Alman faşizmi üzərində Böyük Qələbədən 65 il ötür

 

“Biz amansız döyüşlərə sinə gərdik, faşizmi məğlub etdik...”

 

“Müharibə rəşadət deyil, insanın insan tərəfindən qətlidir, zülmüdür. Müharibə baxışları gözlərdə, gülüşləri dodaqlarda dondurur. Ana-ataların belləri erkən bükülür. Lənət olsun müharibə törədənlərə!” Məşhur fransız yazıçısı, hərbçi, İkinci Dünya müharibəsi iştirakçısı Antuan de Sent Ekzüperi “Hərbi təyyarəçi” əsərində insanlara fəlakətlər gətirən müharibələri belə lənətləyirdi.

 

1941-ci ilin iyulun 22-də sovetlər birliyi dönəmində Böyük Vətən müharibəsi adlandırılan İkinci Cahan savaşına səfərbər ediləndə cərrah Abbas Nəsirovun 28 yaşı var idi. 1913-cü ildə Azərbaycanın əzəli və əbədi torpağı olan qədim İrəvan şəhərində əsil-nəcabətli bir ailədə doğulmuşdu. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib bir neçə il Gədəbəydə həkim işləmişdi, aspiranturaya daxil olsa da, müharibənin başlanması ona arzularını həyata keçirməyə macal verməmişdi. Beş bacının təkcə qardaşı, ailənin yeganə ümidi və pənahı idi. Gün-güzaranı onsuz da ağır olan Nəsirovlar ailəsi Abbası cəbhəyə yola salanda dolanacaq dərdində deyildi, onun sağ-salamat evlərinə dönməsi arzusundaydılar. Beş bacı hər gecə Abbas üçün göz yaşı töksələr də, bunu bir-birlərindən gizlədər, xəyallarında qardaşlarına adaxlı axtarar, toy edib, gəlin gətirərdilər...

Abbas isə müharibəyə səfərbər olunan gündən 416-cı Taqanroq diviziyasının tərkibində səngərlərin arxasınca hərbi-səhra çadırlarında minlərlə yaralını ölümün pəncəsindən qopararaq Mozdokdan Berlinədək şərəfli bir döyüş yolu keçirdi.

Bacısı, 82 yaşlı, 55 il Neft Akademiyasında müəllim işləmiş Ədibə xanım Nəsirova həmin acı, üzüntülü günləri xatırlayanda bu gün də kövrələ-kövrələ danışır. Deyir ki, evimizin istəklisi, yeganə qardaşımız Abbas müharibəyə yollananda mənim 15 yaşım var idi. 5 il 5 bacı hərəmiz öz içimizdə və hamımız birlikdə onun yolunu gözlədik. Çox təvazökar və nikbin insan idi. Bütün məktublarında bizi ruhlandırmağa, sevindirməyə çalışardı. Yazardı ki, fikir eləməyin, müharibəni mütləq udacağıq və mən də sizin yanınıza sağ-salamat “Qələbə” xəbəri ilə qayıdacağam, məni gözləyin. “Biz onsuz da əzab çəkirdik, Abbas müharibədən dönənədək fikirdən üzülürdük. Böyük Qələbədən, cəbhəyə getdiyi gündən düz 5 il sonra, 1945-ci ilin iyul ayında yola saldığımız vağzalda onu qarşımızda görsək də, yenə də ağlayırdıq. Sağ-salamat idi, sinəsi orden-medallarla dolu idi, lakin biz onun yolunu gözləməkdən yorulan insanlar kimi həqiqətə inana bilmirdik, sevincdənmi, kədərdənmi, qürur hissindənmi bilmirəm, amma, ağlayırdıq...

Zarafat deyildi, müharibə başlanandan ta qurtarana kimi yaralanmış əsgər və zabitlərin xilası üçün səngərlərə atılmaq, hərbi-səhra çadırlarında minlərlə yaralının üzərində cərrahiyyə əməliyyatı aparmaq, onu həyata qaytarmaq, sonra da odlu döyüşlərdən sağ-salamat çıxıb doğma ocağa qayıtmaq... Əlbəttə, buna inanmaq çox çətin idi. Çünki müharibədən salamat qayıtmaq da hər kəsə nəsib olan səadət deyildi. Müharibə haqqında təsəvvürlər həmişə döyüşən ordu ilə bağlı olub. Amma bircə anlığa gözlərimizin önünə döyüşdən yaralıları çadıra daşıyan maşınları gətirək. Tankların, topların uğultusu, haray, fəryad səsləri... Qardaşım danışardı ki, amansız döyüşlər müharibənin adi xarakterik cəhətlərindəndir. Bu səhnələrə gözlərimiz filmlərdən, şəkillərdən öyrəşib. Lakin müharibənin görünməyən tərəfləri var. Məsələn, cərrah çadırından ağır yaralıların kəsilib, amputasiya edilmiş əl-ayaqlarını vedrələrlə daşıyıb basdırmağa aparan şəfqət bacılarının gözlərindəki vahiməni görmək kifayət edər ki, insan müharibənin sözlə ifadəsi tapılmayan dəhşətlərini içindən keçirmiş olsun...”

Ədibə xanım qardaşı haqqında xatirələrini çözdükcə ötən 65 ilin fərqində deyildi sanki. Elə bil indi qarşılayırdı qardaşını, dodaqları həyəcandan xəfifcə titrəyirdi, gözlərinin mirvari sapı qırılmışdı sanki. Hərdən də elə bil Abbasın zabit geyiminin sinəsini bəzəyən orden-medallarını indi görürmüş kimi qürurlanırdı qardaşından.

1941-45-ci illər Vətən müharibəsinin Böyük Qələbəsində respublikamızdan təkcə Bakı nefti deyil, 416-cı Taqanroq diviziyasının döyüşən əsgərləri, 300 minə yaxın şəhidlərimiz, bir də arxa cəbhənin fədakar zəhmətkeşlərinin böyük əməyi vardır. Daha doğrusu, azərbaycanlılardan ibarət 416-cı diviziya Qələbə uğrunda heç nəyini əsirgəmirdi. Həmin günlərdə Abbas Nəsirov Taqanroq diviziyasının apardığı döyüşlərdə göstərdiyi şücaətə görə “Qırmızı Bayraq”, “Suvorov”, iki dəfə “Qırmızı Ulduz”, “II dərəcəli Vətən müharibəsi”, “Döyüş xidmətlərinə görə” ordenləri və Varşavanın, Praqanın, Berlinin alınmasına görə və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunduğunu deyir, Ədibə xanım. Deyir ki, ölümün cəngindən xilas etdiyi, yenidən həyata qaytardığı döyüşçülərimizin sayı-hesabı yox idi. Qardaşım tez-tez məktublarında Azərbaycanlı gənc şəfqət bacılarının əsl qəhrəmanlıqlarından yazardı. Məsələn, hərbi şəfqət bacısı Səkinə Şəfiyeva yalnız bir döyüşdən yüzə yaxın yaralı əsgəri çıxara bilmişdi.

“–Təsəvvür edin ki, qardaşım müharibədə cərrahiyyə masasında eyni zamanda bir neçə əməliyyat aparıb. Yaralılar çox olduğundan səngərdə, bəzənsə yük maşınının arxasında yaralılara yardım göstərib. Bunu kim edə bilərdi? O isə bacarıb, bəlkə də zaman belə sərt olub, vəziyyət bunu tələb edib, gecəsi-gündüzü olmayıb” – deyə, Ədibə xanım Abbas Nəsirovun qeyri-adi həkim olduğunu deyir.

Atasının müharibə xatirələrini diqqətlə dinləyən Azər Nəsirov da bibisinin söhbətinə qoşulur: “Atamı daim yorğun bir insan kimi xatırlayıram. O evdə müharibədən ümumiyyətlə danışmazdı. Xoşlamırdı bu mövzunu. Bircə biz sorğu-suala tutanda, yox demirdi. Dünyasını dəyişəndə 6-7 yaşlarında uşaq idim. Bu yaxınlarda o, müharibədəki hərbi zabit geyimində yenə yuxuma girmişdi. 40 ildir ki, biz beləcə yuxularda görüşürük. Gətirdim özünün mayor paqonlarını verdim, gülümsündü... Necə yuxudursa, hələ də yoza bilmirəm. Müharibədən sonra da nə təbiətini, nə də ki, vərdişlərini dəyişmişdi. Təmənnasız bir insan idi, dünyasını dəyişəndə evdə demək olar ki, heç nəyimiz yox idi. Ən böyük sərvətimiz onun döyüş rəşadəti, yaşadığı şərəfli ömür və bir də bu gün də yadigar kimi qoruyub saxladığımız orden və medallarıdır ...

Böyük Qələbədən sonra Abbas həkim Bakıda yenə ağ xalatını geyinərək 1955-ci ildə elmi işini müdafiə edir. Bakının müxtəlif xəstəxanalarında fəaliyyətini davam etdirib həkim-onkoloq kimi məşhurlaşır, doktorluq dissertasiyası üzərində işləyir. 1966-cı ilin 20 iyununda dövlət onun əmək fəaliyyətini yüksək dəyərləndirir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Abbas Nəsirov “Respublika əhalisinin tibbi xidmət sahəsində misilsiz xidmətlərinə görə” Azərbaycanın əməkdar həkimi fəxri adına layiq görülür.

“Abbas dayı ( mən ona sağlığında belə müraciət edərdim) həm döyüş cəbhəsindəki, həm də səhiyyəmizdəki təltifləri ilə əsilzadələrdən olan Nəsirovlar nəslini şərəfləndirirdi. Hələ müharibə dövründə “Pravda” qəzeti “Qızıl skalper” sərlövhəli məqaləsində Abbasın hərbi həkim kimi məharətindən, cəsurluğundan yazırdı. Abbas Nəsirovun həkim olmasında bilavasitə mərhum akademik, siyasi-ictimai xadim Əziz Əliyevin rolu olmuşdu. 1918-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım və deportasiya başlananda Abbas bacıları ilə birlikdə Bakıya Ceyran bibisinin və Qulam əmisinin yanına gəlmişdilər. Həmin vaxtdan da onların təhsili və tərbiyəsi ilə o zaman cəbhə üçün hərbi paltarlar tikən Əli Bayramov adına fabrikin direktoru işləyən Ceyran Nəsirova, onun bacısı – mənim anam, həkim Qeys xanım Nəsirova, əmisi, siyasi-ictimai fəaliyyətinə görə repressiya olunmuş Qulam Nəsirov, Azərbaycanın sovet dövrü ilk prokurorlarından olan dayısı Əli Mustafazadə kimi şəxsiyyətlər məşğul olmuşdu. Məhz nəcabətli nəsil ənənəsindən doğan bir hal idi ki, bu ailələrdə mehribanlıq, ləyaqət, sədaqət, hər bir işə vicdanlı münasibət, zəhmətsevərlik, ən ümdəsi yurda və həmvətənlərə məhəbbət vardı. Bacılarının bütün qayğılarını Abbas çəkirdi. Onların ali təhsil almasının, köçürülməsinin bütün möhləti onun üstündə idi. Bacılarının–Lətifənin kimyaçı, Rozanın farmaseft həkim, Şəfiqənin ginekoloq həkim, Ədibənin müəllim, kiçik bacısı Turqayın göz həkimi kimi formalaşmasında Abbas Nəsirovun maddi-mənəvi sərmayəsi, zəhmi vardı. Özü çox gec evlənmişdi. Övladlarına da birinci növbədə ləyaqətli, təmiz, savadlı və vicdanlı olmağı tövsiyə edirdi. Elə atalarının yolunu davam etdirərək oğlu Azər və qızı Sevda insanlara şəfqət və şəfa verməyi, həkimlik peşəsini seçdilər. Azər Təcili Yardım Stansiyasında, Sevda isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında həkimdirlər. Abbas Nəsirov son dərəcə ciddi, işinə məsuliyyətli, yüksək intellekt sahibi, təmiz bir insan idi. Təsadüfi deyil ki, Azərbaycanda onkologiya məktəbinin yaranmasında onun böyük xidmətləri olmuşdur. Bütün həyatını insanların sağlamlığına həsr edən Abbasın şərəfli ömrü zəngin xəzinədir,” – deyə, Abbas Nəsirovun bibisi qızı, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə qəhrəmanımızın yüksək insani keyfiyyətlərini təqdir edir və ona bugünədək insanların tükənməz sevgisini böyük mükafat sayır .

Bəzənsə taleyin qəribə oyunları, ironiyası olur. 5 il ağır döyüşlərdə ölümə can verməyən paytaxtımızın baş onkoloqu, bu sahənin məşhur mütəxəssisi Abbas Nəsirov naşı bir cərrahın səhvi ucbatından 1969-cu ildə gözlərini işıqlı dünyaya əbədi qapayır.

Qarşımda Abbas həkimin bir şəkli var. Qürurlu və qalib hərbi zabit görünüşlü əksin arxasına bu sözlər həkk olunmuşdur: “Sizə şəklimi Berlindən göndərirəm. Biz amansız döyüşlərə sinə gərdik, faşizmi məğlub etdik. Qürurlanın və bayram edin ki, biz qalibik!” Düz 65 il bundan öncə qara mürəkkəblə yazılmış bu sözlərin arxasında sovet insanı olan bir azərbaycanlının yüksək vətənpərvərlik hissləri durur. Bu hisslər ki, indi müharibəyə sürükləndiyimiz bir dövrdə gənclərimizə örnək kimi çox gərəkdir. Faşizm üzərində Böyük Qələbə əslində bütün tərəqqipərvər bəşəriyyətin arzusu idi. Bu günsə dünyanın bir çox ölkələrinə xərçəng kimi rişələnən, öz sələfindən bəhrələnib quduzlaşan erməni faşizminin də burnu axır ki, ovulacaq. Çünki erməni faşizmini çökdürəcək mərd qəhrəmanlarımız dünən də, bu gün də var, sabah da olacaq...

Böyük Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycan xalqının layiqli oğul və qızlarının parlaq xatirəsi heç vaxt ürəklərdən silinməyəcək. Çünki onların qəhrəmanlığı Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Ziya Bünyadov... və Abbas Nəsirov kimi mərdlik və cəsurluq simvolu olan bir nümunədir...

 

 

Mirvari ƏZİZQIZI,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2010.- 6 may.- S. 5.