Ulu öndərin ad gününə həsr edilmiş
konfrans
Azərbaycan Texniki Universitetində ulu öndər Heydər
Əliyevin ad gününə həsr olunmuş tələbə
elmi-texniki konfransı keçirildi. Konfransı giriş
sözü ilə açan Azərbaycan Texniki Universitetinin
rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov
bildirdi ki, gənclərin bu konfransının ulu öndərin
ad günü ərəfəsində keçirilməsi təsadüfi
deyil. Ulu öndər Azərbaycan gənclərinin
böyük himayədarı idi və bu böyük tarixi
şəxsiyyət gəncləri Azərbaycanın gələcək
qurucuları adlandırırdı.
Havar müəllim öz
çıxışında Heydər Əliyevin həyatının
mühüm məqamlarına diqqəti yönəltdi. O,
bildirdi ki, ümummilli lider Heydər Əliyev dünyanın
tanınmış şəxsiyyətləri içərisində
sayılan, seçilən, xüsusi yeri olan, xalqını
böyük xalqların, dövlətini böyük dövlətlərin
cərgəsinə çıxaran müdrik dövlət
xadimi idi. O, ölkə həyatının bütün sahələrində
quruculuğun, islahatların banisi olmuşdur.
İqtisadiyyatımızın yenidən qurulması, kənd təsərrüfatının
dirçəldilməsi, peşəkar ordunun yaranması, səhiyyə,
elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin
tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı
ilə bağlıdır. Natiq vurğuladı ki, hakimiyyətdə
olduğu illərdə xalqımız üçün
gördüyü titanik işlərin ayrı-ayrılıqda
hamısını sadalamaq qeyri-mümkündür. Ulu öndər
əzmkar, mətanətli, uzaqgörən lider olmuş,
xalqın qəlbində özünə əbədi abidə
ucaltmışdır.
Ulu öndərin
işıqlı dühası Azərbaycanı hələ
sovetlər dövründə qabaqcıl respublikalar
sırasına çıxardı. O dövrdə Azərbaycanda
250-dən çox zavod, fabrik, istehsal sexləri, iri qəsəbələr,
mikrorayonlar, mehmanxanalar, metro stansiyaları və toxuculuq
kombinatları tikilib istifadəyə verildi.
İqtisadiyatımızın yüksəlməsi ilə
yanaşı, təhsilimizin də inkişafında yeni
dövr başlandı. Hələ sovetlər dövründə
Azərbaycanın gələcək müstəqilliyini
düşünən uzaqgörən lider gənclərimizin
SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində
oxumaları üçün şərait yaratdı. O
dövrdə Moskvanın, Sankt-Peterburqun və digər şəhərlərin
ali təhsil ocaqlarında yüksək ixtisaslı kadr kimi
yetişən gənclərimiz bu gün müstəqil Azərbaycanımızın
qüdrətlənməsinə xidmət göstərirlər.
Natiq sözünə davam edərək
belə bir fakta diqqət yönəltdi. O, bildirdi ki,
1970—1980-ci illərdə Azərbaycan ali təhsil müəssisələrinin
sayı 1960-cı illə müqayisədə 12-dən 17-yə,
təhsil alanların sayı 70 mindən 100 minə
çatmışdır. Bu illər ümumiyyətlə, təhsilimizin
inkişafı üçün əhəmiyyətli bir
dövr olmuşdur. Biz bunu minnətdarlıq hissi ilə
xatırlayırıq. Bu nailiyyətlərdən biri də Azərbaycan
Texniki Universiteti ilə bağlıdır. Heydər Əliyevin
həm sovetlər dönəmində, həm də müstəqillik
illərində rəhbərlikdə olduğu dövrdə
universitetimizin maddi-texniki bazası möhkəmlənmiş,
yeni laboratoriyalar yaradılmış, müasir tələblər
səviyyəsinə çatdırılmışdır.
Bu gün gənclərin
konfransıdır. Ulu öndər gənclərin yaxın
dostu, onların əsl himayədarı idi. Heç təsadüfi
deyil ki, 29 iyul 1999-cu ildə Heydər Əliyev “Dövlət gənclər
siyasəti haqqında” fərman imzalamışdır. “Azərbaycan
Respublikasında dövlət gənclər siyasətinin həyata
keçirilməsi ilə bağlı tədbirlər planı”
da təsdiq olunmuşdur. 2 fevralın Azərbaycanda Gənclər
Günü elan edilməsi də ulu öndərin adı ilə
bağlıdır. Gənclərin təhsili, yüksək vətənpərvərlik
ruhunda tərbiyəsi isə ulu öndərin həmişə
diqqət mərkəzində olmuşdur.
Bu gün Heydər Əliyevin
uzaqgörən müdrik siyasəti cənab Prezidentimiz
İlham Əliyev tərəfindən ləyaqətlə davam
etdirilir. Gənclərə göstərilən qayğı
ildən-ilə artır, istedadlı gənclər Prezident təqaüdü
alır, tələbə gənclərin təhsil alması,
onların sosial vəziyyətinin
yaxşılaşdırılması üçün
mühüm tədbirlər həyata keçirilir. Cənab
Prezident Azərbaycan gənclərinin xaricdə təhsil
almaları üçün xüsusi sərəncam
imzalamışdır. Ali təhsilin ölkədə
inkişafını təmin etmək üçün Dövlət
Proqramı qəbul olunmuşdur. Bütün bunlar ulu öndərin
ölməz ideyalarının real nəticələridir.
Havar müəllim tələbə
gənclərin Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr
olunmuş 53-cü tələbə elmi-texniki
konfransının işinə uğurlar arzuladı.
Sonra universitetin dosenti
S.Qasımovun elmi rəhbərliyi ilə tələbə
İsgəndər Cəfərlinin hazırladığı
“Heydər Əliyevin Azərbaycanda təhsilin və dilin
inkişafına qayğısı”, dosent A.Ş.Süleymanovun
elmi rəhbərliyi ilə tələbələrdən Tural Əkbərli
və Nigar Nazirovanın hazırladıqları “Universitet
portalının proqram və informasiya resurslarının
yaradılması” mövzusunda məruzələr dinlənildi.
Konfrans öz işini
ayrı-ayrı bölmələrdə davam etdirdi. “Avtomatika və
kompyuter texnikası”, “Radiotexnika və rabitə”, “Elektronika və
energetika”, “Metallurgiya”, “Texnoloji maşınlar”, “Nəqliyyat”,
“Maşınqayırma”, “Mühəndis biznesi və menecment”,
“Təbiət və fundamental elmlər”, “Dillər” və
“İctimai elmlər” bölmələri üzrə iclaslar
davam etdiriləcək.
Konfransda Milli Məclisin
deputatı Fuad Muradov, AMEA- nın birinci vitse-prezidenti Arif
Haşımov çıxış etdilər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 6 may.- S. 4.