Prezident İlham ƏLİYEV: Əminəm
ki, Azərbaycan gələcəkdə də iqtisadi inkişaf
templərinə görə liderlik mövqeyini saxlayacaqdır
Ulu öndər Heydər Əliyevin siyasi kursunun
layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın
bölgələri sürətlə inkişaf edir,
insanların həyat səviyyəsi yaxşılaşır,
xidmət sektoru və infrastruktur Avropa standartlarına uyğun
qurulur.
Regionların
inkişafı dövlət siyasətinin prioritet istiqamətinə
çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən
regional proqramda hər bənd, hər müddəa xüsusi
diqqətdə saxlanılır. Dövlət
başçımızın aprelin 29-da Salyan rayonuna səfəri
çərçivəsində bunun bir daha şahidi olduq.
Xatırladaq ki, son illər
Azərbaycanın bütün bölgələrində
olduğu kimi, Salyan rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun
inkişafı ilə bağlı mühüm tədbirlər
nəzərdə tutulmuşdur və həmin işlər indi
uğurla icra edilir.
Ötən il rayonda bir
çox yeni layihələr həyata keçirilmiş,
ümumi məhsul istehsalının həcmi 2003-cü illə
müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata
çatmışdır. Bu dövrdə sənaye məhsulunun
həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun
istehsalı isə 4,1 dəfə artmışdır. Rayonda
sosial və istehsal təyinatlı obyektlərin inşası
aparılmış, təhsil sahəsində həyata
keçirilən islahatlara uyğun olaraq məktəb tikintisi
davam etdirilmişdir. Son illərdə 2220 şagird yeri olan 13
yeni məktəb binası, 540 şagird yerlik 27 əlavə
sinif otağı tikilmiş, 14 məktəbdə əsaslı
təmir işləri aparılmışdır. 2003-2009-cu illərdə
9896-sı daimi olmaqla 12312 yeni iş yeri
açılmışdır. Cari ilin birinci rübündə
Salyanda sosial məsələlərin həlli istiqamətində
də məqsədyönlü tədbirlər həyata
keçirilmiş, tikinti-quruculuq və abadlıq işləri
davam etdirilmişdir.
Prezident İlham Əliyev
Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İranla
dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin
açılışında iştirak etmişdir. Dövlətimizin
başçısına məlumat verilmişdir ki, tikintisinə
2006-cı ilin dekabrında başlanmış yolun yenidən
qurulan hissəsinin uzunluğu 22 kilometrdir. 1b texniki dərəcəli
yolun eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4,
hər bir zolağın eni isə 3,75 metrdir. Yolun 2 hərəkət
hissəsi vardır. Ayırıcı zolağın eni isə
5 metrə çatır. Magistralın üzərində iki
yolötürücü, Şirvan kanalı üzərində
isə 54 metr uzunluğunda bir körpü inşa
olunmuşdur. Yol boyu 4 düzbucaqlı boru, 36 dairəvi boru, 4
mal-qara keçidləri tikilmişdir.
Prezident İlham Əliyev yolun tikintisində çalışan inşaatçılarla söhbət zamanı demişdir ki, yol həm iqtisadi inkişaf, həm nəqliyyatın daha da yaxşı səviyyədə tənzimlənməsi, qonşu İranla aramızda iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu yol cənub istiqamətində yerləşən bütün rayonlarımızı Bakı ilə daha da yüksək keyfiyyətlə birləşdirir. Beləliklə, cənub bölgəsində yaşayan bütün insanlar paytaxtla və Azərbaycanın digər şəhərləri ilə daha da rahat əlaqə saxlaya biləcəklər. Yəni, görülən bütün işlər bu məqsədləri güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, yaşamaq üçün də əla, yaxşı şərait yaradılsın. Yol insanları narahat edən əsas məsələlərdən biridir. Son illər Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülübdür. Bütün istiqamətlərdə magistral yollar, şəhərlərarası yollar çəkilir. İndi kənd yollarına böyük diqqət göstəriləcəkdir ki, bütövlükdə Azərbaycanın bütün yol infrastrukturunun yaranması və müasirləşməsi prosesi ən yüksək standartlar səviyyəsində təşkil edilsin.
Azərbaycan Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir. Xatırladaq ki, tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuşdur. Kənd təsərrüfatı məhsullarının uzunmüddətli istifadə üçün keyfiyyətinin saxlanılması məqsədi ilə yaradılan kompleksin anbar hissəsinin sahəsi 9 min kvadratmetrdir. Ərazidə inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalar inşa olunmuşdur. Kompleksdə çeşidləmə bölməsi, iki gözləmə kamerası, o cümlədən ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera vardır. Ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur.10 min tona qədər digər kənd təsərrüfatı məhsullarının saxlanmasına da imkan vardır. Burada 150 nəfərin daimi, 300 nəfərin isə mövsümi işlə təmin olunması üçün bütün şərait yaradılmışdır.
Soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlara da xidmət göstərəcəkdir.10 min tonluq müsbət və 500 tonluq mənfi temperaturlu rejimdə işləyən saxlanma sistemi fəaliyyət göstərir. Müsbət temperatur rejimli kameralarda meyvə və tərəvəz, mənfi temperatur rejimli kameralarda isə ət, toyuq və balıq məhsulları saxlanılacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev Salyanda elektrik yarımstansiyanın və yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir. Mərasimdə dövlətimizin başçısına həyata keçirilən inşaat işləri və bu energetika qurğularının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 220 və 330 kilovoltluq yüksəkgərginlikli hava xətlərinin inşasına 2006-cı ildə başlanmışdır. Beş hektar ərazidə yerləşən bu obyektin bünövrəsi Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. “Salyan” yarımstansiyası və yüksəkgərginlikli hava xətləri Azərbaycan Prezidentinin təsdiq etdiyi 2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inşa olunmuşdur. Başlıca məqsəd respublikamızın cənub bölgəsinin elektrik enerjisi təchizatını həm kəmiyyət, həm də keyfiyyətcə yaxşılaşdırmaq, həmçinin Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarını artırmaqdır.
Prezident İlham Əliyevin aprelin 29-da Biləsuvar rayonuna səfəri çərçivəsində də bir sıra obyektlərin açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur. Təməli 2009-cu ildə qoyulan Biləsuvar regional ana və uşaq mərkəzinin tikintisi bir il ərzində davam etdirilmişdir. Müasir üslubda tikilən mərkəzin yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək inşa edilmişdir. Müəssisənin tikintisi müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarların və verdiyi tapşırıqların icrası ilə əlaqədar regionlarda avtomobil yollarının tikintisi, yenidən qurulması layihələri uğurla icra olunur. Belə layihələrdən biri də cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayan və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi Biləsuvar şəhərinin dairəvi avtomobil yolunun tikintisidir. Prezident rayonda olarkən həmin yolun açılışında iştirak etmişdir.
Dövlət
başçısı İlham Əliyev Biləsuvara səfəri
çərçivəsində yeni istifadəyə verilən
“Azərsun” Holdinqin “Natural Green Land” kənd təssərrüfatı
müəssisəsi və konserv zavodu ilə tanış
olmuşdur. Məlumat verilmişdir ki, son illərdə Biləsuvarda
da yeni müəssisə, zavod və fabriklərin istifadəyə
verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin
istehsal etdiyi məhsulların rəqabətə davamlı və
keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin
ixrac potensialının gücləndirilməsinə xidmət
edir. “Azərsun” Holdinqin
“
Zavod İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun güzəştli krediti və “Azərsun” Holdinqin vəsaiti
hesabına inşa edilmişdir. Müəssisənin 3450 hektar
əkin sahəsi vardır ki, onun da 2839 hektarı suvarılan sahələrdir.
Müəssisədə 250 nəfər işlə təmin
olunmuşdur. Lakin mövsümlə əlaqədər 2500-ə
yaxın işçi qəbul edilir. Əkilən torpaq sahələri
əvvəllər örüş yeri kimi istifadə edilsə
də, indi əraziyə drenaj kanalları çəkilmiş,
müasir suvarma sistemi yaradılmış və əkin
üçün yararlı vəziyyətə gətirilmişdir.
Suvarma avadanlığı xarici dövlətlərin
aparıcı şirkətləri tərəfindən
hazırlanmışdır.
Prezident İlham Əliyev səfər
çərçivəsində Cəlilabad rayonunda şahmat
məktəbinin, Tarix-Diyarşünaslıq Muzeyinin, əlillər
və şəhid ailələri üçün yeni
binanın, Müalicə-Diaqnostika Mərkəzinin, “Cəlilabad
Şərab-2” ASC-nin və Göytəpə su
anbarının açılış mərasimlərində
iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin
Göytəpə qarnizonunda olmuşdur.
Prezident İlham Əliyevin səfəri
göstərmişdir ki, həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində Cəlilabad rayonunun
iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin
yaşayış səviyyəsi yüksəlmiş, şəhər
və kəndlərdə quruculuq işləri geniş vüsət
almış, əhalinin sosial şəraiti
yaxşılaşmışdır. Hazırda
yaşayış məntəqələrinin su, qaz, elektrik
enerjisi ilə tam təchizatı üçün əməli
işlər görülür. Ötən il rayonda ümumi məhsul
istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9
dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd
təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə
artmışdır...
Prezident İlham Əliyev Cəlilabadda
Müalicə-Diaqnostika Mərkəzinin
açılışından sonra rayon ictimaiyyətinin
nümayəndələri ilə də
görüşmüşdür. Dövlət
başçımız demişdir: “Hər şey – həm
iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye
potensialının gücləndirilməsi və ilk növbədə,
sosial məsələlərin həlli Azərbaycan vətəndaşları
üçün olmalıdır. Ona görə indi Bakıda ən
müasir standartlara cavab verən bir neçə elmi tədqiqat
mərkəzləri əsaslı təmir olunub və yüksək
xidmət göstərir. Bölgələrdə - demək
olar ki, bütün bölgələrdə ya Dövlət
Neft Şirkətinin xəttilə belə gözəl mərkəzlər,
ya da Səhiyyə Nazirliyinin xəttilə xəstəxanalar
tikilir. Demək olar ki, bütün bölgələrdə
artıq yüksək tibbi xidmət göstərilir. Elə
etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə
gözəl şərait olsun. Belə olarsa, onda, biz demək
olar ki, səhiyyə sahəsindəki islahatların
böyük hissəsini həll edə bilərik. Bu, bizim
üçün prioritet məsələdir və son illər
ərzində bu sahədə böyük investisiyalar qoyulub.
Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır...”
Dövlət
başçımızın yuxarıda adları sadalanan
rayonlara səfəri bir daha göstərdi ki, bu gün Azərbaycan
sürətli inkişaf yolundadır. Regional Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinin dinamikası, tədbirlər üzrə
ötən dövrdə görülən işlərin həcmi
və məqsədəuyğunluğu sübut edir ki, ölkəmizdə
iqtisadi inkişafa güclü təkan verilmiş, əhalinin
sosial vəziyyəti və maddi rifahı
yaxşılaşmaqda davam etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 5 may.- S. 1.