Qələbə-65
Böyük Vətən
müharibəsinin sınaqlarından şərəflə
çıxmış qardaşlar
Tarixin ən dəhşətli
savaşı kimi yadda qalan Böyük Vətən müharibəsi
bəşəriyyəti əzablarla, iztirablarla sınağa
çəkməklə yanaşı igidlik, qəhrəmanlıq
salnaməsi də yazdı. Faşizmə qarşı
mübarizə aparan nəhəng Sovetlər Birliyinin vətəndaşları
Qələbə naminə hər cür mərhumiyyətlərə
sinə gərdi, bütün çətinliklərin öhdəsindən
mətanətlə gəldi və hər şeydən əziz
olan canlarını ümumi məqsədlər naminə, o
dövrdə Vətən hesab olunan SSRİ naminə fəda
etməkdən belə çəkinmədilər. Qələbə
də məhz belə fədəkarlığın nəticəsində
əldə olundu.
1941-1945-ci illərin Böyük Vətən müharibəsində qazanılan tarixi Qələbədə azərbaycanlıların müstəsna xidmətləri oldu. Çünki həmin dövrdə faktiki olaraq Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərindən, insan resurslarından tam istifadə olunmasaydı uğur qazanmaq qeyri-mümkün idi. Müharibə dövrü ərzində 700 minədək azərbaycanlı cəbhəyə yollandı. Onların böyük əksəriyyəti öz xahişləri ilə döyüş bölgəsinə göndərildi. Bəzi azərbaycanlı gənclər hətta, ata-anasını incitməmək, onların sözünü yerə salmamaq xatirinə valideynlərindən xəbərsiz cəbhəyə gedirdilər. Ona görə də bəzən elə olurdu ki, bir ailədən 3-4 nəfər eyni vaxtda cəbhəyə yollanırdı. Bunlardan biri də Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində yaşayan Abduyevlər ailəsi idi. Abduyevlər ailəsindən 3 nəfər cəbhəyə yollanmışdı — ata Ələs kişi, övladları Abdu və Vəli Abduyev qardaşları. Müharibədə göstərdikləri qəhramanlıqlara görə, onlarla orden və medallarla təltif edilən Abduyev qardaşları ilə söhbətimiz də keçdikləri şərəfli döyüş yolu barədə oldu. İlk öncə Abdu Abduyev söhbətə başladı:
– Mən 1942-ci il fevralın 23-də elə doğulub boya-başa çatdığım Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndindən könüllü olaraq cəbhəyə yola düşdüm. Əvvəlcə bizi Kirovakana gətirdilər. Buradan Gürcüstan hərbi dairəsinə mənsub olan Kutaisi şəhərindəki 110-cu atıcı polkuna göndərdilər. Orada bir ay hərbi təlim keçdikdən sonra yük qatarı ilə Dağıstanı keçərək Rostova getdik. Buradan isə bizi Moskvaya apardılar. Hərbi geyimlə və silah-sursatla təmin etdilər. Daha sonra isə cəbhəyə yola saldılar. Əlbəttə, bilirdik ki, dəhşətli döyüşlər bizi gözləyir, burada ölüm-itim də ola bilər. Ancaq düşünürdük ki, biz öz ana-bacımızı, doğma yurdumuzu və nəhayət, o dövrdə Vətən hesab etdiyimiz keçmiş Sovet İttifaqını qorumağa gedirik. Bu duyğular, hisslər bizə cəsarət verir, digər tərəfdən faşistlərə nifrətimizi birə-on artırırdı. Ona görə də biz cəsarətlə, inamla, düşmənə nifrətlə döyüşlərə atılırdıq.
Döyüşlərə 33-cü ordunun tərkibində Qərb cəbhəsində – Smolensk vilayətində başladıq. Keçmiş Sovet İttifaqı marşalı Çernyaxovskinin rəhbərliyi ilə vilayətin kənd və şəhərlərini düşməndən azad edib, Belorusiyaya çatdıq. Bir müddətdən sonra Qərb cəbhəsini böldülər. Mən birinci Belorusiya cəbhəsinə düşdüm. Komandanımız marşal G.K. Jukov idi. Bizim cəbhənin qoşunları Vitebsk, Qomel, Bryansk, Boquşa, Mogilyov, Jlobin, Minsk, Lvov və başqa şəhərləri düşməndən azad etdilər.
Minskin
şimal-qərbində almanların bir diviziyasını, hərbi
sursat gətirən birləşmələrini mühasirəyə
alıb, darmadağın etdik. Diviziyada 30 min zabit və əsgər var idi. Oradan Litvaya
keçdik. Biz tez-tez düşmənin hərbi qüvvəsini,
hücum istiqamətini və gələcək
planlarını öyrənmək üçün kəşfiyyata
da gedirdik. Yolda bəzən alman kəşfiyyatçıları
ilə də qarşılaşdığımız anlar az
olmayıb. Bu zaman, sözün həqiqi mənasında,
ölüm-dirim savaşı başlayırdı. Kim daha zirək,
cəld və ağıllı olurdusa, o qalib gəlirdi. Kəşfiyyatçının
əsir düşməsi isə ən biabırçı hal
hesab olunurdu. Yaxşı yadımdadı, bir əsgər
yoldaşımla
Buradan Visla
çayını keçib Polşanın Varşava,
Lüblin və Poznan şəhərlərini azad edərək
Oder çayına yaxınlaşdıq. Almaniyanın bir
neçə şəhərini alıb Berlinə
çatdıq. Mən 1945-ci ilin may ayının 4-də
artıq Berlində idim. Faşistlərin Reyxini ələ
keçirdiyimizə görə sevincimizin həddi-hüdudu
yox idi. Müharibədə olduğum müddət ərzində
üç dəfə ağır yaralandım. Təbii ki,
belə qısa zamanda yaraların tam sağalması
mümkün deyildi. Ancaq faşistlər üzərində tam
Qələbə qazandığımız 9 May günü
sanki, bütün ağrılar canımdan çıxdı.
Deməli, müharibənin ağrı-acısı, məni bədənimdəki
yaralardan daha çox incidirmiş...
Vəli Abduyev:
– 1944-cü il idi. Müharibədə
bizim xeyrimizə dönüş açıq-aşkar hiss
olunurdu. Alman faşistləri işğal etdikləri ərazilərimizdən
çıxarılırdı. Sovet ordusunun
qazandığı əzəmətli qələbələr
bütün dünyaya səs salırdı. Amma müharibənin
şiddəti əsla azalmamışdı, əksinə daha
da artmışdı. Geri çəkilən almanlar kəndləri,
şəhərləri yandırır, dinc əhalini
olmazın işgəncələrə məruz qoyub
öldürürdülər. Bizim evdən atam və
qardaşım cəbhədə olsalar da, mənim
yaşım çatmadığı üçün aparmamışdılar.
18 yaşım tamam olan kimi, könüllü cəbhəyə
yollandım. Qəribədir ki, o vaxtlar qorxu hissləri
keçirmək əvəzinə, sevinirdim. Bu da səbəbsiz
deyildi. O zamanlar bütün kişilər cəbhəyə
yollandığı üçün, getməyənləri
kişi hesab etmirdilər. Digər tərəfdən, vətənpərvərlik
hissləri hər kəsin qəlbində dərin kök
salmışdı.
Bizi Gürcüstanın Qori
şəhərinə gətirərək, burada bir-iki ay hərbi
təlim keçdilər. Sonra Gürcüstanın Laqodexi
şəhərinə apardılar və snayper məktəbində
xüsusi hazırlıq kursları keçdik. Bu kurslarda
öyrəndiklərim döyüşdə xeyli köməyimə
çatdı. Ümumiyyətlə, döyüş zamanı
snayper böyük ərazini dağıdan bomba qədər təhlükəli
hesab olunur. Çünki bizim əsas hədəfimiz
faşistlərin zabit heyəti və ya aparıcı mövqe
tutan hərbçiləri idi. Təsəvvür edin ki,
döyüşün qızğın getdiyi bir vaxtda snayper
döyüşü idarə edən düşmən
komandirini hədəf alır və məhv edir. Bu zaman
çaxnaşma yaranır və istər-istəməz
düşmən özünü itirir. Biz döyüşlərin
getmədiyi vaxtlarda da düşməni daim nəzarətdə
saxlayır və imkan düşən kimi, onları məhv
edirdik. Onu da deyim ki, Böyük Vətən müharibəsində
snayper gülləsindən heç də az adam
dünyasını dəyişməyib. Onların sayı minlərlə
hesablana bilər. Bir müddət sonra mən toplardan istifadə
etmək qaydalarını da öyrəndim və top
tağımının komandiri oldum. Toplarla düşmənə
sarsıdıcı zərbələr vururduq.
Vaxt ötür, vədə
keçir. Hər halda, yaşımın bu ahıl
çağıyla bağlıdır ki, mən bəzən
keçdiyim döyüş yollarını da xatırlamaqda
çətinlik çəkirəm. Ancaq heç vaxt arzu etmərəm
ki, övladlarımız bir daha belə bir müharibə
görsünlər. İnsan ölümünün adi hal
aldığı, minlərlə ailənin məhv olduğu,
bir şəhərin, kəndin yer üzündən tamamilə
silindiyi həmin dəhşətli günlərin yenidən təkrarlanmayacağına
inanıram. Lakin ona da inanıram ki, biz bu gün işğal
altında olan torpaqlarımızı nəyin bahasına
olursa-olsun azad edəcəyik. Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyev nə vaxt əmr etsə, qeyrətli
övladlarımız Vətən uğrunda mübarizəyə
qalxacaqlar.
Mən qəzetiniz vasitəsi
ilə Böyük Vətən müharibəsi
veteranlarına göstərdiyi böyük diqqət və
qayğıya görə ölkə rəhbərimizə dərin
minnətdarlığımızı bildirirəm. Biz
veteranların sayı hər gün azalır. Həyatda
qalanlarımızın ömrünü uzadan isə dövlətimizin
qayğısı və övladlarımızın, ətrafımızdakı
insanların xoş münasibətidir. Bizi yad etdiyiniz
üçün “Xalq qəzeti”nə dərin təşəkkürümü
bildirirəm.
Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2010.- 9 may.- S. 14.