Borçalıda Zəlimxan günləri

 

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə ölkəmizdə keçirilən yubiley təntənəsi ünlü saz-söz ustasının doğulduğu Gürcüstanın Borçalı mahalında və bu ölkənin paytaxtı Tbilisi şəhərində davam etmişdir.

 

Şairin dünyaya göz açdığı Kəpənəkçi kəndindən start götürən görüşlər, ədəbi-bədii məclislər Bolnisi və Marneuli rayon mərkəzlərində keçirilən yubiley mərasimlərindən sonra Tbilisidə ümumrespublika təntənəsində Zəlimxan Yaquba yenicə layiq görüldüyü Gürcüstan Respublikasının “Şərəf” ordeninin təqdim edilməsi ilə başa çatmışdır. Minlərlə poeziya həmkarının, ziyalıların, hər iki ölkədən rəsmi şəxslərinin qatıldığı silsilə yubiley tədbirləri Azərbaycan—Gürcüstan dostluğuna, ədəbi-mədəni əməkdaşlığına növbəti layiqli töhfə olmuşdur.

Uzun illərdən bəri redaksiyamızla sıx əlaqə saxlayan, “Xalq qəzeti” səhifələrində yeni şeirləri və publisist yazıları ilə çıxış edən şairin Gürcüstanda keçirilən yubiley təntənələrində məmnuniyyətlə iştirak etdik. Hər yerdə xalqın bağrından qopub gələn şairə el sevgisinin, söz xiridarlarının aşıb-daşan sevgi və ehtiramının şahidi olduq. Bir həftəyə yaxın davam edən müxtəlif tədbirlərin mərkəzində Zəlimxan Yaqubun doğma Kəpənəkçi kəndi olduğunu söyləyəcək — yanılmarıq. Şairə təmtəraqlı, rahat qalacaq yerləri təklif olunsa da, o, çırağını anası Güllü arvadın, qardaşı Çingizin yandırdığı ata ocağına sığındı. Bakıdan özü ilə gəlmiş doğmaları və dostları da onunla bir yerdə oldular.

Borçalının öz şair oğlunun yubiley təntənəsinə, onunla növbəti görüşə qabaqcadan ciddi hazırlaşdığının hər addımda şahidi olurduq. Gürcüstanla sərhəddin hər iki tərəfində sənədlərimizi yoxlayan məmurlar Bakıdan ezamiyyətə gəldiyimizi biləndə bir qədər əvvəl Zəlimxan Yaqubun bu yerdən ötüb keçdiyini söylədilər. Biləndə ki, onun yubileyi ilə bağlı gəlmişik, ləngitmədən və xüsusi ehtiramla bizi də yola saldılar. Borçalının içərilərinə doğru irəlilədikcə Kəpənəkçi kəndinin yolunu şairə məhəbbət hissi ilə nişan verirdilər. Kəndə çatanda isə maşınımızın Bakı nömrəsini görən həmyerliləri ağzımızı açmağa imkan vermədən barmaqlarının işarəsi ilə bizi Zəlimxan Yaqubun ata ocağına səmtləndirdilər.

Beləcə yubiley iştirakçısı, ədəbiyyatşünas Rüstəm Kamalın dediyi kimi, “Zəlimxan Yaqub işığında” rahatca şairin doğma dünyasına yetişdik. Bir neçə gün bu işıqda Borçalıya şairin gözü ilə, Azərbaycana borçalıların nəzərləri ilə baxdıq. Baxdıqca da yeni bir aləmin qançəkərliyində duyğulandıq, aranıb-paklandıq, zənginləşdik. Düşündük ki, nə yaxşı Azərbaycanla Türkiyə arasında Borçalımız var. Borçalıların ifadə etdiyi kimi: ayağı Sınıx Körpü, başı Başkeçid, yanları Qaraçöp və Tiflis olan anadilli diyarımız, sazlı-sözlü ellərimiz var. Nə yaxşı ki, bu ellərin yetirib Azərbaycan ədəbiyyatına bəxş etdiyi, ayağı bu yurda dayanıb başı poeziya göylərinə dəyən, milli şeirimizdə silinməz izlərini qoyan Zəlimxan Yaqub var...

Bakıdan gəlmiş kiçik heyət hara getdisə, harda oldusa geri qayıdıb şairin rəhmətlik atası Yusif müəllimin öz əlləri ilə tikib-ucaltdığı evdə gecələdi. Gecəyarıya qədər həmkəndliləri şairlə görüşməyə, Güllü arvada gözaydınlığı verməyə gəldilər. Şairə bu gəlişində təqdim olunan gənc istedadlı aşıq Orduxan Budaqovun təravətli çal-çağırı ruhumuzu müqəddəsliklərə uçurtdu, yorğunluğumuzu çıxartdı. Arabir şair özü də coşğu ilə aşığın ifasına qüvvət verdi. Alim, müəllim, şair, jurnalist sözü milli-mənəvi varlığımızın ən incə məqamlarına üz tutdu, qatıaçılmamış mətləblər çözələndi. Yuxarı başda sakitcə əyləşib bu xudmani şeir-sənət məclisinin istisinə qızınan, oğlunun işığına bürünən bu kiçik dünyaya daxili bir öyünclə göz qoyan Güllü ananın bəxtəvərliyi, məclisin başına pərvanə kimi fırlanan Çingizin həssas bir cəfakeşliyi bu misilsiz büsatı tamamlayırdı.

Şairin bu gəlişi bütün Borçalıya səs salmışdı. Hamı nəzərdə tutulmuş yerlərdə onunla görüşü səbirsizliklə gözləyirdi. Yubiley komissiyasının rəhbəri, Borçalı mahalını əhatə edən Kvemo-Kartli bölgəsi qubernatoturunun müavini Hüseyn Yusifov şairin ata evinə gəlişindən dərhal sonra onunla görüşüb nəzərdə tutulmuş tədbirlər barədə məlumat verdi, son dəqiqləşdirmələr apardı, sonda Zəlimxan Yaquba Gürcüstan dövlətinin növbəti yüksək mükafatının veriləcəyini bildirdi. Şair böyük təmtərağa, hay-küyə evhtiyac olmadığını, qədirbilən oxucuları ilə açıq, səmimi görüşə gəldiyini, həmyerliləri qarşısında ömür-gün və sənət hesabatı verməyə ehtiyac duyduğunu söylədi.

Bolnisi və Marneuli şəhərlərinin mədəniyyət evlərində keçirilən yubiley məclisləri şairin istədiyi kimi oldu. Hər iki görüşdən əvvəl Zəlimxan Yaqubun azərbaycanlı və gürcü pərəstişkarları onu binanın qarşısında gül-çiçəklə qarşıladılar. Ağsaqqallar, ağbirçəklər Borçalının adına şərəf gətirən xalq şairini bağrına basdılar. Doğmalar, dostlar, tanışlar onunla səmimi hal-əhval tutdular. Görüşlərin belə qeyri-rəsmi məqamları sözü ilə ürəkləri fəth etmiş şairə oxucu sevgisinin, el-oba ehtiramının təkrarsız görüntüləri kimi olduqca təsirli idi.

Hər iki görüşün rəsmi hissəsində açıqlama verən qubernator müavini Hüseyn Yusifov iki qonşu xalq və ölkə arasında canlı körpüyə çevrilmiş Zəlimxan Yaqubun bədii yaradıcılığını və ictimai fəaliyyətini Azərbaycan dövləti kimi, Gürcüstan dövlətinin də layiqincə qiymətləndirdiyini, yubiley tədbirlərinin rəsmən dəstəkləndiyini və yüksək səviyyədə təşkil olunduğunu bildirdi. O zarafatla dedi ki, Zəlimxan Yaqubun poeziyası Azərbaycanın mənəvi, özü isə Gürcüstanın maddi sərvətidir.

Yubiley məclislərində Kvemo-Kartli Quberniyası, Bolnisi və Marneuli rayonlara icra hakimiyyətləri rəhbərlərinin, Azərbaycanlıların Rustavi və Marneuli Mədəniyyət mərkəzlərinin yubiliyara təbrikləri səsləndi, hədiyyələri təqdim olundu.

Şairin Bakıdan gəlmiş tədqiqatçıları – ədəbiyyatşünas dostları Rüstəm Kamal və Azər Turan onun müasir Azərbaycan ədəbiyyatındakı bənzərsiz yerini, poeziyasının özünəməxsusluğunu və zənginliyini incələdilər. Bildirdilər ki, milli poeziyamızın ulu qaynaqlarına, qədim türk sözünün ən yaxşı örnəklərinə təşnəliklə bağlı olan Zəlimxan Yaqub çağdaş poeziyamızda istedadı və zəhməti ilə boy atıb yüksəlmiş, şeirimizi mövzu aktuallığı, məna dərinliyi, forma əlvanlığı, poetik yeniliklərlə bir addım da irəli aparmışdır.

Yubiley məclislərində çıxış edən Bolnisi icra hakimiyyəti başçısının müavini Ramin Əsədov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqa həmyerliləri Zəlimxan Yaqubu 60 illik yubileyi münasibətilə səmimi təbrik etdilər, ona möhkəm cansağlığı, sənətdə və ictimai fəaliyyətində daha böyük uğurlar arzuladılar.

“Yer üzündə 8 cənnət var dedim, o cənnətin birindədir Borçalı”– söyləyən yubilyar oxucularını qəlbinin odu ilə salamladı. Xalq şairi 42 il əvvəl Borçalıdan yol aldığı ulu bir səfərin arzulu-istəkli, acılı-şirinli, barlı-bəhərli illərindən söz saldı, 60 yaşına samballı sənət yükü, xalq qarşısında uzaqlığı ilə gəldiyini söylədi. Zəlimxan Yaqub bildirdi ki, ulu öndər Heydər Əliyev əlini onun çiyninə qoyması, şairi Çin səddinə qaldırması, Məkkə müqəddəsliyinə qovuşdurması ilə taleyində ciddi dönüş yaratmış, ona yeni sənət uğurları və şöhrət qazandırmışdır.

Təbii ki, şair yubiley hesabatını poetik mənini səciyyələndirən, ədəbi-bədii portretinin gizgi və elementləri kimi səslənən şeirlərin çələngi kimi təqdim etdi. 60 yaşın təntənəsinə, xalq qarşısında haqq-hesaba – “Bir ucu göyə bağlı İlahi səsdən gəldim”, “Sinəmdə türkün sazı, dilimdə dastan gəldim”, “Eşqim Allah işığı, Haqq adlı dostdan gəldim”, “Gülə döndüm, açıldım, oldum gülüstan gəldim”, “Füzulidən süzüldüm, axdım Yunusdan gəldim” — deyən Zəlimxan Yaqubun poetik hesabatının az qala hər misrası, bəndi alqışlarla bəzəndi. Bu şövqlü təmas şairin yubiley töhfəsini, oxucuların bol sevgi-sayğısını hər iki tərəfə qədərincə çatdırdı. Şairin Azərbaycan və gürcü dillərində səslənən seçmə şeirləri, saz və çonqru sədaları, “Sarı gəlin”, “Sioni”, “Sarvan” folklor ansambllarının ifa etdiyi azərbaycan və gürcü mahnı - rəqsləri qədim Borçalı torpağının öz şair oğluna könül töhfələri kimi sərgiləndi, hamıya sənətin ilahi gücü ilə xoş saatlar bəxş etdi. Öz dəyərli övladlarını tarixən birgə sevib dəyərləndirməyi bacaran xalqlarımız bu dəfə ürək genişliyini, qədirbilənliyini və məharətini bir az da artıq nümayiş etdirdi.

Gürcüstanda Zəlimxan Yaqub şəxsiyyətinə və yaradıcılığına ümumxalq məhəbbəti və dövlət qiyməti Tbilisidə keçirilən təntənəli yubiley mərasimində daha yüksəkdən və bir az da coşğu ilə ifadə olundu. Mixail Tumanişvili adına Teatra toplaşan Gürcüstanda yaşayan xalqların tanınmış nümayəndələri, Borçalıdan və Bakıdan gələn qonaqlar, qonşu ölkənin rəsmiləri Azərbaycanın xalq şairini uzun sürən alqışlarla salamladılar.

Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin Zəlimxan Yaqubun Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunması barədə prezident sərəncamını elan etməsi məclisə böyük coşğunluq gətirdi. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Azərbaycan ədəbiyyatşünası Azər Turan, gürcü şair-tərcüməçiləri Besik Xaranauli və Zezva Medulaşvili, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan Nümayəndəliyinin təmsilçisi Arif Əliyev, Marneuli və Rustavi mədəniyyət mərkəzlərinin rəhbərləri Fazil Həsənov və Xaləddin Yolçuyev Azərbaycan—Gürcüstan ədəbi-mədəni əlaqələrinin yeni şəraitdə uğurla davam etdirilməsində Zəlimxan Yaqubun xidmətlərindən söz açdılar, onu çağdaş Azərbaycan poeziyasının görkəmli siması kimi dəyərləndirdilər. Təbriklərdə şairə iki xalqın qəlbindən qopub gələn ən xoş arzular çatdırıldı.

Gürcüstan dövlətinin yüksək mükafatı “Şərəf” ordeni alqışlar altında Azərbaycanın xalq şairinin yaxasına taxıldı. Zəlimxan Yaqub 60 illik yubileyinin Azərbaycanda və Gürcüstanda təntənə ilə qeyd olunmasına, hər iki dövlətin “Şərəf” ordenlərinə layiq görüldüyünə görə prezidentlər İlham Əliyevə və Mixail Saakaşviliyə dərin minnətdarlığını ifadə etdi. Şair məclis boyu yüksək ideya–məfkurə yükü daşıyan, sənət bioqrafiyasını ifadə edən şerlərini səsləndirdi. Təntənəli mərasimdə Azərbaycan və Gürcüstan şeirinin və musiqisinin seçmə nümunələri iki qardaş xalqın dostluğunun dərin köklərini və sarsılmazlığını nümayiş etdirdi, hamıya xoş əhval bəxş etdi.

Borçalıda və Tbilisidə Azərbaycanın xalq şairi, söz-saz Məcnunu, iki ölkənin ortaq oğlu Zəlimxan Yaqubun şərəfinə qurulmuş məclislərin, söylənən sözlərin təəssüratı o qədər zəngindir ki, hamısını öz adı, ünvanı ilə çatdıra bilmədik. Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlunun, ünlü aşıq Əmrah Gülməmmədovun oğlu Tapdıq müəllimin, Kəpənəkçi məktəbinin direktoru Zakir Məmmədovun, Zəlimxanı böyük bacı məhəbbəti ilə sevən şairə Mayqa Mətinin, şairin cəfakeş köməkçisinə çevrilmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının redaktoru Musa Nəbioğlunun, ARDNŞ-in Gürcüstan təmsilçisi Əli Həsənovun, eləcə də Təyyar Mehdili, Səməndər Məmmədov, Cəlal Qarayev kimi neçə-neçə başqa soydaşlarımızın dediklərini bir sözlə belə ifadə etmək olar: Zəlimxan Yaqub dünyaya göz açdığı Borçalı torpağını sözü-sazı ilə bütün türk dünyasında, şeirimizin yayıldığı hər yerdə tanıtdı, şərəfləndirdi.

Borçalıda Zəlimxan Yaqub günlərini Gürcüstan azərbaycanlılarının lideri, qubernator müavini Hüseyn Yusifov obrazlı olaraq belə ümumiləşdirdi: “Leylək balası böyüyüb yuvasını tərk etsə də, vaxtdan-vaxta oraya qayıdır. Borçalı torpağı da 60-ı şərəflə başa vuran Zəlimxanı 70-ə doğru pərvazlandırdı. Aldığı bu dəfəki güc-qüvvət onu yeni zirvələrə qaldıracaq.”

 

 

Tahir AYDINOĞLU,

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti” Borçalı—Bakı

 

Xalq qəzeti.-2010.- 8 may.- S. 11.