2010 – “Ekologiya ili”
Təbiətə qayğı
insana qayğıdır
Deyilənə görə, təbiəti
gözəl olan diyarın insanları da gözəl olur.
Ömrünü təbiətə həsr etmiş və onun
qorunması ilə bağlı “Həyəcan təbili”
çalmış akademik Həsən Əliyev yazırdı:
“Sağlam və gözəl təbiət insana nəinki yeni
fiziki qüvvə verir, habelə onun ağlına, zehninə təsir
edir, insanda özünə inam hissini, yaradıcılıq
şövqünü artırır...”
İqtisadiyyatın
sürətli inkişafı, dövlət büdcəsinin ilbəil
artması və ölkə rəhbərliyinin
qayğısı ətraf mühit problemlərinin həllinə
geniş imkanlar yaradır. “Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər
Planı”nın icrasının son ilinin ölkədə
“Ekologiya ili” elan olunması bu problemlərin çox ciddi diqqətdə
saxlandığını göstərir . Prezident İlham Əliyevin
ətraf mühitin mühafizəsinə, ekologiyanın
qorunmasına, ölkəmizdə xüsusi mühafizə
olunan təbiət ərazilərinin inkişafına
böyük diqqət göstərməsi hər kəsdən,
xüsusilə də ekoloqlardan bu işlərə daha məsuliyyətli
yanaşma tələb edir. Təsadüfi deyil ki, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi təbiətimizin gələcək
nəsillərə sağlam və zəngin ötürülməsi
üçün qüvvə və səylərini əsirgəmir.
Nazirliyin ərazi şöbələri də öz işlərini
bu həyati tələblər üzərində qurmağa
çalışırlar.
Ölkəmizin altı cənub rayonunu – Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabadı əhatə edən 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsi xidməti ərazidə ətraf mühitin mühafizəsi, təbii ehtiyatların monitorinqi, onlardan səmərəli istifadə üzrə sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirir. Şöbənin rəisi Əlişah Rəsəbovun dedikləri:
-Xidməti ərazimiz həm coğrafi mövqeyi, həm də ekosistemlərin və canlı orqanizm növlərinin rəngarəngliyi baxımından qlobal biomüxtəlifliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edən bir bölgədir. Respublika meşələrinin ümümi sahəsinin 15 faizə qədəri bizim cənub bölgəsinin payına düşür. Endimik növlərin çox hissəsi Talış təbii vilayətində yayılıb. Bunlardan 3-cü dövrə aid dəmirağacını, Lənkəran akasiyasını, şabalıdyarpaq palıdı, Qafqaz xurmasını, Hirkan şümşadını, bigəvərini və sairəni göstərmək olar. Meşə ərazilərində canavar, tülkü, bəbir, çaqqal, qaban, çöl pişiyi, dovşan, habelə növbənöv quşlar var.
Cənub rayonlarının yaşayış məntəqələri məişət qazı ilə hələlik tam təmin olunmadığı üçün evlərin qızdırılması odun materialı hesabına həyata keçirilir. Meşə ərazilərinə yaxın kənd və qəsəbələr təbiətə güclü antropogen təsir edir. Mal-qaranın otarılmaq üçün meşələrə buraxılması təbii yolla meşə əmələgəlməsini ləngidir. Bütün bunlar son nəticədə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.
Ötən il ərzində şöbəmiz tərəfindən “Azərbaycan Respublikasının Meşə Məcəlləsi”nin tələblərinə riayət olunması və meşələrin qanunsuz qırılmasının qarşısının alınması məqsədilə keçirilən araşdırmalar zamanı aşkarlanan pozuntu halları ilə əlaqədar iddialar qaldırılıb və cərimələrin ödənilməsi təmin edilib. Qanunsuz daşındığı üçün 265,3 kubmetr odun, çırpı, işlik meşə materialı və 1250 kiloqram kömür sənədləşdirilib.
Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsinin gücləndirilməsi, şəhərdə yaşıllıqların artırılması tədbirlərinin, onların uçot sisteminin təkmilləşdirilməsinə ehtiyac var.
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar rayonlarda yeni-yeni obyektlər inşa olunur və bu zaman yerli tikinti materiallarından istifadə edilir. Bu xammal ehtiyatları ucuz və keyfiyyətli olduğundan onlara tələbat günbəgün artır. Xidməti ərazidə mineral xammal ehtiyatlarının monitorinqini keçiririk ki, bundan da məqsəd istifadə üçün yeni yataqlar tapmaq, həmin yataqların ehtiyatlarının həcmini müəyyənləşdirmək və işlənmədən sonra lazımi rekultivasiya işlərinin aparılmasını təmin etməkdən ibarətdir.
Lənkəran rayonunda çimərlik üçün yararlı sahil ərazisi dörd kilometrə qədərdir. Bu ərazi relikt qum ehtiyatlarına malik olduğundan müalicə əhəmiyyətlidir. Regionda turizmin inkişafından ötrü əlverişli şəraitin olduğunu nəzərə alsaq, çimərliklərdən səmərəli istifadəyə böyük önəm verilməlidir. Təəssüf ki, son illərdə sahil ərazilərindən qanunsuz qum daşınması, buraya bərk tullantıların atılması halları çimərlikləri real təhlükə mənbəyinə çevirir. Qanunsuz karxanaların törətdiyi fəsadlar (çökək yerlərə su dolması) son nəticədə sahil zolağının deqradasiyasına və bataqlıqlaşmasına səbəb olur. Şöbəmiz tərəfindən ardıcıl tədbirlərin görülməsinə baxmayaraq, qanunsuz qum daşınmalarının qarşısı tam alınmayıb. Bu məqsədlə polis şöbələrinə və bələdiyyələrə də müraciətlərimiz olub, amma məsələnin birdəfəlik həllinə nail olunmayıb.
Lənkəranda su hövzələrinin çirklənmə dərəcəsi orta qiymətləndirilir. Çirklənməyə səbəb yaxın ərazilərdə kanalizasiya sistemi və təmizləyici qurğuların azlığı, olanların da yararsızlığıdır. Şəhərdə və digər ərazilərdə təmizlənməmiş məişət və sənaye suları hövzələrin çirklənməsində əsas faktordur. Çirkab suların təmizlənməsi məqsədilə işlək mexaniki və bioloji qurğular olmalıdır. Lənkəran Şəhər Su Kanalizasiya İdarəsinin nəzdində qırx ildən bəri istismar olunan təmizləyici qurğu isə günün tələblərinə cavab vermir. Kanalizasiya nasaz vəziyyətdədir. Hazırda Lənkəranda əmələ gələn çirkab suların 25 faizi şəhər mərkəzi kanalizasiya xəttinə, qalanı isə şəhərdəki açıq xəndəklərə axıdılır. Bəzi çirkab sular Lənkərançaya tökülür və gedib Xəzər dənizinə “qovuşur”. Girdəni kanalında da ekoloji gərginlik müşahidə edilir. Bundan başqa, bir neçə axar vasitəsilə də Xəzər dənizi çirkləndirilir. Təəssüf ki, xidməti ərazinin digər rayonlarında vəziyyət Lənkərandakından daha acınacaqlıdır, kanalizasiya sistemi belə yoxdur.
Şöbəmiz tərəfindən sistemli olaraq rayonlar üzrə tullantıların daşınması və yerləşdirilməsinin monitorinqi keçirilir. Əraziyə daxil olan şəhər və rayonlarda əmələ gələn bərk məişət tullantılarının utilizasiyası (yığılıb-daşınması, zərərsizləşdirilməsi) üzrə mövcud sistemin təkmilləşdirilməsinə ehtiyac böyükdür. Lənkəranda əhalinin daha sıx olması və müəssisələrin əksəriyyətinin burada yerləşməsi digər rayonlara nisbətən məişət tullantılarının daha çox əmələ gəlməsini şərtləndirir. Heç də bütün tullantılar şəhər icra hakimiyyətinin Göyşaban bələdiyyəsi ərazisində yerləşən beş hektarlıq xüsusi poliqonuna daşınmır. Bir çox məntəqələrdə məişət tullantıları harada gəldi qalaqlanır və ətrafa səpələnir. Bütün bu neqativ hallarla mübarizə gücləndirilməlidir.
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tətbiqi ilə qorumaq mümkün deyil. Əhalini təbiəti mühafizə haqqında geniş bilgiləndirmək, onun yollarını göstərmək vacibdir. Təsadüfi deyil ki, nazirliyin aparıcı istiqamətlərindən biri də ekoloji təbliğat sayılır. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında qanun qəbul edilib.
Lənkəran şöbəsinin ekoloji təbliğat sektoru öz işini tələblər səviyyəsində qura bilib. Ekoloji maarifləndirmə ilə bağlı müəyyən olunmuş dövlət siyasətinin həyata keçirilməsi burada əməli işlərlə təmin olunur. Çoxsaylı görüşlər keçirilir, mühazirələr oxunur. Hər il aprelin 22-də Beynəlxalq Yer günü ilə əlaqədar xidməti ərazidə ağaclar əkilir, yaşıllıqlara qulluq edilir, ərazilər tullantılardan təmizlənir, əhali iməciliklərə çağrılır. Lənkəran Dövlət Universitetində, Dövlət Humanitar Kollecində, Tibb Məktəbində, ümumtəhsil ocaqlarında təbiətin qorunması, ekoloji şüurun formalaşması ilə bağlı tədbirlər keçirilir. 22 may- Biomüxtəliflik günü, 5 iyun- Ətraf mühitin mühafizəsi günü, hər il sentyabr ayının sonuncu həftəsi qeyd olunan Beynəlxalq dəniz günü ilə əlaqədar əhali, xüsusən də gənclər arasında təbliğat işi genişlənir, ictimaiyyətin diqqəti vacib ekoloji məsələlərə yönəldilir. Kollektiv “Ekologiya ili”ndə bu işləri daha da canlandırmaq əzmindədir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 2 may.- S. 7.