TÜRKSOY kitabxanası
seriyasına yeni töhfə
Türk soylu xalqların elminin, ədəbiyyatının,
mədəniyyətinin, adət-ənənəsinin,
ümumiyyətlə, milli-mənəvi dəyərlərinin
qarşılıqlı olaraq bütün toplumlarda öyrənilməsi
və təbliği məsələsi günümüzün
ən uğurlu reallıqlarındandır. Dövlət
başçılarının və parlamentlərin ciddi
şəkildə başladığı həmin
tendensiyanı sənət adamları böyük müvəffəqiyyətlə
davam etdirirlər. Bu işdə TÜRKSOY-un xidmətləri
daha böyükdür. Azərbaycanda “TÜRKSOY kitabxanası
seriyası” qrifi ilə işıq üzü görən
kitabların sayının dövri olaraq artması da məhz həmin
istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir.
Seriyanın “Azərbaycan
türkcəsinə uyğunlaşdıran və ön
sözün müəllifi Ramiz Əsgərdir” cümləsi
ilə başlanan üçüncü kitabı türkmən
ədəbiyyatının görkəmli nümayəndələrindən
olan Molla Nəfəsin yaradıcılığına həsr
edilmişdir. Daha doğrusu, həmin şairin “Bu məkana gəlmişəm”
kitabının Azərbaycan oxucusu üçün əlçatan
variantı nəşr edilmişdir. Annotasiyada qeyd edilir ki,
kitabda bu il anadan olmasının 200 illiyi tamam olan klassik
türkmən şairi, ümumtürk ədəbiyyatının
görkəmli nümayəndəsi Molla Nəfəsin əsərlərindən
nümunələr toplanmışdır. Kitab 31 mart — 4 aprel
2009-cu ildə İstanbulda TÜRKSOY tərəfindən təşkil
olunan “Türk ləhcələri arasında
uyğunlaşdırma və çalışmaların bu
günkü durumu və qarşılaşılan problemlər”
mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və
yekun bəyannaməsinə uyğun olaraq nəşr
edilmişdir. Yeri gəlmişkən, Ramiz Əsgər bu il
aprel ayının əvvəlində Molla Nəfəsin
Türkmənistanda keçirilən 200 illik yubiley tədbirlərində
də iştirak etmişdir. Prezident Qurbanqulu Berdimühəmmədovun
dəstəyi ilə keçirilən yubiley tədbirləri
türk ədəbiyyatı tarixinin əlamətdar hadisələrindən
biri kimi yaddaşlarda qalmışdır.
Türkmən ədəbiyyatının görkəmli nümayəndələrindən olan Molla Nəfəs 1810-cu ildə Marıda (Mərv) dünyaya gəlmiş, XIX əsr türkmən poeziyası tarixinə parlaq istedad sahibi kimi daxil olmuşdur. Buxarada və Xivədə təhsil alarkən klassik Şərq poeziyasının Nizami, Sədi, Hafiz, Cami, Əhməd Yasəvi, Füzuli, Nəsimi kimi nümayəndələrinin əsərlərini və türk xalq ədəbiyyatını dərindən öyrənmişdir. Təxminən 60 il ömür sürmüş Molla Nəfəs (ölüm tarixi müxtəlif mənbələrdə müxtəlif şəkildə göstərilir) Orta Asiya və Qafqazda az qala bütün şəhərləri gəzərək toy və məclislər aparmışdır. Onun əsərlərində hətta, Misir, İraq, Rum, Firəng ölkələrinin də adı çəkilir. “Təvriz diyarında olmuşam Səyyar, Həzirbaycan şəhrin gəzdim adbaad” — deyən lirik söz ustadı Azərbaycandakı həmkarları və tarixi şəxsiyyətlərimiz barədə də əhatəli məlumat əldə etmişdir. O dövrün bütün görkəmli şairləri kimi Molla Nəfəs də öz yaradıcılığında əsasən mənsub olduğu xalqın folkloruna istinad edirdi.
Tərtibçilərin fikrincə, Molla Nəfəs təkcə lirik şair deyildi. Onun “Zöhrə-Tahir” dastanı və çoxlu sayda ictimai-siyasi məzmunlu əsərlərinin olduğu da məlumdur. Həmin əsərlərin 1920-30-cu illərdə bolşeviklər tərəfindən gizlədilməsi, üzə çıxarılmaması, hətta, yandırılması da tarixi faktlar sırasındadır. “Zöhrə-Tahir” dastanı isə keçən il nəfis şəkildə nəşr edilmişdir. Ötən əsrin birinci yarısında təkcə yaradıcılığının müəyyən hissəsinin itməsi ilə deyil, həm də nəslinin izinin itməsi ilə böyük şairə ağır zərbələr dəymişdir. Belə ki, onun Molla Rəsul və Molla Rəhim adlı iki oğlu olmuşdur. Ancaq şairin nəslinin davamını 1940-cı illərin sonuna qədər izləmək mümkün olsa da, məlum müharibənin bütün xalqlar kimi türkmənlərə də gətirdiyi məhrumiyyətlərdən sonra Molla Nəfəsin nəslindən kiminsə yaşadığı barədə heç bir məlumat əldə edilməmişdir.
Qeyd edilməli xüsusi məqamlardan biri də odur ki, Bakıdakı “Min bir mahnı” nəşriyyatında işıq üzü görmüş “Molla Nəfəs” kitabı tamamilə könüllülük əsasında ərsəyə gəlmişdir. Belə ki, şairin şeirlərin Azərbaycan dilində ayrıca kitab kimi nəşr etdirmək qərarına gələn ziyalılarımız Aşqabaddakı “Miras” Milli Mədəniyyət Mərkəzinə müraciət etmiş, mərkəz isə Molla Nəfəsin yenicə çapdan çıxmış kitabının elektron variantını azərbaycanlı ziyalılara göndərmişdir. Ramiz Əsgərin dilimizə uyğunlaşdırdığı “Bu məkana gəlmişəm” kitabını “Min bir mahnı” nəşriyyatı tamamilə təmənnasız ərsəyə gətirmişdir. Kitabın redaktoru Əli Şamildir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 4 may.- S. 6.