Xalqdan güc alan və onu ucaldan lider

 

1993-cü il iyunun 15-i müstəqil Azərbaycanımızın tarixinə “Qurtuluş Günü – ulu öndərimiz Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı günü kimi daxil olmuşdur. Əlbəttə, bu, ciddi və unudulmaz bir tarixdir, hər il xalqımız həmin günü ümumilli liderimizə hədsiz sevgi və minnətdarlıq duyğuları ilə qeyd edir. Ulu öndərimizin böyük siyasətə qayıdışı isə, əslində, 1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra, yanvarın 21-də faktiki olaraq başsız qalan xalqımıza sahib çıxdığı gün hesab edilə bilər. Gəlin, xalqımızın “olum, ya ölüm” dilemması qarşısında qaldığı o ağır günlərə qısaca ekskurs edək.

 

M.Qorbaçovun əmri ilə Bakıya ordu yeridilmişdi, əliyalın insanların qanı axıdılmışdı, paytaxtımızın küçələri qana boyanmışdı. O müdhiş gecədə ermənilərin də daxil olduğu vəhşi ordu hissələri qarşısına çıxan hər kəsi, ətraf evləri, hətta yaralıların köməyinə tələsən təcili yardım maşınlarını da gülləbaran etmişdi. Təəssüf ki, belə bir şəraitdə o vaxtkı respublika rəhbərləri öz vətəndaşlarının taleləri ilə maraqlanmamış, hadisələrin daha geniş miqyas almaması üçün əməli tədbirlər görməmişdilər.

Lakin çox keçməmiş Moskvadan xəbər gəlmişdi ki, türk dünyasının böyük oğlu, ulu öndərimiz Heydər Əliyev səhətində problemlər olmasına, Kremlin nəzarəti altında yaşamasına baxmayaraq 20 Yanvar faciəsindən hiddətlənərək ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib. Müdrik və cəsarətli bir insan kimi Heydər Əliyev heç nədən çəkinmədən xarici ölkələrin informasiya vasitələri nümayəndələrinin də qatıldığı mətbuat konfransında faciə ərəfəsində respublikada yaranmış ağır ictimai-siyasi vəziyyətin yaranma səbəblərini təhlil etmiş, qanlı cinayət törədilməsində birbaşa Sov.İKP Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun günahkar olduğunu bəyan etmişdi.

...Ümummilli liderimiz o ağır günlərdə xalqı ilə birgə oldu. O dövrdə ömrünün ən məhsuldar çağlarının düz 7 ilini SSRİ miqyasında nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət, elm kimi məsul sahələrin dirçəlməsinə sərf eləyən, Heydər Əliyev misilsiz xidmətlərinə görə mükafatlandırılmaq əvəzinə, azərbaycanlı olduğuna görə vəzifəsindən uzaqlaşdırılmışdi. Düşünmək olardı ki, 14 ilə yaxın (1969-1982-ci illər) rəhbərlik etdiyi Azərbaycanda onun idarəçilik, dövlətçilik məktəbindən dərs alan insanlar belə ağır günlərdə böyük azərbaycanlının qarşısına gül-çiçəklə çıxacaqlar, bu dahi insanın təcrübəsindən yararlanmaqda davam edəcəklər. Təəssüf ki, belə olmadı. Vəzifə düşgünləri ulu öndərin Vətənə qayıdışını qısqanclıqla qarşıladılar. İş o yerə çatdı ki, heç bir vəzifədə gözü olmayan böyük insan Bakıda bir neçə gün qardaşının evində yaşadıqdan sonra, doğma Naxçıvana getməli oldu və orada bacısının darısqal evində məskunlaşdı. Blokadada olan Naxçıvan böyük övladına doğmalıqla qucaq açdı.

...Ulu öndərin Naxçıvan həyatı ən yeni tariximizə müdrik el atasının, həqiqi xalq liderinin qəhrəmanlıq salnaməsi kimi düşdü. Qədirbilən insanlar onu tək qoymurdular. Bakıdan, respublikamızın regionlarından dəstə-dəstə sadə insanlar, elm adamları, ziyalılar Naxçıvana gəlir, onu ümumxalq məhəbbəti ilə ziyarət edir, məsləhətlərini alırdılar. Milləti işıqlı gələcəyə aparmaq üçün siyasi partiya yaratmaq tarixi zərurətə çevriləndə böyük rəhbər kerosin lampasının işığında Yeni Azərbaycan Partiyasının nizamnamə və məramnaməsini yazdı. Çox keçmədi ki, ümummilli lider Naxçıvan Ali Məclisinə sədr seçildi. O, burada SSRİ dönəmində muxtar respublikanın adından “sovet” sözünün çıxarılmasına və dövlətimizin indiki üçrəngli bayrağının rəsmən qəbul edilməsinə nail oldu. Bundan əlavə, Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmaması barədə keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının əhalisi iştirak etmədi.

Nəhayət, SSRİ dağıldı və Azərbaycan dövlət müstəqilliyini qazandı. Lakin o zaman hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından ölkədə xaos baş alıb gedirdi. Xarici müdaxilələr, daxili çəkişmələr məmləkəti xanlıqlara, bəyliklərə parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Bunlar azmış kimi ölkədə vətəndaş qarşıdurması, qardaş qırğını təhlükəsi də yaranmışdı.

Belə bir zamanda xalq ayağa qalxaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. AXC-Müsavat hakimiyyətinin başbilənləri də vəziyyətin son dərəcə ağır olduğunu dərk edərək çıxış yolunu dünya şöhrətli siyasətçinin Naxçıvandan Bakıya gəlməsində gördüklərini etiraf etdilər. Beləliklə, xalqımızın böyük oğlu Heydər Əliyev ölkəni xilas etmək üçün Bakıya gəldi.

Təklif olunan kreslodan imtina edən millət atası həyatını xalqın yolunda təhlükədə qoyaraq qardaş qanı tökülən Gəncəyə getməyə qərar verdi. Onu bu qədim şəhərdə ölkə prezidenti iddiası ilə meydan sulayan Surət Hüseynov və onun heç bir qayda-qanuna tabe olmayan azğınlaşmış silahlı dəstəsi qarşıladı. Ulu öndər Gəncədə baş verənləri dərindən öyrənib Bakıya qayıtdı. Ali Sovetin sessiyasında bildirdi ki, ona heç bir vəzifə lazım deyil. Lakin o, xalqın təkidli tələbi, Milli Məclisin qərarı ilə Ali Sovetin sədri seçilərək xilaskarlıq missiyasının icrasına başladı. Beləliklə də, 1993-cü il iyunun 15-də ulu öndər böyük siyasətə qayıtdı.

Böyük rəhbər parlament sədri kimi fəaliyyətinə özündən əvvəlki hakimiyyətin xarici siyasətdə buraxdığı kobud səhvlərin aradan qaldırılması ilə başladı. Çünki bu səhvlər Azərbaycan ətrafında xoşagəlməz beynəlxalq siyasi mühit formalaşdırmışdı. Ulu öndər parlament sədri seçilərkən demişdi: “Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri siyasətinə bağlasın”. Siyasət nəhəngi Heydər Əliyev müstəqil Azərbaycanın dünya ölkələrinə bağlanmasının mümkünlüyünü, beynəlxalq aləmdə imzasının təsdiqini iqtisadiyyatın dinamik inkişafında və güclü ordunun yaradılmasında görürdü.

Əlbəttə, müstəqillik yoluna yenicə qədəm qoyan, işğala məruz qalan bir ölkə üçün bu problemlərin həlli o qədər də asan məsələ deyildi. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi və Moskvada SSRİ-nin ali rəhbərliyində yüksək vəzifədə işlədiyi zaman daha mürəkkəb problemlərin öhdəsindən layiqincə gəlmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdı. O vaxtadək ulu öndərə dünyanın ən nüfuzlu siyasətçiləri yüksək qiymət vermiş, onunla təmasda olmaqdan məmnun olduqlarını bildirmişdilər.

Müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlmiş qüdrətli dövlət xadimi barədə çox keçmədi ki, ABŞ politoloqu Z.Bjezinski dedi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, bir sözlə, şəksiz liderdir”. ABŞ prezidenti B.Klinton bildirdi: “Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi yolundakı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətlərə nail olunmuşdur”. Sonrakı ABŞ Prezidenti C.Buş söylədi: “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqliyinə valehəm”.Fransa Prezidenti J.Şirak bəyan etdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Azərbaycanın bəxti onda gətirib ki, ölkəyə Heydər Əliyev kimi böyük siyasi, dövlətçilik təcrübəsinə malik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.

Türkiyənin sabiq Prezidenti S.Dəmirəl isə ürək sözlərini belə ifadə etmişdi: “Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir. Türkiyə və Azərbaycan xalqları qardaş millətdir. Biz bu bir millətin iki dövləti və qardaş dövlətiyik. Heydər Əliyevin Azərbaycan idealına ürəkdən bağlı olması öz millətinə incə zövq verirsə, bizə də o qədər xoş təsir bağışlayır. Həyatın çətin anlarından məğrurluqla, sarsılmaz iradə ilə çıxan Heydər Əliyev dostluqda sədaqət rəmzidir...” Gürcüstanın keçmiş Prezidenti E.Şevardnadzenin açıqlaması: “Heydər Əliyevin qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq-Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi...”.

Göründüyü kimi, xalqımızın böyük oğlu, dünyanın siyasət nəhəngi Heydər Əliyevin parlaq obrazı təkcə Azərbaycan xalqı üçün deyil, dünyanın bütün sülhsevər insanları üçün doğmadır, unudulmazdır. Ulu öndərin beynəlxalq nüfuzu sayəsində dünyanın ən mötəbər şirkətləri Azərbaycanda müxtəlif sahələrə, xüsusən, neft sənayesinə sərmayə qoymaqdan çəkinmədilər. Ulu öndərimizin siyasi hakimiyyətə qayıdışından cəmi bir il sonra – 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” ərsəyə gəldi. Yeri gəlmişkən, sözügedən müqavilənin həyata vəsiqə almasında o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində uğurlu fəaliyyət göstərən möhtərəm Prezidentimiz İlham Əliyevin də misilsiz əməyi olmuşdu. Neftçi alim kimi fəxr edirəm ki, “Əsrin müqaviləsi”nin reallaşmasında Azərbaycanın neftçi geoloqları və geofizikləri də yaxından iştirak etmişlər.

Hazırda ulu öndərin “yeni neft strategiyası” uğurla həyata keçirilir. Karbohidrogen ehtiyatlarımız xalqımızın rifahına xidmət edir, dünyanın enerji təhlükəsizliyinə layiqli töhfə verir. Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan “Bakı-Tbilisi-Ceyhan” neft və “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərləri ilə qara qızılımız, mavi yanacağımız dünya bazarına çıxarılır.

Türk dünyasının qüdrətli oğlu Heydər Əliyevin gələcəyə istiqamətləndirilən böyük siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Bizim hər birimiz ulu öndərimiz Heydər Əliyevin xalqımıza əmanət qoyduğu Yeni Azərbaycanın daha da çiçəklənməsi naminə onun arzu və ideyalarının həyata keçirilməsinə dəstək olmalıyıq. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti göz qabağındadır. Hamımız dərk etməliyik ki, onun etdikləri xalqın rifahı üçündür, torpaqlarımızın düşməndən tezliklə təmizlənməsinə xidmət edir.

Ulu öndər deyirdi ki, mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam. Biz isə fəxr etməliyik ki, onun müasiri olmuşuq, bu nəhəng şəxsiyyətin soydaşıyıq. Ümummilli lider Heydər Əliyev öz xalqını sonsuz məhəbbətlə sevirdi, ondan güc alırdı. Bu böyük insan həyatını şam kimi əridib əbədiyyətə qovuşdu. Onun ideya və əməlləri xalqımız var olduqca yaşayacaqdır.

 

 

Kərim KƏRİMOV,

AMEA-nın müxbir üzvü,

geologiya-minerologiya elmləri

doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 9 may.- S. 12.