Şuşa Azərbaycanın mədəniyyət incisidir

 

Artıq 18 ildir ki, Şuşasız yaşayırıq. 18 ildir ki, Qarabağın və bütün Azərbaycanın qüdrət rəmzi olan Şuşa düşmən tapdağı altındadır. Şuşa Azərbaycanın ən qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşanın işğalı ərəfəsində 18 il Şuşasız yaşayan Şuşa Mədəni-Maarif Texnikumunun direktoru Rəsul İsmayılovla görüşdük.

 

Rəsul müəllim bildirdi ki, Şuşanın işğalı bütün şuşalılar kimi onun da ruhunu sarsıdıb. Bu on səkkiz ilin hər günü qəlbi Şuşa həsrəti ilə döyünüb. Amma o da bütün həmyerliləri kimi ümidini üzmədiyini, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı davamlı siyasətin nəticəsiz qalmayacağını bildirdi. Dedi ki, ulu öndər Şuşanı çox sevirdi, dəfələrlə bu şəhərdə olmuşdu. O, 1996-cı il mayın 6-da Prezident Sarayında Şuşa və Laçının məcburi köçkünləri ilə görüşündə demişdir: “...Şuşanın işğal altında qalması qəlbimizi kədərləndirir, sıxır, əzir, incidir. İnanın ki, mənim qəlbimi sizinkindən çox sıxır. Çünki bir o qədər nəsillər zəhmət çəkib, orada o şəhəri yaradıblar, onu qalaya çeviriblər və mən də buna öz payımı vermişəm”. Doğrudan da, Heydər Əliyevin əvvəlki hakimiyyəti illərində Şuşa həqiqətən gözəlləşdi, yeniləşdi, müasirləşdi. Və bu gün Heydər Əliyevin ideyalarına söykənən Azərbaycan reallığı bunu deməyə əsas verir ki, biz bu sıxıntılardan tezliklə qurtaracağıq.

— Rəsul müəllim, siz Şuşada doğulmusunuz, bu gün nələri daha çox xatırlayırsınız?

— Hər şeyi xatırlayıram, məgər gözəl, bənzəri olmayan doğma torpağı unutmaqmı olar? Bilirsiniz, Şuşa abidələr şəhəridir. Bu ərazidə tariximizin dərin qatlarını əks etdirən 200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdı. Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirmişdi. Şuşada xatırlanası o qədər yerlər var ki, saymaqla qurtaran deyil. Cıdır düzündə keçən uşaqlıq illərimizdən bizə nə qədər xatirələr qalıb.

Mən Şuşada Azərbaycanın görkəmli şəxsiyyətlərini görmüşəm. Fikrət Əmirov, Vasif Adıgözəlov, Niyazi, Rəşid Behbudov, Süleyman Ələsgərov, Süleyman Rəhimov, Əli Vəliyev, daha kimlər gəlməmişdi bu gözəl şəhərə. Onların çoxu elə şuşalı idi. Bu gün erməni qəsbkarları Şuşanın tarixi abidələrini yerlə-yeksan edib, bizim yaşadığımız o şəhərdə yəqin ki, indi heç nə salamat deyil. Hələ XIX əsrdə Şuşada 22 musiqişünas, 38 xanəndə olmuşdur. Əvvəllər də Şuşada, Cıdır düzündə, İsa bulağında bir çox yerli, məşhur xanəndə və sazəndələrin, o cümlədən şəhərin qonağı olan incəsənət xadimlərinin iştirakı ilə mədəni məclislər təşkil olunur, onlar öz çıxışları ilə tamaşaçıları feyziyab edərdilər. 1901-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə “Şərq konserti” keçirilmişdir.

Şuşada təşkil olunan mahnı bayramları XX əsrin sonlarında dəb halını almışdı. 1983-1991-ci illərdə mütəmadi olaraq belə bayramlar təşkil edilmişdir. Cıdır düzündə 1989-cu ildə keçirilən “Xarı bülbül” Ümumittifaq muğam festivalı bu gün də yaddaşlarda yaşayır.

Şuşa Üzeyir bəyin, Zülfüqar Hacıbəyovun, Ağalar Əliverdibəyovun, Məşədi Cəmil Əmirovun, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Zakir Bağırovun, Süleyman Ələsgərovun, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun vətənidir. Bu torpaqda xalqımızın musiqi sənətinin ən müqtədir nümayəndələri dünyaya göz açıb pərvazlanmışlar.

Şuşada musiqi təhsilinə xüsusi önəm verilirdi. Burada uşaq incəsənət musiqi məktəbi, musiqi texnikumu, mədəni-maarif texnikumu fəaliyyət göstərmiş və hazırda onlar öz fəaliyyətlərini Bakıda davam etdirirlər. Bir vaxtlar Şuşada konservatoriyanın filialı da təşkil olunmuşdu və ora xalq artisti, bəstəkar Süleyman Ələsgərov direktor təyin olunmuşdu.

— Rəsul müəllim, sizin rəhbərlik etdiyiniz Şuşa Mədəni-Maarif Texnikumu da Azərbaycanda mədəniyyət sahəsində kadrların yetişdirilməsində öz ənənələri olan orta ixtisas məktəbidir. Bu texnikumun taleyi ilə bağlı nələri demək istərdiniz?

— Şuşa Mədəni-Maarif Texnikumu zəngin tarixə malikdir. 1922-ci ildən fəaliyyətə başlayan bu texnikumu bitirmiş yüzlərlə mütəxəssis, sonradan Azərbaycanın görkəmli mədəniyyət xadiminə çevrilmiş və ölkəmizin mədəni həyatında əhəmiyyətli rol oynamışlar. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğı nəticəsində son illər ölkəmizdə təhsilin davamlı inkişafı təmin olunmuşdur. Bizim texnikumun da maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində son vaxtlar xeyli iş görülmüşdür. Cənab Prezidentin sərəncamı ilə texnikumun yaranmasının 85 illiyi böyük təntənə ilə qeyd olundu.

Məlumat üçün deyim ki, Şuşa işğal olunandan sonra bizim texnikum bir müddət Ağcabədidə məskunlaşmışdır, lakin 1994-cü ildən etibarən Bakıya köçürülmüşdür. Müxtəlif ünvanlarda fəaliyyət göstərən məktəbimiz 1996-cı ildən Bakının 161 saylı orta məktəbində yerləşdirilmişdir.

— İndiyə kimi texnikumun ayrıca binasının olmaması nə ilə bağlıdır?

— Deyim ki, binanın olması vacib şərtdir. Lakin mən düşünürəm ki, Şuşa Mədəni-Maarif Texnikumunun binası elə Şuşanın özündə olmalıdır. Biz hər cür çətinliyə dözməyə hazırıq. Dövlət rəhbərimizə təşəkkürümüzü bildiririk ki, bu vaxta kimi texnikumun fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Bu Şuşaya, şuşalılara böyük qayğının təzahürüdür. Biz Bakıda qonağıq, inşallah dövlətimizin səyləri, Prezidentimizin müdrik siyasəti sayəsində doğma torpaqlarımız işğaldan azad olunar, biz də öz doğma Şuşamıza qayıdarıq. Hələlik isə şəraitimiz qənaətbəxşdir. Təhsil Nazirliyi, Şuşa Rayon İcra Hakimiyyəti bizdən öz köməkliyini heç vaxt əsirgəmir.

— Texnikum öz əvvəlki strukturunu saxlayırmı?

— Qeyd etmək istəyirəm ki, bağlanan, yeni açılan ixtisaslar olub. Bu gün ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə müəllimi, incəsənət və rəsmxətt müəllimi, kitabxana informasiya təminatı, instrumental ifaçılıq (fortopiano, skripka, nəfəs alətləri və s.), musiqi nəzəriyyəsi, xanəndəlik, xalq çalğı alətləri ifaçılığı (tar, kamança, nağara, kanon və s.) üzrə qiyabi və əyani şöbələr fəaliyyət göstərir. Hazırda texnikumda 680 şagird təhsil alır ki, onların da əksəriyyəti regionlardan, xüsusilə Qarabağ zonasından olanlardır. Çalışmışıq ki, məktəbimizin müəllim kollektivini qoruyub saxlayaq. Onların bir qismi uzun illər bu məktəbdə çalışan müəllimlərdir.

Kollektivimiz öz işini müasir tələblər səviyyəsində qura bilib. Respublikamızda keçirilən müxtəlif müsabiqələrdə, idman yarışlarında tələbələrimiz həmişə fərqlənmişlər, müxtəlif nominasiyalardan mükafatlar qazanmışlar. Vaxtaşırı keçirilən açıq dərslər, mədəni-kütləvi tədbirlər həm təhsilin keyfiyyətinə, həm də tələbələrin dünyagörüşünün inkişafına böyük təsir göstərir.

Elə bir tarixi gün, bayram olmur ki, biz onu yüksək səviyyədə qeyd etməyək. Bu il 20 Yanvar, Xocalı, 31 Mart soyqırımı hadisələri ilə bağlı tədbirlər keçirdik. Xalq şairi Rəsul Rzanın 100 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan MEA-nın Tarix İnstitutunun alimi Yunis Hüseynovla, tanınmış pedaqoq alim Yəhya Kərimovla görüşlərdə də tələbələrimiz xüsusi fəallıq göstərmişlər.

Hazırda Şuşanın işğalının 18-ci ildönümü ilə bağlı tədbir hazırlayırıq. Bizim kollektiv hər an Şuşa ilə bağlı xatirələri ilə yaşayır. Biz Şuşasız Azərbaycanı təsəvvür edə bilmirik. İnanırıq ki, çox yaxın zamanlarda cənab Prezidentimizin apardığı siyasət nəticəsində Şuşa azad ediləcək və texnikumumuz da öz ilkin ünvanına qayıdacaq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 4 may.- S. 7.