Cəsur döyüşçü
Alman faşizmi üzərində Qələbədən
65 il ötür
İkinci Cahan savaşında faşizm üzərində
böyük itkilər hesabına əldə olunan möhtəşəm
Qələbədə on minlərlə azərbaycanlı igid əsgər
və zabitlərin də danılmaz xidmətləri
olmuşdur. Müharibədə qeyri-adi qəhrəmanlıqlar
göstərənlərdən biri də azərbaycanlı
zabit Əli Həşimov idi.
Həyatda çox təvazökar
insan olan Ə.Həşimovun şücaətləri barədə
Azərbaycanda təəssüf ki, indinin özündə də
az adamın məlumatı var. Amma onu müharibənin
“adsız” qəhrəmanlarından adlandırmaq da
düzgün olmaz. Belə ki, həmyerlimiz barədə bir
vaxtlar Rusiya mətbuatında geniş bəhs edilib. Hələ
1944-cü ildə görkəmli yazıcı-publisist İlya
Erenburq məşhur 107-ci atıcı diviziyasının kəşfiyyat
rəisi Əli Həşimovun başçılıq etdiyi
bir qrup döyüşçünün Kiyevin faşistlərdən
azad edilməsi zamanı göstərdiyi şücaətlər
haqqında “Pravda” qəzetində məqalə dərc etdirib. Sonralar
Ə.Həşimovun Karlovı-Varıda istirahət edərkən
tanış olaraq dostlaşdığı “Baharın 17
anı” kitabının və eyni adlı məşhur
kinofilmin ssenari müəllifi yazıçı Yulian Semyonov
isə həmyerlimiz barədə sənədli povest
yazmağa hazırlaşırdı. Lakin
yazıçının həmin ərəfədə xəstələnərək
vaxtsız dünyasını dəyişməsi bu gözəl
ideyanın həyata keçməsinə imkan vermədi.
Bakılı
döyüşçü Əli Həşimovun çox
çətin və maraqlı taleyi olub. O, 1916-cı ildə
dünyaya göz açıb. Validyenlərini erkən
itirdiyindən uşaqlıq illərində ağır məhrumiyyətlərlə
üzləşib. 14 yaşı olanda Əli Bakı neft
emalı zavodunda fəhləlik etməyə başlayıb. Peşəkar
hərbçi olmaq arzusu ilə 1936-ci ildə Tbilisidəki Hərbi
Artilleriya Məktəbinə daxil olub. 1939-cu ildə bu məktəbi
bitirən kimi M.Frunze adına Moskva Hərbi
Akademiyasının kəşfiyyatçılar hazırlayan
xüsusi fakültəsinə qəbul olunub. Böyük Vətən
müharibəsi başlananda gənc zabit Əli Həşimov
artıq İrana yeridilən Sovet qoşunlarının tərkibində
Maku, Xoy, Təbriz şəhərlərində xidmət edib. Azərbaycan,
rus və fars dillərini mükəmməl bilən Əli
İranda çox mühüm kəşfiyyat işləri
yerinə yetirib.
1942-ci ilin əvvəlində
Ə.Həşimov Şimali Qafqaza soxulmağa can atan
faşistlərə qarşı qanlı döyüşlərə
qatılıb. Qısa vaxtda cəsur
döyüşçü və qorxubilməz kəşfiyyatçı
kimi ad çıxarıb. Təsadüfi deyildi ki, gənc
zabitə böyük etimad göstərilmişdi. Zaqafqaziya
Ordusunun Dairə Qərargah rəisinin imzası ilə
verilmiş sənəddə yazılmışdı ki, “Hərbi
hissə komandirləri, Daxili İşlər
Komisarlığının ərazi orqanlarının rəhbərləri,
yerli partiya və sovet təşkilatları Ə.Həşimova
hərtərəfli kömək etməyə borcludur. Əli
Həşimov tələb edərsə, onun istifadəsində
olan nəqliyyat vasitələri, yanacaq, sürtkü
yağları ilə təmin edilməli və
maşını yoxlanılmamalıdır!”.
1943-cü ilin iyulunda Ə.Həşimov
Ukrayna cəbhəsində yerləşən 246-cı
atıcı diviziyanın kəşfiyyat rəisi vəzifəsinə
təyin edilib. Əli öz kəşfiyyatçı
dostları ilə bərabər həmin dövrdə onlarla kəşfiyyat
əməliyyatı hazırlayaraq uğurla həyata
keçirmişdir. Bir qayda olaraq Əli ən ağır, məsul
əməliyyatlara özü rəhbərlik edərdi. Onun
başçılıq etdiyi kəşfiyyatçı dəstəsi
hər dəfə 15-20 kilometr düşmən arxasına gedərək
faşistlərin mövqeləri, texnikaları barədə
çox faydalı məlumatlar əldə edirdi.
1944-cü ilin
yanvarında Ə. Həşimov Sovet İttifaqı Qəhrəmanı
general- leytenant V.Y. Petrenkonun başçılıq etdiyi
107-ci atıcı diviziyanın kəşyyat rəisi vəzifəsinə
dəyişdirilib. General Petrenko qətiyyətli hərbçi
kimi tanınırdı, ədalətli insan kimi orduda
böyük nüfuzu vardı. Bir dəfə diviziya komandiri Ə.Həşimovu
özü ilə təntənəli mərasimlərin birinə
aparmaq fikrinə düşür. Ondan soruşur ki, “Niyə
orden və medallarını taxmamısan?”. Məlum olur ki,
diviziyanın kəşfiyyat rəisinin təltifləri
azdır. General heyrətlə deyir ki, “elə hey
döyüşürsən, qan-tər tökürsən,
ordenlərin isə azdır”. Petrenko dərhal köməkçisini
çağırıb Ə.Həşimovun təltif
olunması üçün təqdimat hazırlamağı əmr
edir. Ə.Həşimovun həmin təqdimat əsasında
“İkinci dərəcəli Vətən müharibəsi”
ordeni ilə təltif edilməsi ilə bağlı fərmanı
1944-cü ilin oktyabrında Varşava
yaxınlığındakı məşhur qraf Dombrovskinin
malikanəsində təşkil olunmuş təntənəli
tədbirdə korpus komandiri general-polkovnik Ozimin səsləndirib.
O, ordeni azərbaycanlı döyüşçüyə təqdim
etmək istəyəndə general Petrenko korpus komandirinə
yaxınlaşaraq deyib ki, “İcazə verin ordeni Həşimovun
köynəyinin sinəsinə mən taxım, o, mənim kəşfiyyat
rəisimdir, bizim diviziyanın uğurlarında onun payı
çoxdur”. General mərasim iştirakçıları
qarşısında Əli Həşimovun ünvanına
xoş sözlər söyləyib.
Əli Həşimov hər
an düşməndən qisas almağa can atan müharibənin
cəsur əskəri idi. Onun mahir kəşfiyyatçı
olması 107-ci diviziyanın tərkibində olduğu
İkinci Ukrayna Ordusunun komandanı marşal Konevə də
yaxşı bəlli idi. Görkəmli sərkərdə bir
neçə dəfə Əli Həşimova məsul
tapşırıqlar vermiş, nəticəsindən də
razı qalmışdı. Marşal 1945-ci ilin yanvar
ayının 12-də Visla çayı istiqamətində
növbəti hücum ərəfəsində mayor Ə. Həşimovu
yanına çağırtdırıb ona almanların
mövqeləri barədə təcili səhih kəşfiyyat
məlumatları əldə etmək əmri verdi.
Ə.Həşimov
tapşırığı yerinə yetirmək
üçün dərhal öz dəstəsi ilə kəşfiyyata
yollandı. Əməliyyat zamanı kəşfiyyatçılarımız
düşmənin qəfil güclü bombardmanına məruz
qaldılar. Mayor Ə.Həşimov ağır yaralanaraq
çoxlu qan itirdi. Lakin onun tapşırığı ilə
müavini Nikolay Udod kəşfiyyat əməliyyatını
davam etdirdi. Ölümcül vəziyyətdə olan Ə.Həşimovu
isə köməkçisi Pyotr Starçevoy cəbhənin təmas
xəttindən çıxarıb hospitala çatdıra
bildi. Səhər tezdən kapitan N.Udod əməliyyatın
uğurla başa çatması barədə məlumatları
marşal Konevə məruzə etdi.
Həkimlər intensiv
müalicə apararaq Əlini ölümün pəncəsindən
xilas edə bildilər. 9 May-Qələbə xəbərini Ə.Həşimov
qatarla Krımdakı hərbi hospitala gedərkən yolda
eşitdi. Yeri gəlmişkən, Ə.Həşimov öz cəbhə
gündəliklərində bu tarixi hadisəni çox təsirli
və canlı boyalarla təsvir edib. Mayor Ə.Həşimov
1945-ci ilin iyununda Böyük Vətən müharibəsinin
II qrup əlili kimi ordudan tərxis olundu. Bakıya
qayıtdıqdan sonra bir müddət Ədliyyə, sonra isə
Daxili İşlər nazirliklərində
çalışdı. Lakin ağır döyüşlərdən
“yadigar qalan” yaralar səhhətinə öz mənfi təsirini
göstərirdi. Səhhəti ona orqanlarda fəaliyyətini
davam etdirməyə imkan vermədi.
Qarabağ hadisələri
başlananda Ə.Həşimovun yaşı yetmişi
ötmüşdü. O, hər dəfə erməni quldur
silahlı dəstələrinin Qarabağda dinc azərbaycanlı
ailələrinə qarşı törətdikləri vəhşiliklər
barədə eşidəndə bərk əsəbiləşirdi.
Onun vəfalı ömür-gün yoldaşı 84
yaşlı Nuriyyə xanım nəql edir ki, Əli müəllim
erməni qaniçənlərinə qarşı
döyüşə bilmədiyi üçün çox
heyfsilənirdi. Lakin onun qəlbində Vətən
oğullarımızın xain düşmənə mütləq
layiqli dərs verəcəklərinə dərin inam hissi
vardı.
Böyük Vətən
müharibəsinin cəsur döyüşçüsü Ə.Həşimov
2002-ci ilin 4 yanvarında 86 yaşında dünyasını dəyişib.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2010.- 7 may.- S. 10.