Lənkəranda “Azərbaycan Respublikasının cənub
rayonlarında narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti”
mövzusunda konfrans
Lənkəran Şəhər İcra Hakimiyyətində
“Azərbaycan Respublikasının cənub rayonlarında
narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizənin vəziyyəti”
mövzusunda konfrans keçirilmişdir.
Prezident
Administrasiyası və Azərbaycan Respublikasının
Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə
Dövlət Komissiyasının təşkilatçılığı
ilə keçirilən tədbirdə Baş Prokurorluğun,
Daxili İşlər, Milli Təhlükəsizlik, Səhiyyə,
Təhsil, Gənclər və İdman nazirliklərinin,
Dövlət Sərhəd Xidmətinin, Ali Məhkəmənin,
Dövlət Gömrük Komitəsinin, narkotiklərə və
cinayətkarlığa qarşı milli təbliğat ofisinin
məsul işçiləri, Astara, Lənkəran, Lerik,
Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan,
Neftçala, Şirvan və Hacıqabul Rayon İcra hakimiyyətlərinin
başçıları, həmin rayonların polis şöbələrinin
rəisləri, prokurorları, MTN-in şəhər və
rayon şöbələrinin rəisləri, mərkəzi xəstəxanaların
baş həkimləri, gənclər və idman idarələrinin
rəisləri, təhsil şöbələrinin müdirləri,
cənub bölgəsindəki ali və orta ixtisas məktəblərinin
rəhbərləri iştirak etmişlər.
Konfransın
iştirakçıları əvvəlcə şəhərin
Heydər Əliyev parkında ümummilli liderin abidəsi
önünə gül dəstələri düzərək,
xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş
sözü ilə açan Baş nazirin müavini,
Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə
Dövlət Komissiyasının sədri Əli Həsənov
konfransın məqsəd və vəzifələrindən
danışaraq bildirmişdir ki, ölkəmizdə narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə regionda ilk dəfədir ki, bu
cür geniş tərkibdə toplantı keçirilir. Ölkə
üzrə bu problemin böyük bir hissəsi cənub
bölgəsinin payına düşür. Ona görə də
qərara alındı ki, cənub bölgəsində tədbir
keçirməklə geniş müzakirələr
aparılsın və bütün müvafiq icra
qurumlarının, hüquq mühafizə orqanlarının və
ictimai təşkilatların diqqəti bu problemin həllinə
və onun müəyyən dərəcədə səviyyəsinin
aşağı salınmasına cəlb edilsin.
Azərbaycan
üçün narkomanlığın və narkotik vasitələrin
qanunsuz dövriyyəsinin spesifik problem
olmadığını vurğulayan Ə.Həsənov son
dövrlərdə ölkəmizdə böyük regional
layihələrin həyata keçirilməsinin,
yükdaşımaların həcminin çoxalmasının
beynəlxalq narkomafiyanın bu əraziyə
marağının artmasına səbəb olduğunu
bildirmişdir.
Qeyd olunmuşdur ki,
respublikamıza narkotik vasitələr üç marşrutla
daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan
və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan.
Ölkəmizdə bu
sahədə 4-cü marşrutun da olduğunu, lakin həmin
marşrutun beynəlxalq təşkilatların hesabatlarına
daxil edilmədiyini bildirən dövlət komissiyasının
sədri, həmin marşrutun Əfqanıstan-İran-Dağlıq
Qarabağ olduğunu və bu marşrutla MDB və Avropa
ölkələrinə narkotik vasitələrin
daşındığını diqqətə
çatdırmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin bu problemin həllinə xüsusi diqqət
yetirdiyini vurğulayan Ə.Həsənov ölkəmizdə təhlükəli
sosial bəlaya qarşı mübarizə sahəsində
lazımi hüquqi bazanın yaradıldığını
bildirmişdir.
Konfransın gündəliyində
duran məsələ ilə bağlı
çıxış edən daxili işlər naziri Ramil
Usubov, qlobal xarakter daşıyan narkotik maddələrin
qanunsuz dövriyyəsinin bütün dünyada olduğu kimi,
respublikamız üçün də ağrılı məsələyə
çevrildiyini, bu sahədə dövlət və hökumət
səviyyəsində davamlı şəkildə həyata
keçirilən tədbirlər, o cümlədən qəbul
edilən milli qanunvericilik aktları, konseptual proqramlar çərçivəsində
son illər daxili işlər orqanlarının fəaliyyətinin
də yeni keyfiyyət səviyyəsinə yüksəldiyini
bildirmişdir.
Vurğulanmışdır
ki, problemin müvəffəqiyyətli həlli
üçün ölkədə narkotik maddələrə tələbatın
azaldılması və satışının mümkünsüzlüyə
çevrilməsi ilkin şərtlərdəndir. Bu məqsədə
nail olunduğu halda isə cinayətlərin təşkilatçılarının
və narkoişbazların respublikamıza olan marağı da
aradan qalxacaqdır.
Transmilli
qruplaşmaların narkotik maddələri respublikamıza gətirmələrinə,
eləcə də onların Avropaya daşınmasında Azərbaycanın
ərazisindən tranzit dəhlizi kimi istifadə etmələrinə
etibarlı sipər çəkilməsi də qarşıda
duran başlıca vəzifələrdən biri kimi diqqətə
çatdırılmışdır.
Qeydiyyatda olan
narkomanların sayı ilə narkotik maddələrin faktiki
istehlakçılarının sayı arasındakı fərqə
də toxunan nazir R.Usubov konfrans
iştirakçılarının diqqətini narkomanların
real sayının dəqiqləşdirilməsinə, bunun
qarşıda duran vəzifələrin əhatə dairəsinin
və istiqamətlərinin müəyyənləşdirilməsində
başlıca amil olduğuna, eləcə də
narkomaniyanın yayılmasının əsl miqyasının
müəyyən edilməsi üçün ictimai birliklər
və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə monitorinqlərin
keçirilməsinin vacibliyinə cəlb etmişdir.
Bununla bərabər,
narkotiklərdən asılılığın, şəxsin
nəinki ailəyə və cəmiyyətə, hətta insan
həyatına münasibətini belə mənfi anlamda dəyişdiyini,
habelə kiminsə cinayət yolu ilə, yüzlərlə
başqa ailənin bədbəxtliyi üzərində əldə
etdiyi gəlirlə özünə xoşbəxt və firavan
həyat qura bilməsinin yolverilməzliyini və bu cür
ictimai təhlükəli əməllərlə insanların
sağlamlığına, bütövlükdə milli
genofonda sarsıdıcı zərbə vuranlara qarşı cəmiyyətdəki
statusundan, qulluq mövqeyindən və xidmətlərindən
asılı olmayaraq, mübarizə aparılmasının da hər
bir vətəndaşın mənəvi borcu olduğu diqqətə
çatdırılmışdır.
Nazir, həmçinin
ölkə üzrə bağlanmış nikahların 3,5
faizinin, cənub rayonlarında isə 5,5 faizinin məhz
narkomanlıq səbəbindən pozulduğunu, narkotiklərdən
asılı şəxslərin ailə üzvləri və
yaxınlarının hər an onların idarəolunmaz, nəzarətsiz
hərəkətlərinin qurbanına çevrilmək təhlükəsi
ilə üzləşdiklərini bildirmişdir.
General-polkovnik Ramil Usubov
bu ümumbəşəri problemin həllinə həm
profilaktiki-reabilitasiya, həm inzibati-məcburi, həm də
cinayət-hüquqi aspektlərdən
yanaşılmasının, müvafiq istiqamətdə
dövlətin və cəmiyyətin səylərinin daha
sıx birləşdirilməsinin zəruriliyinə də
toxunmuş, narkotiklərdən istifadənin insanı məhvə
sürükləyən yol olmasını təbliğ edən
davamlı informasiya siyasətinin aparılmasını, əhali
ilə görüşlərin, təhsil və səhiyyə
təşkilatlarının nümayəndələri cəlb
edilməklə orta və ali təhsil müəssisələrində
maarifləndirmə işinin, seminarların və sair tədbirlərin
təşkil edilməsini təklif etmişdir.
Nazir bu müstəsna
ağır təhlükənin qarşısının
alınmasına cəmiyyətin bütün qüvvələrinin,
o cümlədən ictimai birliklərin, kütləvi
informasiya vasitələrinin, ağsaqqalların və din xadimlərinin
səfərbər olunmasının aktuallığını
diqqətə çatdırmışdır.
Azərbaycan Prezidentinin
rəhbərliyi ilə ölkəmizdə, o cümlədən
bölgələrdə böyük quruculuq işlərinin,
ciddi iqtisadi islahatların aparıldığını
vurğulayan nazir Ramil Usubov Heydər Əliyev kursunun, ulu
öndərin ideyalarının təntənəsi olan
mövcud yüksəliş, tərəqqi, rifah və əmin-amanlıq
fonunda xalqımızın gələcəyi üçün
təhlükə mənbəyinə çevrilə bilən
narkomaniyanın və narkotik maddələrin qanunsuz dövriyyəsinin
qarşısının alınmasının hamının vətəndaşlıq
borcu olduğunu, bunun üçün cəmiyyətimizin
bütün təbəqələrinin birləşərək
vahid bir qüvvəyə çevrilməsinin əhəmiyyətini
və yalnız birgə səylərlə real və müsbət
nəticələr əldə etməyin
mümkünlüyünü vurğulamışdır.
Prezident
Administrasiyasının hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizənin
sosial-hüquqi aspektləri” mövzusunda məruzəsində
bildirmişdir ki, Azərbaycan Respublikasının əlverişli
coğrafi mövqeyi, ölkədə uğurla həyata
keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr
nəticəsində dünya ölkələri ilə ticarət
əlaqələrinin genişlənməsi narkotik vasitələrin
qanunsuz dövriyyəsi və nəql edilməsi ilə məşğul
olan şəxsləri özünə cəlb edir.
Bundan əlavə, Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin
istehsalı üçün istifadə edilməsi narkobiznesin
və beynəlxalq terrorizmin çiçəklənməsinə
şərait yaradır.
Narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə
mübarizə hər zaman Azərbaycan Prezidentinin xüsusi
diqqət mərkəzində olmuşdur və bu sahədə
fəaliyyətin səmərəsini artırmaq məqsədi
ilə dövlətimizin başçısı 2007-2012-ci illəri
əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram”ı təsdiq etmişdir.
Proqramın icrası nəticəsində
son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz
dövriyyəsi və qaçaqmalçılığı
ilə əlaqədar aşkar edilən cinayətlərin və
cinayət məsuliyyətinə cəlb edilən şəxslərin
sayı, habelə qanunsuz dövriyyədən
çıxarılmış narkotik vasitələrin
miqdarı əhəmiyyətli dərəcədə
artmışdır.
F.Ələsgərov
qeyd etmişdir ki, narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə
əlaqədar demoqrafik təhlillər aparılmış, bu
kateqoriyaya daxil olan cinayətlərin törədilməsinə
görə məsuliyyətə cəlb edilmiş şəxslərin
sosial tərkibi araşdırılmışdır. Müəyyən
edilmişdir ki, 2009-cu ildə bu növ cinayətlərin
törədilməsinə görə məsuliyyətə cəlb
olunanların böyük əksəriyyətini işləməyənlər
təşkil edir. Tüfeyli həyat tərzi narkomaniyanın
yayılması və bununla bağlı digər sosial
patologiyaların əmələ gəlməsi
üçün əsas mənbədir.
Narkotik vasitələrin
qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədi ilə kompleks tədbirlər
planlaşdırılaraq yerinə yetirilməlidir. Həmin tədbirlər
çərçivəsində narkotik vasitələrin
istehsalına qarşı hər bir mərhələdə
adekvat tədbirlər görülməlidir. Tərkibində
narkotik maddələr olan bitkilərin kultivasiyası,
onların toplanması, prekursorlardan istifadə edilməsi,
yarımfabrikatların və hazır məhsulun
saxlanılması, əldə olunmuş narkotik vasitələrin
satılması yolları və üsulları aşkar
olunmalı, narkotik vasitələrin alınma mənbələrinin
və narkotik vasitələrin alqı-satqısı şəbəkəsinin
müəyyənləşdirilməsinə xüsusi diqqət
yetirilməli, hüquq mühafizə orqanları arasında həyata
keçirilən informasiya mübadiləsi daha da gücləndirilməli,
bu mübarizədə bütün dövlət
orqanlarının qüvvə və vasitələri birləşdirilməlidir.
Profilaktik tədbirlərin
genişləndirilməsinə, təbliğat işinin
gücləndirilməsinə xüsusi diqqət yetirilməli,
səhiyyə, təhsil, gənclər təşkilatlarının
bu sahədə fəaliyyətinin səmərəliliyi
artırılmalı, narkomanlığın profilaktikası və
narkomaniya problemi ilə bağlı layihələr həyata
keçirən qeyri-hökumət təşkilatlarının
fəaliyyəti təşviq edilməlidir.
F.Ələsgərov
çıxışında narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində
hüquqi bazanın təkmilləşdirilməsi məqsədi
ilə bir sıra təkliflər irəli sürmüş,
müvafiq dövlət orqanları qarşısında duran vəzifələr
və onların bu sahədə fəaliyyətinin səmərəliliyinin
artırılması üçün zəruri olan tədbirləri
diqqətə çatdırmışdır.
Baş prokuror Zakir
Qaralov “Narkomanlıqla mübarizənin aktual problemləri və
prokuror nəzarəti” mövzusunda
çıxışında bildirmişdir ki, Prezident İlham
Əliyevin bu günlərdə Salyan, Biləsuvar və Cəlilabad
rayonlarına səfəri mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycan
Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə məsələləri dövlət
səviyyəsində ciddi nəzarət altında olmaqla, onun
səmərəliliyinin artırılması və
profilaktikasının gücləndirilməsi məqsədi ilə
zəruri işlər görülür.
Narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı ulu öndər Heydər
Əliyev tərəfindən başlanılan, hazırda yeni
müstəvidə davam etdirilən barışmaz mübarizə
xətti dövlətimizin maraqlarının qorunmasının
prioritet istiqaməti səviyyəsinə
qaldırılmışdır.
Ölkəmizin cənub
rayonlarında narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə
dair Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
təşəbbüsü ilə Lənkəran şəhərində
keçirilən konfrans, ilk növbədə, dövlətin
narkomanlığa qarşı davamlı mübarizə aparmaq
iradəsinin ifadəsidir.
Statistik hesabatların təhlili
sosial bəlaya çevrilmiş narkomanlığın bu
bölgədə daha geniş yayıldığına dəlalət
edir. Təhlükəli cəhət ondan ibarətdir ki,
ölkəmizə narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə keçirilməsi
kimi mütəşəkkil cinayətkar fəaliyyətə bəzi
rayonların sərhədboyu ərazilərində yaşayan
ailələr, çoxsaylı gənclər cəlb olunur. Cənub
bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizənin ən mühüm vasitəsi
dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsindən,
narkotiklərin qaçaqmalçılığının
bütün mümkün yollarının bağlanmasından
ibarətdir. Çox müsbət haldır ki, narkotiklərin
qaçaqmalçılığının
qarşısının alınması məqsədi ilə sərhədlərimizin
mühafizəsinin gücləndirilməsi istiqamətində
son illər ölkəmizdə böyük işlər
görülmüşdür. Lakin təcrübə onu
göstərir ki, narkotiklərin
qaçaqmalçılığı ilə məşğul
olan mütəşəkkil cinayətkar dəstələrin
dövlət sərhədlərini keçmələri
üçün müəyyən imkanlar hələ də
qalmaqdadır.
Qeyd olunmuşdur ki,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə işində məhkum edilmiş
şəxslərin sosial reabilitasiyası çöx
mühüm əhəmiyyət kəsb edir.
Narkotik maddələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar bütün məsələlər
üzrə real vəziyyət dəqiq öyrənilməlidir.
Bu sahədə latent proseslərin aşkarlanması,
onların səbəblərinin öyrənilməsi,
dinamikalarına təsir edə biləcək səmərəli
mexanizmlərin, metodikaların hazırlanması və tətbiqi
yollarının müəyyən edilməsi vacib məsələlərdir.
Narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərin müalicəsinin
düzgün təşkili narkomanlığa qarşı
mübarizə işində mühüm əhəmiyyət kəsb
edən məsələlərdən biridir.
Qüvvədə olan
qanunvericiliyin tələblərinə müvafiq olaraq bu qəbildən
olan cinayətlərin istintaqı, təhqiqatı və əməliyyat-axtarış
fəaliyyəti üzərində prokuror nəzarətinin
yeni müstəvidə daha səmərəli təşkili,
ibtidai araşdırmaya prosessual rəhbərliyin səviyyəsinin
keyfiyyətcə yüksəldilməsi, istintaq işini təkmilləşdirməklə
vahid təcrübənin formalaşdırılması məqsədi
ilə metodiki işin gücləndirilməsi, bu sahədə
digər dövlətlərin əlaqədar təsisatları
və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi məsələləri
həmişə Respublika Baş Prokurorluğunun rəhbərliyinin
diqqət mərkəzində olmuşdur.
Prokurorluq orqanları
bundan sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
mübarizədə digər hüquq mühafizə
orqanları ilə qarşılıqlı əlaqədə zəruri
tədbirlərin görülməsini təmin edəcəkdir.
Konfransda, həmçinin
Ali Məhkəmənin hakimi Əli Seyfəliyev, səhiyyə
nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin
müavini Elmar Qasımov, gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd
Xidməti rəisinin müavini Asif Cəbrayılov, narkotiklərə
və cinayətkarlığa qarşı milli təbliğat
ofisinin rəhbəri Məzahir Əfəndiyev, Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Tofiq İbrahimov, Hacıqabul Rayon
İcra Hakimiyyətinin başçısı Əhməd
Muxtarov, Dövlət Gömrük Komitəsinin gömrük
sahəsində hüquqpozmalara qarşı mübarizə
baş idarəsinin rəisi Güloğlan Muradlı və
Milli Təhlükəsizlik Nazirliyinin baş idarə rəisinin
müavini Fazil İmamverdiyev mövzu ilə bağlı
çıxış etmişlər.
Konfransa yekun vuran Baş
nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov
bildirmişdir ki, 2009-cu ildə dünyada narkotik maddələrin
satışından 350 milyard ABŞ dolları vəsait əldə
edilmişdir. Dövlət komissiyasının sədri, narkotik
vasitələrin qanunsuz dövriyyəsinə sərf olunan 1
ABŞ dollarının 12 min ABŞ dolları məbləğində
gəlir gətirdiyini, məhz buna görə də bu sosial bəlaya
qarşı mübarizənin çətinləşdiyini diqqətə
çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu
problemlə təkcə hüquq mühafizə
orqanlarının gücündən istifadə etməklə
mübarizə aparmaq mümkün deyildir. Dünya ölkələri
bu sahədə informasiya və təcrübə mübadiləsi
aparmaq yolu ilə birgə əməkdaşlıq edirlər.
Bütün dünyada
sosial bəlaya çevrilən narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizədə ictimaiyyətin bütün təbəqələri,
o cümlədən kütləvi informasiya vasitələri də
fəal iştirak etməli, Azərbaycan millətinin gələcəyini,
onun genofondunu düşünən hər bir şəxs bu
mübarizəyə qoşulmalıdır.
Xalq qəzeti.- 2010.- 4 may.- S. 4.