Yevlax: dinamik inkişaf davam edir
2010-cu ilin birinci rübündə rayonda ümumdaxili məhsulun
həcmi 106 milyon manat olmuşdur. Bu isə ötən ilin eyni
dövrü ilə müqayisədə 29,6 milyon manat və ya
38,7 faiz çoxdur. 2010-cu ilin birinci rübü Yevlax şəhərinin
iqtisadi-sosial və mədəni həyatında daha çox nə
ilə əlamətdar və yaddaqalan olmuşdur? Bu suala
birmənalı şəkildə cavab vermək çətindir.
Ən azı ona görə ki, “daha çox” sözü burada
qətiyyən yerinə düşmür. Səbəb isə
çox sadədir: Son illər Yevlaxda iqtisadi-sosial və mədəni
həyatın bütün sahələri kompleks şəkildə
inkişaf etdirilmiş, bu mühüm amil şəhər icra
hakimiyyətinin iş üslub və metodlarında, təşkilat-idarəetmə
məsələlərində əsas yer tutmuş, insan amili,
adamların vacib sosial ehtiyacları daim diqqət mərkəzində
saxlanılmışdır.
Deməli, söhbət hər hansı sahənin daha çox inkişafından yox, ötən ilin, yaxud ötən illərin eyni dövrü ilə müqayisəli təhlillərindən gedə bilər. Rəqəmlərin müqayisəli təhlili, əldə olunmuş nəticələr, konkret göstəricilər isə qarşımızda geniş və maraqlı mənzərə açır. Hər şeydən əvvəl, inkişafın dinamikası, irəliləyiş və yüksəklişin miqyası adamı valeh edir, gözlərimizdə xoş, fərəhli duyğular oyadır.
Yazını statistik rəqəmlərlə, fakt və göstəricilərlə, necə deyərlər, doldurmağın əleyhinəyəm. Ancaq orası da var ki, rəqəmlərsiz də keçinmək mümkün deyil. O yerdə ki, sürətli inkişaf və irəliləyiş var, orada müqayisəli təhlildən yayınmaq qeyri-mümkündür. Yevlaxda isə rəqəmləri, fakt və göstəriciləri sadalamağa, onları müqayisəli şəkildə təhlil etməyə daha çox ehtiyac var. Çünki burada inkişafın dinamikasının, yüksəliş və irəliləyişlərin mahiyyətini rəqəm və göstəriciləri təhlil etmədən dərk etmək sadəcə mümkün deyil.
Bütün bunlar barədə Yevlaxda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaqda geniş danışılmışdır. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Elə buradaca bu yazı üçün maraqlı ola biləcək xarakterik məqama bir daha diqqət yetirək: 2010-cu ilin birinci rübündə ümumdaxili məhsulun həcmi 106 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,6 milyon manat və ya 38,7 faiz çoxdur. O da fərəhlidir ki, ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Ayrı-ayrı sahələr üzrə təhlil etsək, məhsulun 2,4 milyon manatını sənaye, 12,6 milyon manatını kənd təsərrüfatı, 43,2 milyon manatını tikinti, 37,9 milyon manatını ticarət, 2,2 milyon manatını nəqliyyat və digər xidmətlər təşkil etmişdir. 680 min manatlıq sənaye məhsulu isə ixrac olunmuşdur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, cari ilin birinci rübündə (adambaşına) 894 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu ilin birinci rübünə nisbətən 242,7 manat və yaxud 37,3 faiz çoxdur.
Hazırda
rayon üzrə orta aylıq əmək haqqı 159,1 manat təşkil
edir. Ümumiyyətlə,
2010-cu ilin I rübündə əhalinin pul gəliri 58 milyon
manat olmuşdur. Bu, 2009-cu ilin I rübündə olduğundan
15,1 milyon manat və yaxud 35,3 faiz çoxdur. Adambaşına
pul gəlirləri isə 489,8 manatdır.
Yığıncaqda qeyd
edildiyi kimi, hesabat dövründə 12,7 milyon manatlıq kənd
təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Keçən ilin birinci rübü ilə müqayisədə
iri buynuzlu mal-qaranın sayı 41 baş, qoyun və keçilərin
sayı 675 baş artmışdır. Ötən ilin eyni
dövrünə nisbətən 4,9 ton ət, 10,5 ton süd,
28,8 min ədəd yumurta artıq istehsal edilmişdir.
Rayonda mövcud hidrotexniki
qurğular, meliorasiya və irriqasiya şəbəkəsi
keçən əsrin 60-cı illərində tikilmişdir və
istismar müddətini keçmişdir. Əsaslı təmir
və bərpa işləri aparılmadığından onlar
yararsız vəziyyətə düşmüşdür. Ona
görə də qrunt sularının üzdə olduğu və
şorlaşmaya meyilli olan torpaqlarda sahələrin məhsuldarlığı
aşağıdır, qoyulmuş vəsait öz bəhrəsini
vermir. Bu isə onu tələb edir ki, bütün meliorasiya və
irriqasiya şəbəkəsi, hidrotexniki qurğulur yenidən
qurulmalıdır. Təsadüfi deyildir ki, yığıncaq
iştirakçıları ölkə Prezidenti cənab
İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda işlərin nəzərdə
tutulmasını böyük razılıq və dərin minnətdarlıq
hissi ilə qarşılamışlar.
2010-cu ilin birinci
rübündə bütün maliyyə mənbələri
hesabına şəhərdə və rayon ərazisində
kapital qoyuluşunun həcmi 43,2 milyon manat olmuşdur. Bu isə
2009-cu ilin müvafiq dövrünə nisbətən 24,7 milyon
manat və yaxud 2,3 dəfə çoxdur. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə əsas
kapitala 20,5 milyon manat və yaxud 2,5 dəfə çox
investisiya qoyulmuşdur.
Əvvəlki illərdə
olduğu kimi, cari ilin birinci rübündə də abadlıq
və yenidənqurma işləri sürətlə davam
etdirilmişdir. C.Cabbarlı, Ə.Cavad, Yeni Yevlax, S.Vurğun
küçələrində, şəhərin Aran qəsəbəsi
istiqamətindən girişində cəmi 3,8 kilometr yola asfalt
örtüyü salınmışdır.
R.Balakişiyev, 28 Yanvar,
Şəhriyar küçələri çınqıl
tökülərək hamarlanmışdır. Hazırda rayon
ərazisində uzunluğu 57 kilometr olan respublika və yerli əhəmiyyətli
yollara asfalt örtüyü salınmasına
başlanmışdır. Şəhərin Bakı və Gəncə
istiqamətindən girişlərində geniş abadlıq və
quruculuq işləri davam etdirilmişdir. Giriş
qapıları tikilir, yaşıllıq salınır, ərazilər
abadlaşır. Heydər Əliyev prospektində səkilərə,
Heydər Əliyev sarayının ətrafına və istirahət
parkına 3500 kilometr dekarativ plitə döşənmişdir.
Şəhərin
küçə və meydanlarında işıqlandırma
işləri davam etdirilmiş, Kövər, Səmədabad,
Nemətabad, Nərimanabad, Hürüuşağı,
Aşağı Qarxun, Tanrıqulular kəndlərində
alkaponla üzlənmiş giriş qapıları tikilmiş və
ərazilər abadlaşdırılmışdır.
Hazırda Kür çayının sağ sahilində 1,5
kilometr uzunluğunda istirahət zonası yaradılır.
Burada işlər sürətlə davam etdirilir. Kollektorun
üzərində nasos stansiyasının tikintisi və təzyiqli
xəttin çəkilməsi işləri isə başa
çatmaq üzrədir. 2010-cu il “Ekologiya ili” elan edilmiş və
əlaqədar olaraq geniş tədbirlər planı
hazırlanmışdır.
Təkcə cari ilin birinci
rübündə şəhərin küçə və
meydanlarında, rayonun ərazisindən keçən avtomobil
yollarının kənarlarında, meşə zolaqlarında
196 min ədəd müxtəlif ağac əkilmişdir.
Şəhərdə 6,6 hektar yeni yaşıllıq sahəsi
salınmışdır. 45 hektar meşə zolağı
yaradılmış, 26 hektar meşə zolağı isə bərpa
edilmişdir.
Bakı-Ələt-Qazax
avtomobil yolunun kənarındakı bataqlıq ərazilərə
münbit torpaq daşınmış, 5,6 kilometr sahə
qurudulmuş və yaşıllıq
salınmışdır.
Əhalini keyfiyyətli və
dayanıqlı elektrik enerjisi ilə təmin etmək
üçün bir sıra əsaslı tədbirlər
işlənib həyata keçirilmiş, bu sahəyə 218,8
min manat vəsait xərclənmişdir. Ötən müddətdə
11,3 kilometr elektrik hava xətti SİP kabeli ilə əvəz
edilmiş, 4 kilometr elektrik hava xətti əsaslı təmir
olunmuş, 12 ədəd transformator
quraşdırılmışdır.
2010-cu ilin birinci
rübündə əhali üzrə elektrik enerjisinin dəyərinin
ödənilməsi 100,3 faiz təşkil etmişdir.
2010-cu ilin birinci
rübündə Qaramanlı, Hacımahmudlu, Dəlləklər,
Nuralılar, Köyük, Nəmərli kəndlərinə təbii
qaz verilmişdir. Ümumiyyətlə, rayonun 49 qəsəbə
və kəndindən 18-i təbii qazla təmin olunmuşdur.
Hazırda Səmadabad,
İsmayılabad, Bünyadabad, Qaraməmmədli, Rüstəmli
kəndlərinə qaz xəttinin çəkilişi davam
etdirilir.
Hesabat dövründə əhalinin
içməli su təminatının
yaxşılaşdırılması məqsədilə şəhərin
neft kəməri ərazisində 1 ədəd subartezian quyusu
vurulmuş, 1530 metr içməli su xətti çəkilmişdir.
Yağış sularının axıdılması
üçün Bakıxanov və Nərimanov küçələrində
570 metr kanalizasiya xətti çəkilmişdir.
Təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi, məzmunca yeniləşməsi,
müasir tələblər baxımından təşkili
istiqamətində əvvəlki illərdə həyata keçirilmiş
tədbirlər cari ilin birinci rübündə də davam
etdirilmişdir.
2010-cu ilin mart ayında 180
şagird yerlik Xaldan kənd əsas məktəbinin yeni
binasının tikintisinə başlanılmışdır.
Hazırda şəhər 1 nömrəli orta məktəbdə
480 şagird yerlik, Cırdaxan kəndində 180 şagird yerlik
məktəb binalarının, şəhər uşaq gənclər
idman məktəbinin ikinci korpusunda əsaslı təmir və
yenidənqurma işləri davam etdirilir.
Məlum olduğu kimi,
respublika Təhsil Nazirliyi tərəfindən IX, XI siniflərdə
mart ayında sınaq imtahanları keçirilmişdir. XI
sinifdə oxuyan 1333 şagirddən 1274 nəfəri sınaq
imtahanında iştirak etmiş, onlardan 400 nəfəri, (31,3
faizi) (2009-cu ildə 17 faiz) bütün fənlərdən
müvəffəq qiymət almışdır.
Hərbi məktəblərdə
oxumaq arzusunda olan 302 nəfər şagirddən 242 nəfəri
ilkin tibbi komissiyadan keçərək yararlı hesab
olunmuşdur. Həmin şagirdlərdən 160 nəfəri
C.Naxçıvanski adına hərbi liseyə, 82 nəfəri
respublikanın müxtəlif ali hərbi məktəblərinə
qəbul üçün sənədlərini təqdim etməyə
başlamışlar. Bu istiqamətdə iş davam etdirilir.
Respublika səhiyyə
nazirinin 5 avqust 2009-cu il tarixli “Yevlax rayonunun tibb müəssisələri
şəbəkəsində dəyişikliklərin edilməsi
barədə” əmrinə əsasən 9 kənd xəstəxanası
həkim məntəqəsinə, Yuxarı Qarxun kənd
feldşer-mama məntəqəsi tibb məqtəqəsinə
çevrilmiş, Cırdaxan kəndində və İrəvanlı
qəsəbəsində yeni tibb məntəqələri
yaradılmışdır. Ana və uşaqlara göstərilən
səhiyyə xidmətinin
yaxşılaşdırılması, bu sahəyə vahid nəzarətin
əlaqəli təşkili üçün ginekologiya və
doğum şöbələrinin əsasında 40 çarpayılıq
mamalıq-ginekologiya şöbəsi yaradılmış, Ailə
Planlaşdırılması və Reproduktiv Sağlamlıq Mərəkəzi
şəhər qadın məsləhətxanasının
binasına köçürülmüş, xəstələrin
əlaqəli müalicəsinin təşkili məqsədilə
60 çarpayılıq vahid cərrahiyyə şöbəsi
təşkil edilmişdir.
Bəli, bu gün Yevlax
öz inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Bütün sahələrdə əsaslı
inkişaf və irəliləyiş var, həyatın
axarı gurdur, sağlam mənəvi-psixoloji mühit
mövcuddur, adamlar sabaha dərin inam və ümidlə
baxırlar. Bu dediklərimizi – daha doğrusu, görülən
işlərin miqyasını sübut etmək
üçün hazırda Yevlaxda tikintisi sürətlə
davam etdirilən, o cümlədən tikiləcək və əsaslı
təmir olunan müxtəlif təyinatlı obyektlərin bir
neçəsini xatırlamaq yerinə düşərdi:
Tikilməkdə olan obyektlər
235 çarpayılıq
regional klinik xəstəxana
“Lalə tekstil” MMC-nin II
növbəsi
Əhalinin Sosial Müdafiə
Mərkəzi
Milli Təzlükəsizlik
Nazirliyinin Yevlax şöbəsinin inzibati binası
Beynəlxalq Bankın Yevlax
filialı
Laminat – parket zavodu
“Azərtoxum” MMC
1 saylı orta məktəbin
binası
Tikiləcək obyektlər
İqtisadi İnkişaf
Nazirliyinin regional idarəsi
Qaz İstismar İdarəsinin
inzibati binası
Yanacaq və Energetika
Nazirliyinin regional idarəsi
Uşaq Yaradıcılıq
Mərkəzi və uşaq musiqi məktəbi
Mil – Qarabağ kollektorunun
yenidən qurulması
Yevlax şəhərinin su təchizatı
və kanalizasiya sisteminin yaxşılaşdırılması
və s.
Əsaslı təmir və
yenidənqurma işləri
Uşaq-gənclər idman məktəbi
3 N-li şəhər orta məktəbi
Aran qəsəbəsində
yolun tikintisi ilə əlaqədar abadlıq və yenidənqurma
işləri
Kənd yollarının təmiri
və s.
Göründüyü kimi,
qarşıdakı aylarda Yevlaxda geniş və əsaslı tədbirlər
nəzərdə tutulmuşdur. Yığıncaqda belə
bir yekdil fikir ifadə edildi ki, həmin vəzifələr
uğurla yerinə yetiriləcək, yevlaxlılar ölkə
Prezidenti İlham Əliyevin diqqət və
qayğısına öz fədakar əməkləri,
yaradıcı təşəbbüsləri, dövlətə,
dövlətçiliyə, iqtidara sonsuz sədaqətləri
ilə cavab verəcəklər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 2 may.- S. 4.