Yolunuzu Samuxdan salın...

 

Artıq yeni ilin dördüncü ayı da arxada qalır. Yaz günəşi hələ ki, öz hərarətini bizdən “əsirgəyir”. Tez-tez yağan yağışlar da, güclü külək, qasırğa da bizi narahat edir, qayğılarımızı artırır. Amma gəlin etiraf edək ki, bizdən daha çox kənd adamları, əkinlə-biçinlə məşğul olanlar təbiətin bu şıltaqlığından gileylidirlər. Torpaqla əlləşən, necə deyərlər, “od parçası” olsa belə təbiətin qarşısında acizdir.

 

...Bu günlərdə yolum yenə Samuxa düşmüşdü. Hər yer yaşıl örpəyə bürünüb. Adamların əhval-ruhiyyəsində də dəyişiklik çoxdur. Bu təkcə yazın gəlişi ilə deyil, rayonda yaradılmış gözəl iqlimlə, mühitlə bağlıdır. Bir vaxtlar ətrafdakılara biganə olan samuxlular indi tamam dəyişiblər. Hərə öz evinin-eşiyinin həndəvərində abadlıqla məşğuldur. Kimi ağac əkir, kimisi hasarını qaydaya salır. Bir başqası qonşusuna məsləhət verir. Hiss olunur ki, rayonda gedən müsbət proseslərə heç kim biganə deyil. O ki qaldı təbiətin şıltaqlığına, bunun da qorxusu yoxdur. Yol qırağında əlini gözünün üstünə qoyub yaz günəşinin işartısına baxan ağsaqqal bir kişi “Samuxlunun çörəyi həmişə olacaq, çünki onun indi yuxarıdan da, aşağıdan da köməyi var, umac yeri var...” - dedi.

 

40 mindən çox ağac

 

Son illər Samuxda yaşıllıqların salınmasına xüsusi fikir verilir. Bu işdə rayonun bütün müəssisə və təşkilatlarının kollektivləri, əhali yaxından, özü də böyük həvəslə iştirak edir.

Azərbaycan Respublikasında 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı rayon ərazisində yeni yaşıllıqların salınması və ağac əkilməsi işləri daha da genişləndirilmişdir. Son üç ay ərzində Samux-Yenikənd yolunda 1600 ədəd, Alıuşağı-Zazalı yolunda 800 ədəd, Qarayeri-Gəncə yolunda 2500 ədəd, Çobanabdallı-Lək yolunda 1300 ədəd, Zərkar-Gəncə yolunda 900 ədəd, Gəncə-Əhmədbəyli-Ağasıbəyli yolunda 1800 ədəd, Ziyadlı-Qovlarası yolunda 100 ədəd, Çobanabdallı-Gəncə yolunda 600 ədəd olmaqla ümumilikdə 9600 ədəd eldar şamı, çinar və digər ağaclar əkilmişdir. Bütövlükdə, 2009-cu ildə və 2010-cu ilin birinci rübündə rayon ərazisində 40000-dən çox ağac əkilmişdir.

 

“Bol məhsul götürəcəyik”

 

Yeni ilin ilk aylarından bol məhsul əldə etmək üçün bütün imkanlardan istifadə olunur. Rayon icra hakimiyyəti əkin-biçinlə, heyvandarlıqla məşğul olanlara hərtərəfli köməklik göstərir, müvafiq şərait yaradır. Neçə illərdir taxılçılıqla məşğul olan Ayaz Namazov söhbət zamanı dedi ki, ayrı-ayrı təşkilatlar, xüsusilə rayon icra hakimiyyəti onlara xüsusi qayğı göstərirlər. Müsahibim daha sonra bildirdi:

— Hiss edirik ki, rayon rəhbərliyi hər bir fermerin həyətində beş-on sot torpağı olanın da bol məhsul götürməsini arzulayır və onlara şərait yaradır. Sağ olsunlar, bunun müqabilində passiv olmağa haqqımız yoxdur. Bu il də bol məhsul götürəcəyik.

Ayaz kişinin bu sözlərində böyük həqiqət var. İndi torpağı istifadəsiz saxlamaq və ya ondan səmərəsiz istifadə etmək nə kəndliyə, nə də heç kimə fayda gətirmir.

Bu ilin ötən ayları ərzində də rayonda əkinçiliklə məşğul olanların problemlərinin həlli istiqamətində az iş görülməmişdir. Məsələn, rayon ərazisində əkinlərin suvarılması üçün 2010-cu ilin birinci rübü ərzində 72 ədəd nasos, 6 ədəd elektrik avadanlığı, güc transformatoru təmir edilmişdir. Kanallarda 38 min kubmetr lildən təmizlənmə, 21 min kubmetr sahil bərkitmə, 12 min kubmetr tənzimləmə işləri görülmüşdür. Kanallarda 9 ədəd hidrotexniki qurğu, 4 ədəd hidrotexniki postlar təmir edilmişdir.

 

Kommunal xidmətin səviyyəsi yüksəlir

 

Əhalinin elektrik enerjisi və mavi yanacağa olan tələbatı da lazımınca ödənilir. Dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2010-cu ilin I rübündə 5 ədəd müxtəlif güclü — 10/04 kv-lıq transformator əsaslı təmir edilərək istismara verilmiş, 10 kv-luq və 04 kv-lıq xətlərdə naqillər texniki istifadə qaydalarına uyğun qaydaya salınmış, 5 kilometr 10 kv-lıq xətdə köhnəlmiş naqillər yeni naqillərlə əvəz edilmişdir. 35 ədəd istismara yararsız dayaq yenisi ilə əvəz olunmuşdur.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, hazırda rayonun 35 yaşayış məntəqəsindən 25-i təbii qazla təmin olunmuşdur. Əhalinin fasiləsiz olaraq təbii qazla təmin olunması məqsədi ilə rüb ərzində qaz tənzimləyici şkaflarda və qaz xətlərində cari təmir işləri aparılaraq, onların saz vəziyyətdə saxlanılması təmin edilmişdir.

2010-cu ilin I rübünün yekunlarının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi cari ildə də rayon iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Belə ki, rüb ərzində rayonda ümumi məhsul buraxılışı 10,2 milyon manat olmuşdur ki, bu da 2009-cu ilin birinci rübündəkindən 1,1 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 82,4 faiz təşkil etmişdir. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 29,1 faiz artaraq 1,7 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 41,9 faiz artaraq 4,3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 4,8 faiz artaraq 10,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 17,2 faiz artaraq 2,8 milyon manat, əhalinin gəlirləri 1,2 faiz artaraq 10,6 milyon manat olmuşdur.

Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə hazırda rayon üzrə 879 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki, bu da 4168 nəfərin sosial müdafiəsi deməkdir. Hesabat dövründə 169 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Orta hesabla hər ailəyə 121 manat müavinət ödənilir.

Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 962 yeni iş yeri yaradılmışdır ki, onlardan da 90-ı daimi, 470-i müvəqqəti, 402-si isə mövsümidir.

İqtisadiyyatın inkişaf etdirilməsi digər sosial problemlərin həllinə böyük stimul verir. Rayonda inşa olunan hər bir obyekt, yeni açılan müəssisə adamların sosial-rifah halını yaxşılaşdırır. Bu işdən gənclər xüsusilə faydalanırlar. Məsələn, rayonda heç iki il deyil ki, şahmat məktəbi istifadəyə verilib. Artıq onun yetirmələrinin xoş sorağı uzaqlardan gəlir. Bu günlərdə daha bir şad xəbər alınıb. Məktəbin yetirməsi, Samux şəhər sakini Əli Cəfərli Avropa məktəb işləri arasında keçirilən birinciliyin qalibi olub.

Rübün əvvəlindən rayon ərazisində, xüsusilə onun mərkəzində geniş tikinti-quruculuq və abadlıq işlərinə başlanmış və bu işlər bu gün də uğurla davam etdirilir. Şəhərin giriş hissəsində Heydər Əliyev prospekti genişləşdirilmiş, burada avtomobil dayanacağı yaradılmışdır. Həmin ərazidə fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin və Gənclər evinin həyətinin kənarına hasar çəkilmiş və hasara aqlay daşından üzlük vurulmuşdur. Eyni zamanda həmin ərazidə səkilərə yeni üzlük daşları döşənmişdir. Dövlət bayrağı meydanının işıqlanma və suvarma sistemi qurulmuşdur.

Rüb ərzində rayon icra hakimiyyətinin yeni inşa edilən inzibati binasında işlər əsasən başa çatdırılmışdır. Binanın ərazisində giriş-çıxış yollarına yeni asfalt örtüyü salınmış və dekorativ ağaclar, gül kolları əkilmişdir.

Şəhərin yol şəbəkəsinin genişləndirilməsi və ağır tonnajlı yük maşınlarının şəhərin mərkəzi hissəsinə girişinin azaldılması məqsədi ilə Nəriman Nərimanov küçəsindən Yenikənd yolunu birləşdirən 2 kilometr uzunluğunda, 10 metr enində yeni yol salınmasına başlanmışdır. Yaxın günlərdə yol istifadəyə veriləcəkdir.

Rayon Polis şöbəsinin, Prokurorluğun yeni inzibati binalarının tikintisi üçün ayrılmış yerlərdə hazırlıq işlərinə başlanmışdır. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa ediləcək 36 mənzilli yaşayış binası üçün yer müəyyənləşdirilmişdir.

İlin əvvəlində əsaslı təmirinə başlanmış Çobanabdallı kənd uşaq bağçasında işlər tam başa çatdırılaraq bu günlərdə istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan bu bina müasir tələblərə cavab verən qaydada bərpa edilmişdir. Burada uşaqlar üçün bütün şərait yaradılmışdır. Bununla bərabər Samux şəhərində yeni uşaq bağçası üçün bina ayrılmış, bu binada da rekonstruksiya və bərpa işlərinə başlanmışdır. Hazırda binada və binanın həyətində işlər başa çatmaq üzrədir.

Cari ilin birinci rübü ərzində Gəncə-Samux, Gəncə-Qarayeri, Gəncə-Sərkar, Samux-Əlibayramlı, Samux-Poylu, Samux-Qarayeri yollarında da cari təmir aparılmış, yolların kənarında abadlıq işləri həyata keçirilmişdir. Bununla bərabər Qarayeri qəsəbəsində 8, Ziyadlı kəndində 4, Zazalı və Tatlı kəndlərində isə 5 küçənin cari təmir və hamarlanma işləri aparılmışdır.

Rayonun Lək kəndi ərazisində inşa edilən 500/300 kv-lıq yarımstansiyanın tikintisində isə işlər başa çatmaq üzrədir. Gücünə görə respublikamızda ikinci böyük yarımstansiya olan bu obyekt nəinki regionun və qərb bölgəsinin, eyni zamanda qardaş Türkiyənin də enerji təchizatında mühüm rol oynayacaqdır.

Bu il rayonda 9717 hektar sahədə payızlıq taxıl səpilmişdir ki, ondan 5835 hektar buğda, 3488 hektar arpa, 396 hektar isə xəsil arpasıdır. Göstərilən tarixə 1536 hektar sahədə yazlıq bitkilər, o cümlədən 312 hektar çoxillik otlar, 243 hektar kartof, 425 hektar tərəvəz, 107 hektarda yazlıq arpa, 422 hektarda günəbaxan səpilmişdir. 2010-cu ilin 1 aprel tarixinə rayonda iri buynuzlu mal-qaranın sayı 19664 baş, qoyun və keçilərin sayı 162972 baş olmuşdur. Hesabat dövründə ət istehsalı (diri çəkidə) 773 ton, süd istehsalı 3378 ton və yumurta istehsalı 1,2 milyon ədəd olmuşdur.

Rayonda üzümçülüyün və meyvəçiliyin inkişafına da xüsusi diqqət yetirilir. Rüb ərzində Poylu və Qarabağlı kəndlərində 150 hektar sahədə plantaj şumu aparılmış və 57 hektar üzüm, 20 hektar meyvə bağı salınmışdır.

 

Qarşıda çox işlər var...

 

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev əldə olunan uğurlardan arxayınlaşan adam deyil. O daim kənd və qəsəbələrdə olur, əhalinin müxtəlif təbəqələri ilə görüşür, problemlərlə maraqlanır, çox zaman konkret köməkliyi elə yerindəcə göstərir. V.Hacıyev söhbət zamanı dedi:

— Görülmüş işlərlə yanaşı qarşımızda yerinə yetiriləsi daha böyük vəzifələr durur. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin dərin məzmunlu nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək hər birimizin borcudur. Odur ki, 2010-cu ildə rayonumuzda daha böyük abadlıq-quruculuq işləri aparmalıyıq. Rayonda bir neçə məktəb binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının, yeni inzibati binaların inşa edilməsi, hazırda tikintisi davam etdirilən inzibati binaların tikintisinin başa çatdırılması, bir neçə məktəbin əsaslı təmir edilməsi, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin yaradılması, kəndlərarası və daxili yolların yenidən qurulması qarşıda duran ən vacib məsələlərdəndir. Bir sözlə, 2010-cu ildə rayonda daha böyük layihələr həyata keçiriləcəkdir.

... Samux haqqında, burada gedən böyük abadlıq, quruculuq işləri haqqında vaxtaşırı yazmışıq, təəssüratlarımızı oxucularla bölüşdürmüşük. Amma bütün bunlara baxmayaraq Samuxun bu günkü ab-havasını görmək üçün Kür qırağına baş çəkmək lazımdır. Onda görəcəksiniz ki, yazdıqlarımız bu işlərin çox cüzi hissəsidir. Məsləhət bilirik ki, yolunuzu Samuxdan salın.

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 6 may.- S. 6.