Sahibkarlığa dövlət qayğısı artır

 

Azərbaycan iqtisadiyyatı hərtərəfli və dinamik inkişaf yolundadır. Qərb standartlarına cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılır. Regional inkişafa dair Dövlət Proqramının ikinci mərhələsi də uğurla həyata keçirilməkdədir. Bütün bunlar ölkə iqtisadiyyatını qüdrətləndirir, insanların rifah halını daha da yaxşılaşdırır. Beynəlxalq qlobal böhrana baxmayaraq, Azərbaycan 2009-cu ildə ümumi daxili məhsul istehsalında 9,3 faiz, sənaye istehsalında 8,6 faiz, aqrar sektorda isə 3,5 faiz artıma nail olmuşdur. Adambaşına ÜDM-in həcmi 7,9 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz yüksəlmişdir. Qazanılan nailiyyətlərdə özəl sektorun rolu olduqca böyükdür.

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd etmişdir: “Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla — Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir”.

 

Sürətli inkişafın təminatı

 

İqtisadi və maliyyə böhranının tüğyan etdiyi və Beynəlxalq Valyuta Fondunun məlumatında göstərildiyi kimi, dünya iqtisadiyyatının azaldığı 2009-cu ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusən də ümumi daxili məhsul istehsalının 9,3 faiz artımı, 73613 yeni iş yerinin açılması və infrastruktur layihələrinin həyata keçirilməsi beynəlxalq maliyyə qurumlarının da qəbul etdiyi reallıqlardır. Bu gün Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu dünyanın aparıcı iqtisadçıları və nüfuzlu nəşrləri də təsdiqləyirlər. “İnternational Livinq” jurnalı ölkələrin 2009-cu il reytinq göstəricisində Azərbaycan iqtisadiyyatının göstəricilərini region ölkələri arasında ən yüksək nəticə kimi qeydə almışdır.

Bütün bunlar barədə Dənizkənarı Milli Parkda yenicə istifadəyə verilmiş Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ətraflı söhbət getmişdir. Prezident İlham Əliyev demişdir: “Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir”.

2009-cu ildə ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması və bütün strateji əhəmiyyətli sahələr üzrə yüksək inkişaf göstəricilərinin əldə olunması, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında müəyyənləşdirdiyi antiböhran siyasətinin nəticəsidir. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin qlobal böhran kimi destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın bu böhrana müqavimət əzmini gücləndirmişdir. Azərbaycan iqtisadiyyatının digər inkişaf edən ölkələrlə müqayisədə yüksək makroiqtisadi dayanıqlılıq nümayiş etdirməsi həm də ötən il qarşıya qoyulmuş bir sıra strateji layihələrin uğurla gerçəkləşdirilməsinin bəhrəsidir.

Əsası ulu öndər tərəfindən qoyulmuş və Azərbaycanın firavan gələcəyinə hesablanmış iqtisadi siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Son altı ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını sübut edir. 2004 — 2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, ölkədə 33 mindən artıq yeni müəssisə və 840 mindən çox iş yeri açılmışdır. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş birinci regional inkişaf proqramı mühüm rol oynamışdır. Xatırladaq ki, 2004-2008-ci illəri əhatə edən bu mühüm ümummilli proqramın uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmiş, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırmışdır.

Azərbaycanın mövcud zəngin neft-qaz potensialına baxmayaraq, uğurlarımızın təməlində ciddi islahatların dayandığını vurğulayan dövlət başçısı bir daha bəyan etdi ki, həyata keçirilən tədbirlər, iqtisadiyyatın liberallaşması istiqamətində görülən işlər nəticəsində Azərbaycan hətta böhranlı 2009-cu ili də uğurla başa vurdu, ölkədə 9,3 faizlik iqtisadi artıma nail olundu. Hətta ötən il dünya bazarında neftin qiymətinin kəskin surətdə ucuzlaşmasına baxmayaraq, ölkəmizin sürətli inkişafı davam etdi və bu, bütün uğurlarımızı neft amili ilə bağlayanlara bir daha sübut etdi ki, qazandığımız nailiyyətlərin təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi və müstəqilliyi dayanır.

 

Sahibkarlara siyasi və maddi dəstək

 

Qlobal böhranla müşayiət olunan 2009-cu ildə Azərbaycanda gedən dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi də respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir.

Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin icrası isə sahibkarlıq sektorunda istensivliyin daha da yüksəlməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2004-2009-cu illərdə sahibkarlığa başlayanların sayı 3 dəfə yüksəlib. 2008-ci ilin yanvar ayının 1-dən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasında “bir pəncərə” sisteminin tətbiq olunması isə sahibkarların sayının daha da artmasına əlverişli zəmin yaradıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb.

Cənab İlham Əliyevin ötən illərdə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Ölkədə sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki tədbirlərin ardıcıl və davamlı olduğunu təsdiq edən Prezident İlham Əliyev 13 aprel 2010-cu il tarixli “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərman imzalamışdır. Heç şübhəsiz ki, bu fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin edəcəkdir.

Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə dəstəklənməkdədir.

2010-cu ilin əvvəlindən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa ciddi dəstəkdir.

Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı üçün çox mühüm və lazımi addımlar atılmaqdadır. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ölkənin bütün regionlarında iqtisadiyyatın şaxələndirilməsinə və davamlı inkişafa səbəb olmuşdur.

 

Sahibkarların əməli işləri

 

Azərbaycan hökumətinin son illərdə sahibkarlara maliyyə dəstəyini gücləndirməsi 2009 və 2010-cu ilin ötən dövrü ərzində təqdim olunan investisiya layihələrinin sayının əhəmiyyətli dərəcədə artmasında da özünü göstərir. Prezident İlham Əliyev dövlətin həmişə sahibkarlara böyük dəstək göstərdiyini və bu siyasətin davamlı olacağını bəyan edib: “Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla – Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi – bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir... Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması haqqında düşünməliyik”.

2010-cu ildə sahibkarlar tərəfindən həyata keçirilməsi planlaşdırılan başlıca layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emal sənayesinin yenidən qurulması, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur təminatının (soyuducu və taxıl anbarları kompleksləri) yaxşılaşdırılması, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi, tədarük məntəqələrinin sayının artırılması və digər istiqamətlər üzrə tədbirləri özündə əks etdirir. Sahibkarlara verilən kreditlər təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olur və bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda minlərlə yeni iş yerinin açılması təmin olunur. Məsələn, təkcə ötən il verilmiş kreditlər hesabına 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulurdu. Bu il isə həmin vəsaitlərin istifadə olunması nəticəsində 10 minə yaxın iş yerinin yaradılması proqnozlaşdırılır. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşacaq. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olacaq.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2 süd emalı və 3 konserv zavodu, 2 mebel fabriki, 4 quşçuluq, 3 qablaşdırma, 1 tikiş, 1 yuyucu toz, 4 tikinti materialları istehsalı müəssisələri və 3 müasir istixana kompleksi tikilməkdədir. Ötən il aqrar sektorda artım 3,5 faiz təşkil etmiş, rekord səviyyədə – 3 milyon ton taxıl yığılmış, əsas ərzaq məhsullarının istehsalı xeyli artmış, tələbat əsasən yerli istehsal hesabına ödənilməklə, ölkənin ərzaq təhlükəsizliyi təmin olunmuşdur.

Maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşmüşdür. Azərbaycan İnvestisiya Şirkətinin yerli və xarici investorlarla birgə Göyçay və Hövsanda süd emalı, Dəvəçidə quş əti istehsalı, Masazırda duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələri davam etdirilir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə birgə layihələr üzrə araşdırmalar aparılır. İnvestisiya Şirkətinin təcrübəsi göstərdi ki, investisiya fəaliyyətinin azaldığı böhran ilində belə İsveçrə, Böyük Britaniya, Sinqapur, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdən olan sərmayəçilər, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməkdə davam etmiş, müxtəlif layihələrin icrasına dövlət zəmanəti olmadan böyük vəsaitlər qoymuşlar. Bu isə Azərbaycan dövlətinə inamın və ölkədə yaradılan əlverişli investisiya mühitinin formalaşmasının nəticəsidir.

Sahibkarların ən yaxın dostu olduğunu bildirən Prezident İlham Əliyev qarşıdakı illərdə də sahibkarlara ən yüksək səviyyədə siyasi dəstək göstəriləcəyini bildirmişdir: “Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar”.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransın yekunları və ölkədə aparılan quruculuq işlərinin vüsəti göstərir ki, Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev iqtisadi sahədə daha böyük uğurların qazanılmasını təmin etməklə bağlı verdiyi hər bir vədini əməli işi ilə doğruldur və biz sahibkarlar da öz fəaliyyətimizlə ölkə Prezidentinin çağırışlarını yerinə yetirməyə daim səfərbərik.

 

Cavanşir FEYZİYEV, “Avromed” şirkətinin rəhbəri, fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 7 may.- S. 5.