“Məzhəkəçilər”

 

Bu günlərdə Azərbaycan Milli Opera və Balet Teatrı öz ənənələrinə sadiq qalaraq növbəti dəfə böyük italyan bəstəkarı Rucero Leonkavallonnun məşhur “Məzhəkəçilər”operasını klassik musiqi xiridarlarına təqdim etdi. Respublikanın xalq artisti Cənnət xanım Səlimovanın quruluş verdiyi bu sənət şedevri tamaşaçılar üçün böyük mənəvi hədiyyə oldu.

 

Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun məharətlə idarə etdiyi simfonik orkestr əsərin dərin musiqi məzmununu tamaşaçılara istənilən səviyyədə açdığına, ifaçıları professional səviyyədə müşayiət etdiyinə görə tamaşa uğurlu alındı və dinləyicilər öz razılıqlarını gurultulu alqışlarla bildirdilər.

Operanın liberettosunu Leonkavallo özü yazmışdı. O, əsərin sujetini uşaq ikən kəndlərinə gəlmiş gəzərgi aktyorlardan birinin tamaşa zamanı qısqanclıq zəminində öz arvadını öldürməsi hadisəsi əsasında ərsəyə gətirmişdi. Tamaşa ilk səhnə həyatına 21 may 1892-ci ildə Milanın “Dal-Verme” Teatrında başlamışdı. A.Toskaninin dirijorluq etdiyi bu əsər sonralar İtaliyanın və dünyanın bir çox ölkə teatrlarının repertuarına daxil edilmişdi.

Azərbaycanın opera sahəsində əməkdar rəssam Tahir Tahirovun və əməkdar incəsənət xadimi, mərhum Ağarəhim Əliyevin verdikləri gözoxşayan quruluş tamaşaçıları, sanki, nağıllar aləminə aparır. Əsərin məzmununa uyğun rəsmlər onun mənəvi-bədii təsirini bir qədər də artırır.

Tamaşada iştirak edən ifaçılar əsl sənət məharəti göstərdilər. Bütün ariyaları və reçitativləri italyan dilində professionallıqla oxuyan vokalçılar dinləyici-tamaşaçılara xoş mənəvi-estetik anlar bəxş edirdilər. Operada ilk dəfə Nedda partiyasını ifa edən gənc ifaçı Çinarə Şirin oxu mədəniyyəti və ifa imkanlarının genişliyi ilə dinləyiciləri heyran qoydu. Onun geniş diapazonlu lirik-dramatik soprano səsi tamaşada əri Kanio qarşısında öz qadın hüquqlarını qorumaq üçün böyük imkanlar yaratdı. O, bütün registrlərdə tembr gözəlliyini saxlamaqla dinləyiciləri məftun edə bildi. Çinarənin dram aktyorluğu məharəti də onun yaratdığı obrazın inandırıcı alınmasına yardımçı oldu.

Teatr truppasında yenicə fəaliyyətə başlamış çox gənc tenor Azər Rzazadə Berro partiyasının öhdəsindən layiqincə gəldi. Azərin səs diapazonu böyük, səs tembri ürəyə yatımlıdır. Bir opera ifaçısı kimi getdikcə püxtələşən bu yeniyetməyə Azərbaycanda mövcud tenor səslər kasadlığı baxımından böyük ümid bəslənilir. Tamaşada xalq artisti, tenor Azər Zeynalovun və əməkdar artisti, Bülbül adına Beynəlxalq müasbiqə laureatı, bariton Əvəz Abdullayevin diqqətəlayiq çıxışları üzərində ayrıca dayanmaq istərdik. Əvəz Abdullayev səs tembrinin gözəlliyi, diapazon genişliyi ilə diqqəti çəkir. Onun Coakino Rossininin “Sevilya bərbəri” operasında fəndgir bərbər Fiqaro, Cakoma Puççininin “Toska” operasında riyakar polis rəisi Skarpia, Cüzeppe Verdinin “Traviata” operasında sərt təbiətli ata Jermon kimi psixoloji baxımdan çox fərqli partiyalarda uğurlu çıxışlarını görənlər opera səhnəmizə yeni istedad gəldiyinin şahidi olurlar.

Əvəz Abdullayev “Məzhəkəçilər” operasında kloun Tonionun libasında səhnə önünə çıxır və tamaşaçıları əsərin ideyası ilə tanış etməyə başlayır. Musiqi ədəbiyyatında “Proloq” adlanan bu hissə vokal baxımından çox çətin sayılan parçadır. Proloqun sonluğundakı yuxarı “lya-bemol” notunu bariton səsli ifaçılar təmiz götürə bilmədiklərindən onu dünyanın korifey sənətkarlarının ifasında lentə yazdırmışlar. Dünyanın ən məşhur opera ifaçılarından biri olmuş dramatik tenor Mario del-Monakonu nəzərdə tuturuq.

İndiki tamaşada pərdə önünə məzhəkəçi Tonio əvəzinə, Silvionun ifaçısı Əvəz Abdullayevin müasir frakda çıxması bir qədər anlaşılmaz təsir buraxırdı. Quruluşçu rejissorun nə məqsədlə qədimliyi müasirləşdirmə istəyi qaranlıq qalır. Əvəz Abdullayevin büllur təmiz səsi tamaşaçılarda heyranlıq yaradırdı. Final notunun zamanı gələndə o, bration səs diapazonu üçün xarakterik olmayan yuxarı “lya-bemol” notunu inamla və təmiz götürdü. Silvionun məşuqəsi Nedda ilə münasibətlərinin aydınlaşdırılması səhnələri də uğurlu alındı.

Azər Zeynalovun Kanio partiyasında inamlı çıxışı çox heyranedici oldu. O, həm vokalçı, həm də dram aktyoru kimi mizanlarda ciddi yaradıcılıq nümunəsi göstərdi. Onun gözəl tembrli səsi bütün registrlərdə xoşagələn metallik çalarlarla səsləndi, opera səhnəmizin müqtədir ifaçısı olduğunu təsdiqlədi.

Tamaşanın dirijoru Yalçın Adıgözəlov misilsiz, ifaçılıq üslubu, mədəniyyəti nümayiş etdirdi. O, dirijor pultu arxasına qalxıb, bütün dünyada olduğu kimi, skripka ifaçısını salamlayandan sonra orkestrin digər ifaçılarına da böyük ədəb-ərkanla nəzər saldı. Maestro sehirli çubuğunu qaldırmaqla tamaşaçıları musiqinin sehirli aləminə apardı. Tamaşa salondakılarda xoş ovqat yaratdı və böyük müvəffəqiyyətlə sona yetdi.

 

 

Rəhim HƏSƏNOV,

musiqişünas

 

Xalq qəzeti.- 2010.- 2 may.- S. 8.