Ötən illərin iqtisadi
uğurları 2010-cu ildə də davam etdirilir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında səslənən fikirlər bunu bir daha təsdiqlədi
Bütün dünyanın iqtisadi böhranla üzbəüz
qaldığı 2009-cu ildə Azərbaycanın milli
iqtisadiyyatı təxminən 10 faiz artmışdır. Əlbəttə,
böhranın tüğyan etdiyi bir dövrdə əldə
edilmiş iqtisadi artım dinamikasını qoruyub saxlamaq, bu
artımın üzərində əlavə artıma nail
olmaq böyük uğurdur. Belə ki, ümummilli lider Heydər
Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və
yeni iqtısadi sistemin yaranmasını təmin edən, milli və
dövlətçilik maraqlarına uyğun siyasi kursu və
bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
qətiyyətlə və inamla davam etdirilməsinin məntiqi
nəticəsi olaraq 2009-cu il də dövlətimizin iqtisadi
qüdrətinin, rəqabət qabiliyyətinin qiymətləndırilməsi
baxımından əlamətdar bir il olmuşdur. Və bununla
da əsası ümummilli lider tərəfindən qoyulan
iqtisadi sıyasətin Azərbaycan modelinin mövcud iqtisadi
münasibətlər müstəvisində alternativsizliyini bir
daha sübut etmişdir. Bu həm də o deməkdir ki,
artıq Azərbaycan Respublikası, sözün əsl mənasında,
öz daxili potensialından, təbii-iqtisadi resurs
ehtiyatlarından müstəqil şəkildə səmərəli
istifadə etməyə başlamışdır.
Məhz bunun nəticəsidir
ki, təkcə 2004-2009-cu illər ərzində milli
iqtisadiyyatımız 3 dəfəyə qədər
artmış və bu dinamika 2010-cu ildə də davam
etdirilmişdir. 2010-cu ilin birinci rübündə 5,4 faiz
artıma nail olunmuşdur. O cümlədən, bu artım
qeyri-neft sektorunda 2,8 faiz, ümumilikdə sənaye sahəsində
5,6 faizi, kənd təsərrüfatında 1,5 faiz təşkil
etmişdir. Birinci rübün müsbət göstəricilərindən
biri də inflyasiya həddinin qəbul ediləcək səviyyədə
saxlanılmasıdır. Cari ilin birinci rübündə
inflyasiya 3,8 faiz olmuşdur ki, bu da öz növbəsində
sosial problemlərin həlli üçün əlavə
imkanlar yaradır. Eyni zamanda, çox az səviyyədə
qiymət artımı baş verir ki, bu da insanların normal
yaşayışına mənfi təsirlərin
qarşısını alır. Bir sözlə, istər əvvəlki
illərdə təmin edilmiş dinamika, istərsə də
2010-cu ilin müvafiq makroiqtisadi göstəriciləri bir daha
sübut edir ki, Azərbaycan dövlətinin və hökumətinin
seçdiyi yol düzgündür və həyata keçirilən
islahatlar özünün real nəticələrini verməkdədir.
Azərbaycanın
bölgələri sürətlə inkişaf edir. “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda irəli
sürülən vəzifələr böyük uğurla
icra olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin
aprelin 29-da Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfəri
zamanı işə salınan obyektlər də bu deyilənləri
təsdiq edir. Möhtərəm Prezidentimiz regionların
inkişafı sahəsində əldə edilən
uğurlardan danışarkən demişdir: “Artıq
yaxşı nəticələr vardır və elə etməliyik
ki, ölkəmizin inkişafı bölgələrin
inkişafı hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir.
Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət,
şərait baxımından böyük şəhərlərdə
olan vəziyyətə yaxın olsun. Ona görə də infrastruktur
layihələri, yollar, elektrik stansiyaları...
qazlaşdırma, elektrik xətləri, su təchizatı –
bütün bunlar gündəlikdə duran məsələlərdir”.
Elə həmin gün ölkə başçısı Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin, Salyanda soyuducu anbar kompleksinin, “Salyan” elektrik yarımstansiyasının, Biləsuvar dairəvi avtomobil yolunun, “Azərsun” Holdinqin Biləsuvardakı “Natural Green Land” kənd təsərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak etmişdir.
Ölkənin digər regionları kimi, Cəlilabadda da son illər iqtisadi artım sürətlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. Cəlilabada səfəri çərçivəsində Prezident İlham Əliyev illik istehsal gücü 8 min ton olan Cəlilabad “Şərab-2” ASC-nin, rayonda yeni inşa edilmiş üçmərtəbəli Müalicə-Diaqnostika Mərkəzinin açılışında, əlil və şəhid ailələri üçün inşa olunmuş dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Həmin gün rayon Tarix-Diyarşünaslıq Muzeyinin və şahmat məktəbinin də təntənəli açılışı olmuşdur. Ölkə başçısı 300 hektar torpaq sahəsini suvarmağa imkan verəcək Göytəpə su anbarında aparılan işlərlə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin əsgərləri ilə görüşmüşdür. Azərbaycan Prezidenti rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Cəlilabadda aparılan quruculuq işlərindən razı qaldığını bildirərək, bütövlükdə Azərbaycanda işlərin yaxşı getdiyini xüsusi vurğulamışdır. ”Ölkəmizdə işlər bütövlükdə yaxşı gedir, iqtisadi imkanlarımız artır. Keçən il baxmayaraq ki, bütün dünya böhran içində idi, biz xərclərimizi azaltmadıq, sosial məsələlərə yönəldilən vəsait lazımi səviyyədə qaldı. Bütün infrastruktur layihələri icra edildi. Bu il Azərbaycanın inkişafı daha da uğurludur. İqtisadiyyatımız daha da sürətlə inkişaf edir”.
Statistik rəqəmlər də bu deyilənləri bir daha təsdiqləyir. Cari ilin birinci rübündə ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz və yaxud müqayisəli qiymətlərlə 236,7 milyon manat artaraq 6,1 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 689,6 manat (858,5 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artmışdır. ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sənayedə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 25,7 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,1 faizi nəqliyyat, 6,6 faizi informasiya və rabitə, 27,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər, 4,3 faizi yaşayışın təşkili və ictimai iaşə xidmətləri, 37,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 6,9 faizini təşkil etmişdir. O cümlədən, 2010-cu ilin birinci rübü ərzində əhaliyə ticarət və xidmət şəbəkəsindən 3,1 milyard manatlıq istehlak malları satılmış və 1 milyard manatlıq pullu xidmətlər göstərilmişdir. Keçən ilin yanvar-mart aylarına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, pullu xidmətlərin həcmi isə 10,6 faiz artmışdır. Əhaliyə realizə olunmuş istehlak mallarının 65,4 faizini ərzaq məhsulları, 34,6 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 7,7 faiz və 10,2 faiz çoxalmışdır.
Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir ki, bu da istənilən ölkə üçün böyük məbləğdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası ərazisi və əhalisi baxımından o qədər də böyük deyil və həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində milli iqtisadiyyata qoyulan sərmayələr də yüksək səviyyədədir, ona görə də gələcəkdə valyuta ehtıyatlarının artımı labüddür. Əvvəlki illərdə görülən işlər, xüsusilə Azərbaycan hökumətinin neft-qaz siyasəti imkan verir ki, valyuta ehtiyatlarını daha da artıraq və bunun vasitəsilə də sosial-iqtisadi və digər problemlərin həllini təmin edək. Məhz həyata keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır, mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir. Əlbəttə, bütün bunlar zaman-zaman vaxtında və düzgün qəbul edilmiş qətiyyətli qərarların, həyata keçirilən regional və beynəlxalq əməkdaşlığın nəticəsidir. Ona görə də artıq Azərbaycan iqtisadiyyatında dinamik inkişaf təmin edilmiş, keçid dövrü başa çatmış və ən əsası ölkə iqtisadiyyatının bütün sahələri davamlı inkişaf mərhələsinə keçmişdir.
Bütün bunları 2010-cu ilin I rübünün sosial-iqtisadi nəticələri də sübut edir. Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin mədaxili 2 milyard 446 milyon manat və ya 104 faiz icra edilmişdir, vergi ödəyiciləri tərəfindən büdcəyə 1 milyard 9,5 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən 205,4 milyon manat, Dövlət Neft Fondundan 1 milyard 225 milyon manat vəsait daxil olmuşdur. O cümlədən, I rübdə dövlət büdcəsinin xərcləri 1 milyard 979,1 milyon manat icra edilmişdir ki, bunun da 33,8 faizi və ya 669 milyon manatını sosialyönümlü xərclər təşkil etmişdir. Qeyd etmək lazımdır ki, ötən ilin I rübü ilə müqayisədə 2010-cu ilin I rübündə sosial xərclərə ayrılan vəsait 68,9 milyon manat və ya 11,5 faiz çoxdur, bu da hər zaman olduğu kimi, hazırda sosial problemlərin, insanların maddi rifah halının yüksəldilməsi kimi məsələlərin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu təsdiqləyir. Konkret istiqamətlərə nəzər saldıqda, cari ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 17,2 milyon manat və ya 7,7 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 50,1 milyon manat və ya 17,2 faiz çox vəsait yönəldilmişdir.
Cari ilin I rübünün mühüm nəticələrindən biri də iqtisadi inkişafın başlıca şərtlərindən olan investisiya qoyuluşları ilə bağlıdır. Belə ki, I rübdə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 1 milyard 636,8 milyon manat, o cümlədən daxili mənbələr hesabına 1 milyard 231 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 583,4 milyon manatı dövlət büdcəsınin vəsaiti hesabına həyata keçirilmişdir. Eyni zamanda, bu dövrdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2010-cu ilin yanvar-mart ayları sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, nəticədə qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi xeyli yüksələrək 67,6 faizə çatmışdır. Eləcə də bu dövrdə, yuxarıda qeyd edildiyi kimi, dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə bazar iqtisadiyyatının və davamlı inkişafın mühüm şərti olan sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədi ilə müvafiq normativ-hüquqi sənədlər qəbul edilmiş və ya müvafiq dəyişikliklər aparılmışdır.
Nəticədə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, eləcə də bəzi fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılmışdır. Bununla yanaşı, ölkədə bank və maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə banklara və sığorta təşkilatlarına nizamnamə kapitalının artırılmasına yönəldilən məbləğlərin mənfəət vergisindən azad olunması barədə müvafiq dəyişikliklər edilmişdir ki, bu da bank-maliyyə sektorunun inkişafına çox əhəmiyyətli təsir göstərməkdədir.
I rübdə sürətlə inkişaf edən sahələrdən biri də, məhz investisiya qoyuluşlarının mühüm istiqamətlərindən birini təşkil edən tikinti-quruculuq sferasıdır. Belə ki, ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də inkişaf edir. 2010-cu ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 1636,8 milyon manat və ya əvvəlki ildəkindən 4,9 faiz çox investisiya yönəldilmiş və onun 1143,1 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Sərf edilmiş sərmayələrin 50,3 faizi məhsul istehsalı, 49,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Rüb ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Naxçıvan şəhərində avtomobil zavodu, Qəbələ rayonunda “Gilan” piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, avtovağzal binası, “Qafqaz Resort” mehmanxanası və “Fitnes” Sağlamlıq Mərkəzi, Gəncə şəhərində “Ramada Plaza” mehmanxanası, Bakı şəhərində “Dalğa Plaza” İş Mərkəzi, Ağdaş və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, ümumi sahəsi 215,3 min kvadratmetr olan yeni yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 51,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 35,9 faizini büdcə vəsaiti, 2,4 faizini əhalinin xüsusi vəsaiti və 9,9 faizini digər vəsaitlər təşkil etmişdir.
Ölkədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə – davamlı inkişaf mərhələsinə qədəm qoyması, təbii ki, bir sıra problemlərin də təcili həllini tələb edir. İlk növbədə, bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. Ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi “gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır”. Bu fikir bazar iqtisadiyyatlı ölkələrin başlıca məqsədlərini və iqtisadi inkişaf prioritetlərini tam əks etdirir. Eyni zamanda, ölkə başçısı sahibkarların yanında olduğunu, onların daim dövlət tərəfindən dəstəkləndiyini bildirmişdir. Burada ölkə başçısının “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir... Əlbəttə ki, sahibkarlar da dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər”.
Nəzərə alsaq ki, büdcə gəlirlərinin əsas hissəsi vergi daxilolmalarının payına düşür, onda sahibkarlıq subyektlərinin də qarşısında duran vəzifələr aydın olar. Belə ki, dövlətin sosial-iqtısadi və digər istiqamətlərdə siyasəti büdcə vasitəsilə reallaşdırılır. Ona görə də büdcəyə daxil olmaların vaxtlı-vaxtında ödənilməsi sahibkarlıq subyektlərinin başlıca vəzifəsi kimi qəbul edilə bilər. Həyata keçirilən islahatlar və əldə edilmiş iqtisadi inkişaf dinamikası, cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, genişmiqyaslı infrastruktur layihələrin dövlət tərəfindən ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması bu nəticəyə gəlməyə əsas verir ki, gələcək illərdə, o cümlədən 2010-cu ildə sahibkarlığın inkişafı daha da sürətlənəcəkdir.
Yuxarıda göstərildiyi kimi, sosial problemlərin həlli hər zaman Azərbaycan hökumətini narahat edən, ciddi diqqət mərkəzində olan bir məsələdir. Təbii ki, bütün dünyanı maliyyə böhranının sarsıtdığı, aparıcı dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vaxtda respublikamızın iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirə qarşı qabaqlayıcı tədbirlər görülmüş və nəticə etibarilə nəzərdə tutulmuş sosial proqramların həyata keçirilməsi işləri ləngimədən davam etdirilmişdir. Bütün bunlar tək ölkə daxilində deyil, həm də bir sıra beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş konfranslarda xüsusi qeyd olunmuş və əldə edilmiş nailiyyətlər müxtəlif ölkələrə nümunə kimi göstərilmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatlar və proqramlar nəticəsində hazırda 165 min 730 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir ki, bu da hər ailəyə ayda orta hesabla 115 manat müavinətin verilməsi deməkdir. Ümumilikdə, əhalinin həyat səviyyəsinin və pul gəlirlərinin artmasını nəzərə alaraq, cari ilin sonuna kimi 145 min ailənin yardım alacağı proqnozlaşdırılır. Eyni zamanda, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən proqram və tədbirlər həyata keçirilməkdədir.
Xüsusilə, bu istiqamətdə həyata keçirilən tədbirlərdə regional inkişaf məsələləri prioritet təşkil edir. Məhz bunun nəticəsidir ki, son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, şəhid ailələri və əlillər üçün xüsusi yaşayış binalarının tikilib istifadəyə verilməsi, reabilitasiya göstəricilərinin yaxşılaşması və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Məlumdur ki, bütün dövrlərdə dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də insanların məşğulluğunun təmin edilməsidir. Cari ilin birinci rübü ərzində 5266 nəfər vətəndaş münasib işlə təmin olunmuş, 1460 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2 dəfə çoxdur. Eyni zamanda, müvafiq əmək yarmarkalarının təşkili üçün də ardıcıl işlər görülür ki, bu da işsizliyin aradan qaldırılmasına kömək edir.
Müşahidələr göstərir ki, 2010-cu ilin birinci rübündə həyata keçirilən tədbirlərin başlıca istiqamətlərindən birini də iş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi təşkil etmişdir. Belə ki, I rüb ərzində işə qeyri-leqal cəlb edilən 431 nəfərlə əmək müqaviləsi bağlanması təmin edilmiş, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 200139 manat olmuşdur. Bu da həm işçilərin hüquqlarının qorunması, həm də müvafiq vergi ödəmələrinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu il üçün təsdiq olunmuş dövlət büdcəsınin gəlirlər hissəsində gömrük orqanlarının özünəməxsus yeri vardır. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə idxal-ixrac əməliyyatlarından 205,4 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülməklə rüblük proqnoza 100,2 faiz əməl edilmişdir. Belə ki, bu ilin ilk 3 ayı ərzində ölkəyə idxal olunan malların ümumi həcmi 2009-cu ilin müvafiq dövrünə nisbətən 167 milyon ABŞ dolları və yaxud 12,6 faiz, əsas vergi tutulan mal mövqelərindən isə dənli bitkilərin idxalı 31,9 milyon ABŞ dolları (38,9 faiz) elektrik avadanlıqları 78,4 milyon ABŞ dolları (42,2 faiz), digər avadanlıq və texniki qurğular 40,6 milyon ABŞ dolları (15,9 faiz), avtonəqliyyat vasitələri 29,4 milyon ABŞ dolları (19,5 faiz) aşağı düşsə də, bütün bunlara rəğmən gömrük orqanları rüblük proqnozu 100,2 faiz icra etmişlər.
Qeyd edildiyi kimi, son illər ərzində baş verən qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsiri davamlı xarakter almaqla əksər ölkələrdə, o cümlədən Avropa İttifaqı və MDB məkanında ümumi daxili məhsulun azalması müqabilində respublikamızda daim iqtisadi artım müşahidə olunmaqla yanaşı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq aparılan genişmiqyaslı islahatlar Azərbaycan Respublikasını dünyanın aparıcı dövlətlərindən biri kimi iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin etibarlı tərəfdaşına çevirmişdir. Respublikada həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas prioritetlərindən sayılan xarici ticarətin daha da liberallaşdırılması, idxal-ixrac əməliyyatları üzrə gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində son illərdə xeyli iş görülmüş, Azərbaycan Respublikasının gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası cari ilin birinci rübündə də davam etdirilmişdir.
Aydındır ki, hər bir dövlətin sürətli inkişafının zəruri şərtlərindən biri də xarici bazarlara sərbəst çıxışın təmin edilməsi və sahədə müasir standartlara uyğun xidmətlərin göstərilməsidir. Bu baxımdan, xarici iqtisadi fəaliyyət iştirakçılarına göstərilən gömrük xidmətinin müasirləşdirilməsi, idxal-ixrac əməliyyatları üzərində gömrük nəzarətinin və gömrük statistikasının daha da təkmilləşdirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “Bir pəncərə” prinsipinin tətbiqinə dair 2008-ci il 11 noyabr tarixli fərmanının tələblərinə uyğun olaraq gömrük işinin müxtəlif sahələrini nizama salan bir çox normativ-hüquqi sənədlər hazırlanaraq xidməti istifadəyə verilmişdir. Nəticədə I rübdə 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 105 ölkəsindəki tərəfdaşları ilə 3920,3 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 3216,6 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 703,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 2512,9 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 1,6 dəfə, o cümlədən ixrac 2,2 dəfə artmış, idxal 23,8 faiz azalmışdır. İdxal-ixrac əməliyyatlarının 58,2 faizi Avropa, 32 faizi Asiya, 8,6 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 32,2 faizi İtaliya, 7 faizi İndoneziya, 6,3 faizi İsrail, 6,1 faizi Fransa, 5,8 faizi Rusiya Federasiyası, 5,7 faizi Amerika Birləşmiş Ştatları, 5 faizi Ukrayna, 3,8 faizi Qazaxıstan, 2,4 faizi Türkiyə, 2,3 faizi Xorvatiya, 2,2 faizi Hindistan, 2,1 faizi Kanada, 1,9 faizi Yunanıstan, 1,8 faizi Tayvan (Çinin əyaləti), 1,7 faizi Gürcüstan, qalan 13,7 faizi digər dövlətlərlə aparılmışdır.
Hər bir müstəqil dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də vətəndaşların normaya uyğun keyfiyyətli zəruri ərzaq məhsulları ilə təmin edilməsidir. Bu mənada 2010-ci ilin yanvar-mart aylarında daxili bazarın yararsız məhsullardan qorunması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiqdir. Bu tədbirlər həm də ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 2010-cu ilin I rübündə Azərbaycan Respublikasında istehsal olunan və respublikaya idxal olunan insan həyatı və sağlamlığı üçün təhlükəli məhsullara nəzarətin gücləndirilməsi və bu sahədə işin təkmilləşdirilməsi məqsədilə müvafiq komitə də yaradılmışdır. Bu da müvafiq fəaliyyətin daha geniş miqyaslı və səmərəli təşkili üçün münbit şərait yaratmışdır. Hazırda komitə tərəfindən istehlakçıların mənafeyinin, həyat və sağlamlığının qorunması, keyfiyyət infrastrukturu sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq və Avropa standartlarının Azərbaycan Respublikasında tətbiqi həyata keçirilir. Komitənin fəaliyyətini tənzimləyən qanunvericilik bazası Avropa Birliyinin və Dünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq təkmilləşdirilir ki, beynəlxalq və Avropa standartlarının Azərbaycan Respublikasında tətbiqi ölkələrarası ticarət əlaqələrinin inkişafına, məhsulların rəqabət imkanlarının artırılmasına, yerli istehsalçıların xarici bazarlara çıxışına, məhsulların təhlükəsizlik tələblərinin təmin olunmasına zəmin yaradır.
Eyni zamanda, rüb ərzində daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə mütəmadi olaraq monitorinqlər aparılmış və ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bütün bunlar hal-hazırda da davam etdirilir və mülkiyyət formasından asılı olmayaraq bütün məhsul istehsalçıları və idxalçılarını əhatə edir. Monitorinqlər nəticəsində bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz ərzaq məhsullarının istehsalı və respublikaya idxal olunması aşkar olunmuşdur ki, bu da ərzaq təhlükəsizliyi baxımından qənaətbəxş hesab edilə bilməz. Ona görə də bu istiqamətdə nəzərdə tutulmuş müvafiq tədbirlərin daha da sərtləşdirilməsi məqsədəuyğun olardı. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçılarına və idxalçılarına qarşı ümumi dəyəri 97475 manat məbləğində cərimə sanksiyaları tətbiq olunmuşdur. Ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 40 ton qənnadı məmulatları, 888 ton düyü, 10 ton süd məhsulları, 56 min litr alkoqolsuz içkilər və meyvə şirələri insan sağlamlığı üçün təhlükəli olduğuna görə dövriyyədən çıxarılaraq məhv edilmişdir. Əlbəttə, bütün bunlar insanların normal və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, daxili bazarın qorunması və ən əsası keyfiyyətli yerli istehsalın inkişafının stimullaşdırılması baxımından olduqca səmərəlidir.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri
doktoru,
professor,
Aqil ƏSƏDOV,
institutun şöbə müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2010.- 2 may.- S. 1-2.