Mükəmməl milli dövlətçilik konsepsiyasının banisi

 

Tarixdə iz qoymuş böyük şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları nəzərə alaraq təşkil edir, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışırlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.

 

Ümummilli lider hələ sovet Azərbaycanında rəhbərliyə gəlişinin ilk günlərindən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın daşlaşmış milli şüurunu oyatmağa çalışmış, milli müstəqillik duyğularının təzahürü, Azərbaycan xalqının dünyanın ən sivil xalqları cərgəsinə çıxması üçün bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq ictimai şüurdakı istiqlal duyğuları oyanaraq yeni məzmun kəsb etmiş, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır.

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982-ci illər) ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.

Heydər Əliyev hələ 70-80-ci illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Həmin illər Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Bu nöqteyi-nəzərdən inamla demək olar ki, Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər o çətin dövrdə belə, fəaliyyətində yüksək daxili “mən”inin təcəssümü olan ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirmişdir. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil etmişdir. Ulu öndərin ötən əsrin 70-80-ci illərində kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda ali təhsil almasına, yüksək ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də məhz bu xeyirxahlığın ifadəsidir. Yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə kasıb, imkansız ailələrin övladlarının daxil olmasına yol açan xüsusi qərar imzalamış, beləliklə, bu sahədə ədalət və şəffaflıq prinsipini təmin etmişdir.

Böyük öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ulu öndər yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi də göstərir ki, elmə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Heydər Əliyev dühası həm də fəlsəfəmizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, araşdırıcısı, böyük hamisi olmuş, elmə, alimə həmişə yüksək qiymət vermişdir.

Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından, oktyabr ayında isə Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir.

Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu öndərimiz bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat strategiyasını yaratmışdır. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını konseptual formada özündə təcəssüm etdirir.

Böyük strateq Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.

Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

1995-ci ildən respublikamızda hüquqi-siyasi və iqtisadi islahatların paralelliyi prinsipinin gözlənilməsi, Azərbaycanın inkişaf tempinə cavab verən siyasi liberallaşdırma siyasətinin aparılması ümummilli liderin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının strateji xəttini təşkil edir. Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir.

Respublikamızın son 17 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı zəif və tənəzzül edən iqtisadi sistemə, düzgün siyasi institusional quruluşa, marginallaşmış ictimai şüura malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana çevirməyə imkan vermişdir.

Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Bütün bu nailiyyətlərin fundamental nəzəri əsaslarının yaradılması isə müasir dövrdə həm də fəlsəfənin və digər ictimai elmlərdə elmi tədqiqatların əsasını təşkil etməli, bu istiqamətdə dissertasiyaların mövzu aktuallığına, keyfiyyətinə diqqət artırılmalıdır.

Ulu öndərin dövlətçilik fəlsəfəsinə əsaslanan İlham Əliyevin prezidentliyinin ötən 7 ili də respublikada sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə, cəmiyyətdə həmrəyliyin əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəltməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır. Respublikamızın sabit iqtisadi inkişaf yolunda olması idarəçiliyin demokratik formasını sabitləşdirməyə və möhkəmlətməyə əsaslı zəmin formalaşdırır. İndiki məqamda ölkənin siyasi elitası qarşısında duran əsas vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni demokratik şüur formalaşdırılması amilinə transformasiya etməkdir.

İnkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, keçid mərhələsini yenicə adlayan ölkələrdə gedən prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Azərbaycan müstəqillik qazandıqdan sonra azad bazar iqtisadiyyatı və demokratik inkişaf yolunu prioritet kimi seçsə də, bu prosesin tədricən həyata keçirilməsinə, təkamülə əsaslanmasına üstünlük vermişdir. Respublikamızın üstünlük verdiyi siyasi strategiya dünya miqyasında qəbul olunmuş universal prinsiplərin saxlanılması yolu ilə milli demokratiya modelinin formalaşdırılmasıdır. Belə bir modelin formalaşması isə, şübhəsiz, ölkənin sosial-iqtisadi inkişaf tempi ilə həmahənglik təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.

“Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur” – deyən dövlət başçısı hesab edir ki, yeni dünya nizamında demokratiyanın həqiqi mahiyyətini qoruyub saxlaması üçün vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Qloballaşma dövründə demokratikləşmə və siyasi liberallaşma hər bir xalqın sosial-iqtisadi, mədəni, intellektual baxımdan bu prosesə hazırlığı ilə şərtlənir. Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi insanların maddi rifah halının yüksəlməsindən keçir. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyildir. Azərbaycan demokratik tranzit mərhələsində olan ölkə kimi demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini daim önə çəkmişdir. Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusa, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini zərurətə çevirir.

Bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir.

Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar ölkəmizin elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir.

Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır.

Azərbaycan xalqını Heydər Əliyev ideyaları ətrafında toplayan cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.

Alternativsizliyi ulu öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2010.- 5 may.- S. 3.