Azərbaycan elmini şöhrətləndirən
alim
Ömrünün
müdriklirk dövrünə qədəm qoymuş, həyatının
əlli beş ilindən çoxunu Azərbaycan neft emalı və
neft kimyası proseslərinin texnologiyası, kimyəvi kinetika
və kataliz elm sahələrinin inkişafına sərf
etmiş Azərbaycan Milli Elmləri Akademiyasının akademik
Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri
İnstitutunun direktoru, texnika elmləri doktoru, professor, Əməkdar
elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı,
AMEA-nın həqiqi üzvü Musa İsmayıl oğlu
Rüstəmov taleyin ona bağışladığı parlaq
istedadın və işgüzarlıgın vəhdəti sayəsində
elmdə yüksək nəticələr əldə
etmişdir.
M.Rüstəmov 1930-cu
il mayın 8-də Ordubad şəhərində qulluqçu
ailəsində anadan olmuş, 1947-ci ildə orta məktəbi
gümüş medalla qurtarıb Azərbaycan Sənaye
institutunun kimya-texnologiya fakültəsinə qəbul
olunmuşdur. Hələ tələbə olarkən
İnstitut Tələbə Elmi Cəmiyyətində elmi fəaliyyətə
başlamış və professor C.M.Voloxun rəhbərliyi
altında ilk addımlarını atmışdır. 1952-ci
ildə institutu bitirdikdən sonra gənc mühəndis-texnoloq
Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis
kimi işə başlamışdır.
1959-cu ildə Azərbaycan
Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev
adına Neft Kimya Prosesləri İnstitutunda (NKPİ)
kiçik elmi işçi kimi fəaliyyətə başlayan
M.Rüstəmov sonradan böyük elmi işçi,
laboratoriya müdiri və elmi işlər üzrə direktor
müavini vəzifələrində
çalışmışdır. 1988-ci ildə elmi fəaliyyəti,
təşkilatçılığı və idarəçilik
bacarığı nəzərə alınaraq onu NKPİ-nin
direktoru təyin edirlər.
M.Rüstəmov 1961-ci
ildə “Kontakt-katalitik heterogen proseslərin aparılması
üçün kiçik dispersli materialların birbaşa
axınının tətbiqi ilə yeni yüksək səmərəli
sistemlərin işlənib hazırlanması” mövzusunda
namizədlik, 1968-ci ildə isə “Neft xammalının
birbaşa axını reaktorlarında katalitik krekinq prosesinin
işlənib hazırlanması və tədqiqi” mövzusunda
doktorluq dissertasiyalarını müdafiə edərək
texnika elmləri doktoru dərəcəsi alır və
1973-cü ildə neft kimyası ixtisası üzrə professor
adına layiq görülür. 1980-ci ildə AMEA-nın
müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi
üzvü seçilmişdir.
Akademik M.Rüstəmovun
elmi tədqiqatlarının istiqaməti heterogen katalik proseslərinin
texnologiyasını , neft emalı və neft kimya prosesləri
üçün katalizatorların yaradılmasını, neft
emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini
əhatə edir. O, heterogen-katalik prosesləri aparmaq
üçün lift reaketorlarının
hidrodinamikasını, kiçik ölçülü
mikrosferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində
kimyəvi proseslərin effektlivliyini nəzəri cəhətdən
tədqiq etmiş, mikrosferik katalizatorların
axıcılıq indeksinin proseslərin effektifliyinə təsirini
öyrənmişdir. Akademik M.Rüstəmov yüksək
effektli Q 43-107 katalitik krekinq kompleksinin müəlliflərindən
biridir. Bu proses Bolqarıstan, Rusiya, Ukrayna, Latviya və Azərbaycan
neft emalı zavodlarında istismar olunur. Onun apardığı
tədqiqatların böyük bir qismi neft emalı məhsullarının
keyfiyyətini yüksəltmək, hidrokrekinq, hidroizomerləşmə,
destruktiv izomerləşmə, seolit katalizatorları
iştirakında avtomobil benzinləri üçün oksigenli
əlavələrin alınması proseslərinin
yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində
qurğuşun olmayan, ekoloji cəhətdən yararlı
Aİ-93, Aİ-95 avtomobil benzinlərinin alınma
texnologiyası təklif edilmişdir. İzoquruluşlu olefinlərin
alınması məqsədilə yeni distruktiv izomerləşmə
prosesi yaradılmışdır; bratomlu spirtlərin və
katalitik krekinq və destruktiv izomerləşmə proseslərindən
alınan benzin fraksiyasının aşağı temperaturda
qarşılıqlı təsiri nəticəsində oksigen tərkibli
yüksək oktanlı (oktan ədədi 110-115) birləşmələrin
(efirlərin) alınma prosesi işlənib
hazırlanmışdır. O, alkanların C-C, C-H rabitələrinin
aşağı temperaturda fotokimyəvi aktivləşməsi
reaksiyasını ilk dəfə tədqiq edən alimlərdən
biridir.
Respublikanın neft-kimya
və neft emalı sənayesinin texniki tərəqqi məsələləri
akademik M. Rüstəmovun daim diqqət mərkəzindədir.
Bu istiqamətdə onun rəhbərliyi ilə Azərbaycanın
neft-kimya və neft emalı sənayesinin davamlı
inkişafının strateji və faktiki məsələləri
araşdırılmış, bu sahələrin perspektiv
inkişafının konsepsiyası işlənib
hazırlanmış və onun əsasında Heydər Əliyev
adına və “Azərneftyağ” neft emalı zavodları
üçün yeni mütərəqqi texnologiyaları və
alimlərin ixtiralarını cəlb etməklə Azərbaycanda
dünya standartlarına uyğun, yüksək keyfiyyətli
neft məhsullarının alınmasını təmin edən
ekoloji zərərsiz, az enerji tutumlu proseslərə əsaslanan
yanacaq və yağ istehsalının mərhələli
inkişafının perspektiv sxemləri işlənib
hazırlanmış və tətbiq üçün qəbul
edilmişdir.
Akademik M. Rüstəmov
Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların
əsasını qoymuş, respublikada ilk dəfə olaraq
atom-neft emalı və atom-neftkimya komplekslərinin sxemini təklif
etmişdir. Onun bu sahədəki elmi axtarışları “Atomno-vodorodnaya
enerqetika i texnoloqiya” jurnalında çap edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alernativ
və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı”nda təbii
karbohidrogen ehtiyatlarının tükənməsi və ətraf
mühitin çirklənməsinin qarşısının
alınması məsələsi ön plana çəkilmişdir.
Bu istiqamətdə akademik M. Rüstəmovun rəhbərliyi
ilə bərpa oluna bilən xammal mənbələri, yan məhsullar
və polimer tullantıları əsasında neft-kimya məhsullarının
ekoloji zərərsiz alınma üsulları və
texnologiyaları, dərin heterogen-katalitik hidrogenləşmə
prosesləri işlənib hazırlanır, yüksək fəallığa
malik yeni katalizatorlar yaradılır.
Onun neft kimyası, kimyəvi
genetika və kataliz, yanacaq və qazın kimyəvi texnologiyası,
proses və aparatlar sahəsində apardığı
çoxcəhətli elmi tədqiqatların nəticələri
600-dən artıq elmi əsərdə, o cümlədən 4
monoqrafiyada, 6 kitabda, 130-dan artıq müəlliflik şəhadətnaməsi
və xarici ölkələrin patentlərində öz əksni
tapmışdır.
Elmi kadrların yetişməsinə xüsusi diqqət yetirən akademik M. Rüstəmov 14 elmlər doktoru və 44 elmlər namizədi hazırlamışdır. Onun yetirmələri hazırda bir sıra xarici ölkələrdə — ABŞ, Kuba, Bolqarıstan, Banqladeş, Yəmən, Hindistan, Səudiyyə Ərəbistanı və s. ölkələrdə fəaliyyət göstərirlər.
Akademik M. Rüstəmov 1980-1991-ci illərdə Hidrogen Energetikası üzrə Beynəlxalq Assosiasiyanın, SSRİ EA Rəyasət Heyəti yanında hidrogen energetikası bürosunun, SSRİ Elmlər Akademiyası neft kimyası və kataliz problemləri üzrə koordinasiya şuralarının, SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində “Kataliz və onun sənayedə tətbiqi” şurasının üzvü, sosialist ölkələri akademiyalarının “Neft kimyası” problemi üzrə katalik krekinq və destruktiv izomerləşmə mövzusunun koordinatoru olmuşdur. O, keçmiş SSRİ-də keçirilmiş 30-dan artıq və xaricdə 15 mötəbər simpozium və konfranslarda iştirak etmiş, 1994, 1996, 1998, 2000, 2002, 2005, 2009-cu illərdə neft-kimyası üzrə Bakıda keçirilmiş Y.H.Məmmədəliyev adına beynəlxalq konfranslarının təşkilatçısı olmuşdur.
Akademik M. Rüstəmov Rusiya EA-nın kataliz və neft kimyasına dair bir sıra elmi-tədqiqat institutları ilə yanaşı, Türkiyənin Egey Universiteti, Yüksək Texnoloji Universiteti (İzmir), Ankara Universiteti, Orta Doğu Universiteti, ABŞ-ın Günəş Enerjisinin Çevrilməsi İnstitutu (Florida) və Mayami Universitetinin Təmiz Enerji İnstitutu ilə birgə elmi tədqiqatlar apararaq daimi əlaqələri davam etdirir.
O, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidenti yanında yaradılmış Neft Emalı üzrə Elmi-Texniki Şuranın sədri kimi xarici şirkətlərin respublikanın neft emalı sənayesinin yeniləşdirilməsinə yönəldilmiş təkliflərinin ekspertizasına rəhbərlik etmişdir.
Elmdə əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə 1979-cu ildə əməkdar elm xadimi, 1982-ci ildə isə iki mərhələli katalitik krekinq prosesinin yaradılmasına görə Azərbaycan Dövlət mükafatı laureatı adını almış, 1985-ci ildə Y. M. Məmmədəliyev adına medal, 2002-ci ildə elm və texnologiya sahəsində işlərinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının medalına, diplomuna və mükafatına, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Akademik M. Rüstəmov “Neft kimyası və neft emalı prosesləri” jurnalının yaradıcısı və baş redaktoru, “Azərbaycan kimyası” jurnalının redaksiya heyətinin üzvü, elmi dərəcələrin verilməsi üzrə İxtisaslaşmış Elmi Şuranın sədri və NKPİ-nin Elmi Şurasının sədridir.
Musa müəllim pedaqoji fəaliyyətlə yanaşı, respublikamızın siyasi-iqtisadi həyatında da fəal iştirak edir. Onun neft emalı və neft kimyası sənayesi və elminin inkişafına, alternativ enerji mənbələrinin istifadəsinə, təhsil və ixtisaslaşdırılmış kadrların hazırlanması məsələlərinə, respublikanın ictimai-siyasi problemlərinə həsr olunmuş publisistik məqalələri həmişə böyük maraqla qarşılanmışdır.
Akademik M. Rüstəmov bacarıqlı elm xadimi və təşkilatçı olmaqla yanaşı, həm də yüksək elmi əxlaqa malik bir insandır, çoxsaylı kollektivinin hər bir əməkdaşının problemlərini həll etməyə, dəyərli məsləhətlər verməyə və kömək göstərməyə daim hazırdır. Gözəl ailə başçısı olan akademik Musa Rüstəmov özünün davamçıları olan 2 övladı və dörd nəvəsi ilə sözün həqiqi mənasında fəxr edə bilər.
A.H.
ƏZİZOV,
AMEA-nın
müxbir üzvü,
kimya elmləri doktoru,
professor
A.A.
SƏİDOVA,
texnika elmləri namizədi
Xalq qəzeti.- 2010.- 4 may.- S. 7.