Heydər Əliyev və ana dilimiz
Dilimiz çox zəngin
və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm.
Heydər ƏLİYEV,
Ümummilli lider
Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən
alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan,
o, milli varlığını itirər, yox olar. Bu, tarixin
ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat
bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq
da yoxdur!
Tarixi minilliklərin
sınağından, hakim rejimlərin işğalından,
yadelli təcavüzlərin təzyiqindən, yabançı
dəblərin axınından, müxtəlif dillərin təsirindən
qalib çıxan, bu günümüzə qədər
saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn
dilimiz - Azərbaycan dili haqqında düşünərkən,
bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən
gözlərimin önündə Dədə Qorqud, Nəsimi,Füzuli,
Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən
bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir
bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl
Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər,
Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin,
Azərbaycan təfəkkür dünyasının, Azərbaycan
dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl
daşları, bünövrəsi, ən dəyərli inciləridirlər.
Əlbəttə ki, bu siyahını davam da etdirmək olar.
Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi
dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə
- bizlərə olduğu kimi çatdıranların hər
birinə heç şübhəsiz, borcumuz və
ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində
Anamızın-Azərbaycan adlı cənnət vətənimizin
doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən
alnı açıq, üzü ağ çıxaraq mükəmməl,
şirin, axıcı, işlək və zəngin bir dilə
çevrilmişdir.
Yuxarıda
sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri,
ədəbiyyat tariximizin nəhəngləri, şair və
yazıçıdırlar.Lakin mən bu sıraya bir ismi də
əlavə etmək istəyirəm. Düzdür, o nə
şairdir, nə yazıçıdır, nə də
dilçidir. Onun şeirləri, romanları, hekayələri
yoxdur. Bir sözlə, o əlinə qələm alıb əsər
yazmayıb. Lakin o, ən istedadlı yazıçının,
şairin belə yarada bilməyəcəyi, qüdrətli bir
əsər yaradıb. Bu misilsiz əsərin adı - Azərbaycan,
yazarı, banisi və yolgöstərəni isə
xalqının çox haqlı olaraq ulu öndər
adını verdiyi Heydər Əlirza oğlu Əliyevdir.
Bir az əvvəl yuxarıda qeyd etdim ki, dilimiz haqqında yazmaq istəyərkən gözlərim önündə simalar canlanır. Bu mövzunu düşünərkən yaddaşımın səhifələrində yer alan fikirlər, toxunmaq istədiyim məsələlər, qısacası dilimizin dünəni, bu günü və sabahı haqqındakı kiçik qeydlərim məni bu yazıya məhz Heydər Əliyev kontekstində yanaşmağa çağırır. Mən də ürəyimin səsinə qulaq asaraq yola çıxıram...
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı, xalqının ölüm-qalım sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev, ona doğru uzanan milyonlarla Azərbaycanlının ümidsiz əllərini öz qüdrətli əlləriylə tutdu, onu çağıran, onu səsləyən milyonlarla azərbaycanlının həyəcanlı səsinə öz güclü səsiylə səs verdi. Qarşısındakı bütün sədləri, maneələri öz dərin zəkasıyla, iti ağlıyla, ancaq nadir şəxsiyyətlərə xas olan parlaq istedadıyla, ən əsası isə xalqına və Vətəninə bəslədiyi tükənməz sevgisiylə, doğulub böyüdüyü torpağa sədaqəti və bağlılığıyla aşaraq, müstəqil Azərbaycanı yaratdı.
Bu günlərdə onun dünyaya, gəlişinin səksən yeddinci ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik. Onu sadəcə doğum və ölüm günündə deyil, hər an, hər saat minnətdarlıqla anırıq. Və təbii ki, dünya durduqca, müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız durduqca onu heç unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, ona minnətdar olacağıq. Onu bizdən ayıran o məşum gecədən, fiziki yoxluğundan keçən illər ərzində haqqında yüzlərlə şeir yazılıb, ona poemalar həsr edilib, onu tərənnüm edən mahnılar bəstələnib, haqqında filmlər çəkilib, həyatının müxtəlif anlarını əks etdirən lentlər nümayiş olunub, elmi konfranslar, seminarlar keçirilib. Onunla sağlığında tanış olmaq, görüşmək, birlikdə işləmək səadətinə qovuşanlar, xatirəsinə həsr edilən tədbirlərdə xatirələrini bölüşür, onu şəxsən tanımaq nəsibi olmayanlar isə onun haqqında oxuduqlarını, eşitdiklərini danışırlar.
Əslində düşünürəm ki, onun şəxsiyyətini, kimliyini, böyüklüyünü, Vətəni, xalqı üçün etdiklərini tam olaraq anlada biləcək ən mükəmməl əsər hələ yazılmayıb, ən dəyərli söz hələ deyilməyib. Onun şəxsiyyətinin ölçüsü, bizə göründüyündən, bizim onun üçün etmək istədiklərimizdən daha böyükdür və heç şübhəsiz ki, illər keçdikcə biz onun nəhəngliyini daha dərindən anlayacağıq. Əminik ki, bu ölkə Heydər Əliyevin onu bizə əmanət etdiyi kimi qalacaqdır - bütöv və sabit, demokratik və sivil, dünya birliyində layiqli yer tutmuş bir ölkə kimi. Əlbəttə ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə gələcəyə doğru getdiyimiz yolda Azərbaycan daha güclü olacaqdır. Buna inamımız şəksizdir. Çünki bu gələcəyin müqəddəs təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hər bir azərbaycanlının Prezidenti olan, xalqına yaxşı Prezident olmağı bacaran ölkə Prezidenti İlham Əliyev bu müqəddəs yolu öz nurlu əməlləri ilə işıqlandırır.
Ulu öndərin özünün də dediyi kimi, dostu və qardaşı Süleyman Dəmirəl yazır ki, “Mən Heydər Əliyevlə Naxçıvanda olarkan ondan Azərbaycana niyə gəldiyini soruşdum. O dedi: ”Mən doğulduğum yerdə xalqıma xidmət etmək istədim. Başqa yerdə bunu edə bilməzdim.”
Bəli, o xalqına xidmət etmək üçün, ömrünün qalan hissəsini də xalqına bağışladı. O deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam. Ən böyük azərbaycanlı olan Heydər Əliyev, bizə müstəqil Azərbaycanı bəxş etdi. Bizə azərbaycançılıq ideyasını hədiyyə etdi. O, son nəfəsinə qədər nə etdisə, ölkəsi üçün, Vətəni üçün, xalqı üçün etdi.
Mən burada çox həssas bir məqama toxunmaq istəyirəm. Ancaq nadir şəxsiyyətlərə xas olan dərin intuisiyası və uzaqgörənliyi hələ çox illər əvvəl, sovet Azərbaycanının rəhbəri ikən ona düzgün olan yolu göstərmişdi. O, bir peyğəmbər müdrikliyi ilə anlamışdı ki, bir gün gələcək, ölkəsi və xalqı müstəqilliyə qovuşacaqdır, rus işğalından azad bir dünya qurulacaqdır. Və elə həmin dövrlərdə gələcəyə olan böyük inamıyla, sovetlər məkanında mümkünsüz olan bir addımı atdı. 1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi! Bəli, mən bu cümlənin sonuna nidanı təsadüfən qoymadım. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi və ən başlıcası millilik, soy-kökə bağlılıq anlamına gəlirdi. Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”
Böyük öndər yenə həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə minyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. İllər keçəcək, 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizlə bağlı olaraq keçirilən ümumrespublika müzakirəsində ulu öndər o gərgin mübarizəni və qələbəni belə xatırlayacaqdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə manu olursunuz. Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”
Bu tarixi nitqin söyləndiyi binada - Milli Elmlər Akademiyasında ulu öndərin rəhbərliyi altında dilimizin adı ilə bağlı aparılan gərgin müzakirələr də həmin gün tarixilik qazandı. Həmin gün bütün Azərbaycan ziyalılarının ürəyi, qəlbi həmin məkanla döyünürdü. Dilimizin müstəqil respublikamızda ilk dəfə qəbul ediləcək Konstitusiyada necə adlandırılması məsələsi gündəliyə çıxarılmışdı. Bugünkü kimi xatırlayıram. Ölkənin çox nüfuzlu, tanınan alimləri, yazarları həmin toplantıda idi. Ulu öndər hər kəsə danışmaq, öz mülahizələrini ifadə etmək, təkliflər irəli sürmək və bu təkliflərini müdafiə etmək imkanı və şəraiti yaratmışdı. Hər zaman olduğu kimi müdrikcəsinə, diqqətlə çıxışları dinləyirdi. Dilimizin türk dili, azəri-türk dili, türkcə, azəri türkcəsi, Azərbaycan türk dili, və b. kimi adlandırılmasıni təklif edənlər və bu mülahizələrini xalqın etnosu, etnik mənşəyi, etnik mənsubiyyəti ilə əlaqələndirənlər var idi və bunu da deyim ki, özlüyündə onlar da haqlı idilər.
Lakin bu mülahizələr Azərbaycan adlı böyük bir coğrafi məkanın varlığını, bu məkanda yaşayan qədim bir xalqın kimliyini, keçmişini, tarixini şübhə altına alırdı. Eyni zamanda, bu mülahizələr Azərbaycanın tarixən guya heç mövcud olmadığına, bu torpaqların guya erməni torpağı olduğuna dair sərsəm bir ideyanı irəli sürmüş və bu xəstə təxəyyülə bütün dünyanı inandırmaq eşqilə yaşayan, böyük Ermənistan xəyallarını həyata keçirmək üçün hər an tətikdə oturub, uyğun bir məqam gözləyən üzdəniraq qonşularımızın dəyirmanına su tökmək anlamına gəlirdi. Ulu öndər hər kəsi dinlədikdən sonra ayağa qalxdı və dedi: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqtəyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqtəyi-nəzərindən düz deyil.” Həmin gün keçirilən müzakirələri diqqətlə izləyən Azərbaycan vətəndaşları öndərin çıxışını düzgün qiymətləndirməyi bacardılar və bir-neçə gündən sonra keçirilən referendumda Azərbaycan Respublikasının ilk Konstitusiyasına və bu Konstitusiyada Azərbaycan üçün, Azərbaycan dili üçün təsbit olunan taleyüklü məsələlərə “hə” dedilər.
Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi. Göründüyü kimi, Heydər Əliyev, qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Ulu Öndərin 18 iyun 2001-ci il tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman da həmin mübarizənin davamı idi.
Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir.”
Gəlinən nəticəyə diqqət edin: “Bu bir azərbaycançılıq məsələsidir”. Bəli, məhz bu məsələ bu gün ziyalılarımızı dərindən narahat edir və cəmiyyətdə artıq həyəcanlı sədalar eşidilir.Diqqətli və hafizəli oxucu bu sətirləri oxuyarkən, yəqin ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə böyük bir maraqla və məmnuniyyətlə qarşılanan, mövzumuzla bir başa bağlı olan son iki məqaləsini xatırladı. Təbii ki, söhbət akademikin “Azərbaycanın efir məkanı-problemlər və vəzifələr” və “İctimai və humanitar elmlər-zaman kontekstində baxış” adlı sanballı, çox lazımlı və vaxtında yazılmış məqalələrindən gedir. Yuxarıda adı çəkilən birinci məqalə dərc edildikdən sonra ölkədə çox sayda dəyirmi masalar keçirildi və məqalədə toxunulan məsələlər, onun həlli yolları müzakirə edildi. Biz həmin müzakirələr zamanı da, ikinci məqalə yayınlandıqdan sonra da hörmətli akademikə mənəviyyatımız və gələcəyimiz, milli dəyərlərimiz və ictimai varlığımız baxımından ölkəmiz və xalqımız üçün həyat əhəmiyyəti kəsb edən məsələləri gündəmə gətirdiyinə və cəmiyyətin bütün fərdlərinin diqqətini bu problemlərə yönəltdiyinə görə mətbuat vasitəsilə öz dərin təşəkkürlərimizi bildirmişdik. Hər iki məqalədə toxunulan məsələlərin hər biri ayrı ayrılıqda elmi araşdırmaların mövzusudur və bundan sonra həmin sahələr üzrə tədqiqat aparacaq mütəxəssislər üçün əhəmiyyətli dərslik, zəngin metodik vəsait ağırlığındadır.
Mən hörmətli akademikin birbaşa dillə bağlı olan fikirlərindən bir-neçə sitat gətirəcəyəm: “Bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri, sanballı tədqiqatları həyata keçirmirlər.” Yenə həmin məqalədən ikinci bir sitat: “Ölkəmizdə Azərbaycan dilinin inkişafına böyük diqqət yetirildiyi bir şəraitdə Azərbaycan dilini müstəqil öyrənmək üçün əldə cüzi sayda olsa da müasir elmi vəsait hələ də yoxdur. Müasir dünya elmində dil problemi fəlsəfi problem kimi yozulduğu halda, biz ”sovet dilşünaslığı” standartlarından uzaqlaşa bilmirik.”.
Ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verdiyi fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən bunu da qeyd etmişdi ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir.”
Ulu öndər bu narahatlığını hələ on il əvvəl bildirsə də, bu gün də ölkənin kütləvi informasiya vasitələrində, bu istər qəzet olsun, istər televiziya olsun, istər bədii kitab olsun, Azərbaycan dilinin leksik qanunları, qrammatik qaydaları sanki unudulur və ya yeni bir üslub gətirilir. Özüm yazıçı ailəsində böyümüşəm və anamın hər kitabı nəşr edilərkən onun nəinki hər bir səhifəsini, hər bir cümləsini, hər bir kəlməsini, hətta hər bir durğu işarəsini dəfələrlə yoxladığının, həm redaksiyanın, həm də kitab müəllifinin böyük məsuliyyətinin, cavabdehliyinin şahidi olmuşam. Bu gün isə əlinə bir mətbu nümunəsi alırsan. Əsərin və ya məqalənin başlığı ilə içərisindəkilər düz gəlmir, sayılası mümkün olmayan imla səhvləri tapırsan. Cümlənin əvvəli ilə sonu uyğunlaşmır. Hər gün rastlaşdığım çoxsaylı xətaları indi bir-bir sadalamaq çox vaxt apara bilər. Amma son zamanlarda Azərbaycan dilinə gətirilən “yeni qayda”nı qeyd etməyə bilmirəm. Hər birimiz orta məktəbdə Azərbaycan dili dərsində öyrənmişik ki, say bildirən kəlmədən sonra isim gəldiyi halda, isim cəm şəkilçisi qəbul etmir. Bu bir aksiomdur və Azərbaycan dilinin büllur saflığının başlıca amillərindəndir. İndi gəlin baxaq görək həmin qanun yeni “kəşf”dən sonra hansı hal alıb. Məsələn, “On nəfər şagirdlər”, “bir-neçə qadınlar”, “yüz ədəd kitablar” və s. Bu örnəkləri artırmaq da olar. Ən dəhşətlisi odur ki, bu kimi ifadə tərzi artıq ziyalı təbəqənin də nitqində eşidilir.
Bir neçə kəlmə “ə” hərfi və onun işlənməsi haqqında yazmaq istəyirəm. Təbii ki, mən texnologiyanı o qədər də dərindən bilmirəm, amma düşünürəm ki, artıq 15 ilə yaxındır latın qrafikalı yazıya keçən bir ölkədə televiziya ekranlarını işğal edən, belə demək mümkündürsə pul tələsi SMS-lərdə “ə” hərfi problemini aradan qaldırmaq olar. Çünki həmin SMS-ləri, Allah eləməmiş təsadüfən gözün sataşıb oxuyanda, özün öz tələffüzündən qucaq-qucaq tər tökürsən. Sanki ya bir xarici vətəndaş bu kəlmələri tələffüz edir, ya da ki, uzun müddət vətənindən uzaqda qalan bir azərbaycanlı. Sizcə, necə görünür: “Hörmetli millet vekilleri, sizin nezerinize çatdırmaq isteyirem ki...” Gülməlidir, elə deyilmi? Yeri gəlmişkən, bunu da qeyd edim ki, Milli Elmlər Akademiyasının yuxarıda bəhs etdiyimiz tarixi toplantısı ərəfəsində bəzi “ziyalılar” böyük bir “kəşf” edərək, dilimizdə olan “ə” hərfinin əlifbadan tamamilə çıxarılmasını, sadəcə “e” hərfindən istifadə edilməsini təklif edirdilər. Onlar bu “möhtəşəm” tapıntılarını Anadolu türkcəsində “ə” hərfinin olmamasıyla əsaslandırırdılar. Bir az əvvəl gətirdiyimiz örnəkdən sonra məncə əlavə şərhə ehtiyac qalmır.
Və yaxud
küçələrdəki tanıdıcı reklam lövhələri.
Küçədəki bəzi reklam lövhələrini ən
savadlı insan belə oxumağa çətinlik çəkir.
Çünki bir kəlmənin içərisindəki hərflərin
biri latın, digəri rus əlifbası ilə yazılır.
Bəzən
reklam tamamilə ya rus, ya da ingilis dilində olur. Hələ
şükür olsun ki, çincə yazmırlar.
Yeri gəlmişkən,
daha bir məqama toxunmaq istəyirəm. Doğma Azərbaycan dilində
danışmağı özünə rəva bilməyənlər,
xarici bir dildə, çox vaxt rusca danışmağı
üstünlük, mədəniyyət hesab edənlər! Lütfən oyanın. Siz müstəqil bir
ölkədə yaşayırsınız və bu ölkənin
adı Azərbaycandır! Sovet rejiminin, rus
kultunun tüğyan etdiyi bir dövrdə doğulub, süurlu
həyatlarının böyük bir hissəsini həmin illərdə
yaşayanları, rusca oxuyub, rusca düşünənləri
bəlkə də başa düşərəm. Ancaq azad, suveren, müstəqil bir ölkədə,
azərbaycanlı atadan və azərbaycanlı anadan
dünyaya gələn bir uşağın, bir yeniyetmənin,
bir gəncin öz dilində danışmaması və ya
danışa bilməməsi nə başa düşüləndir,
nə də bağışlanandır.
Hamımıza məlumdur ki,
2004-cü ildə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında”, 2007-ci ildə isə
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında” sərəncamlar imzaladı. Bu sərəncamlar,
ölkə rəhbərinin ana dilinə
qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını
daha savadlı, daha məlumatlı görmək arzusu idi.
Bu sərəncamlar xalqın özünə
qayıdışına, xüsusilə gənc nəslin,
böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə,
milli mənəviyyatımıza daha sürətlə və
uğurla sahib çıxmasına ölkə rəhbərinin
göstərdiyi yardım idi.Prezidentin həmin sərəncamlarıyla
illər boyu hər birimizin evlərimizin bəzəyi olan
kitablar yenidən çap olunmağa başladı. Çap olundu ki, bizdən sonrakılar da oxusunlar.
Çap olundu ki, dillərini, səlis Azərbaycan
dilini unutmasınlar, əksinə daha dərindən öyrənsinlər.
Yəqin ki, həmin
kitabların içərisində yer alan
ölməz Mirzə Cəlilin “Anamın kitabı”nı
oxuyanlar da olacaqdır. Və mən əminəm ki, əsərdə
ana dillərindən başqa bütün dillərdə
danışan, bircə Azərbaycan dilini özlərinə
yaraşdırmayan üç qardaşın bacısı olan
Gülbaharın, nəhayət, öz qardaşlarının
nadanlığı qarşısında dözməyərək
onların xarici dildəki bütün kitablarını
yandırdıqdan sonra söylədiyi son monoloqunu diqqətlə
oxuyacaqlar. “...Qaldı bircə kitab. Bu da
anamın kitabı.” Bu kitabda vaxtilə ataları öz əliylə
yazıb: “Mən etiqad edirəm ki, mənim də balalarım
dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl-axır
anaları Zəhranın ətrafında gərək dolanalar,
çünki ay və ulduz şəmsin zərrələri
olan kimi, bunlar da analarının ay və ulduzlarıdırlar.
Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq
istəyə! Onun vicdanı və insafı ona
ömür boyu əziyyət edəcək, nə qədər
canında nəfəs var, peşiman olacaq.”
Mirzə Cəlildən
gətirdiyim bu örnək, bəlkə, bir təsadüf, bəlkə,
bir zərurətdir. Mirzə Cəlil 1869-cu ildə əzəli-əbədi
Azərbaycan torpağı olan Naxçıvanda dünyaya gəlib.
Ondan üç il sonra 1872-ci ildə
Naxçıvanda Məmməd Səid Ordubadi doğulub. 1882-ci ildə isə yenə Naxçıvan
torpağında Hüseyn Cavid anadan olub. Bütün
ömürlərini xalqın maariflənməsi,
savadlanması, dilinə, mədəniyyətinə sahib
çıxması yolunda mübarizəyə həsr ediblər.
Bu yolda məhrumiyyətləri,
qazandıqlarından çox olub. Amma
getdikləri doğru yoldan dönməyiblər.
...Bu üç böyük
mütəfəkkir artıq, sadəcə, Naxçıvanda
deyil, bütün Azərbaycanda sevildikləri, kitablarının,
əsərlərinin ev-ev, əl-əl dolaşdığı
bir zamanda yenə həmin torpaqda, qədim Naxçıvanda
sadə bir ailədə bir oğlan uşağı dünyaya
gəldi. Bu uşaq ailənin sayca
dördüncü övladı idi. Ailədə
artıq iki oğlan və bir qız övlad var idi. Və bəlkə, bu səbəbdən, bəlkə,
təbii bir hadisə olduğu üçün bu
uşağın dünyaya gəlməsi əslində
sıravi bir hadisə kimi qarşılandı. Körpənin
adını Heydər qoydular...
...Balaca Heydər
böyüyürdü və böyüdükcə
ağlıyla, fərasətiylə bütün
yaşıdlarından seçilirdi. Gecə-gündüz
oxuyurdu, öyrənirdi. Cavidi oxuyurdu, Mirzə
Cəlili oxuyurdu, Ordubadini oxuyurdu, yüzlərlə klassiki,
dünya ədəbiyyatını oxuyurdu. Oxuduqları
onun uşaq beynini, uşaq qəlbini fəth edir, onu dərindən
düşündürür, ona bir yol diktə edirdi. Bu yol uzun, keşməkeşli bir yol idi. Bu yol mübarizə yolu, şərəf yolu idi.
Bu yolun başlanğıcında da, sonunda da
doğma Azərbaycanı və doğma xalqı var idi.
O zamanlar təbii ki, heç kim – nə
körpənin valideynləri, nə yaxınları, nə
qohumları, nə qonşuları – həmin balaca
oğlanın nə düşündüyünü bilmirdi...
Onlar bunu da bilmirdi ki, bu balaca
oğlan çox keçməyəcək, sadəcə, ona həyat
bəxş edən valideynlərinin,tanıyanların
deyil, elinin, obasının fəxrinə çevriləcək.
Onlar bunu da bilmirdi ki, bir az da keçəcək,
bu balaca oğlan elə bir düha, elə bir öndər
olacaqdır ki, onun salamına bütün dünya gələcək.
Və onlar bunu
da bilmirdi ki, bir gün gələcək bu balaca oğlan
bütöv bir xalqın qüruruna, şöhrətinə,
sevgisinə - atasına çevriləcək.
Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2010.- 8 may.- S. 7.