Heydər Əliyev və Azərbaycanın
elektrik enerjisi sisteminin formalaşdırılması
Ölkə iqtisadiyyatının, onun sosial həyatının
istər ötən əsrin 70-80-ci illərindəki, istərsə
də müstəqillik dövründəki dinamik
inkişafı bir çox mühüm amillərlə
yanaşı, elektrik enerjisi sistemi ilə də
bağlıdır. Hazırda Azərbaycan müstəqil
elektrik enerjisi sisteminə malikdir və bunun əsası ötən
əsrin 70-ci illərində qoyulmuşdu. Belə ki, Azərbaycanda
elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin
əvvəllərindən başlansa da, uzun illər ərzində
bu sahədə inkişaf ləng getmişdir.
1969-cu ildə
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının
mühüm sahələrindən olan elektik enerjisi sisteminin
sürətli inkişafını təmin etmək məqsədilə
təxirəsalınmaz tədbirlər həyata
keçirilmiş, bir çox irimiqyaslı layihələr
reallaşdırılmışdı. Ümummilli liderimiz Heydər
Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən
başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının
yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş
layihələrin həyata keçirilməsinə
başlanmışdı. Həmin dövrdə bir-birinin
ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli
elektrik verilişi xətlərinin və
yarımstansiyaların inşa edilib istifadəyə verilməsi
respublikanın sənaye potensialının
artırılmasında mühüm addım oldu. 1971-ci ildə
Naxçıvan Muxtar Respublikası ərazisində Araz
çayı üzərində İran-Azərbaycan “Araz” SES
adı altında gücü 22 MVt olan stansiyanın
inşası, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik
Enerji Mərkəzi”nin gücünün 220 MVt-a
çatdırılması, 1976-1977-ci illərdə Sərsəng
su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik
stansiyasının istifadəyə verilməsi məhz
ümummilli liderimizin Azərbaycana rəhbərliyi
dövrünə təsadüf edir. Bu illərdə həmçinin
gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası
istismara buraxılmışdır. 80-ci illərdə və elə
bu gün də Cənubi Qafqazın ən böyük
istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8
enerji blokundan ibarət, kritik parametrdən də yüksək
parametrlərdə işləmək imkanına malik “Azərbaycan”
İES istismara buraxılmışdır.
“Azərbaycan” İES-in
birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz
Heydər Əliyevin təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm
hadisə Azərbaycan energetikasının inkişafında
yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci
illərin əvvəllərində inşasını hətta
SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə
qaldırmağa müyəssər olduğu bu əzəmətli
tikili bu gün də ümummilli liderin bütün qurub
yaratdıqları kimi, onun nurlu şəxsiyyətinin möhtəşəm
abidəsi kimi ucalır. Heydər Əliyevin səyi nəticəsində
bu stansiyanın inşası prosesinin Ümumittifaq səviyyəsində
aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin
cəlb olunmasına, müasir texniki vasitələrdən
istifadəyə şərait yaratmışdı.
Stansiyanın birinci
enerji blokunun işə salınması Azərbaycanda əlamətdar
hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə
1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə
gəlişi, stansiyanın vəziyyəti ilə tanış
olaraq energetiklərə və inşaatçılara öz dəyərli
tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan
energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
13 oktyabr 2004-cü il tarixli, 446 saylı sərəncamına əsasən,
həmin gün “Energetik günü” kimi qeyd edilir.
Ölkə elektrik
enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də
müstəqil dövlətimizin enerji təhlükəsizliyinin
təmin olunmasında müstəsna rola malikdir. Bu
stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində
başlanan inkişaf və tərəqqi prosesi nəticəsində
respublikamız sonralar özünün müstəqil,
dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi
dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı
problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın
bütün yaşayış məntəqələrinə,
o cümlədən hər bir evə elektrik xətti çəkilmişdi.
Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal
edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi
ixrac edən respublikaya çevrilmişdi.
Həmin dövrdə
elektrik stansiyalarının inşası ilə yanaşı,
elektrik şəbəkələri də sistematik inkişaf
etdirilmiş və respublikamızın dayanıqlı enerji
sistemi yaradılmışdır. O illərdə 330 kV-luq “Əli
Bayramlı” İES - “Ağdam” - “Gəncə”
-"Ağstafa," Əli Bayramlı - Yaşma-Dərbənd,
5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron,
Muxranis - Vəli və s. kimi elektrik verilişi xətləri,
330/110/20 kV-luq “Yaşma”, “Gəncə”, “Ağstafa”, 330/110/10
kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq
“Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”,
“Masallı”, “Ağsu”, “Babək” və s. kimi qovşaq
yarımstansiyaları istismara verildi. Bununla da elektrik enerjisi sahəsində
yeni inkişaf mərhələsinin başlanğıcı
qoyuldu.
Sonralar həmin şərəfli
günləri xatırlayan müdrik rəhbər deyirdi: “Biz o
illər bütün bu imkanlardan istifadə edərək, eyni
zamanda, düşünürdük ki, hər respublikanın
özünü təmin edə bilən iqtisadi potensialı
olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən
mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr
yaradılmalıdır. Ona görə də o illər
Moskvanın etirazına, bu işimizə maneçilik törədən
qüvvələrin çox güclü olmasına baxmayaraq,
biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik
enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin
etmək üçün respublikamızda güclü
potensiala malik olan elektrik stansiyaları yaratmağa
başladıq, buna da nail olduq”.
Ötən əsr 80-ci
illərin sonu - 90-cı illərin əvvəlində baş
vermiş hadisələr, Sovet İttifaqının süqutu
elektrik energetikası sisteminə də təsirsiz
ötüşmədi. Yaranmış siyasi və iqtisadi
böhran nəticəsində elektrik enerjisi istehsalında
böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib
istifadəyə verilmiş “Azərbaycan” İES olmasaydı
respublikanın, o cümlədən paytaxt Bakının enerji
təchizatında ciddi problemlər yaşana bilərdi. Beləliklə
də, müasir Azərbaycan dövlətini o illərdə
qurub yaradan, ölkəmizi bütün sahələr üzrə
kənar asılılıqlardan çıxararaq dövlət
müstəqilliyi üçün zəruri əsasları
formalaşdıran ulu öndərimizin enerji sektoruna diqqət
və qayğısının əsl səbəbləri Azərbaycan
müstəqilliyə qovuşduqdan sonra daha aydın, dolğun
şəkildə duyuldu.
1993-cü ilin iyununda
xalqın istəyi və təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan ulu öndərimiz iqtisadiyyatın
bütün sahələrinə, o cümlədən, elektrik
enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin
dövrdə, iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, elektrik energetika sistemində də böyük
böhran vəziyyəti yaranmış və sistemin ahəngdar
işi pozulmuşdu. Ümummilli liderimiz elektrik enerjisi sisteminin
böhrandan çıxarılması, onun maddi-texniki
bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi
üçün məqsədyönlü, geniş miqyaslı
tədbirlər həyata keçirdi. Dünyanın
aparıcı dövlətləri ilə
qarşılıqlı faydalı əlaqələr
qurulmasına yönəldilmiş strateji xətt elektrik
enerjisi sisteminə də xarici sərmayələr cəlb
olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın
enerji sisteminin mövcud potensialının səmərəliliyinin
artırılmasında, elektroenergetika təsərrüfatının
yenidən qurulmasında və yeni güclərin
yaradılmasında hazırda da məqsədyönlü şəkildə
istifadə olunur.
Tikintisi hələ
1984-cü ildən yarımçıq qalmış Şəmkir
SES-in davamı olan Yenikənd su hövzəsinin və su
elektrik stansiyasının inşasının başa
çatdırılması ilə enerji sistemində yeni
inkişaf mərhələsinin başlanğıcı
qoyulmuşdur. Xatırladaq ki, maliyyə
çatışmazlığı ilə əlaqədar
tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində
işlərin başa çatdırılması
üçün lazımi vəsaitin əldə edilməsi
problemini ulu öndərimiz 1995-ci ilin dekabrında Böyük
Britaniyaya işgüzar səfəri zamanı gündəmə
gətirərək həllinə nail olmuşdur. Avropa Yenidənqurma
və İnkişaf Bankı Yenikənd Su Elektrik
Stansiyasının inşası məqsədilə 53,24 milyon
ABŞ dolları məbləğində kredit
ayırmış, respublika energetiklərinin və
inşaatçıların gərgin əməyi nəticəsində
2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş,
burada elektrik enerjisi istehsalına
başlanılmışdır.
Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində işğal
altında qalan “Ağdam” yarımstansiyası və 330 kV-luq Azərbaycan
İES-Ağdam-İmişli EVX əvəzinə 330 kV-luq
Ağcabədi, 110 kV-luq Bərdə
yarımstansiyalarının və 330 kV-luq Azərbaycan
İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti
yaranmışdı.
Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidən qurulması, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.
“Şimal” ES-in yenidən qurulması da ulu öndərimizin adı ilə bağlıdır. 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfəri zamanı ümummilli liderimiz həmin stansiyada 400 MVt gücündə buxar-qaz qurğusunun inşası layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin rəhbərliyinə müraciət etmiş və rəsmi Tokionun 210 milyon ABŞ dolları məbləğində uzunmüddətli, güzəştli kredit ayırmasına nail olmuşdur. 2000-ci ilin 19 dekabrında isə ümummilli liderimiz tərəfindən qurğunun təməli qoyulmuş və obyekt 24 aydan sonra istismara verilmişdir.
1999-cu ilin iyun ayında 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində yenidənqurma işlərinin başlanması, ümummilli liderimiz Heydər Əliyevin bu mərasimdə iştirakı, qaz-turbin qurğusunun təməl daşını qoyması da Azərbaycan energetika tarixinin ən əlamətdar hadisələrindəndir. Yenidənqurmanın ilk mərhələsi 2000-ci ilin noyabr ayında, ikinci növbəsi 2001-ci ilin iyulunda başa çatdırılmış və hər birinin gücü 53,5 MVt olan iki qaz turbini, aqreqat və qaz turbinindən çıxan qazların istiliyindən istifadə hesabına saatda 250 ton buxar istehsalı imkanına malik iki buxar generatoru istifadəyə verilmişdir.
Ulu öndərin şah əsəri olan “Əsrin müqaviləsi”, Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası Abşeron yarımadasının elektrik enerji təminatına yenidən baxılması zərurətini yaratdı. Burada yeni generasiya güclərinin işə salınması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin sistematik inkişaf etdirilməsi ön plana çəkildi.
Xüsusi diqqət yetirilən obyektlərdən biri də Bakı şəhəri və onun ətraf rayonlarının elektrik enerjisi təchizatında müstəsna əhəmiyyət kəsb edən “Müşfiq” yarımstansiyasıdır. Ulu öndər bu yarımstansiyanın gücünün artırılması, eyni zamanda, enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı bu yarımstansiya üçün maliyyə yardımının ayrılmasına nail olmuşdu.
“Müşfiq” yarımstansiyasının genişləndirilməsi və 220 kV-luq Abşeron-Müşfiq yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi" layihəsinin həyata keçirilməsi üçün Avropa Birliyinin Azərbaycana Fövqəladə Yardım Proqramı çərçivəsində maliyyə vəsaiti ayrılmışdır.
Ümumiyyətlə, ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat saatdan 22 milyard kilovat saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovat saatdan 23 milyard kilovat saata kimi, yəni iki dəfədən çox artmışdır.
Ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına elektrik enerjisi sisteminin respublikanın bütün ərazisini əhatə etməklə bərabər, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.
Ulu öndərimizin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunların qəbulunun məhz bu dövrə təsadüf etməsi buna sübutdur.
Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir.
Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlətimizin başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nı təsdiq etmişdir. Ötən dövr ərzində Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın elektrik enerjisi sistemində generasiya gücünün artımı 2000 MVt-dan artıq olmuşdur. Elektrik enerjisinin ötürülməsi sistemində isə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir.
Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır. Bu gün respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası (Azərbaycan İES, Şirvan İES, Sumqayıt ES, Şimal İES, Səngəçal ES, Bakı İEM, Bakı ES, Sahdağ ES, Astara ES, Xaçmaz ES, Şəki ES, Naxçıvan ES və Naxçıvan İES) və 6 su elektrik stansiyası (Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES) fəaliyyət göstərir.
Enerji sisteminin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya daxildir. Bu yarımstansiyalarda mövcud olan transformatorların ümumi gücü 20000 meqavoltamperdən artıqdır. Gərginliyi 110 kV və ondan artıq olan 300-dən artıq elektrik verilişi xəttinin ümumi uzunluğu 8000 kilometrdən çoxdur. Gərginliyi 35, 10, 6 və 0,4 kilovolt olan paylayıcı xətlər də daxil olmaqla elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min kilometrdən artıqdır.
Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ulu öndərimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.
Etibar PİRVERDİYEV,
“Azərenerji” ASC-nin prezidenti
Xalq qəzeti.- 2010.- 7 may.- S. 3.