Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin banisidir

 

Müasir dövr qloballaşma proseslərinin sürətlənməsi, dövlətlərarası inteqrativ əlaqələrin genişlənməsi və ayrı-ayrı ölkələrdə bu və ya digər dərəcədə iqtisadi böhranın baş verməsi ilə xarakterizə olunur. Müşahidələr göstərir ki, ayrı-ayrı milli təsərrüfatların beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyi və bu təsərrüfatların vahid dünya iqtisadi orqanizmi şəklində formalaşdığı bir dövrdə zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqillıyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Təcavüzə məruz qalmış Azərbaycan Respublikasında isə bu daha da çətin idi. Müstəqilliyin ilk illərinə nəzər saldıqda aydın olur ki, ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, real olaraq onun ərazi bütövlüyünə qəsd edilmiş və üstəlik, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

 

Bu vəziyyəti SSRİ-nin dağılmasından sonrakı iqtisadi çətinliklər daha da ağırlaşdırmış, xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bir tərəfdən, istehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, digər tərəfdən strateji məhsullar blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Sanki ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, gündəlik tələbat mallarının istehsalı təhlükəli dərəcədə azalmışdı. Hətta elə vaxt olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi. Ona görə də dövlət orqanlarının bütün gücü həmin unun Bakıya vaxtında çatdırılmasına yönəldilirdi. Bəzi məsuliyyətsiz vəzifəli şəxslər isə bu çətinlikdən ciblərini doldurmaq üçün istifadə edir, öz maraqlarını milli və dövlətçilik maraqlarından üstün tuturdular. Ölkə xarici yardımlardan asılı vəziyyətə düşmüşdü. 1992-ci ilin qışında Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin verdiyi 300 min ton əvəzsiz un və taxıl yardımı buna misal ola bilər. Məhz belə bir sosial-iqtisadi və siyasi çətinliklər dövründə Azərbaycan dövlətinin və xalqının əsl xilaskarı 1993-cü ildə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev olmuşdur.

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə,hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi kimi dəyərli qiymətini almışdır. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.

Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli ümummilli lider Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Konstitusiyanın qəbulu ilə bütün dünyaya bir daha bəyan edildi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur; insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Müstəqillik əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, suveren sosial-iqtisadi inkişafın müvəffəqiyyəti, ilk növbədə, iqtisadi müstəqilliyin təmin olunmasından və köhnə iqtisadi sistemin düşünülmüş şəkildə yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də Konstitusiyada birmənalı şəkildə təsbit edilmişdir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına malikdir; Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir; Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bunlar əsasında Azərbaycan dövləti xalqın və hər hansı bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Təbii ki, Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır, əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək məqsədilə liberallaşdırılma istiqamətində radikal addımların atılması bazar iqtisadiyyatı münasibətlərindən doğan bir zərurət idi. Məhz bu baxımdan 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanmış və açıq qapı siyasətinə uyğun olaraq müvafiq sahələrdə liberallaşdırma tədbirləri önə çəkilmişdir. Bütün bunlar isə öz növbəsində qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzıbati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda (1995-1996-cı illər) ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Əgər 1994-cü ildə inflyasiya tempi 1800%-ə, manatın ABŞ dollarına nisbətən dəyərsizləşməsi 1200%-ə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət əsaslı dəyişməyə başlamış və həmin göstəricilər uyğun olaraq 84, 6% və 3, 6% olmuşdur. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya 6, 8%-ə enmiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi 8% möhkəmlənmişdir. 1997-ci ildə inflyasıya tempi minimuma enərək cəmi 0, 4% təşkil etmiş, manatın dəyəri isə 5,1% möhkəmlənmişdir. Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş maliyyə böhranına baxmayaraq 1998-ci ildə də qorunub saxlanılmış, 7,6% səviyyəsində deflyasiya baş vermiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdır.

1995-96-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edərək 1997-1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mürəkkəb mərhələsinə - struktur islahatlar mərhələsinə başlandı. Xüsusi dövlət proqramına uyğun olaraq ölkədə genişmiqyaslı özəlləşdirməyə başlanmış, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparılmış, yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində radikal addımlar atılmışdır.

İqtisadi islahatların mühüm istiqamətləri kimi ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşmiş və demək olar ki, kiçik özəlləşdirmə başa çatmışdır. 1997-ci ildən başlayaraq özəlləşdirmədə həlledici mərhələ olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlanmışdır. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisələri səhmdar cəmiyyətlərə çevrilmişdir.

Beləliklə, ölkədə makromaliyyə sabitliyinin təmin edilməsinin, bazar münasibətlərinin formalaşdırılmasının əsas şərti olan iqtisadiyyatın idarə olunmasının bütün istiqamətlərdə liberallaşdırılmasının, bazar iqtisadiyyatının bütün atributlarının yetişməsinə iqtisadi və hüquqi islahatlar aparılması yolu ilə zəruri mühitin yaradılmasının və əsaslı struktur islahatlarının aparılmasının məntiqi nəticəsi olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül dayandırıldı və ümumi daxili məhsulun həcminin aşağı düşməsinin qarşısı alındı.

Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi sayəsində Azərbaycanın dinamik inkişafının təməli sayılan beynəlxalq müqavilə – “Əsrin müqaviləsi” imzalandı. Bununla da yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclısi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır ki, bunun da 60 %-dən çoxu (6,1 milyard dollar) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə, təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər.

“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə, “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdırilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir”.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət başçısı möhtərəm Heydər Əliyev hələ 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönümlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Bütün bunlarla yanaşı, ölkə rəhbərliyi, çox düzgün olaraq geniş çeşidli təbii-iqtisadi resurslarla zəngin olan Azərbaycan Respublikasının təkcə neft ölkəsi kimi tanınması ilə razılaşmır, milli istehsalın beynəlxalq bazara çıxarılması üçün mütəmadi tədbirlər görürdülər. Ümummilli lıderin özünün də dəfələrlə qeyd etdiyi kimi, yalnız bu halda hər bir ölkə öz sərvətlərinin müstəqil sahibi olduğunu sübut edə bilər. Məhz bu baxımdan da iqtisadi islahatların daha da dərinləşməsi prosesində xarici ticarətin və xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, xarici ticarət mexanizminin təkmilləşdirilməsi, xaricə məhsul satışında müəssisələrin fəaliyyətinin sərbəstləşdirilməsi respublikanın valyuta ehtiyatlarının və ixracat potensialının artırılmasında onların marağının gücləndirilməsi iqtisadi sahədə dövlət siyasətinin əsas xəttini təşkil etməyə başladı.

Qeyd etmək lazımdır ki, müstəqillik əldə edildikdən sonra xarici iqtisadi, o cümlədən ticarət siyasətinin formalaşması və inkişafı, respublikamız üçün tamamilə yeni olan bu sahədə həyata keçirilən islahatlar bazar islahatlarının mühüm və ayrılmaz tərkib hissəsıni təşkil edirdi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində hələ islahatların start mərhələsində xarici iqtisadi, ticarət və valyuta əməliyyatları üzərində mövcud olan dövlət inhisarı ləğv edilmişdir. Nəticədə müasir mərhələdə xarici ticarət əlaqələrinin böyük əksəriyyəti qeyri-dövlət sektoruna məxsus olan subyektlər tərəfindən aparılır. İxrac-idxal və valyuta əməliyyatları üzərində mövcud olan hərtərəfli dövlət nəzarəti xarici iqtisadi münasibətlərin dövlət tənzimlənməsi sistemi ilə əvəz edilmiş, tənzimləmə sistemində xarici iqtisadi fəaliyyət göstərən müəssisə və firmaların böyük sərbəstliyi təmin edilmişdir.

Azərbaycanda müstəqil dövlət quruculuğu, onun bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçirilməsi və ölkəmizin beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvünə çevrilməsi respublikamızda xarici ticarətin tənzimlənməsi sistemi qarşısında da, təbii ki, olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu. Xarici ticarət siyasəti hər şeydən əvvəl, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının öz təbii sərvətləri üzərində suverenliyi prinsiplərini reallaşdırmağa xidmət edir. Bu məqsədlə xarici ticarət siyasəti ölkəmizin beynəlxalq iqtisadi və maliyyə mühitinə cəlb edilməsi və inkişaf etmiş ölkələrin bazar strukturuna yaxınlaşdırılmasını, onun sərbəst və müstəqil xarici iqtisadi fəaliyyətinin həyata keçirilməsində və tənzimlənməsində müstəsna hüququnu təmin etməli, daxili və xarici iqtisadi sahibkarlığın azadlığı prinsipinə əsaslanmalı, təsərrüfat subyektləri arasında ayrı-seçkiliyə yol vermədən onların hüquq bərabərliyi fəaliyyətinə nail olmalı və qanunun aliliyini təmin etməlidir.

“Hər şeyi kadrlar həll edir” prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hal-hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 1960-70-ci illərdə məhz Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin qayğısı sayəsində dünyanın aparıcı universitetlərində dərin biliyə, geniş dünya görüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır.

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, xalqı və dövləti idarəetməyə qadir olan gənc lideri – İlham Əliyevi yetişdirdi. Məhz ulu öndərin uzaqgörənliyi sayəsində bu gün ölkə Prezidenti cənab İlham Əliyev öz komandası ilə Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında dövlət idarəçiliyində çalışan kadrların hər birinin öz xidmətləri və məsuliyyəti vardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, belə idarəetməni və onu həyata keçirmək üçün komandanı, təbii ki, yalnız dahi Heydər Əliyev məktəbini keçmiş, ondan tərbiyə almış və zəngin idarəetmə qabiliyyətinə malik olan möhtərəm İlham Əliyev formalaşdıra bilərdi.

Hazırda isə dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Bütün bunları 2003-2008-ci illərin statistik göstəriciləri də təsdiq edir. Belə ki, möhtərəm İlham Əliyevin ilk prezidentlik dövrünü əhatə edən 2003-2008-ci illərin yekununun statistik mənzərədən başqa, simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz layihə və dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Belə ki, 2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata çatmışdır ki, bu da müqayisəli qiymətlərlə 2,7 dəfə artım deməkdir. İqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayan uğurlu fiskal siyasətin həyata keçirilməsi nəticəsində ötən beş il ərzində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 7,7 faiz artmışdır. Bu illər ərzində ölkədə vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun nəticəsində də xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır. Son 5 ildə əhalinin sosial rifahını xarakterizə edən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmişdir. Belə ki, 2003-2008-ci illərdə orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.

Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, bütün dünyanı bürüyən böhran Azərbaycanda inkişaf dinamikasına ciddi təsir etməmiş və müvafiq artımlar dinamik olaraq davam etməkdədir. Dünyanın nəhəng transmilli kompaniyalarında həyata keçirilən kütləvi ixtısarlar, inkişaf etmiş dövlətlərin aparıcı firmalarının fəaliyyətini dayandırması və ya məhdudlaşdırması, beynəlxalq maliyyə təşkilatları tərəfindən reallaşdırılan bəzi layihələrin təxirə salınması və s. kimi çoxsaylı faktlar, doğurdan da son illəri böhran dövrü kimi xarakterizə etməyə tam əsas verir. Bütün bunlara rəğmən istər 2008-ci, istərsə də 2009-cu illər Azərbaycan Respublikası, milli iqtisadiyyatımız üçün nəzərəçarpacaq uğurlarla başa çatmış, ölkə iqtisadiyyatının böhran “küləyindən” məharətlə qorunması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, aparıcı dünya universitetlərinin iqtisadçı alimlərini təəccübləndirmişdir. Artıq bu alimlər və təşkilatlar Azərbaycan Respublikasının iqtisadi inkişaf modelini öyrənmək və digər ölkələrdə də tətbiq etmək istiqamətində müəyyən işlər görürlər. Əlbəttə, bütün bunlar, hörmətli akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, azərbaycanlı alimlər qarşısında da mühüm vəzifələr yaradır. İlk növbədə ölkəmizin iqtisadi inkişaf modeli, bu modelin formalaşdırılması “alqoritmi”, səciyyəvi xüsusiyyətləri, gələcək təkmilləşdirmə imkanları və s. ətraflı şəkildə araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və dünyaya təqdim edilməlidir.

Azərbaycan Respublikasının müstəqillik tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda hazırkı inkişaf modelini, tərəddüdsüz olaraq - HEYDƏR ƏLİYEV MODELİ adlandırmaq olar. Ona görə ki, əldə edilən bütün uğurlarımızın başlıca səbəbi xalqımızın dahi oğlu, ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bir dövrə təsadüf edir və bütün uğurlar, məhz bu unudulmaz insanın əvəzsiz zəhməti və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir. Bu gün isə inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan Respublikası müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar və analoqu olmayan iqtisadi uğurlar ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq ana vətənimiz Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş ölkə iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək, zəif və xaotik dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, eləcə də vahid məqsədə xidmət etməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə də ana vətənə, heç kəsə nəsib olmayan, uzunmüddətli məharətlə başçılıq etdiyinə görə hələ uzun illər öncədən qədirbilən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyənləşdirdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurlarımızın əsasını təşkil edir.

 

 

İSA ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor AQİL ƏSƏDOV, İqtisadiyyat

İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 6 may.- S. 3.