Goranboy: genişmiqyaslı quruculuq
işləri davam etdirilir
Goranboy Rayon İcra Hakimiyyətində
keçirilən geniş şura iclasında ilin birinci
rübündə ölkədə və rayonda
qazanılmış uğurlar diqqət mərkəzində
oldu. Hesabat məruzəsində və ayrı-ayrı
çıxışlarda başlıca sosial-iqtisadi göstəricilər
təhlil olundu, qarşıda duran həlli vacib məsələlər
gündəmə gətirildi.
Rayon icra hakimiyyətinin
başçısı Nizami Quliyev Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr olunmuş
iclasında Prezident İlham Əliyevin çıxışında
əksini tapmış mühüm məsələlərə
toxunaraq ölkədə qazanılmış ümumi
uğurların regional inkişafa güclü təkan verdiyini
vurğuladı.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd etmişdir ki, 2009-cu ildə iqtisadiyyatımız təxminən 10 faiz, 2004-2009-cu illərdə isə 2,8 dəfə artmışdır. Bu da aparılan siyasi, iqtisadi və sosial islahatların nəticəsində mümkün olmuşdur. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmiş, əhalinin banklara qoyduğu vəsait 30 faiz çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Artıq ölkəmiz öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Dövlət İnvenstisiya Proqramı icra edilir. Sənayeləşmə üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektlərinin inşasına başlanmışdır.
Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir.
Birinci rübdə neft-qaz sənayesində çox əlamətdar hadisələr baş vermişdir. “Çıraq” layihəsinə start verilmişdir. Layihə əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir və minlərlə yeni iş yeri açılacaq. Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində 10 milyardlarla dollar vəsait qoyulub, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bütün sosial proqramlar uğurla icra edilir, pensiyalar, maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir.
Başçı qeyd etdi ki, sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Ən əsası isə belə layihələrin reallaşmasında yerlərdən edilən xahişlər nəzərə alınır. Qazlaşdırma prosesi davam edir. Bu il İpək yolu, yəni Bakı — Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı — Rusiya sərhədi yolu tamamlanmalıdır. Ölkə Prezidentinin dediyi kimi, elə etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir olunsun, yenidən salınsın. Aqrolizinqlər, aqroservislər kənd təsərrüfatı texnikası ilə təmin edilməlidir, damazlıq heyvanlar alınmalıdır, gübrələr, subsidiyalar verilməlidir. Əgər nəzərdə tutulmuş bütün tədbirlər görülərsə, bu sahədə daha çox irəliləyiş əldə olunacaqdır.
Keyfiyyətsiz malların satışına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir. Zay idxal mallarına qarşı çox ciddi tədbirlər görülməlidir. İnsanların sağlamlığına ziyan verən istənilən amil aradan qaldırılmalıdır. Ölkəmizdə ciddi ekoloji tədbirlər görülür. İlk növbədə ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, su, ətraf mühit insanların sağlamlığının qorunmasına xidmət edir. Mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır.
Məruzəçi bildirdi ki, ilin ötən rübü ərzində respublikamızda əldə edilmiş uğurlu nəticələr Goranboy rayonundan da yan keçməmişdir. Genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilmişdir. Bu məqsədlə Goranboy şəhərinin Ş.Qurbanov, Fizuli, H.Zərdabi, M.Nağıyev küçələrinə ümumi uzunluğu 600 metr olmaqla, 3600 kvadratmetr asfalt örtüyü salınmışdır. Kəpənəkçi kəndinin daxilində 3 kilometr yol çınqıl örtüklə əsaslı təmir edilmişdir. Goranboy şəhərinə Goran istiqamətindən gələn yolda giriş qapısı inşa edilmiş, 150 metr ərazi 1950 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınmasına hazırlanmışdır.
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yol təxminən 2 metr genişləndirilmiş, hər iki tərəfə 1380 metr yeni səki daşları qoyulmuş, yaşıl ağaclar əkilmişdir. Cəfər Cabbarlı küçəsi ilə Vüqar Bayramov küçəsindəki kəsişmədə şəhərin memarlıq görkəminə xüsusi yaraşıq verən yol dairəsinin tikintisində son tamamlama aparılır. Goran istiqamətində yolun 450 metr hissəsinə 2600 kubmetr torpaq daşınmış, 250 metr yeni kanalizasiya xətti çəkilmişdir. Vüqar Bayramov küçəsi müasir üslubda qurularaq ikitərəfli hərəkət təmin edilmişdir. İki yolun mərkəzində 2200 metr bardyor qoyularaq yaşıllıq zolağı salınmış, müasir üslublu işıqlandırma sistemi qurulmuşdur.
Goranboy şəhərindən Səfikürd kəndinə gedən yolun 1 kilometr hissəsində piyada yolu tikilir, yaşıllıq zolağı salınır. Bu məqsədlə hazırda həmin əraziyə 3600 kubmetrdən artıq torpaq daşınmış, 300 metr səki daşı qoyulmuşdur. Cəfər Cabbarlı küçəsi ilə Rövşən Mustafayev küçəsinin kəsişdiyi ərazidə uzun illərdən bəri görkəmsiz şəkildə olan təxminən 2500 kvadratmetr əraziyə torpaq daşınmış, ağac əkilməsinə başlanmışdır.
Ötən ay Goranboy şəhərində inşasına başlanılmış 600 yerlik 3 saylı orta məktəb binasının və şəhər avtovağzalının tikintisində işlər sürətlə davam etdirilir. Bütün yaşayış məntəqələrində abadlıq-quruculuq işləri ötən rüb ərzində də davam etdirilmişdir. Ölkə Prezidentinin cari ili “Ekologiya ili” elan etməsi ilə bağlı mövcud yaşıllıqların bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər həyata keçirilmişdir. Mövsüm ərzində Goranboy şəhəri daxil olmaqla rayon ərazisində 94 mindən artıq ağac əkilmişdir. Qaramusalı kəndində 4 otaqdan ibarət ambulatoriya tikilmişdir. Dəyirmanlar kəndində 4 sinif otağının tikintisinə başlanılmışdır. Balakürddə 10 kilometr kənddaxili yol əsaslı şəkildə yenidən çəkilmişdir. Səfikürddə 15 kilometr kənddaxili yolun tikintisinə başlanılmışdır.
Hazırda Gülməmmədli, Fəxralı, Qurbanzadə kəndlərində kənddaxili yolun tikintisi, Qaradağlı kənd orta məktəbinin pəncərə və qapılarının dəyişdirilməsi və fasad hissəsinin suvanaraq rənglənməsi istiqamətində təşkilati iş gedir. Bakı — Tbilisi — Ceyhan neft kəmərinin keçdiyi kəndlərdə “bp”nin sərmayə qoyuluşu proqramı çərçivəsində ötən illərdə bir neçə kəndin problemləri həll edilmişdir. Bu gün də həmin proqram çərçivəsində layihələr icra edilməkdədir. Hazırda Bəşirli kənd orta məktəbində 3 əlavə sinif otağı tikilir. Eyvazlılar kəndində yem sexi tikilib istifadəyə verilmişdir. Fəxralıda kənddaxili yol çınqıl örtüklə yenidən tikilmişdir. Qurbanzadə kənd orta məktəbi üçün yeni binanın tikintisi istiqamətində layihə-simeta sənədləri hazırlanmışdır.
Qazanbulaq qəsəbəsi, Nadirkənd, Yolpaq və Qurbanzadə kəndlərinin hər birində sahəsi 135 kvadratmetr olan 5 istixananın tikintisi planlaşdırılır. Bu səmərəli layihələrdən təkcə 4 yaşayış məntəqəsi deyil, neft kəməri keçən digər 9 kənd də yararlanacaqdır.
Başçı daha sonra dedi ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev, rayondaxili yolların təmirinin yenidən salınmasının vacibliyini xüsusi vurğulamışdır. Son vaxtlar rayonun bütün yaşayış məntəqələrində bu sahədə böyük işlər görülür. Lakin bələdiyyələr bütün imkanlardan səmərəli istifadə etməklə büdcəyə daha çox vəsait toplanmasını təmin etməli, bu hesabla kənd yollarını abad vəziyyətə salmalıdırlar.
Ötən rüb ərzində rayonun xidmət təşkilatları tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, ödənişlərin tam aparılması da diqqət mərkəzində saxlanılmışdır. Ötən ayın yekununa görə istehlak edilmiş qaza görə ödəniş 107 faiz, ümumi ödəniş isə 104 faiz təşkil etmişdir. Rübün yekununa görə isə əhalidən ödəniş 100 faiz, ümumi ödəniş isə 96 faiz olmuşdur.
Qaz təsərrüfatında təchizat sahəsində də ötən 3 ay ərzində xeyli işlər görülmüşdür. Cinli Boluslu kəndinə təbii qazın verilməsi istiqamətində işlər davam etdirilmişdir. Goranboy şəhərinin 3, Dəliməmmədli şəhərinin 4 küçəsində yeraltı xətlərin yerüstü xətlərlə yenidən çəkilişinə, Goranboy şəhərindən Yuxarı Ağcakəndədək 38 kilometr uzunluğunda yeni qaz xəttinin çəkilişinə başlanmışdır. İlin sonunadək qaz xəttinin tikintisi başa çatmaqla, Aşağı və Yuxarı Ağcakəndə, Börü, Yenikənd və Meşəliyə təbii qazın verilməsi təmin ediləcəkdir. Qaz xəttinə Abbasqulular və Səfikürd kəndləri də qoşulacaq, həmin kəndlərin qaz təchizatı daha da yaxşılaşacaq. Yaxın gələcəkdə Tatarlı, Qarqucaq, Zeyvə, Şəfəq və kəmər boyu digər kəndlərin də həmin qaz xəttinə qoşulması nəzərdə tutulur.
Ötən ay rayon icra hakimiyyəti tərəfindən aparılmış tədbirlər hesabına istehlak edilmiş enerjiyə görə əhalidən 81,6 faiz, ayrı-ayrı istehlakçı qruplar üzrə ümumilikdə isə 62,7 faiz ödəniş olmuşdur. Əvvəlki aylara nisbətdə mart ayının yekununa görə ödəniş xeyli artmışdır. Rübün yekununa görə isə əhali qrupu üzrə ödəniş 70 faiz, ayrı-ayrı istehlakçı qruplar üzrə 56 faiz təşkil etmişdir. Ötən müddət ərzində büdcə təşkilatları təxminən 4 min manat vəsait ödəmişdir, Nadirkənd, Borsunlu, Dəyirmanlar, Qaradağlı, Hazırəhmədli, Zeyvə kəndlərinin, Qazanbulaq qəsəbəsinin ərazisində yerləşən büdcə təşkilatlarına sayğacların qoyulması təmin edilmişdir. Hazırda işlər davam etdirilir. Ötən rüb ərzində abonentlərin su təchizatının səviyyəsi və ödənişlərin aparılması qənaətbəxş olmuş, ödənişlər 94,6 faiz təşkil etmişdir.
Məruzəçi sonda bildirdi ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev keyfiyyətsiz malların satılmasına qadağa qoyulması, bu məsələyə nəzarətin gücləndirilməsi ilə bağlı ciddi tapşırıq vermişdir.
Rayonda ticarət qaydalarının, sanitariya normalarının pozulması hallarının aradan qaldırılması, küçə və yol kənarlarında açıq şəkildə ət və ərzaq məhsulları satışının qarşısının alınması üçün ciddi tədbirlər görülmüşdür. Bu istiqamətdə iş davam edir. Yerli icra və bələdiyyə orqanları da bu məsələlərə, habelə istehlak mallarının qiymətinə və keyfiyyətinə daim nəzarət etməlidirlər.
Müzakirələrdə çıxış edən 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Nəriman Gülüşov, Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Eyvaz Nəcəfov, Goranboy Bələdiyyəsinin sədri Oruc Şirinov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rauf Dadaşov, Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov uğurları artırmaq, problemlərin həllini sürətləndirmək yollarından söz açdılar.
Məruzə və çıxışlarda qətiyyətlə bildirildi ki, regional inkişaf üçün yaradılmış əlverişli şəraitdən bacarıqla istifadə edən goranboylular qarşıdakı aylarda da əzmlə çalışacaq, istehsalda və quruculuq işlərində yeni uğurlara imza atacaqlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 4 may.- S. 6.