Xilaskarlıq missiyası

 

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrü, adətən, uzun çəkir və müxtəlif çətinliklərlə, ağır fəsadlarla müşayiət olunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet imperiyasının çökməsi nəticəsində keçmiş postsovet məkanında birləşən müttəfiq respublikalar özlərinin dövlət müstəqilliklərini elan etdilər. Bu dövlətlərin hər biri, o cümlədən Azərbaycan o vaxtadək mövcud olan tənzimlənən, sərt planlaşdırılmış təsərrüfat sistemindən imtina edərək, yeni şəraitə uyğun əsaslı islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçidə qərar verdi. Və beləliklə, uzun və əzablı keçid mərhələsi başlandı.

 

Hələ o vaxtlar – SSRİ-nin dağılması ərəfəsində bir sıra tanınmış mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqil olaraq özünü təmin etməyə qadir olduğunu müəyyənləşdirməyə cəhd etmişdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş Sovet İttifaqında yalnız iki respublika tam müstəqil şəkildə öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri Azərbaycan idi.

Halbuki, vaxtilə, daha doğrusu, keçən əsrin 60-cı illərinin sonlarına qədər Azərbaycan Sovetlər Birliyindəki müttəfiq respublikalar arasında ən geridə qalanlardan biri idi. Onu bu vəziyyətdən məhz xalqımızın böyük oğlu, XX əsrin ən məşhur siyasət və dövlət xadimlərindən biri olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev çıxartdı və Azərbaycan keçmiş Sovet İttifaqının qabaqcıl sənaye və aqrar respublikasına çevrildi. Ümumiyyətlə, Azərbaycanın yüksəliş və inkişafı həmişə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə düşür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində həmin dövrdən bəhs edərkən yazır: “1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks planlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklər vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır”.

Məhz Heydər Əliyevin uzaqgörənliyi, tükənməz enerjisi və misilsiz təşkilatçılıq və idarəetmə qabiliyyəti nəticəsində həmin dövrdə respublika sənayesində əmək məhsuldarlığı 2,1 dəfə, kənd təsərrüfatında isə 1,8 dəfə artdı. Sənayenin ümumi məhsul həcmi ümumilikdə götürəndə 1921-ci ildən 1970-ci ilə qədərki bütün dövr ərzində buraxılmış məhsuldan ikiqat çox olmuşdu. 1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Ümumiyyətlə, Heydər Əliyevin birinci hakimiyyəti illərində respublikada istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında isə bu artım 2,7 dəfə olmuşdu... Şübhəsiz, bu cansız rəqəmlərin arxasında Gürcüstanın sabiq Prezidenti E.Şevardnadzenin təbirincə desək, “liderlər əsrinin lideri olan” Heydər Əliyevin misilsiz təşkilatçılıq və idarəetmə bacarığı ilə səfərbər edilib hərəkətə gətirilən Azərbaycan xalqının gərgin və möhtəşəm əməyi dayanırdı.

Qazandığı möhtəşəm uğurları nəzərə alaraq 1982-ci ilin sonlarında Heydər Əliyevi Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkdilər. Bu yüksək vəzifədə ona böyük səlahiyyətlər verilmişdi: nəhəng bir ölkənin 14 nazirliyinə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət və təhsil kimi çox mühüm sahələrə nəzarət Heydər Əliyevə tapşırılmışdı. Bu qədər ağır işin öhdəsindən o, çox böyük məharətlə gəlir, öz işgüzarlığı, bacarığı ilə hamını heyrətdə qoyurdu. Hətta o vaxtlar belə deyirdilər ki, Heydər Əliyev təkbaşına Siyasi Büronun bütün qalan üzvlərindən çox iş görür. Bunu gözügötürməyənlər də olurdu. Xüsusən, Mixail Qorbaçov Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra onun Heydər Əliyevə qarşı qərəzli münasibəti açıq kampaniya şəkli aldı. M. Qorbaçov Heydər Əliyevin durmadan artan şöhrətinə qısqanclıqla yanaşır, onu özünə potensial rəqib sayırdı. Şübhəsiz, belə bir şəraitdə işləmək qeyri-mümkün idi. Kremlin o vaxtkı sahibi tərəfindən ona qarşı başlanmış qarayaxmalar, məkrli, iyrənc kampaniyalar Heydər Əliyevin istefa ərizəsi yazması ilə nəticələndi.

Lakin bu, ümummilli liderimizin siyasət meydanından birdəfəlik gedişi deyildi. Ulu öndər ona qarşı təşkil olunan bu yalan və böhtan kampaniyasından cana doyaraq, bir qədər nəfəsini dərmək istəyirdi. Və bunu 1989-cu ilin aprel ayında Moskvada keçirilən Sov.İKP MK-nın plenumunda (o, vəzifədən çıxsa da MK-nın üzvü olaraq qalırdı – red.) çıxış edərkən üzünü Mixail Qorbaçova tutaraq belə demişdi: “Heydər Əliyevə nöqtə qoymağa tələsməyin, mən hələ son sözümü deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəksiniz”.

Sov. İKP MK plenumunda Baş katibin üzünə qarşı belə kəskin şəkildə çıxış etmək, SSRİ-nin mövcudluğu dövründə, ümumiyyətlə, heç kəsə nəsib olmamışdı. Bunu yalnız Heydər Əliyev kimi, fövqəl iradəyə sahib olan müdrik şəxsiyyət edə bilərdi. Və tarix də bu bəyanatın gerçəkliyini sübuta yetirdi, Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin dar günündə, “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir məqamda ümummilli liderimiz hakimiyyətə qayıdaraq, xilaskarlıq missiyasını yenidən öz üzərinə götürdü və “Heydər Əliyev fenomeni”nin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev SSRİ rəhbərliyində ən yüksək vəzifələrdən birinə dəvət alanda abad, qabaqcıl bir respublika qoyub Moskvaya getmişdi. Fabrik və zavodlar gecə-gündüz işləyir, 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunur, aqrar sahədə ilbəil daha yüksək zirvələr fəth edilir, insanların güzəranı durmadan yaxşılaşır, bir sözlə, Azərbaycanın nəbzi, sözün həqiqi mənasında, ahəngdar vururdu. Lakin çox təəssüflər olsun ki, həmin dövrdə yaradılmış o böyük potensial hərc-mərclik illərində talan edildi, dağıntılara məruz qaldı.

Heydər Əliyev xalqın israrlı təkidi ilə hakimiyyətə qayıdarkən, səriştəsiz rəhbərlərin təqsiri üzündən ölkədə sanki həyat donmuşdu. Müəssisə və təşkilatların fəaliyyəti pozulmuş, xalqın bütün varidatı, hətta zavod və fabriklərdəki dəzgah, avadanlıq, xammal və materiallar xaricə daşınaraq dəyər-dəyməzinə satılmış, kənd təsərrüfatı bərbad günə düşmüşdü. Ən dəhşətlisi isə insanlarda sabaha inamın ölməsi, ümidsizliyə qapılma idi.

Ulu öndər hakimiyyətə qayıtmaqla çox ağır bir vəzifəni üzərinə götürdü və elə ilk gündən böyük əzmkarlıqla işə başladı. Ölkədə baş alıb gedən xaosun, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq, sabitlik yaratmaq üçün lazımi tədbirlər gördü. İlk növbədə, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibənin qarşısını almaq məqsədilə atəşkəsə nail oldu. Bu, ölkə iqtisadiyyatını böhrandan çıxarmağa, nizami ordu quruculuğuna başlamağa, cəmiyyətdə siyasi sabitlik yaratmağa imkan verdi. Amma, bundan sonra da Azərbaycanın müstəqilliyini gözü götürməyən daxili və xarici bədxahlar, pozucu qüvvələr geri çəkilmədilər, hər vəchlə ölkədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa, təxribatlar törətməyə çalışdılar, hətta ümummilli liderin özünə qarşı dəfələrlə sui-qəsd planları işlənib hazırlandı və buna cəhdlər edildi... Lakin bunlar “heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olum yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm”, – deyən böyük şəxsiyyət Heydər Əliyevi yolundan döndərə bilməzdi. Məhz ümummilli liderimizin qətiyyəti, hünəri, yüksək əzmkarlığı və müdrikliyi sayəsində ölkədə sabitlik bərpa edildi, böhranın qarşısı alındı, aparılan köklü islahatlar nəticəsində iqtisadiyyatda və digər sahələrdə inkişaf meyilləri yarandı, ən başlıcası isə xalqın itirilmiş ümidi, sabaha inamı yenidən özünə qayıtdı.

Hər bir xalqın həm yaşaması, həm də milli dövlətçiliyinin mövcud olması üçün əsas şərt, şübhəsiz ki, ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Bunu nəzərə alan qüdrətli strateq Heydər Əliyev əsas diqqəti dövlətin iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməsinə, müstəqil iqtisadi siyasət aparmasına yönəltdi. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin formalaşdırılması, bazar iqtisadiyyatına keçid və dünya təsərrüfat sisteminə inteqrasiya təşkil etmişdir. Dövlət quruculuğunun mahir ustası olan Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq və güclü inkişafa nail olmaq üçün bütün mövcud imkanlardan istifadə etdi.

Ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda gərgin iş aparıldı, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq referendumu yolu ilə qəbul olundu. Ümumiyyətlə, 2000-ci ilədək 900-ə yaxın qanun qəbul edildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk beynəlxalq neft kontraktının imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Bundan sonra Azərbaycana yatırılan xarici sərmayə axınının qarşısı açıldı. İndiyədək bu qəbildən xarici şirkətlərlə 28 neft-qaz müqaviləsi imzalandı. Azərbaycan iqtisadiyyatına on milyardlarla dollar xarici investisiya yatırıldı. 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi və o cümlədən ixrac 4 dəfə, iqtisadiyyatla məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir...

Görülən işlərin hələ çox az qismini sadalamaqda məqsəd Azərbaycanın bugünkü inkişafının təməlində böyük öndər Heydər Əliyevin misilsiz xidmətlərinin durduğunu diqqətə çatdırmaqdır. Bir sözlə, ümummilli liderimiz milli dövlətçiliyi itirməkdə olan Azərbaycanı, nəinki təhlükədən xilas etdi, həmçinin onu davamlı inkişaf yoluna çıxartdı və ölkənin etibarlı tərəqqi istiqamətini göstərən strategiya işləyib hazırladı. Təsadüfi deyil ki, xalq Heydər Əliyevin cismani yoxluğundan sonra onun siyasi kursuna alternativ görməyərək, bu siyasətin ən layiqli davamçısı cənab İlham Əliyevi özünə rəhbər seçdi. Xalq bununla da yeganə düzgün qərar qəbul etdi. Bunu ötən illərin təcrübəsi də təsdiqlədi. Hakimiyyət sükanını ələ alarkən möhtərəm Prezidentimiz İlham Əliyev bəyan etdi: “Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəli aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir”.

Prezident İlham Əliyev, şübhəsiz, öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurdu. Eyni zamanda, o, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmədi, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirdi. Onun apardığı ardıcıl və məqsədyönlü siyasət ölkənin inkişafını daha da sürətləndirdi. Bütün ölkə ərazisində gedən tikinti-quruculuq işləri, zavodların, fabriklərin, istehsal sahələrinin, aeroportların, vağzalların, minlərlə müasir təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, idman komplekslərinin, istifadəyə verilməsi, avtomobil və dəmir yollarının, körpülərin salınması, transmilli neft-qaz kəmərlərinin çəkilməsi, əhalinin güzəranının daha da yaxşılaşdırılması... bitib-tükənmək bilmir. Hələ bunlar fəaliyyətin görünən tərəfidir.

Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş və uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Dünyanın aparıcı ölkələrində gedən kəskin maliyyə böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Keçən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, bütün uğurların təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.

Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Kənd təsərrüfatı 3,5 faiz artmışdır.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business – 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, “Doing Business – 2010" hesabatında da ölkəmiz öz mövqeyini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə birinci yerə yüksəlmişdir. Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu “stabildən” “pozitivə” yüksəltmişdir.

Göründüyü kimi, bu gün dünya Azərbaycanı yenidən kəsf edir. Ölkəmizə olan bu marağın əsasında ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam və yaradıcı sürətdə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Məhz bu titanik səylərin sayəsində qlobal maliyyə böhranı şəraitində də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət strategiyası neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna, sahibkarlığın inkişafına, özəl sektorun ÜDM-də xüsusi çəkisinin artırılmasına yönəltməklə kompleks inkişafa gətirib çıxarmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafı çoxşaxəli inkişaf siyasətinin məntiqi davamı olmuşdur. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı ardıcıl tədbirlər görmüşdür. Bu məsələ regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapmışdır.

“Əsl siyasət konkret, real iş görməkdir” – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. Elə bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan iqtisadi inkişafının yüksək tempi ilə dünya səviyyəsində birinciliyi əldən vermir. Bunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu il aprelin 26-da “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin Bakı sammitindəki çıxışında xüsusi vurğuladı. Dövlət başçımız dedi: “İqtisadiyyatımız son altı ildə 2,8 dəfə, təxminən 300 faiz artmışdır. Ölkədə köklü sosial problemlər öz həllini tapmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu, onu göstərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür”.

Bütün bunlar Azərbaycanın beynəlxalq uğurlarının, qazandığı “regionda və dünyada ən dinamik inkişaf edən ölkə” imicinin təsadüfi olmadığını təsdiqləyir. Bu uğurların kökündə isə, heç şübhəsiz, Azərbaycan xalqının xilaskarı, ümummilli lideri Heydər Əliyevin alternativsiz siyasi kursu dayanır.

 

 

Niyazi İSMAYILOV,

 

Teymur ZEYNALOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin dosentləri

 

Xalq qəzeti.- 2010.- 2 may.- S. 3.