Faşist Almaniyası üzərində qələbənin 65 illiyi

 

“Moryak Əli” – Əli müəllim: “Faşizm insanlıqdan kənar hadisədir”

 

Ümummilli liderimiz Heydər Əliyev hər il mayın doqquzunda müharibə veteranları ilə görüşür, onları Qələbə günü münasibətilə təbrik edir, qayğı və problemləri ilə maraqlanırdı. Bu nəcib ənənəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də davam etdirir. Bu il faşizm üzərində böyük qələbənin 65 illiyi bütün dünyada bayram ediləcəkdir. Bu şərəfli tarixi gün ilk növbədə həmin qələbəni bizə bəxş edənlərin — müharibə veteranlarının bayramıdır. Müsahibimiz Goranboy rayonunda yaşayan müharibə veteranı, qocaman ziyalı Əli Abbasovdur. Əli müəllim 1924-cü ildə Gəncənin Balçılı kəndində anadan olmuş, müharibədən sonrakı ömrünü gənclərin təhsilinə və onların vətənpərvərlik ruhunda tərbiyəsinə həsr etmişdir. Öncə onun yaddaşını çözələmək istədim:

 

— Əli müəllim, müharibənin başlanmasını necə xatırlayırsınız?

—Mən 1941-ci ildə orta məktəbi bitirmişəm. İyunun 22-si — bazar günü məktəbi bitirməyimiz münasibətilə mərasim təşkil edilmişdi. Radio ilə bir azdan mühüm dövlət məlumatı veriləcəyi elan edildi. Saat 13-də Molotov çıxış edərək Almaniyanın ölkəmiz üzərinə basqın etdiyini, müharibənin başlandığını bildirdi.

Ölkədə səfərbərlik elan edildi, bütün cavan kişilər orlduya çağırıldılar. Müəllimlərin əksəriyyəti cəbhəyə getdiyindən bizi — orta təhsili olan gəncləri iki aylıq kursdan sonra kənd məktəblərinə müəllim təyin etdilər. Mən 1941-42-ci dərs ilində indiki Göygöl rayonunun Nadel kənd ibtidai məktəbində müəllim işlədim. Beləliklə, hələ on səkkiz yaşım tamam olmamış taleyim müəllimlik peşəsinə bağlandı. 1942-ci ilin sentyabrında hərbi xidmətə çağırıldım. Gürcüstanın Poti şəhərində bizi müxtəlif qoşun növləri üzrə bölüşdürməyə başladılar. Mən hərbi dəniz donanmasında qulluq etmək istədiyimi bildirdim. Donanmaya düşənləri Batumi şəhərinə gətirdilər. Hərbi and qəbul edib iki ay təlim keçdikdən sonra bizi cəbhəyə göndərdilər.

— Cəbhə artıq müharibə həyatı, qan-qada dolu vuruş meydanı idi. Döyüş yolunuz haradan, necə başlandı? Onu necə xatırlayırsınız?

— Bölgü zamanı mən Qara Dəniz donanmasının 344-cü desant batalyonuna düşdüm. Müharibədən az-çox xəbəri olanlar bilirlər ki, desant hissələri — dəniz piyadaları ən çətin qoşun növü sayılırdı, onları həmişə ən ağır döyüş bölgələrinə göndərirdilər. Eyni zamanda, dəniz piyadaları almanların ən çox çəkindikləri qüvvələrdən idi. Hitlerin xüsusi göstərişi vardı ki, dəniz piyadalarından heç kimi, hətta könüllü təslim olsalar belə, əsir götürməsinlər, yerindəcə güllələsinlər. Bizim batalyonu ən ağır döyüş bölgələrindən birinə — Kiçik torpaq adlanan əraziyə göndərdilər. Döyüşlərin birində ağır yaralandığım üçün bir neçə ay hospitalda yatmalı oldum.

— Mümkünsə, bu barədə bir az ətraflı danışın.

— Topuq sümüyüm, demək olar ki, parça-parça olmuşdu. Hospitalın rəisi ayağımın dizdən yuxarı kəsilməli olduğunu bildirdi. Mən razılıq verməyəndə – “gəbərəcəksən” – dedi. Həmin axşam mənə qulluq edən tibb bacısı həmyerlim olan cavan bir həkimin admiralı əməliyyat etmək üçün dəvət edildiyini dedi və məsləhət gördü ki, ona müraciət edim.

Mən kiçik bir kağıza istəyimi yazıb həmin həkimə göndərdim. Bir azdan palatanın qapısı açıldı, ağ xalatlı cavan bir adam içəri girib azərbaycanca salam verdi. Vəziyyətimi görüb dərhal əməliyyat otağına keçirilməyimə göstəriş verdi. Sınmış sümüklərimi yerbəyer edib sarıdı, müalicəmin davamı üçün göstəriş verdi: “darıxma, matros, hələ döyüşəcəksən” – deyə sağalacağıma ümidləndirdi. Adını soruşdum – Fuad dedi. Bu, sonralar Azərbaycanın görkəmli cərrahı kimi məşhurlaşmış professor Fuad Əfəndiyev idi. Əfsus ki, dünyadan çox tez köçdü...

— Siz hospitaldan çıxanda müharibənin qurtarmasına bir il səkkiz ay vardı. Sonrakı döyüş yollarınız haralardan keçdi?

— Hospitaldan çıxanda məni 369-cu xüsusi dəniz desant batalyonuna göndərdilər. Bu batalyonda iştirak etdiyim ilk desant əməliyyatı Azov dənizi sahilindəki Yeysk şəhərində oldu. Sonra batalyonumuzu 416-cı Azərbaycan diviziyasının zərbələri nəticəsində geri çəkilən almanların dənizə gedən yolunu kəsmək üçün Taqanroq şəhəri yaxınlığına desant çıxardılar. Həmin döyüşlərdəki böyük qəhrəmanlığa görə 416-cı Azərbaycan diviziyasına Taqanroq şəhərinin adı verildi. Bundan sonra bütün Qara Dəniz donanması kimi bizim batalyonun da zəfər yürüşləri başlandı. Kerçin azad olunmasında xüsusi roluna görə batalyonumuz 369-cu əlahiddə Kerç desant batalyonu adı aldı və Yassı-Kişinyov əməliyatının gedişində fərqlənməsinə görə “Qırmızı bayraq ordeni” ilə təltif olundu.

Krım azad edildikdən sonra Qara dəniz donanmasının və Azov flotiliyasının bəzi gəmilərinin, şəxsi heyətinin hesabına Dunay flotiliyası yaradıldı və Dunay boyunca Avropa ölkələrinin və şəhərlərinin azad edilməsi uğrunda ardıcıl əməliyyatlar başlandı. Batalyonumuz Dunayətrafı ərazilərin, o cümlədən İzmail qalasının, Buxarest, Budapeşt, Belqrad, Bratislava, Vyana şəhərlərinin alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərin desant əməliyyatlarında mühüm rol oynadı.

Mən özüm döyüşlərdə iştirakıma görə II dərəcəli Vətən Müharibəsi ordeninə, Kerçin, Sevastopolun, Buxarestin, Belqradın, Budapeştin, Bratislavanın, Vyananın alman faşistlərindən azad edilməsinə görə medallarla, həmçinin “İgidliyə görə” və “Faşist Almaniyası üzərində qələbəyə görə” medalları ilə təltif olunmuşam.

— Əli müəllim, bəs Qələbə günü yaddaşınızda necə qalıb?

— Qələbə xəbərini Vyanada eşitdim. Berlinin alınmasından artıq bir həftə keçirdi. Almaniyanın təslim aktını imzalayacağı hər an gözlənilirdi. Ancaq bu, Qələbə xəbərinin təsirini əsla azaltmadı. Üstündən bu qədər illər keçsə də, həmin gün əsgərlərin hədsiz-hüdudsuz sevinc və fərəhini, bu fərəhdən doğan göz yaşlarını, yaylım atəşlərinin uzun müddət kəsilməyən səslərini, sonra isə ortalığa çökən qəribə sükutu dəqiqəbədəqiqə xatırlayıram. Sanki, bütün dünya, yer-göy o sükutla atəş səslərindən dincəlirdi...

— Yəqin ki, əsgərlərin də əlinə dincəlmək fürsəti düşmüşdü...—

Müharibə qurtarandan sonra ilk növbədə ailəliləri, yaşı nisbətən çox olan əsgərləri evlərinə yola saldılar. Biz gənclər isə hələ xidmətimizi davam etdirirdik. Mən 1947-ci il avqust ayının 3-nə qədər Vyanada hərbi xidmətdə oldum.

— Bəs müharibədən sonra ömür yolunuz necə keçib? Mən görürəm ki, Goranboyda hər kəs adınızı çox hörmətlə çəkir.

— Müharibədən qayıdanda 23 yaşım vardı. Qalib əsgər kimi qarşımda bütün yollar, bütün qapılar açıq idi. Peşə seçimində tərəddüdüm olmadı. Müəllim olmaq istədim. Məncə, bu, dünyada ən şərəfli peşədir. Həmin il Gəncə Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil oldum. Dolanışıq ucbatından institutun üçüncü kursuna qədər qış aylarını dənizçi buşlatında keçirdim. Həm buna, həm də veteran olduğuma görə tələbə yoldaşlarım məni “moryak Əli” deyə çağırırdılar.

Tələbəlik illəri insan ömrünün ən şirin anlarıdır. O illər mənim üçün bir də ona görə qiymətli idi ki, tələbəlik dövründə tale mənə bu yaxınlarda dünyadan köçmüş və növbəti Qələbə bayramında sevincimə şərik olmayacaq sevimli ömür-gün yoldaşım, əzizim Pakizə xanımı bəxş etmişdi. 60 ilə yaxın birgə xoşbəxt ömür sürdük, oğul-qız, nəvə-nəticə sahibi olduq. Onların hamısı ilə fəxr edir, qürur duyuram. Məncə, insan üçün, valideyn üçün həyatda bundan böyük xoşbəxtlik yoxdur.

İnstitutu bitirdikdən sonra əmək fəaliyyətimi Goranboy rayonu ilə bağladım. Burada bir müddət sıravi müəllim, sonra isə uzun illər təhsil şöbəsində müxtəlif vəzifələrdə işləmişəm. Üç ildir ki, pensiyadayam. O ki qaldı rayonda “Əli müəllim” deyəndə ağsaqqal-ağbirçəkdən tutmuş balaca uşaqlara qədər hamının məni tanımasına, dərs dediyim, yetişdirdiyim şagirdləri, gəncləri həmişə çox istəmişəm, onlar da bu günə qədər mənim hörmətimi, ehtiramımı saxlayırlar.

Pedaqoji fəaliyyətimə görə respublikanın “Qabaqcıl maarif xadimi”, SSRİ-nin “Xalq maarif əlaçısı” fəxri adlarına layiq görülmüşəm. Bundan başqa, müxtəlif illərdə müharibə veteranı kimi ikinci dəfə Vətən Müharibəsi ordeni ilə, qələbənin yubileyləri münasibətilə müxtəlif medallarla təltif olunmuşam.

— Əli müəllim, söhbətimizin sonunda silah yoldaşlarınız olan müharibə veteranlarına, eləcə də Azərbaycanın bugünkü gənc əsgərlərinə ünvanlanmış ürək sözlərinizi eşitmək istərdik.

— Əvvəlcə, üzümü müharibə veteranlarına tutub deyirəm: faşizm insanlıqdan kənar bir hadisədir. Biz tarixdə misli görünməmiş böyük missiyanı yerinə yetirərək dünyanı faşizm taunundan xilas etmişik. Sevindirici haldır ki, dövlətimiz də veteranların bu xidmətini unutmur, yüksək qiymətləndirir, öz diqqət və qayğısını onlardan əsirgəmir. Yeri gəlmişkən, mən 22 aprel tarixli sərəncamına görə bütün veteranlar adından dövlət başçımıza minnətdarlığımı bildirir, Vətənimizin xoş gələcəyi naminə fədakar fəaliyyətində ona daha böyük uğurlar arzulayıram.

Sıralarımız ilbəil, günbəgün seyrəlir. Dünyaya gələn bir gün getməlidir — bu həyatın qanunudur. Ancaq qalan ömrümüzü adımıza layiq yaşamalı, gənclərə, bizdən sonra gələnlərə nümunə olmalıyıq. İnanıram ki, bugünkü Azərbaycan gəncliyi, o cümlədən Azərbaycan əsgəri xalqımızın, Vətənimizin ümidlərini doğruldacaq, azad, müstəqil Azərbaycanımızın güvənc yeri olacaq, onu düşmənlərdən qorumağı bacaracaqdır.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 5 may.- S. 6.