Azərbaycan sahibkarlarının himayədarı

 

Xalqların, dövlətlərin tarixində görkəmli şəxsiyyətlərin, siyasi liderlərin rolu əvəzsizdir. Qədim, zəngin tarixə malik xalqımız zaman-zaman parlaq simalar, görkəmli sərkərdələr, ictimai-siyasi xadimlər yetişdirmişdir. Xalqımızın milli qürur mənbəyinə çevrilmiş belə insanlar çətin tarixi anlarda xalqa arxa, dayaq olmuş, xilaskarlıq missiyasını öz üzərlərinə götürərək şərəfli ömür yaşamışlar. Bu barədə söhbət açarkən ilk növbədə, dərin zəka sahibi, xalqımızın ümummilli lideri Heydər Əliyevin örnək ömür yolu, titanik siyasi fəaliyyəti gözümüz önündə canlanır.

 

Görkəmli siyasətçi, müasir Azərbaycan dövlətçiliyinin banisi, bacarıqlı dövlət xadimi Heydər Əliyev bütün mənalı ömrünü canından da artıq sevdiyi Vətəninin çiçəklənməsinə, qüdrətlənməsinə həsr etmişdir. Təsadüfi deyil ki, çağdaş tariximizin 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı, onun titanik siyasi fəaliyyəti, ağıllı, düşünülmüş ideyaları ilə bağlıdır. Bəlkə də dünyanın elə bir siyasi lideri yoxdur ki, ayrı-ayrı tarixi məqamlarda xalqına, dövlətinə iki dəfə rəhbərlik etmək ona nəsib olsun və hər dəfə də xilaskarlıq missiyasını şərəflə yerinə yetirə bilsin. Məhz ümummilli liderimiz böyük strateq kimi iki antaqonist tarixi farmasiyada, müxtəlif ictimai-iqtisadi sistemdə Azərbaycana inamla rəhbərlik etmiş, respublikamızın çiçəklənməsinə, xalqımızın firavan həyatının təminatına nail olmuşdur.

Hələ uzaq 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş İttifaqın xammal bazasına çevrilmiş respublikamızı böyük inkişaf yoluna çıxarmışdır. Məhz ulu öndərin işləyib hazırladığı yeni inkişaf strategiyasının nəticəsi olaraq geridə qalmış Azərbaycan qısa müddətdə İttifaqın qabaqcıl respublikalarından birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və şəxsi təşəbbüskarlığı nəticəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.

Totalitar sovet rejiminin iflasa uğraması, millətlər həbsxanasına çevrilmiş imperiyanın zəifləməsi xalqların, millətlərin azadlıq, müstəqillik istəyinin güclənməsinə səbəb oldu. Uzun illər respublikamıza əsl xammal mənbəyi kimi baxan, yeraltı və yerüstü sərvətlərimizi sümürüb aparan, bunun müqabilində isə xalqımıza yuxarıdan aşağı baxan sovet imperiyasının düşdüyü bu acınacaqlı, rəzalətli günlərində nankor qonşumuz Ermənistan torpaqlarımıza göz dikdi, üstümüzə ayaq açıb yeriməyə başladı. Mərkəzi hökumətin seyrçi mövqeyi, təcavüzkara gizli, bəzən də açıq dəstək verməsi xalqın səbir kasasını daşdırdı, Azərbaycanda etiraz dalğası gücləndi. Xalqımız bir yumruq kimi birləşərək imperiyaya “yox” dedi.

Hələ hadisələrin ilk günlərindən Azərbaycan xalqının yetişdirdiyi böyük siyasətçi, fenomenal şəxsiyyət Heydər Əliyevi mərkəzi hakimiyyətin ali idarəetmə orqanı olan siyasi aparatdan uzaqlaşdıran Qorbaçov hökuməti Kremldə hazırlanmış təcavüzkara dəstək planının asanlıqla həyata keçməsini zənn edirdi. Ancaq imperiya başbilənləri bu sərsəm planı düşünərkən xalqımızın mübarizə əzmini nəzərə almamışdılar. Məhz bunun nəticəsi idi ki, sonralar mərkəzi hakimiyyət silaha əl atmasına baxmayaraq, Azərbaycan xalqının iradəsi, qətiyyəti qarşısında geri çəkilməyə məcbur oldu. Xalqın milli-azadlıq hərəkatı onun müstəqillik, suverenlik arzusunu reallaşdırdı. XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə etdi.

Bununla belə, müstəqilliyin ilk illəri xalqımız üçün, respublikamız üçün çox çətin və təlatümlü keçirdi. Bir tərəfdən təcavüzkar Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən daxildə separatizm meyillərinin güclənməsi, respublikada hökm sürən anarxiya, hakimiyyət davası dövlətçiliyimizi, müstəqilliyimizi dərin təhlükə qarşısında qoymuşdu. Buna baxmayaraq, xalq bu sınaqdan da üzüağ çıxmağı bacardı, Azərbaycanın xilaskar oğlu Heydər Əliyev hakimiyyət sükanı arxasına dəvət olundu. Xalqın təkidli tələbi və xahişi ilə paytaxta gələn ulu öndər “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək xilaskarlıq missiyasını şərəflə öz üzərinə götürdü. Belə bir çətin tarixi məqamda çiynini ağır bir yükün altına verən Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyə nail oldu.

Ulu öndər gənc, müstəqil Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi sahəsində gərgin iş apardı, islahatların hüquqi bazası yaradıldı. İqtisadiyyatdakı tənəzzülün qarşısını almaq üçün mühüm qanunlar işlənib hazırlandı, uğurlu makroiqtisadi sabitləşdirmə siyasəti nəticəsində ölkədə tüğyan edən inflyasiyanın qarşısı alındı. Azərbaycanın o dövrkü məhdud imkanlarını nəzərə alan Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadiyyatın bütün sahələrini paralel şəkildə inkişaf etdirmək mümkün deyil. Məhz buna görə də ümummilli lider tarixi müstəqilliyinə qovuşduqdan sonra xalqımızın tam sahibi olduğu karbohidrogen ehtiyatlarından səmərəli istifadəni önə çəkdi. Bu məqsədlə ölkənin mükəmməl, bitkin yeni neft strategiyası işlənib hazırlandı. Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik qərarlar qəbul etmək məharətinin nəticəsi olaraq dünyanın iri neft şirkətlərini danışıq masası ətrafına toplamaq mümkün oldu. Azərbaycanda investisiyaların və biznes fəaliyyətinin qarantı üçün möhkəm zəmin yaradıldığına əmin olan iri neft istehsalçıları ölkəmizin neft sənayesinə vəsait yönəltməyi qətiləşdirdilər. Belə bir şəraitdə, 1994-cü il sentyabr ayının 20-də Bakıda Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycanın gələcək inkişafının fundamental bünövrəsi qoyuldu, ölkəmiz xarici investisiyalar üçün açıq elan olundu. Artıq 15 ildən çoxdur ki, Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycan xalqının firavanlığının təminatına, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycanda sahibkarlığın, özəl bölmənin inkişaf etdirilməsindən ibarət idi. Azərbaycan iqtisadiyyatını dirçəltməyin əsas yollarından birinin ölkədə sahibkarlığın inkişaf etdirilməsində görən ulu öndər bu məqsədlə bir sıra vacib sənədlərə imza atdı. Bununla da, iqtisadiyyatın sərbəstləşdirilməsini, bazar iqtisadiyyatı prinsiplərinin əsas tutulmasını rəsmiləşdirən Heydər Əliyev ölkədə iqtisadi fəallığın artmasını, insanlarda işgüzarlıq hissinin güclənməsini təmin etdi. Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, bazar iqtisadi münasibətlərinin bərqərar olunması, ölkədə sabaha ümidlə baxan sahibkarlar ordusunun yaranmasına gətirib çıxardı.

Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin dönməz və əbədi olacağını bəyan edən ümummilli lider sahibkarlığın inkişafına xüsusi önəm verdiyini bildirərək demişdir: “Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir. Məhz belə sahibkarlar uğurla fəaliyyət göstərə bilər, girişdikləri məsələlərlə sərbəst məşğul ola bilər, öz iqtisadi, intellektual potensialından heç bir məhdudiyyət olmadan istifadə etmək imkanına malik olar, eyni zamanda, Azərbaycanda sahibkarlığın bazar iqtisadiyyatının inkişafına, böhranın aradan qaldırılmasına kömək edə bilərlər... Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir Azərbaycan vətəndaşına məhz belə yanaşıram, onlara öz ehtiramımı bildirir, onların fəaliyyətinə səmimi münasibət göstərirəm”. Mənə elə gəlir ki, ümummilli liderimizin hələ 1994-cü ildə söylədiyi bu kəlamlar hazırda Azərbaycan iqtisadiyyatının 85 faizdən çoxunu təşkil edən özəl bölmənin inkişafının, sahibkarlar ordusunun güclənməsinin möhtəşəm təməlini qoydu.

Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək onların üzləşdikləri problemin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsinə çalışırdı. Məhz bu məqsədlə 2002-ci ilin 25 aprel və 15 may tarixlərində yerli və xarici iş adamları ilə görüşən ulu öndərimiz sahibkarları üzləşdikləri problemlər barədə açıq danışmağa dəvət etdi, onları səbr və təmkinlə dinləyərək mövcud çətinliklərin, ölkədə özəl bölmənin inkişafına mane olan süni əngəllərin dərhal aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar verdi. Həmin tarixi görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra fərman və sərəncamlarla Azərbaycanda sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Bununla da, ölkədə əsassız yoxlamaların, sahibkarlığın inkişafı yolunda buxova çevrilmiş maneələrin qarşısı alındı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr böyük tikinti-quruculuq işləri ilə əlamətdar olmuşdur. Belə ki, 1969-cu ildə respublika rəhbərliyinə təyin olunan Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində böyük bir intibah baş verdi, infrastruktur imkanları genişləndi. Qısa müddətdə Azərbaycanda 250-dən çox nəhəng sənaye obyekti tikilib istifadəyə verildi, respublikamızda mənzil tikintisi xeyli sürətləndi.

Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də tikinti-quruculuq və abadlıq işləri, infrastruktur layihələrinin reallaşdırılması ümumi inkişafın prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin tikinti kompleksi yeni inkişaf dövrünə qədəm qoydu. Ölkədə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı inşaat sektorunda iqtisadi fəallığın, təşəbbüskarlığın artmasına səbəb oldu. Sevindirici haldır ki, zəngin ənənələrə malik inşaat sektoru, xüsusən də mənzil tikintisi, əsasən, yerli iş adamlarının əlində cəmləşdi. Paytaxt Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayon mərkəzlərində bir-birindən yaraşıqlı çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verildi. İndi hər birisi nadir memarlıq incisi sayıla biləcək bu binalar paytaxtımıza, digər şəhərlərimizə xüsusi yaraşıq verir. Digər sevindirici məqam isə ondan ibarətdir ki, tikinti sektorunun inkişafı ölkədə çoxsaylı iş yerlərinin açılmasına imkan yaratdı.

Bu yerdə ulu öndər Heydər Əliyevin 2002-ci ilin yanvar ayında söylədiyi bir fikri xatırlatmağı vacib sayıram. Bakının ən hündür yerindən paytaxtın mənzərəsini seyr edən ulu öndər yeni inşa olunmuş çoxmərtəbəli binaların şəhərimizə xüsusi gözəllik verdiyini bildirərək demişdir: “... Biz sovet dövründə çox evlər, binalar tikmişik. Ancaq indi özəl sektor onlardan daha yaxşı, gözəl tikir. Həm də şəhəri gözəlləşdirirlər. Demək, bazar iqtisadiyyatı var, özəl sektor inkişaf edir, insanların alıcılıq qabiliyyəti var. Belə mənzillər alıb yaşaya bilirlər. Ona görə də inşaat biznesi çox geniş inkişaf edibdir. Belə görürəm ki, bizdə ən geniş inkişaf edən inşaat biznesidir... Bu evlərin tikintisində nə qədər insanlar — inşaatçılar, fəhlələr işləyibdir və bu gün də işləyirlər, maaş alırlar. Mən bunu çox təqdir edirəm. Çünki birincisi, yeni iş yerləri açılır, ikincisi biznes inkişaf edir, özəl sektor inkişaf edir... Bunların hamısı da ümumiyyətlə, şəhərin gözəlliyini təmin edir, memarlıq, şəhərsalma barədə bizim planlarımızın həyata keçirilməsini təmin edir. Bu, çox yaxşı haldır”.

Ümummilli liderimizin müəyyən etdiyi siyasi kurs, ölkəmizin gələcək inkişafına, xalqımızın firavan həyatının təminatına yönəldilmiş sosial-iqtisadi strategiya hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu getdikcə artır, xalqın həyat səviyyəsi anbaan yaxşılaşır. Bu gün Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi qeyri-neft sektorunun inkişafına xüsusi diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz ölkə sahibkarlarının da himayədarı kimi çıxış edir. Təsadüfi deyil ki, dövlət başçısı bu yaxınlarda “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərman imzalamışdır. Şübhəsiz, Prezidentimizin belə bir vacib sənədə imza atması özəl sektorun daha da inkişaf etməsinə səbəb olacaq. Bütün bunlar biz iş adamlarını daha da ümidləndirir, ölkəmizin sosial-iqtisadi inkişafına yeni-yeni töhfələr verməyə sövq edir.

 

 

İnqilab HƏZİYEV,

Yeni Azərbaycan Partiyasının

üzvü,“100 il Qarant” MMC-nin təsisçisi

 

Xalq qəzeti.- 2010.- 6 may.- S. 6.