Peşə təhsili təlimi sahəsində islahatlar strategiyasılayihəsi müzakirə olunub

 

Avropa İttifaqının maliyyə dəstəyi ilə Britaniya Şurası və Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

İclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilib, ötən 6 ayda layihə üzrə həyata keçirilmiş işlər və növbəti 6 ay ərzində planlaşdırılmış tədbirlər müzakirə edilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin məqsədləri barədə məlumat verib. Birgə əməkdaşlıq nəticəsində İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində görülən işlərdən söz açan nazir layihənin uğurla icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsində Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, Avropa Komissiyasının Nümayəndəliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İqtisadi İslahatlar Elmi Tədqiqat Mərkəzi nümayəndələrinin təmsil olunduğunu nəzərə çatdırıb.

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin əsas məqsədinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı olduğunu bildirən əməliyyatlar üzrə rəhbər Jan Lui Lavroff gələcəkdə digər layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib.

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin rəhbəri Ann Castis layihə üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə təqdimat-məruzə edib. Pilot məktəbin işçi heyətinə və rəhbərliyinə bilik və bacarıqların inkişafı üzrə müvafiq təlimlərin keçiləcəyini bildirən qonaq məktəbə Turizm İnstitutu və Mingəçevir Turizm Kollecindən kadrlar cəlb etməyin məqsədəuyğun olduğunu vurğulayıb.

Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov İsmayıllı Turizm Peşə Təhsili Kompleksinin tikintisinin başa çatmaq üzrə olduğunu və müvafiq avadanlıqların yaxın gələcəkdə tədris ocağına veriləcəyini bildirib. Şöbə müdiri qeyd edib ki, pilot məktəbdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi aparılıb və müvafiq hesabat hazırlanıb.

Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmasının vacibliyini önə çəkən təhsil naziri işçilərin və müasir idarəetmə qabiliyyətinə malik rəhbərliyin seçiminin əhəmiyyətini qeyd edib. Texniki peşə təhsilinin inkişafı məsələlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğunu vurğulayan nazir son illər bu sahədə bir sıra uğurların qazanıldığını bildirib. Nazir layihə üzrə hesabatın qəbul olunduğunu nəzərə çatdırıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə daha yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 2 may.- S. 8.