Heydər Əliyev Azərbaycanda əsl müstəqillik və layiqli dövlətçilik nümunəsi formalaşdırdı

 

... Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da – hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı. Təəssüf ki, həmin dövrdə hakimiyyətdə olanların dövlət idarəçiliyində naşı olmaları, müstəqilliyimizin möhkəmləndirilməsinə zəmin yarada bilməmələri respublikanı uçuruma yaxınlaşdırdı. Köhnə sovet rejimindən əl çəkə bilməyən hakimiyyət rəhbərləri yalnız özlərini düşünür, müstəqil qərarlar qəbul edə bilmir, getdikcə baş alıb gedən anarxiyanın qarşısını almaqda acizlik göstərirdilər. Anarxiya, başıpozuqluq uçurumuna yuvarlanan Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, digər tərəfdən də daxildəki silahlı qruplaşmaların hakimiyyət davası onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırırdı.

 

A. Mütəllibovdan sonra hakimiyyəti zor gücünə ələ alan AXC-Müsavat birliyinin üzvləri müstəqil respublikanı daha da çıxılmaz vəziyyətə saldı. Belə bir şəraitdə xalqı arxasınca aparmağa qadir olan liderə, dövlət idarəçiliyində zəngin təcrübəsi, biliyi olan nüfuzlu ictimai-siyasi xadimə böyük ehtiyac yaranmışdı. Xalqda belə bir şəxsiyyətin Heydər Əliyevdən başqa kiminsə olacağına nə inam, nə də təsəvvür belə yox idi. Respublikanı düşdüyü ağır vəziyyətdən xilas etmək müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyətinin əsasını qoymaq zamanı yetişmişdi. Xalq böyük ümid və inamla Naxçıvanda Ali Məclisin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət etdi. Belə bir zamanda yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilərdi. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması, bu istiqamətdə də əməli addımlar atmaq üçün geniş perspektivlər açmışdı. Bundan yetərincə istifadə etmək, müstəqilliyi daha da möhkəmləndirmək və əbədiyyətə çevirmək imkanları yaranmışdı. Bax belə bir zamanda insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu obrazı canlanırdı...

1969-cu ildə də buna oxşar şərait yaranmışdı. O vaxt da respublikamız ağır vəziyyətə düşəndə, iqtisadi sahədə tənəzzülə uğrayanda, keçmiş ittifaqın tərkibində müttəfiq respublikalar arasında geridə qalanda da Ulu Tanrı Heydər Əliyevi xalqın xilaskarı kimi yetirdi. O illəri xatırladıqca millətsevər ziyalılarımızın milli adət-ənənələrimizin qorunub saxlanılmasına, inkişafına cəhd göstərən tanınmış ictimai-siyasi xadimlərimizin başına hansı oyunlar açıldığını, onlara necə əzab-əziyyətlər verildiyini, uzaq Sibirə sürgün edildiyini gözlərin önündə canlandırmaya bilmirsən. Bütün bunlara Heydər Əliyevin hakimiyyəti dövründə son qoyuldu. Kommunist Partiyasının tüğyan etdiyi bir dövrdə qüdrətli şəxsiyyət Heydər Əliyevin özünün millətsevərlik nümayiş etdirməsi, milli adət-ənənələrimizin qorunub saxlanılması inkişafı yolunda riskli addımlar atması xalqda gələcəyə böyük ümid yaratdı. SSRİ-nin sərt idarəçilik rejimində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada yer alması gələcək müstəqilliyimizin əsasını qoyan qəti və inamlı addım oldu. Ondan sonra dövlət idarələrində, hakimiyyət dairələrində azərbaycanlı kadrlara böyük üstünlük verməsi, milli hərbçi kadrların yetişməsinə xüsusi diqqət yetirməsi, gəncləri SSRİ-nin müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində dövlət hesabına oxumağa göndərməsi, Azərbaycanda hərbi məktəb yaratması Heydər Əliyevin millətinə, xalqına, Vətəninə nə qədər böyük məhəbbətlə bağlı şəxsiyyət olmasından xəbər verirdi. Bu illər ərzində Azərbaycanın elmi potensialını, respublikamızın böyük iqtisadi potensialını yaratdı. Azərbaycan xalqı sovet rejimini qəbul etməsə də, bu mürəkkəb, sərt və çox çətin dövrdə Heydər Əliyev Azərbaycanı qurdu, yaşatdı, bu rejimin içərisində inkişaf etdirdi, irəliyə doğru apardı, gələcək müstəqilliyinin möhkəm bazasını yaratdı. Bu illər ərzində Azərbaycan çox böyük sınaqlardan çıxdı, çətinliklərlə qarşılaşdı, lakin milliliyini, dilini, dinini qorudu, yaşatdı və bugünkü işıqlı xoşbəxt günlərə gətirib çıxardı. Xalqımız o sərt rejimin tüğyan etdiyi illərdə dunya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etdi, dünya sivilizasiyasını elm, mədəniyyət, incəsənət və digər sahələrdə dəyərli əsərlərlə zənginləşdirdi. Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitlə uyğunlaşsa da, eyni zamanda onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Heydər Əliyev kimi müdrik siyasi xadimə arxalanan xalq bu hissləri bir an da olsun unutmamışdı. Sərt siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır. Nəhayət, böyük qurbanlar hesabına, mərd oğul və qızlarımızın qanı bahasına bu azadlıq, istiqlaliyyət qazanıldı. İndi onu qoruyub saxlamaq və möhkəmləndirmək üçün xalqın inandığı güvəndiyi bir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Bu şəxsiyyət Tanrının Azərbaycana 24 ildən sonra yenidən xilaskar kimi bəxş etdiyi dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev idi. O ağır, məşəqqətli günlərdə xalqı məhz bu inam yaşatdı və bugünkü sabitliyin, əmin-amanlığın hökm sürdüyü günlərə gətirib çıxardı.

Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi, müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişindən sonra hakimiyyətə gələn kimi bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.

Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra qarşısına demokratikləşmə prosesinin başlıca prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik cəhətlərini nəzərə alan idarəetmə sistemini formalaşdırmaq, əslində mükəmməl dövlət idarəçilik məktəbi yaratmaq vəzifəsi qoymuşdur. Ulu öndərin irəli sürdüyü ictimai-siyasi sabitlik konsepsiyasının əsasında da məhz demokratiya amili dayanmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi plüralizm, mətbuat azadlığı, insan hüquqları kimi ali meyarlara əsaslanan dövlətçilik siyasəti Azərbaycanın çox qısa vaxt ərzində demokratik ölkələr sırasında möhkəmlənməsinə mühüm stimul yaratmışdır.

Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Artıq daxili və xarici düşmənlərimiz dərk etdilər ki, onlar Heydər Əliyev siyasətinin, dövlət quruculuğu təcrübəsinin qarşısında acizdirlər. Daha Azərbaycan ümummilli liderimizin dediyi kimi, “bundan sonra başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”. Bəli, ölkəmizə təcavüz edən məkrli düşmənlərin geri çəkilməsi də, dövlət quruculuğunda əsas şərt sayılan sabitliyin yaranması da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndərin qətiyyəti və ciddi islahatları nəticəsində müstəqilliyimiz getdikcə möhkəmlənirdi.

Müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk milli Konstitusiyamızın xüsusi yeri var. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş “Heydər Əliyev Konstitusiyası” kimi tarixə düşən Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Odur ki, dünyanın tanınmış, nufuzlu ekspertləri haqlı olaraq Konstitusiyamızı “İnsan hüquqları manifesti” də adlandırırlar. Bu, ümummilli liderimizin xidmətləridir.

Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sisteminin yaradılması Heydər Əliyevin xalq, Vətən qarşısındakı xidmətlərindəndir.

Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi Azərbaycanda baş tutdu. Bu gün də bir sıra inkişaf etmiş ölkələrdə hələ də qüvvədə olan bu cəza növünün ölkəmizdə ləğv edilməsi çox cəsarətli addım idi və onu ümummilli liderimiz reallaşdırdı. Yüz illər sonra da insan hüquqlarının müdafiəçiləri bu mövzudan danışanda ümummilli liderimizi hörmət və izzətlə yad edəcəklər.

Bütün dünyanın bəhrələnəcəyi Böyük İpək yolu çox qədim ticarət marşrutudur. Uzun illər idi ki, dünya alimləri bu sahədə baş sındırır, Şərqlə Qərbi, ümumiyyətlə, dünyanı dolaşan təhlükəsiz və səmərəli nəqliyyat yolu haqqında düşünürdülər. Böyük-böyük elmi-tədqiqat institutları bu problemlə məşğuldurlar. Ümummilli liderimiz dünyada yeni müharibə ocaqlarının getdikcə artdığı, Şərqlə Qərbin ziddiyyətli bir dövründə bu qədim İpək yolunun bərpasını gündəmə gətirdi və məntiqlə sübut etdi ki, bu yola alternativ heç bir layihə ola bilməz. Təbii ki, bu layihədə əsas keçid Azərbaycandır və bu gün xalq bundan yetərincə bəhrələnir. İllər keçdikcə onun bəhrəsini daha çox görəcəyik.

Ümummilli liderimiz istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə gələndə siyasətdə və dövlət idarəçiliyində bir səviyyəsizlik, bəsitlik var idi. Böyük siyasi xadim bunlara son qoydu, dövlətin idarə olunmasında xarici və daxili siyasətində məktəb yaratdı. Azərbaycanda yeni dövlət idarəçiliyi fəlsəfəsinin və mədəniyyətinin əsasını qoydu. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu barədə yazır: “Dövlətimizin tarixində Heydər Əliyev iki dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə, səriştəsizliyə və bəsitliyə son qoya bilmişdir. O, işdə sübuta yetirmişdir ki, dünyanı təkcə böyük dövlətlər idarə etmir, kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. O, azərbaycanlıların necə güclü iradəyə malik olduqlarını, onun xalqının necə böyük enerji potensialına və intellektual potensiala sahib olduğunu öz timsalında dünyaya nümayiş etdirmişdir”.

Bu gün Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin işığında dünya birliyində özünə layiqli yer tutub. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanı müvəffəqiyyətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Artıq Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən dövlətlərdəndir. Bəzi problemlərin həllində Azərbaycanla məsləhətləşmələr aparılır, rəyi soruşulur. Əvvəlki illərlə müqayisədə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyub. Təkcə 2010-cu ilin I rübünün yekunlarını nəzərdən keçirməklə bunun şahidi oluruq. Bu rübdə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirmiş, ümumi daxili məhsulun həcmi 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. Əhalinin pul gəlirləri 30 faizdən çox artmış, orta əmək haqqı 304 manata çatmışdır. Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanı digər ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir.

Dövlətimizin başçısı regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamış, bununla əlaqədar təsdiqlədiyi Dövlət Proqramının icrasına şəxsən nəzarət edir. Möhtərəm Prezidentimizin bu məqsədlə yaxın günlərdə respublikanın cənub bölgəsinə səfəri zamanı çoxlu sayda yeni müəssisələrin, iş yerlərinin və istirahət mərkəzlərinin açılışının şahidi olduq.

Azərbaycan ulu öndərin müəyyənləşdirdiyi iqtisadi və siyasi strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində güclü və qüdrətli bir dövlətə çevriləcək.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.- 7 may.- S. 6.