Üzeyir Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş hesabat konserti
Azərbaycan Respublikası Prezidentinin
imzaladığı “Üzeyir Hacıbəylinin 125 illik
yubileyinin keçirilməsi haqqında” 23 fevral 2010-cu il tarixli
sərəncamının icrası ilə əlaqədar
müxtəlif tədbirlər keçirilir, musiqi korifeyinin
yubileyi geniş miqyasda qeyd olunur.
Mədəniyyətimizin
inkişafına misilsiz töhfələr verərək
müstəsna xidmətlər göstərmiş dahi bəstəkar,
müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir
Hacıbəylinin 125 illik yubileyinin keçirilməsinə
dair Təhsil Nazirliyi tərəfindən tədbirlər
planı hazırlanmışdır.
Azərbaycan musiqi aləminə
öz töhfələrini vermiş 110 yaşlı təhsil
müəssisəsi – Musiqi Kollecinin tələbləri bu günlərdə
dahi bəstəkarın 125 illik yubileyinə həsr olunmuş
hesabat konserti vermişlər. Onu da qeyd edək ki, Azərbaycanda
müasir Avropa tipli ilk musiqi təhsilinin yaranması və
inkişafı Musiqi Kollecinin adı ilə bağlıdır.
110 ildir ki, respublikamızda musiqi təhsilinin inkişafında
xüsusi xidmətləri olan, peşəkar musiqiçilərin
yetişdirilməsində mühüm rol oynayan Musiqi Kolleci
dahi Üzeyir Hacıbəylinin adı ilə sıx
bağlıdır. Ötən əsrin 20 və 30-cu illərində
iki dəfə bu təhsil ocağına rəhbərlik edən
Ü.Hacıbəylinin və onun həmkarlarının birgə
əməyi sayəsində Musiqi Kolleci tədricən təkmilləşdirilmiş,
yeni müəllimlərin, metodların, qabaqcıl iş təcrübəsinin
tətbiqi hesabına öz fəaliyyətini daha da genişləndirmişdir.
İllər keçdikcə Musiqi Kolleci respublikamızda minlərlə
ixtisaslı musiqiçi kadrlar yetişdirərək hər bir
bölgədə, hətta ən ucqar kəndlərdə belə
musiqi məktəbləri üçün baza rolunu
oynamış və bu gün də öz ənənəsinə
sadiq qalaraq bacarıqlı musiqiçilərin yetişdirilməsində
müstəsna xidmətlər göstərir. Musiqi Kollecinin
direktoru, əməkdar incəsənət xadimi, Milli
Konservatoriyanın professoru Nazim Kazımovun təşkilatçılığı
istedadlı musiqiçilərin məhz bu təhsil
ocağında aşkara çıxarılmasında öz təsirini
göstərmişdir. Bu gün Musiqi Kollecində təhsil
alan Prezident təqaüdçüləri – III kurs tələbələri
Tofiq Məmmədov və Güllü Muradova, məzun
Abgül Mirzəliyev belələrindəndir. Kollecin
şöbə müdiri, respublikanın əməkdar müəllimi
Gülzar Hətəmzadə də söhbət zamanı dedi
ki, istedadlı musiqiçilərin yetişdirilməsi istiqamətində
bütün imkanlardan istifadə edirik. Bundan ötrü
kollecimizdə hər cür şərait yaradılıb.
Bu günlərdə
Musiqi Kolleci tələbələrinin Azərbaycan Dövlət
Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş hesabat konserti ilə əlaqədar
keçirilən tədbiri giriş sözü ilə əməkdar
incəsənət xadimi, musiqişünas Həcər Babayeva
açdı. O, Üzeyir Hacıbəylinin Azərbaycan
musiqisinin inkişafındakı müstəsna rolundan və əvəzsiz
xidmətlərindən söhbət açdı. Qeyd etdi ki,
musiqi mədəniyyətimizin təşəkkülü və
inkişafı tarixində Üzeyir Hacıbəylinin müstəsna
rolu olub. Dahi bəstəkarın ən böyük arzusu musiqi
məktəblərində azərbaycanlı uşaqların təhsil
almaları idi. O, bu yolda yorulmaz fəaliyyət göstərib.
H.Babayeva qeyd etdi ki, bu gün Musiqi Kolleci, habelə digər
musiqi ocaqlarında istedadlı azərbaycanlı
uşaqlarının təhsil almaları və pərvazlanmalarının
əsası məhz dahi bəstəkar tərəfindən
qoyulub.
Hesabat konserti anşlaqla
keçdi və tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 2 may.- S. 8.