Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın milli maraqları nəzərə alınmalıdır

 

Belə olmasa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi heç bir nəticə verə bilməz

 

Son vaxtlar beynəlxalq aləmdə bir-birinin ardınca baş verən hadisələr Azərbaycanın xarici siyasətinin düzgün qurulmasından xəbər verir. Ən başlıcası isə ölkəmizin milli maraqlarını hər şeydən yüksəkdə tutan Azərbaycan Prezidenti İlham Əliyev əsl siyasi liderə xas olan iradə, uzaqgörənlik nümayiş etdirir. Bununla da dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan verilmədi. Dünya ictimaiyyətinə bir daha sübut olundu ki, Azərbaycan dövləti, onun başçısı öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malikdir. Ermənistana isə ikili standartlar nümayiş etdirən dövlətlər və bəzi qurumlar nə qədər siyasi dəstək versələr də, yenə də onu işğalçı, təcavüzkar adından xilas edə bilmirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu il aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirməsi Ermənistanda çox ciddi narahatçılıqlara səbəb olub. Yerli kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan tərəfi artıq müharibəyə hazırlaşır. “Aravot” qəzetinin siyasi şərhçisi Samvel Mkırtıçyan yazır ki, əgər Ermənistana digər dövlətlər hərbi yardım göstərməsələr, bizim üçün çox ağır olacaq. Onun yazdığına görə, bu gün Ermənistan ordusunda olduqca acınacaqlı vəziyyət yaranıb. “Orduda baş verən müəmmalı ölüm halları, əsgərlərimizin döyüş yerlərini atıb düşmən tərəfə keçmələri, orada yaşamağa razılıq vermələri, yoluxucu xəstəliklərə tutulmaları və ayrı-ayrı imkanlı məmurların həyətlərində qul kimi işlədilmələri valideynlərə çox pis təsir edib. Onlar öz uşaqlarını Ermənistan ordusunda xidmətə göndərməkdən açıq şəkildə imtina edirlər". Yeri gəlmişkən, bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi Yuri Xaçaturov da bəyanat verərək bildirmişdi ki, 2010 — 2016-cı illərdə Ermənistanda hərbi çağırışla əlaqədar problemlərlə üzləşəcəyik. Bunu əhalinin kütləvi şəkildə xarici ölkələrə köçmələri ilə əlaqələndirmişdir.

Ermənistanda yerli əhali, habelə hərbçilər, ictimai-siyasi xadimlər çox yaxşı bilirlər ki, onların ölkələrinin təklikdə müharibə aparmağa cəsarətləri, qüvvələri, güclü orduları yoxdur. Hətta erməni əsgərləri qanunsuz aparılan döyüşlərdə də iştirakdan imtina edirlər. Ötən il isə Ermənistan Müdafiə Nazirliyi bir neçə hərbi hissəni çağırışçı çatışmazlığından komplektləşdirə bilməyib. Bütün bunlardan sonra dövlət başçımızın ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirməsi Ermənistanda ciddi təşviş doğurub. Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi əsaslı fikirlər və digər açıqlamalar təkcə Ermənistanda yox, bütün dünyada geniş əks-səda doğurub. Milli Ordumuzun yetərincə müasir silah-sursatla, ağır texnika ilə təchizatı, əsgərlərin döyüş ruhu, hər qarış torpağımızın müdafiəsi uğrunda canından keçməyə hazır olmaları, ən əsası isə Prezidentlə xalqın yekdilliyi böyük imkanlar yaratmış, diqqət mərkəzində olmuşdur.

Bəs Ermənistanda dövlət başçısına münasibət necədir? Artıq bu ölkədə əhalinin prezidentə inamı heçə enib. Bu yaxınlarda dövlət məmurlarının korrupsiya əməllərinin üstü açıldıqdan, istənilən dövlət məmurunun, o cümlədən prezident Serj Sarkisyanın varidatı bəlli olduqdan sonra dövlət başçısına heç kim ümidlə baxmır. Siyasi aləmdəki hərəkətləri isə onu və ölkəni gülünc vəziyyətinə salıb. Ermənistan Milli Konqresinin üzvü Arkadi Melikyan yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib ki, prezident Serj Sarkisyan hər hansı bir beynəlxalq tədbirə gedəndə, orada sənəd imzalayanda biz buna çox ümidsiz yanaşırıq və fikirləşirik ki, o, (Serj Sarkisyan) bu dəfə də ölkəmizi gülünc vəziyyətinə salacaq. Onun sözünün üstündə durmaması, xarici ölkələrdəki çıxışında bir söz, Yerevana qayıtdıqdan sonra isə dövlət televiziyasında başqa söz deməsi bizdə təəccüb yaradır. Belə də hərdəmxəyal, qeyri-ciddi dövlət başçısı olarmı?

Ermənistan prezidenti S.Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarını imzaladıqdan bir müddət sonra bu sənədlərin parlamentdə ratifikasiyasını dayandırdığını bəyan etməsi onun qeyri-ciddi insan olduğunu bir daha təsdiqlədi. Bir çox siyasi ekspertlərin də təəccübünə səbəb olan bu bəyanatdan sonra haqlı sual yaranır: niyə imzalamışdın, niyə də imtina etdin? Dövlət başçısının hərdəmxəyallığı onun rəhbərlik etdiyi ölkənin də nə qədər qeyri-ciddi olduğunu göstərir. Ümumiyyətlə, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda da həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirir. Serj Sarkisyan danışıqlar prosesini süni şəkildə uzadır, səmimilik, konstruktiv yanaşma nümayiş etdirmir. Münaqişənin nizamlanmasında müəyyən mərhələlərdə razılaşdırılmış məsələləri yenidən gündəmə gətirməklə danışıqların mövzusuna çevirir və əslində bununla vaxt qazanmaq istəyir. Elə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi Madrid prinsiplərini götürək. Ermənistan tərəfi bu gün “hə” deyir, sabah isə sözünü dəyişir. Bu sənədin yenilənmiş variantına Azərbaycan tərəfi razılıq versə də, Ermənistan tərəfi ağlasığmaz şərtlər irəli sürür. Halbuki, müəyyən şərtləri işğala məruz qalan tərəf irəli sürə bilər. Ermənistan isə təcavüzkar olduğu halda, üstəlik müəyyən şərtlərlə danışır. Buna baxmayaraq, artıq danışıqlar prosesi elə bir mərhələyə yaxınlaşıb ki, Ermənistan bundan sonra məkrli, riyakar və yalançı siyasətini davam etdirə bilməyəcək. Vəziyyətin bu məcrada davam etməsi Ermənistanın ziyanınadır. Çünki bu ölkə nə vaxta qədər öz təcavüzkarlıq, işğalçılıq siyasətindən, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyib, həm iri infrastruktur layihələrdən, həm Türkiyə, həm də Azərbaycanla bütün əməkdaşlıqdan məhrum olacaq. Bu da Ermənistanda iqtisadi böhranın daha da dərinləşəcəyindən xəbər verir. Bu ölkəni ölü vəziyyətindən xilas etmək üçün digər dövlətlərin dəstək verməsinin də faydası olmayacaq. Çünki Ermənistana göndərilən yardım və ianələr uzunmüddətli ola bilməz. Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrandan sonra Ermənistana maliyyə yardımı göstərən dövlətlərin özləri çətin duruma düşüblər. Digər tərəfdən, Gürcüstanla Rusiya arasında yaranmış gərginlik Ermənistana gedən yolları bağladı. Gözlərini digər dövlətlərdən gələn ianə və yardımlara dikmiş ermənilərin həyat səviyyəsi daha da ağırlaşdı və ölkəni aclıq, səfalət bürüdü.

ABŞ administrasiyasının Ermənistanı ağır iqtisadi böhrandan xilas etmək cəhdləri də bir nəticə vermədi. Bu məqsədlə Türkiyəyə təzyiqlər göstərilməsi, qondarma “erməni soyqırımı” kartından istifadə olunması, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul olunması da Türkiyəni öz mövqeyindən döndərə bilmədi. Türkiyə Cümhuriyyətinin rəsmiləri birmənalı olaraq bəyan etdilər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqə qurulmayacaq və sərhədlərin açılmasından söhbət gedə bilməz. Qardaş Türkiyə bütün təzyiqlərə ləyaqətlə dözdü və dediyindən dönmədi. Obama administrasiyasına sübut olundu ki, iki qardaş — Azərbaycanla Türkiyə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş bütün cəhdlər iflasa uğrayacaq.

Azərbaycan Avropaya və dünya birliyinə çox uğurla inteqrasiya edir, dövlətimizin yeritdiyi siyasət regionun inkişafına müsbət təsir göstərir. Dövlət başçımızın xarici siyasəti də daim açıq və səmimi olub. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın milli maraqları nəzərə alınmasa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi əhəmiyyətsizdir və bunun heç bir faydası olmayacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 7 may.- S. 1.