dünyaya göz açmış, gənclik
illərindən həyatını xalqımızın
ümummilli lideri Heydər Əliyevlə bağlamış Zərifə
xanımın həyatı həmişə müasir Azərbaycan
qadını üçün örnək olmuş və gələcək
nəsillər üçün örnək olaraq qalacaqdır.
Zərifə Əliyeva, eyni zamanda, elm sahəsində,
xüsusən tibbi sahədə çalışan
qadınlarımız üçün də əsl nümunə
olmuşdur.
Görkəmli alimin tibbi və ictimai fəaliyyəti, eləcə də insani keyfiyyətləri haqqında geniş məruzə ilə çıxış edən xəstəxananın doğum şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının qadınlar birliyinin sədri Nəzakət Abdulrazaqova qeyd etmişdir ki, Zərifə Əliyeva orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ailədə yüksək humanist bir mühitdə tərbiyə almış Zərifə xanım öz xalqına vicdanla və təmənnasız xidməti həyatının mənası hesab etmiş, həmişə insanlara xeyirxahlıqla yanaşmış, insanların sağlamlığı üçün bütün varlığı ilə mübarizə aparmışdır. O, həmişə başqalarının problemlərini şəxsi məsələsi kimi qəbul edər, insana kömək əli uzatmaqdan həzz alardı.
Məruzəçi əlavə etdi ki, Zərifə Əliyeva fədakar həyat yoldaşı, gözəl ana kimi də xalqımız tərəfindən sevilir. O, yüksək milli dəyərlər ruhunda tərbiyə olunmuş övladlar böyüdüb.
Xəstəxananın poliklinika şöbəsinin müdiri Mübariz Ağayev bildirdi ki, Zərifə xanımın və Heydər Əliyevin birgə tərbiyə etdikləri, hazırda Azərbaycan Respublikasının Prezidenti kimi xalqımızın böyük etimadını qazanmış İlham Əliyev özünün çoxşaxəli fəaliyyətində tibb sahəsinin inkişafına xüsusi önəm verir. Məhz dövlət başçımızın birbaşa nəzarəti altında Azərbaycanın bütün regionlarında yeni-yeni tibb ocaqları tikilib istifadəyə verilir, köhnələri təmir və bərpa edilir, səhiyyə müəssisələri ən müasir tibb avadanlıqları ilə təchiz edilir. Bütün bunlar, şübhəsiz ki, xalqımızın sağlam və xoşbəxt yaşaması üçün edilir. Elə Şamaxının özündə də səhiyyə və insanların sağlamlığı məsələsinə böyük diqqət yetirilir. Bu da Prezident İlham Əliyevin daimi diqqəti və qayğısı sayəsində mümkün olur. Təsadüfi deyildir ki, 2008-ci ildə Mərkəzi Xəstəxananın, keçən il Şamaxı şəhər poliklinikasının binaları əsaslı təmir olunub, yeni tibbi avadanlıqlarla təchiz edilib. 2009-cu ildə yoluxucu xəstəliklər şöbəsi üçün yeni bina tikilib və oraya müasir avadanlıqlar yerləşdirilib. 2009-cu il noyabrın 26-da Prezident İlham Əliyevin rayona səfəri zamanı Diaqnostika Mərkəzi istifadəyə verilib.
Qeyd edək ki, həmçinin YAP Şamaxı rayon təşkilatında və Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 1 may.- S. 5.