Dilçiliyin poetikası
Son illər oxuduğum əsərlər içərisində
istər üslubu, istərsə də dili baxımdan professor
Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabı bədiilik
donuna bürünən elmi əsər mahiyyəti
daşıyır. Oxucu kitabı bədii əsər kimi
oxumağa başlayır, sonda isə əslində, bədii
deyil, elmi əsər oxuduğunu anlayır. Zalxa və Əhmədin
macəralarını oxuyacağını zənn edən
oxucu əsərin sonunda dilçilik elmi haqda necə müfəssəl
biliyə sahib olduğunu görə özü-öz “məharətinə”
təəccüblənir. Əslində bu, elə əsər
müəllifinin məharətidir.
Əsərin süjet xətti, hadisələrin ardıcıllığı elə qurulub ki, burada “bütün bu məsələlərə tamam başqa – bizə tanış və məlum bir məsələnin işığında yanaşaraq, imkan daxilində “məlumdan naməluma” bir keçid qurub” ondan istifadə edərək dilçilik problemləri bir dərslik və ya elmi əsər şəklində deyil, sadə və hər kəsin dərk edə biləcəyi bir dildə tədqiq edilmişdir. Bəli, məhz tədqiq edilmişdir. Əhməd və Zalxa fonunda ümumi dilçiliyin əsas problemlərinə toxunan müəllif nəzəri məlumatları elə aydın və anlaşıqlı izah edir ki, verilən elmi nəticələrin ağırlığı oxucunu sxolastikanın dərinliklərində itirmir.
Kitabda istifadə edilən müxtəlif metod və üsullar qarşıya qoyulmuş problemin həllini mümkün qədər sadələşdirir. Müəllifin özü də qeyd edir ki, “metod dediyimiz anlayışa sahib olmasaq biz bu dilçilik səyahətimizi sağ-salamat başa çatdıra bilməyəcəyik. Metod həm açardır, həm kompasdır, həm də və ən vacibi yoldur, istiqamətdir. Metoddan istifadə etmədən, metodla “silahlanmadan” hansısa elmi nəticəyə gəlmək mümkün deyildir”. Hər hansı problemi həll etmək isə, tamamilə imkansızdır. Hərçənd, ağıllı adamların fikirlərinə görə, problemi həll etməyə, onu aradan qaldırmağa çalışmaq, əslində, düzgün deyildir və ya ən azından əbəsdir. Amma bu əsərdə dilçilik elminin problemləri ən azından oxucuya çatdırılır. Daha doğrusu, müəllif əsərdə oxucuya bu problemlərlə “dil tapmağı”, “yola getməyi” öyrədir.
Oxucunun pessimizmə qapıldığı an günəş yenidən üfüqdən boylanır. Müəllif bir şad xəbərlə oxucunu sevindirir. Yox, bu “Zalxanı istəyən var” xəbəri deyil. Bu problemlə bağlıdır: “Problemdən bir vasitə kimi yapışaraq damlada dənizi görmək və ya məsələnin təsvir və təhlilindən bəhs etmək daha məqsədəuyğun görünür.” Aha... demək heç də kədərlənmək lazım deyilmiş. Onsuz da “problemləri, yəni öyrənilməsi vacib, zəruri olan məsələləri olmayan elm mövcud ola bilməz”. Elə elm özü problemlərin məcmusudur... O cümlədən, bu dilçilik elmi də”. Göründüyü kimi, elə ilk fəsildə problemi də, metodu da tanıdıq. Xüsusilə metodu. “Metod qaranlıq yolda fənər kimidir,” – deyən F.Bekonun fikrilə razılaşan K.Abdulla müasir dilçilikdə tətbiq edilən təsviri, müqayisəli, tarixi, struktur, müqayisəli-tarixi metodlara aydınlıq gətirmiş, onların yaranma tarixi, tətbiq məqamları, istifadə yolları haqqında müfəssəl məlumat vermişdir.
Zaman-zaman bu metodların yaradıcıları, istifadəçiləri olan böyük və ya müəllifin təbirincə, “ünlü” dilçilərin fikirlərinə də yer verərək məsələnin birtərəfli, biryönlü təhlilindən uzaqlaşan “gəmi kapitanı” oxucuda məsələ ilə bağlı obyektiv təsəvvür yaradır. Xüsusilə, struktur və müqayisəli-tarixi metod kitabda çox geniş izah edilmişdir. “Dilin bir sistem kimi qəbul edilməsi, yəni dilin hər elementinin bir-birilə əlaqədə olduğunun qəbulu struktur metoddan istifadənin əsas şərtidir” deyən müəllif dil vahidləri arasındakı struktur əlaqəni də bu baxımdan şərh edir.
Tarix boyunca var olan dillərarası əlaqəni və bu əlaqənin təsiri ilə baş verən dəyişiklikləri, onun müxtəlif aspektlərini, daha doğrusu, dilin dəyişmə mexanizmini və dinamizmini tədqiqat obyekti seçən müəllif müqayisəli-tarixi metodun Mahmud Kaşğaridən başlayan “müqayisəli” mərhələsinə, V.Counzun hesabatı ilə başlanan və Bopp, Rask, Şlegel, Şleyxerlə davam etdirilən “müqayisəli-tarixi” məqamına işıq tutur. Komparativistlərin necə müqayisəli-tarixi metod istifadəsinə çevrildikləri, hətta bir qədər irəli gedib ulu dil məsələsinə əl uzatmaları, dil qohumluqlarını bu metod vasitəsilə necə dəqiqləşdirdikləri elmi və bədii üslubların bir-birinə maraqlı keçidi müstəvisində oxucuya çatdırılır.
Əsər boyunca məzmuna və sujetə rəngarəng çalar qatan “haşiyə”lər də bu yerdə öz işini görməkdədir. V.Counz, A. və F. Şlegel qardaşları, Y.Qrimm, V.Humbolt, F.Dits, A. Şleyxerin tədqiqatları haqqında məlumatların yer aldığı haşiyələr oxucuya əsərdə çox şeyləri öyrədir. XIX əsrin I yarısında dilçiliyin sərhədlərini mifologiyaya, folklora, psixologiyaya qədər genişləndirən komparativistlərin, xüsusilə müqayisəli-tarixi tədqiqlərin sərhədlərini dərinləşdirən A.Şleyxerin “bərpa etdiyi” hind-Avropa ulu dili haqqında müəllifin fikirləri oxucunu xeyli məşğul edir.
“Canlı” və “ölü” dillər deyə müqayisəli-tarixi metodu tətbiq etməyə çalışan XIX əsr dilçilərinin müddəaları arasında çaşbaş qalan oxucuya kömək edən tapılır. Əlbəttə ki, həmişəki kimi yenə də “gəmi kapitanımız”ın köməyi ilə gözdən uzaqlaşan ada sis və duman içərisində əridikcə” bizlər “yeni və sirli bir adanın cizgilərini” görməyə başlayırıq. Axı səyahət boyunca haqqında danışdığımız və danışacağımız daha çox obyektlər var. Daha doğrusu, tədqiqat obyektləri. Kamal müəllimin təbirincə desək, “bütün elmlərin öz tədqiqat obyektləri qarşısına qoyub öyrənmək, təhlil etmək istədiyi problemləri bu elmlərin övladları kimidir... Problem yoxdursa, deməli, tədqiq üçün obyekt də yoxdur və nəticədə elmin özü yoxdur”. Əslində nə dilçilik elminin tədqiqat obyekti tükənə bilər, nə də problemləri.
“Dil nədir, nə cür varlıqdır - fizioloji, geneoloji, təbiətdəngəlmə (bioloji), ictimai, fərdi, sokral?... Dili nə cür, nəyin, hansı üsül və metodların köməyilə öyrənirlər?! Dilin əmələ gəlməsi, yaranması və inkişafı necə baş verir?! Dil və nitqin fərdi özünü nədə göstərir?... Bəs dillərin qohumluğu nə deməkdir?... Belə bir hal mümkündürmü? Bu qohumluğun dərəcələri, növləri hansılardır... Dilçiliyin özünün bir elm kimi yaranması və inkişafı hansı mərhələlərdən keçir? Dilçiliyin tarixi necə qurulur?!”.
Bu qədər sual ünvanlanır, ancaq əsər boyunca cavablar da tapılır. Özü də qəribə və maraqlı paralellərlə. Verilən simvollar, bənzətmələr elə ahəngdarcasına bir-birini izlətməklə davam edir ki, “Zalxanın yaşını, soyunu, qədd-qamətini, ağlını, daxili aləmini, böyüyüb ərsəyə çatmasını, ətrafı ilə rəftarını, nəyə qadir olduğunu” öyrəndikcə “dil necə yaranır, onun mənşəyini necə öyrənirlər?” sualına da cavab tapırıq. “Zalxa və dil”... daha doğrusu, “İnsan və dil”. Maraqlı analogiyalar yalnız bununla bitmir. “Ailə və dil qohumluğu”, “ailə və cümlə”, “hisslər və səslər”, “bina və dilçiliyin sahələri”... Bu sıranı istənilən qədər uzatmaq olar.
Dilin mahiyyətini, ictimai, bioloji, irqi, yoxsa fərdi olması məsələsində müəllifin apardığı maraqlı təhlillər, bir qədər məntiqi, bir qədər faydalı və bir qədər də paradoksal açıqlamaların fonunda hər bir oxucunu məmnun edəcək qədər hərtərəfli bir nəticə əldə edir: “Dil kimi mürəkkəb bir psixoloji-fizioloji, sosioloji-tarixi varlığın quruluş və mahiyyətinin dərinliklərinə vardıqca onu həm də sakral, yüksək bir qatın – göylərin, Səmanın insana hədiyyəsi kimi qəbul etməmək mümkün olmur. İlahi qüvvənin təsiri olmadan “dil” adlanan bu cür kamil və əhatəli, sadə və eyni zamanda mürəkkəb bir mexanizmə insan öz-özlüyündə sahib və malik ola bilməzdi. Mən şəxsən bu həqiqətə inanıram”.
Vahid sistem olan dilin quruluşu, onun sistemdaxili əlamətləri, elementləri əsər boyunca Zalxa və Əhmədin fonunda elə dəqiqliklə təhlil edilir ki, dil qanunları, dil elementləri, onlar arasındakı əlaqələr böyük əmək və vaxt sərf edib cildlərə nəzəriyyə kitablarını oxumadan sənə aydın olur. “Dilin daxili orqanizmi, əslində elə insan bədəninin müxtəlif orqanlarının vahid sistemini xatırladır. Burada da hüceyrə-molekullar, əsəb sistemi, qan dövranı, ürək, böyrəklər, beyin, ciyər, bronxlar, boğaz, ağız boşluğu, alveolar, dişlər, dil və dodaqlar... və daha nəyin dildə uyğun işarələri (elementləri) var,” – deyən yazıçı ahəng qanununu dilin “qan dövranı”, şəkilçiləri molekul, fonemləri hüceyrələr, sintaksisi ürək kimi dəyərləndirir. “Dil canlı orqanizimdir” fikrinin çox gözəl açıqlaması olan bu fikirlər dilin tərkib hissələrini, onların sistemdaxili vəhdətini olduqca maraqlı müstəvidə təhlil edir.
Bədii priyomlarla elmi məlumatları assosiativ şəkildə birləşdirərək müəllif dillərarası əlaqə, dillərin bir-birinə təsiri, dillərin müqayisəsi məsələsini də sözarası oxucuya çatdırır. Geneoloji və tipoloji qohumluq məsələsini oxucu üçün dilçilik çərçivəsində, yenə də müəllif özünəməxsus bir şəkildə aydınlaşdırır. Bu yerdə komparativistlərin fikirlərinə yer verən müəllif A.Reformatskinin geneoloji təsnifatını yığcam şəkildə oxucuya çatdırır: “Qohum dillər qohum xalqlar, qohum mədəniyyətlər, qohum ədəbiyyatlar qohum psixolojilər deməkdir. Qohum dillər tarixin dərinliyində gizlədilmiş eyni məxəz, ilkin birgəlikdən doğmuşlar,” – fikrini irəli sürən müəllif insanlarla dillərin analogiyası zəminində Azərbaycan və çuvaş dillərinin qohumluğunu olduqca sadə bir sözün tarixi dəyişmələrini göstərməklə şərh edir. İlk baxışda əlaqəsiz görünən bu sözlərin necə dərin tarixi köklərlə bir-birinə bağlandığını görmək dilçi olan və olmayan hər kəsdə təəccüb hissi oyadır. Qeyd etmək lazımdır ki, əsərin dəyərliliyi bu bölmədə daha qabarıq şəkildə nəzərə çarpır.
İstər ümumi dilçilik, istərsə də bədii sənətkarlıq baxımından müxtəlif üslubların, cərəyanların, meyarların birləşdiyi “Yaxın, uzaq qohumlar” adlı fəsil olduqca böyük zəhmət və diqqətin məhsuludur. Xüsusilə, müxtəlif geneoloji əsaslara sahib olan dillərin tədqiqata cəlb edilməsi nəzəri dilçiliyin mühüm problemlərindən birinin həllinə doğru atılmış bir addımdır. Tarixi qaynaqlara və V.Counz, A.Reformatski, A.Şleyxer kimi alimlərin tədqiqatlarına müraciət edərək müəllif həm türk dilləri ailəsi (Azərbaycan və çuvaş dillərinin müqayisəsi), həm də hind-Avropa dil ailəsi materialları əsasında qohum dillər məsələsini müfəssəl şəkildə təhlil edir.
Əsər boyunca olduğu kimi, burada da “Kitabi-Dədə Qorqud”, M.Kaşğarinin “Divanü-luğət-it-türk” kimi türklük tarixini, dilini, mədəniyyətini, ümumiyyətlə, türklüyü yaşadan əsərlərə, qədim yunan, Misir, babil əfsanələrinə müraciət isə əsərin bədiiliyini və elmi dəyərini daha da artırır.
Tipoloji bölgünü məşhur “yaxın qonşu uzaq qohumdan yaxşıdır” atalar sözü ilə izaha çalışan müəllif bununla da bədii paralelliyin, analogiyanın ən gözəl nümunələrindən birini yaratmışdır. “Bu, Allahın verdiyi doğmalıq deyil, bu qazanılmış doğmalıqdır, bu doğmalığın qiyməti, ləzzəti başqadır,” – deyən müəllif eston, macar, fin dilləri timsalında tipoloji yaxın dillərin mahiyyətini oxucu üçün olduqca sadə və mənalı bir şəkildə açıqlamışdır.
Tarixi-müqayisəli dilçiliyin ulu dil problemi müəllif tərəfindən xüsusi olaraq tədqiq edilmiş, Bopp, Rask, Şleyxer, Vostokov kimi komparativistlərin bununla əlaqədar əsərləri istənilən nəticələrin əldə edilməsi və əsaslandırılması üçün müfəssəl təhlil olunmuşdur. Ulu dilin dialektlərinin tam müstəqil dilə çevrilməsini müəllif “sözlər, cümlə quruluşları, morfoloji əlamətlər həm əvvəlki, əsas məxəzlə eyniliyi (bəlkə də artıq oxşarlığı) qoruyub saxlayır, həm də belə deyək: artıq yeni bir “hava ilə nəfəs almağa” başlayır, yeni özünəməxsusluğu kəsb edir” deyərək qısa şəkildə oxucunun nəzərinə çatdırır.
“Dilçiliyə səyahət” zamanı dilin quruluşu, leksik söz qatı, morfemlər və fonemlər, cümlə və s. də öz həllini tapan məsələlərdəndir. N.Xomskinin “dilin forması onun məzmunundan dilçilik elmi üçün daha vacib və daha maraqlıdır” fikrini “əslində dilin daxili mahiyyətini öyrənmək üçün formanın hansı məzmunla dolumunun heç bir əhəmiyyəti yoxdur” – deyərək davam etdirən müəllif dilçilikdə “model” anlayışının mahiyyətini onun elmi təsnifatındakı rolu, dilin inkişafındakı yerini tədqiq etmişdir. Əsərdə işarə, səs, fonem kimi anlayışlara da semiotika, fonologiya, fonetika aspektindən yanaşılaraq və strukturalizm cərəyanı nümayəndələrinin fikirlərinə aydınlıq gətirilərək təhlil edilir.
Müəllif “variant”, “invariant” təsnifatına əsasən səsləri müəyyən qruplara ayırır, səsin təbiəti və mahiyyəti, hətta insan təfəkküründəki yeri haqqında maraqlı izahat verir. Dilçilik elminin “dördmərtəbəli binasının” ilk qatı olan fonemlər səviyyəsinin izahı, daha sonra morfem, söz və cümlə mərhələsi – mərtəbəsinin “sistem-struktur birliyi” müstəvisində bədii priyomların mahir istifadəsilə təhlili oxucunun bu sahəyə olan marağını artırır. “Söz-adam! Cümlə-ailə! Cümlə birliyi-cəmiyyət!” cütlükləri müəllifin dil sistemi haqqındakı şərhlərin qısa xülasəsi kimi bütün əsər boyunca ardıcıl nəzərə çarpır.
“Yaşıl ideyalar” adı altında toplanan məlumatlar arasında təfəkkür və dil, informasiya və məlumat anlayışlarına açıqlıq gətirən müəllif qısa sxematik təsnifatını verdiyi dilin tədqiqatının sinxron və diaxron aspektlərini də unutmur. Dədə Qorqudla başlayıb dilçiliyin ən böyük problemi olan adlandırmanın izahına çalışan müəllif, müxtəlif məqamlarda və müxtəlif aspektlərdə əşya-ad münasibətinə şərh vermişdir. “Tüsey” və “Tesey” tərəfdarlarından başlayaraq qısa tarixi ekskursiya ilə özünəqədərki dilçilərin bu barədəki fikirlərinə yer verən müəllif sözün “forma və məzmunu” məsələsindəki tarixilik, şərtilik, təbiilik nüansları ilə bağlı fərqli münasibətləri bir cümlə ilə tamamlayır: “Adqoyma özünü harada göstərirsə, orada əşyanı və ya anlayışı başa düşmək və anlamaq cəhdi var”.
Bütün bunlar müəyyən çərçivə tələb edən yazıda verə bildiklərimdir. “Dilçiliyə səyahət” kitabı isə elmi təfəkkür süzgəcindən keçmiş bədii sənətkarlıq nümunəsidir. Özündə bütöv bir dilçilik aləmini daşıyan və əks etdirən elmi-bədii əsərdir.
Şəbnəm HƏSƏNLİ,
BDU-nun şərqşünaslıq
fakültəsinin magistri
Xalq qəzeti.- 2010.- 5 may.- S. 7.