Millətin önündə, insanların ürəyində olan lider

 

Ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə qələmə alınmış bir kitabı vərəqləyirəm. Burada tarixə çevrilmiş anları əks etdirən çoxlu şəkillər verilmişdir. “Heydər Əliyev səngərdə — Milli Ordunun əsgərləri arasında”, “Ulu öndər Qarabağ uğrunda döyüşdə əlil olmuş gəncin vəziyyəti ilə maraqlanır”, “Heydər Əliyev BMT-nin 50 ililyində”, “Ümummilli lider iş otağında”, “Əsrin müqaviləsi imzalanır”, “Lissabon sammiti çox gərgin keçir”, “Roma Papası Azərbaycan səfərindən məmnundur” və başqa şəkillərin hərəsi ayrıca bir yazının, bəlkə də bir kitabın mövzusu ola biləcək qədər dəyərlidir.

 

Ulu öndərin anadan olmasının növbəti ildönümü münasibətiylə təşkil edilmiş televiziya verilişinə baxıram. Bu insanın ömrünün hər bir anının Azərbaycan xalqına, milli dövlətçiliyimizə həsr edildiyinin canlı şahidinə çevrilirəm. Nə yaxşı ki, bu kitablar yazılır, bu verilişlər hazırlanır, filmlər çəkilir, may ayının 10-nu hər il ümumxalq bayramı kimi qeyd edirik. Bütün bunlar bizə böyük bir müəllimin — 50 milyonluq xalqa Vətəni necə sevmək, xalqa necə ehtiram göstərmək, dövlətə necə xidmət etmək kimi ali hisslərin ən mükəmməl nümunəsini göstərmiş insanın həyat dərslərini daha dərindən öyrənmək imkanı verir.

Heydər Əliyev mövzulu istənilən tədbir, layihə, qələmə alınan yazı, lentə köçürülən film mütləq bir dərs xarakteri daşıyır. Kimsə düşünə bilər ki, mən ixtisasca müəllim olduğuma görə ulu öndərin fəaliyyətindəki müəllimlik cizgilərini daha çox qabardıram. Amma belə deyil. Bu gün ölkədəki siyasətçilərin, iqtisadçıların, diplomatların, hərbçilərin, ümumiyyətlə, cəmiyyətdə hansısa mövqe tutanların hamısı ulu öndəri özünün müəllimi kimi qəbul edir. Tamamilə təbii qiymətləndirmədir. Fikrimizi əsaslandırmaq üçün bəzi məqamları yada salaq.

Heydər Əliyevin gənclik illərinə diqqət yetirək. SSRİ hökuməti müharibədən sonra “dövlətin təhlükəsizliyini təmin etmək” adıyla ittifaqın müxtəlif yerlərində casus axtarırdı. Bu “axtarışlar nəticəsində” 1 milyon adam öldürülmüşdü. Axtarışda olan adamların arasında azərbaycanlılar da çox idi. Həmin siyahılardan bir neçəsi gənc zabit — DTK əməkdaşı Heydər Əliyevə verilmişdi. Heydər Əliyev siyahıda adı çəkilənlərin bəzilərinin cəbhədə həlak olmuş, bir çoxunun isə itkin düşmüş əsgərlərin siyahısına salınmasına nail olmuşdu.

Bir kitabda oxudum ki, Heyər Əliyev həmin illərdə 5 min nəfər azərbaycanlını əməliyyat qrupunun caynağından qurtarıbmış. Onun xilas etdiyi adamlar arasında sonralar Azərbaycana şan-şöhrət gətirən sənət adamları , yaradıcı ziyalılar da var idi və onların özləri bu barədə səmimi etiraf ediblər. Sonralar həmin dövlət komitəsinə rəhbərlik etdiyi dövrdə isə orada milli kadrların daha çox yerləşdirilməsinə nail olan ulu öndər Azərbayanda kök salmış erməni və başqa millətlərdən olan işçilərin çoxsaylı bəd əməllərinin qarşısını almışdı. Bu fəaliyyətlə isə o, sadəcə, həmin sahədə çalışan soydaşlarımız üçün örnək yaratmış, müəllimlik etmişdi. Onlarla, yüzlərlə gənc insanı düzgün yola istiqamətləndirən şəxsin isə bircə adı var — müəllim.

Heydər Əliyevin Azərbaycanda partiya rəhbərliyinə irəli çəkilməsi Kremlin geridə qalmış bir aqrar respublikanı inkişaf etdirmək məqsədinin nəticəsi idi. Yəni SSRİ rəhbərliyi onun idarəetmədəki prinsipiallığını, səriştəsini və işgüzarlığını yüksək qiymətləndirmişdi.

1969-cu il iyul ayının 14-də Azərbaycan Respublikasında rəhbərliyə gələn Heydər Əliyev Moskvanın qarşıya qoyduğu vəzifəni yerinə yetirdi. Yəni Azərbaycan inkişaf etdirildi. Özü də cəmi 12-13 ildə əvvəlki 50 ildəkindən çox inkişaf qeydə alındı. Ancaq Heydər Əliyev həmin illərdə daha çox öz xalqının arzu və istəklərini reallaşdırdı, Azərbaycanın iqtisadi, hərbi, elmi potensialının gücləndirilməsi üçün səylər göstərdi və buna nail oldu. Yenə də fikrimizi bəzi konkret faktlar və rəqəmlərə istinadən əsaslandıraq.

Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə 250-dən çox zavod, fabrik, istehsalat sexləri tikilib istifadəyə verilmişdi. Həmin siyahıda Bakı Məişət Kondisionerləri, Bakı Məişət Soyuducuları, “Ulduz” Elektrik cihazları, “Azon”, Şampan Şərabları, Dərin Dəniz Özülləri zavodları kimi nəhəng sənaye müəssisələrinin adı vardır. Bakı metropoliteninin “Ulduz”, “Əzizbəyov”, “Avrora” (Qara Qarayev), “Neftçilər”, “Nizami” və “Depo” stansiyaları məhz həmin illərdə istifadəyə verilmişdi.

Azərbaycan Respublikasının ərazisində 6571 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına götürülməsi və mühafizə olunan abidələr siyahısına salınması ulu öndərin 1969-82-ci illərdəki uzaqgörən siyasətinin nəticəsi idi. Sanki Heydər Əliyev erməni xəyanətinin nə zamansa yenidən baş qaldıracağını hələ 70-ci illərdə bilirmiş.

Ulu öndər ömrünün son illərində qəzetlərə verdiyi müsahibələrindən birində jurnalistin “Ən çox sevdiyiniz şəhər hansıdır?” — sualını cavablandırarkən Bakının adını çəkmişdi. 1969 - 82-ci illər tariximizə baxarkən biz ulu öndərin həmin sevgisinin canlı şahidi oluruq. Bakı həmin dövrdə heç zaman olmayan bir şəkildə abadlaşdırılmış və yaşıllaşdırılmışdı. Paytaxtətrafı zonalarda yaradılmış meşə zolaqları dillər əzbəri olmuş, dənizkənarı bulvar və Şıx qəsəbəsi yanındakı “Dostluq” parkı respublikamızın qonaqlarının ən sevimli yerinə çevrilmişdi. Təxminən 10 il müddətində Bakıda, Məşədi Əzizbəyovun, Qəzənfər Musabəyovun, Mehdi Hüseynzadənin, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının (Şuşada isə Molla Pənah Vaqifin və Natəvanın) abidələri ucaldılmışdır.

Əlbəttə, mən təhsil sistemini təmsil etdiyimə görə ulu öndərin bu sahənin inkişaf etdirilməsi üçün atdığı bəzi addımları da yada salmağa çalışacağam. Məsələn, 1969 — 82-ci illərdə respublikamızda 420 min şagird yerlik 792 ümumtəhsil məktəbi tikilmişdi. (Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun 2003-cü ildən sonra ölkədə məktəb tikintisinə verdiyi önəm məhz həmin təcrübədən qaynaqlanır). 70-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmışdı. Həmin dövrdə respublikamızda 6 yeni ali məktəb — Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1973-cü il), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, (1973-cü il), Stepanakert (Xankəndi) Dövlət Pedaqoji İnstitutu (1973-cü il), Azərbaycan İnşaat Mühəndislər İnstitutu (1975-ci il), Azərbaycan Texnologiya İnstitutu (Gəncə — 1981-ci il), Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1982-ci il) və 12 texnikum yaradılmışdı.

1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 aspirant oxuyurdu. Həmin il təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində isə 348, digər şəhərinin 83 ali məktəbində yüzlərlə azərbaycanlı təhsil alırdı. Ulu öndər başqa şəhərlərin ali məktəblərinə qəbul olunmuş gəncləri hər il şəxsən özü qəbul edir və özü yola salırdı. Bu zaman bir məsələni də xüsusilə qeyd etmək yerinə düşər ki, həmin illərdə respublikamızdakı ali məktəblərin beynəlxalq əlaqələri də artırdı. Azərbaycanda 70 ölkədən gəlmiş 2 mindən çox əcnəbi tələbə təhsil alırdı. Bu isə Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Heydər Əliyev həm 1969 – 82-ci illərdə, həm də 1993 — 2003-cü illərdə müəllim əməyinin yüksək qiymətləndirilməsinin nümunəsini yaratmışdır. Onun xüsusi qayğı və diqqəti nəticəsində 70-ci illərin sonunda keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunan azərbaycanlı maarif işçilərinin sayı 8718 nəfərə çatmışdı. Üç müəllim “Sosialist Əməyi Qəhrəmanı”, 817 nəfər müəllim “Azərbaycanın əməkdar müəllimi” fəxri adına layiq görülmüş, minlərlə müəllim Ali Sovetin fəxri fərmanı ilə təltif olunmuşdu.

Ulu öndərin Moskvada yaşadığı və işlədiyi illəri, düşmən mühasirəsində olan, məhrumiyyətlər və məşəqqətlər görmüş Naxçıvan Muxtar Respublikasını düşmən əlinə keçməkdən xilas etdiyi dövrü tədqiq edənlər onun siyasi müdrikliyi ilə yanaşı mükəmməl müəllimlik keyfiyyətləri haqqında da ürək dolusu söz açırlar. Xüsusən, müstəqil Azərbaycanı vətəndaş müharibəsindən, milli dövlətçiliyimizi məhv olmaqdan qorumaq üçün yaradılmış Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasi fəaliyyətinin dəyərli nəticələrindən biri kimi qiymətləndirilir. 1993-cü ilin yayından — xalqın təkidli tələbi və AXC — Müsavat iqtidarının acizanə xahişlərindən sonra ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə ulu öndərin xalqa xidmət dövrünün yeni, daha məsul və daha mükəmməl dövrü başladı.

Heydər Əliyevin 1993 — 2003-cü illərdəki siyasi fəaliyyətinin bircə adı var idi — xalqa qurtuluş, milli dövlətçiliyə isə nicat gətirilməsi illəri. Həmin illərin ayrı-ayrı ictimai-siyasi proseslərini sadalayanda isə yüzlərlə tarixi hadisənin qeyd edilməsi zərurəti yaranır. Biz onlardan bəzilərini qeyd etməklə kifayətlənirik. Ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, milli dövlətçiliyimiz ikinci dəfə itirilmək təhlükəsindən xilas oldu, respublikadakı xaos və anarxiya aradan qaldırıldı, daxili sabitliyə və cəbhədə atəşkəsə nail olundu, yeni parlament və müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparcı neft şirkətlərinin yaratdığı Konsorsiumla “Əsrin müqaviləsi”nin imzalanması cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı islahatların başlanması ilə yadda qaldı. Biz məmnunuq ki, həmin islahatların əsas istiqamətlərindən biri də təhsil sistemində aparılırdı.

Yeri gəlmişkən, ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra təhsil sahəsi yenə də öz layiq olduğu qiyməti almağa başladı. Diletant siyasətçilərin ölkəyə rəhbərlik etdiyi dövrdə bərbad vəziyyətə salınmış sahələrdən biri də təhsil sistemi idi. Heydər Əliyevin qayıdışından sona digər sahələrlə yanaşı təhsil sahəsində də uğurlu islahatlara start verildi. Həmin islahatların təşəbbüskarı və icra edilməsinin bilavasitə rəhbəri elə ulu öndərin özü idi. Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı sərəncamla müstəqil Azərbaycanın təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsi məqsədiylə xüsusi Proqram hazırlayan Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” geniş müzakirələrdən sonra — 1999-cu il iyun ayının 15-də Prezident fərmanı ilə təsdiq olundu.

Heydər Əliyevin tövsiyə, tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan təhsilinin məzmunca təkmilləşdirilməsi və yeniləşdirilməsi, onun mütərəqqi ənənələr əsasında inkişaf etdirilməsi üçün çox uğurlu addımlar atıldı. Tədris proqramları Azərbaycançılıq ideologiyası əsasında yenidən quruldu. Həmin illərdə 200-ə yaxın adda yeni dərsliklər hazırlanaraq nəşr etdirildi. Təhsil islahatının nəzərəçarpan uğurlarından biri də ümumi təhsilin dövlət standartlarının hazırlanması və hökumət tərəfindən təsdiqlənməsi idi.

Ulu öndərin ad günü ərəfəsində qələmə aldığım bu yazıda bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə təhsil tariximizdə analoqu olmayan Azərbaycan Müəllimlər İnstitutu yaradılmış və onun 12 bölgədə filialları formalaşdırılmışdı. Azərbaycan təhsilinin bütün problemlərinin həllinə nail olan Heydər Əliyev bu addımla region məktəblərinin müəllimə olan tələbatının ödənilməsi üçün çox uğurlu bir layihə reallaşdırmışdı.

Ulu öndərin dövründə istedadlı uşaq və gənclərin maddi və mənəvi həvəsləndirilməsi üçün “Qızıl kitab”ın təsis edilməsi, Prezident təqaüdlərinin təyin olunması, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, Azərbaycan müəllimlərinin XI qurultayının keçirilməsi, 6 aparıcı ali məktəbə maliyyə müstəqilliyi verilməsi, 2 yeni ali məktəb (Milli Konservatoriya və Rəssamlıq Akademiyası) yaradılması, 7 ali məktəbə universitet statusu verilməsi, 5 ali məktəbin yubileyinin keçirilməsi, 300 nəfərdən çox təhsil işçisinin fəxri adlara, orden və medallara layiq görülməsi, ali məktəblərə yüksək balla qəbul edilmiş tələbələrə Prezident təqaüdünün verilməsi və başqa tədbirlər bu böyük şəxsiyyətin təhsilə qayğısının nəticəsi kimi qiymətləndirilir.

Ulu öndərin həmin siyasəti bu gün də ölkəmizdə uğurla davam etdirilir. Bunu təsdiq edən iki faktı yada salmaq kifayətdir.Prezident İlham Əliyev Azərbaycan təhsilinin maddi-texniki təchizatının yaxşılaşdırılması, ali təhsil şəbəkəsinin yenidən qurulması, məktəb tikintisinin sürətləndirilməsi, təhsil sistemində informasiya — kommunikasiya texnologiyasının daha geniş şəkildə tətbiq edilməsi, təhsildə milli standartların və beynəlxalq təcrübənin paralel olaraq qəbul edilməsi, qiymətləndirmənin təkmilləşdirilməsi və ümumiyyətlə — təhsilin inkişafının təmin edilməsi üçün 16 Dövlət Proqramı təsdiq etmişdir. Fərəhlidir ki, həmin proqramların icrasına bilavasitə dövlət başçısı özü rəhbərlik və nəzarət edir.

Əlbəttə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğını da xüsusilə vurğulamalıyıq.

Sonda bir məsələni də yada salsaq yerinə düşər. Ulu öndərin imzaladığı fərmanla yaradılmış Azərbaycan Müəllimlər İnstitutu bu gün inkişaf edən dövlətimizin adına layiq fəaliyyəti ilə hamının rəğbətini qazanır. Təhsil naziri Misir Mərdanovun bizim institutun və xüsusən, rektorumuz, professor Aqiyə xanım Naxçıvanlının ünvanına söylədiyi təqdiredici fikirlər çoxminli tələbələrimiz və professor-müəllim heyətimiz tərəfindən böyük maraqla qarşılanmışdır. Biz Heydər Əliyevin adına və əməllərinə layiq fəaliyyət göstərməkdən məmnunluq hissi duyuruq.

 

 

Raya NƏCƏFOVA,

Azərbaycan Müəllimlər

İnstitutu Sumqayıt filialının

direktoru, kimya elmləri

doktoru, əməkdar müəllim

 

Xalq qəzeti.- 2010.- 8 may.- S. 6.