Azərbaycan nümayəndə heyəti “XXI əsr - Muzey idarəçiliyi” konfransında

 

Konfrans aprel ayının 22-dən 24-dək Minskdə keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun əməkdaşı Mehin Vahabova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova daxil idilər. Bu məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.

 

Bu beynəlxalq miqyaslı tədbir YUNESKO və BHƏF-in (Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu) dəstəyi ilə MDB ölkələri arasında muzey işinin inkişafı sahəsində əməkdaşlıq çərçivəsində keçirilirdi. Konfransda qeyd olunmuşdur ki, bu konfransın keçirilməsində məqsəd MDB məkanında muzey işinin inkişaf perspektivləri və aktual problemlərini müzakirə etmək, gələcəkdə muzey mütəxəssisləri arasında partnyorluq və beynəlxalq muzeylərlə əməkdaşlıq proqramının gerçəkləşməsindən ibarətdir.

Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Azərbaycanda muzey işinin səmərəli və müvəffəqiyyətli inkişafından, bu işdə yeni texnologiyaların və innovasiyaların tətbiqindən bəhs edən məruzə və mülahizələrlə çıxış etmiş, müxtəlif məsələlər üzrə müzakirələrdə fəal iştirak etmiş, muzey mütəxəssislərinin peşəkarlığının artırılması üçün treyninqlərin keçirilməsinin vacibliyini, MDB ölkələri muzey nümayəndələrinin birgə əməkdaşlıq proqramının əhəmiyyətini vurğulamışlar.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 1 may.- S. 8.