Qəbələ: tərəqqinin yeni hədəfləri

 

Hələ tələbəlik illərimizdə bir televiziya verilişindən öyrənmişdik ki, bizim həyət-bacada əkib-becərdiyimiz qızılgül kolları Bolqarıstanda çöldə, meşədə, dağlarda yabanı şəkildə, öz-özünə bitir. Bu fakt gələcəkdə peşəkar jurnalist olmaq eşqiylə alışıb-yanan, ona görə də dünyadan daha çox xəbərdar olmaq istəyən tələbələr üçün çox maraqlı idi.

 

Ancaq elə bil ki, tələbə yoldaşlarımızdan biri — qəbələli Sübhan üçün həmin məsələ o qədər də maraqlı deyildi. Səbəbini öyrəndik. Sən demə, bu rayonun Mirzəbəyli kəndi ilə Çuxur Qəbələ kəndi arasındakı meşələrdə — Qədim Qəbələ şəhərinin xarabalıqları olan ərazidə qızılgüllər yabanı şəkildə bitirmiş. İş elə gətirdi ki, Sübhanın həmin məlumatının doğruluğunu elə o illər özümüz təsdiqlədik. Üstəlik dostumuz zarafatla əlavə elədi ki, “filankəs gül kimi oğlandır”, “filan adam gül kimi işlər görür” — ifadələri də məhz Qəbələdə yaranıb. Çox sonralar həmin faktın da şahidinə çevrildik. Özü də dəfələrlə.

...Ömrümdə birinci dəfə idi ki, yol hərəkəti qaydalarını bilərəkdən pozurdum. Maşını körpünün üstündə, çayın tən ortasında saxladım. Dəmiraparan çay nəinki dəmiri, hətta dəmirdən, metaldan hazırlanmış ən ağır texnikanı belə rezin qayıq kimi apara biləcək şəkildə hirslə, qeyzlə axırdı. Suyun diyirlətdiyi nəhəng daşların toqquşmasından yaranan səs o hündürlükdə körpünün üstündə də adamın canına vəlvələ salırdı. Üzü şimala, dağlara sarı baxanda əsrarəngiz bir tabloya baxırmış kimi söz tapmaq olmur. Yuxarıda qarlı dağlar, bir az aşağıda qayaların belinə dolanmış duman, sonra təzəcə çiçəyi çırtlamış meşələr, daha sonra göz oxşayan yeni tikintilər, imarətlər və nəhayət, Dəmiraparanın üstündən salınmış ikinci — daha böyük körpü. Sol sahildə yay boyu minlərlə insanın maşınları saxlayıb dərman kimi qəbul edilən su götürdüyü “Heydər bulağı”, sağ sahildə isə Qəbələ tarixinin ən abad guşələrindən olan “Zərifə Əliyeva parkı”. Çayın axarı boyunca 100-150 metr aşağıda bir sahildə yeni istifadəyə verilmiş tikinti materialları istehsal edən müəssisələr, o biri sahildə isə qələbənin 65 illiyi münasibəti ilə yenidən bərpa edilərək abadlaşdırılmış “Ana” abidəsi...

Körpünün üstündə dayandığım 4-5 dəqiqədə Qəbələnin ümumi görünüşü barədə təəssüratım nə qədər zəngin oldusa, qəbələlilərin insanpərvərliyi, qonaqsevərliyi barədə təəssüratım da bir o qədər artdı. Bu dörd-beş dəqiqədə altı-yeddi nəfər maşını saxlayıb “müəllim, bir kömək lazımdır?”, “Qardaş, nə olub?” — deyə maraqlandı. Çünki onlar yaxşı bilirdilər ki, körpünün üstündə maşın saxlamaq olmaz. Amma onu bilmirdilər ki, mən onların rayonunu elə onların özləri sevdiyi qədər sevirəm. Sevgidə isə yol hərəkəti qayda-qanunları yoxdur. Hər halda sağ olsunlar. Sübhan demiş, “gül kimi oğlanlar idi” ki, mənə yardım etmək istədilər. Yardımı isə Qəbələnin təbiəti etmişdi...

Bəzi rayonların rəhbərlərində belə bir istək olur ki, rayona gəlmiş istənilən qələm sahibi ən əvvəl rayon icra hakimiyyətinə gəlməli, öz məqsədi barədə məlumat verməlidir. Qəbələdə belə istək yoxdur. Rayonun yeni rəhbəri Səbuhi Abdullayev istənilən qədər demokratik dünyagörüşlü adamdır. Bəzi qəzet əməkdaşlarında belə bir istək olur ki, rayona ayaq basan kimi ən əvvəl rayon rəhbərliyi ilə görüşsün. Məndə isə belə bir fikir heç zaman olmayıb. Bu iki səbəbi — başçının demokratik dünyagörüşünü, özümün isə köhnə ənənəmi əsas götürərək əvvəlcə 18-20 illik dostum Elçin Kərimovla görüşdüm. Çay içdik, söhbət etdik. Dostum rayonun dünəni, bu günü barədə çox maraqlı söhbətlər etdi:

— İndi Qəbələ başdan-başa tikinti-quruculuq, abadlıq işlərinin getdiyi meydana çevrilib. Diqqət yetirin, rayon icra hakimiyyəti üçün, Daşınmaz Əmlakın Dövlət Reyestrinin və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri üçün üçün, baytarlıq idarəsi üçün yeni inzibati binalar tikilir. Məcburi köçkünlər üçün 40 mənzilli yaşayış binasının, Olimpiya İdman Kompleksinin, Fövqəladə Hallar Nazirliyi alayı korpusunun tikintiləri davam etdirilir. Heydər Əliyev, İsmayıl bəy Qutqaşınlı, E.Kərimov, 28 May küçələrində, İkinci Dünya müharibəsində həlak olan həmyerlilərimizin xatirə kompleksində aparılan yenidənqurma işləri rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. Yaxşı haldır ki, rayon rəhbərliyi tikinti-quruculuq və abadlıq işlərinə özəl bölmə təmsilçilərini də yaxından cəlb etmişdir. Rayonumuz ərazi baxımından o qədər də böyük olmadığına görə istənilən kənddəki vəziyyət barədə hamının məlumatı olur. Məsələn, mən bilirəm ki, Qəmərvan və Yengicə isti su sağlamlıq mərkəzlərinin ikinci mərhələsində, “Qafqaz” sahil otelində və başqa yerlərdə tikinti işlərini sahibkarlar həyata keçirirlər...

Həmsöhbətim bu gün Qəbələdə inşa edilən elə tikintilərin adını çəkdi ki, mən həmin qurğuların məhz bu rayonda inşa edilməsini fəxrlə qəbul etdim. Məsələn, Futbol Akademiyasının binası, beynəlxalq standartlara uyğun atıcılıq idman kompleksi, Taekvando Federasiyasının Reablitasiya Mərkəzi və sair. Yol tikintisi və təmiri isə Qəbələ rayonu üçün ən prioritet məsələlərdən biri sayılır. Çünki Prezident İlham Əliyevin tövsiyəsi ilə bu rayon artıq respublikamızın əsas turizm mərkəzlərindən birinə çevrilmişdir. Dünya tarixində özünəməxsus yeri olan Qəbələ şəhərinin qalıqları, orta əsrlərə məxsus türbələr, yaşı min illərlə ölçülən qəbir daşları, dağlı-aranlı füsunkar təbiət, abad yollar, çoxsaylı turizm obyektləri və mehmanxanalar, tarix-diyarşünaslıq muzeyi, zəngin folklor, Şəki-Zaqatala zonasının ən zəngin mətbəxlərindən olan özünəməxsus yeməklər, gülərüz insanlar, işgüzar xidmət personalı və başqa amillər Qəbələni həqiqətən turizm mərkəzlərindən birinə çevirib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovla söhbətimizdə daha maraqlı faktlar və rəqəmlər eşitdik. Abil müəllimlə Vəndam qəsəbəsi, Tüntül, Nohurqışlaq və Yengicə kəndlərinə (bu kəndlər bir-biri ilə qonşudur) qaz xətlərinin çəkilməsi üçün iş gedən obyektdə görüşdük. Rayonun bir sıra kənd və qəsəbələrinə təbii qaz verilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlandığını və həmin planın icrasının rayon rəhbərinin daimi diqqət mərkəzində olduğunu söyləyən həmsöhbətim qeyd etdi ki, başqa kəndlərə də qaz çəkilməsi üçün müvafiq işlər görüləcəkdir. Ancaq Abil müəllimlə söhbətimizdə məni daha çox məmnun edən məqam ondan ibarət idi ki, Qəbələdə bu ilin birinci rübündə əldə edilmiş göstəricilərin hamısı ötən ilin müvafiq göstəricilərinə nisbətən çoxdur: “Rüb ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 19 milyon 154 min manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 7 faiz çoxdur. Həmin göstərici, eyni zamanda, respublika üzrə əldə edilmiş ümumi artım faizindən 1,6 faiz artıqdır. Sənayedə ümumi məhsul istehsalı 16 faiz, kənd təsərrüfatında isə 4 faiz çox olub. Rayon üzrə adambaşına düşən ümumi məhsul istehsalı artaraq 191 manatlıqdan 204 manata çatıb.

Qəbələdə olanda eşitdim ki, rayonun yeni rəhbərliyi çoxsaylı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma işlərinə də çox böyük diqqətt ayırır. Ona görə də icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə söhbət zamanı əsasən bu məsələ ilə bağlı fikirlərini eşitmək istədim. O bu məsələnin diqqət mərkəzində olmasını bilavasitə dövlət başçısı İlham Əliyevin tövsiyələri ilə əlaqələndirdi:

— Nazirlər kabinetinin yığıncağında dövlət başçısı insanların sağlamlığı ilə sıx əlaqədar olan digər problemlərlə yanaşı, ətraf mühitin qorunması və ekoloji tədbirlərin vacibliyindən geniş bəhs etmişdi. Prezident bu məsələdən danışarkən demişdi: “Biz ciddi ekoloji tədbirləri görürük. İlk növbədə ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin, təmiz hava, təmiz su, təmiz ətraf mühit. Biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq”.

Təsadüfi deyil ki, 2010-cu il ölkə Prezidenti tərəfindən “Ekologiya ili” elan olunub. Ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunda da bu sahədə xeyli iş görülüb. Magistral yol kənarlarında, şəhər və kəndlərdə küçə və meydanlarda xeyli təmizlik işi aparılıb. Rayon Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 2010-cu ilin birinci rübü ərzində 55 hektar sahədə meşə əkini aparılıb. Rayon ərazisində yaşıllaşdırma məqsədilə 15000-dən çox ağac əkilib.

Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün məişət tullantılarının emalı və ya məhv edilməsi üçün qurğuya ciddi ehtiyac var. Biz yaxın vaxtlarda belə bir qurğunun tikintisinə başlamaq üçün tədbirlər görürük.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur. Bu sözləri rayonumuz haqqında da demək mümkündür. Ancaq qarşıda duran vəzifələri bundan sonra da yerinə yetirmək üçün səylərimizi daha da artırmalıyıq.

...Qəbələyə gedib gəlməyim də elə bu yazının təxmini strukturu kimi oldu. Rayona girəndə Dəmiraparan çayın lilli-bulanıq selinin hirsinin, hikkəsinin şahidi olmuşdum. Ona görə də yazı elə bu təsvirlərlə başlandı. Qəbələ ilə sağollaşıb Oğuza gedəndə isə rayonun o biri qurtaracağında Türyançayın həzin axan, dum-duru suyunun şahidi oldum. Bəlkə də bu bir təsadüf idi. Amma...Sübhan düz deyir... Qəbələ camaatı ilə bircə günlük ünsiyyətdən, söhbətdən sonra adam elə Türyançayın suyu kimi durulur. Özü də necə...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 4 may.- S. 5.