Heydər Əliyev Azərbaycanın daxili potensialından səmərəli istifadə etməyi, Azərbaycanı qorumağı, onun müstəqilliyini, iqtisadi təhlükəsizliyini təmin etməyi tövsiyə edirdi

 

Azərbaycanda sosial-siyasi sabitliyi təmin etməyin vacibliyi göstərir ki, onsuz Azərbaycanın nə varlığından, nə də sosial-iqtisadi inkişafından danışmaq mümkün deyil. Sosial-siyasi sabitliyi təmin etmədən ölkəyə investisiya qoyuluşu mümkün deyil, xaricdən idarə olunan qüvvələr Azərbaycanı içəridən sarsıtmağa çalışırdılar. Onu ayrı-ayrı dövlətlərin tərkibinə qatmaq, parçalayıb müstəqilliyini əlindən almaq istəyənlər bu sahədə planlar hazırlamışdılar. Keçid dövrünün əvvəllərində Azərbaycana səriştəsizlərin rəhbərlik etdikləri dövrdə mərkəzi hakimiyyətin zəifləməsi onları heç narahat etmirdi. Yerli icra strukturları mütləq hakimlik yeridirdilər. Yerli hakimiyyət bəzi hallarda mərkəzi dövlətə tabe olmurdu. Vahid komandanlığa tabe olan ordu yox idi. Onun əvəzində ayrı-ayrı imkanlı adamlara, dövlət çinovniklərinə məxsus silahlı dəstələr var idi. Onların da əsas işi Vətəni qorumaq, torpaqlarımızın işğal altına düşməsinə imkan verməmək deyil, öz ağalarının hakimiyyət kreslosunda möhkəm oturmalarına, hakimiyyət nərdivanında daha yüksək pilləyə qalxmalarında mərkəzi hakimiyyətə güc işlətməkdən ibarət idi. Ölkədə separatçılıq meylləri güclənmişdi. Belə şəraitdə Azərbaycan nüfuzunu gündən-günə itirirdi. Azərbaycanın o vaxtki rəhbərləri ayrı-ayrı dövlətlərin ünvanına öz imkanlarından qat-qat üstün sərsəm iddialar səsləndirir, məsuliyyətsiz bəyanatlar verirdilər. Bütün bunlar beynəlxalq aləmdə antiazərbaycan qüvvələrinin koalisiyasının yaranmasını sürətləndirirdi.

 

Heydər Əliyev ölkənin gələcəyi üçün həmişə narahatlıq hissləri keçirirdi. Bu, valideynin öz övladlarına qayğısına bənzər idi. O, həmişə öz varislərinə Azərbaycanın daxili potensialından səmərəli istifadə etməyi, Azərbaycanı qorumağı, Azərbaycanın müstəqilliyini, iqtisadi təhlükəsizliyini təmin etməyi tövsiyyə edirdi. Azərbaycan 1991-ci ildə istiqlaliyyət qazandı. Lakin müstəqillik, bir tərəfdən formal xarakter daşıyırdı, çünki onun iqtisadi müstəqilliyi hələ yox idi. İkincisi, onu qoruyub saxlamaq problemə çevrilmişdi. Dövlət sosial-siyasi, iqtisadi ekstremizmdən, xaricdən idarə olunan təxribatlardan, separatçılıqdan baş aça bilmirdi. İqtisadi islahatların aparılmasında nöqsanlara yol verilirdi. O da sosial iqtisadi tənəzzülün daha da sürətlənməsinə gətirib çıxarırdı. Ölkə sosial- iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlərin, xammal əlavəsinə, satış bazarına çevrilir, xarici və daxili borcalmaları artırdı.

Qərbin təmənnasız köməklikləri haqqında romantik iluziyalar puça çıxdı. Həyat göstərdi ki, hər bir ölkə öz problemini özü həll etməlidir. Daxili bazarda rəqabətqabiliyyətlilik, dünya bazarına inteqrasiya, ciddi rəqabətə hazır olmaq, öz milli maraqlarımızı qorumağın ən əlverişli formalarını öyrənmək, beynəlxalq miqyasda milli ideyalarımız, layihələrimiz, qabaqcıl texniki və texnoloji yeniliklərimiz olmalı idi. Azərbaycanda dövlət quruculuğuna faktiki olaraq 1993-cü ilin ortalarından sonra başlamaq mümkün oldu.

Bu işlərə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə gələndən sonra başlandı. İlham Əliyevin fəaliyyəti həmişə Heydər Əliyevin siyasi kursunun reallaşmasına sadiqlik nümayişindən ibarətdir. Biz dinamik inkişaf edirik. Bu inkişafin yolunu dahi rəhbərimiz Heydər Əliyev bizə göstərmişdir. Onun Azərbaycan xalqına, öz davamçılarına ən böyük vəsiyyəti “Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini, iqtisadi təhlükəsizliyini təmin edin, Azərbaycanın daxili potensialından səmərəli istifadə edin” olmuşdur. İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafını təmin edir. O, Heydər Əliyevin göstərdiyi yolla iqtisadi islahatlar aparır, Azərbaycan xalqının birliyinə əsaslanaraq ölkənin iqtisadi-siyasi təhlükəsizliyini təmin edir.

Dövlətin iqtisadi proseslərdə dominant rolunu oynadığı bir çox ölkələrdə iqtisadi inkişaf strategiyası iflasa uğradı. Onların əksəriyyəti iqtisadiyyatın bazar münasibətləri relsinə keçirilməsinə üstünlük verdilər. İslahatçıların çoxu yaranmış vəziyyətdən çıxış yolunu iqtisadiyyatı “dövlətsizləşdirməkdə” gördülər. Ona görə də bir çox ölkələrdə aparılan islahatların məntiqi nəticəsi dövləti iqtisadiyyatdan sıxışdırıb çıxarmaq oldu. Onlar hesab etdilər ki, bu cür olduqda dövlət heç olmasa iqtisadiyyata zərər gətirmir.

Dövlətin elmi cəhətdən əsaslandırılmış səmərəli tənzimləyici təsiri olmadan nə iqtisadiyyatın, nə də sosial-siyasi həyatın ahəngdar inkişafı mümkün deyil. Təcrübə sübut edir ki, ölkənin təbii sərvətlərinin zənginliyi, əlverişli təbii- coğrafi mövqeyi, zəruri texniki, iqtisadi imkanları onun dinamik inkişafı üçün kifayət deyil. Həmin ilkin şərtlərdən xalqın, ölkənin mənafeyi naminə maksimum səmərəli istifadə edilməsi üçün hamı tərəfindən əməl edilən qanunların, normaların, qaydaların, prinsiplərin, müəyyən edilməsi gərəkdir. müxtəlif nıülkiyyət və təsərrüfatçılıq formalarına bərabər rəqabət mühiti yalnız dövlətin müəyyən etdiyi normalarla təmin edilə bilər. Bilavasitə Dövlət Proqramlarının reallaşdırılması nəticəsində elmin, təhsilin və səhiyyənin inkişafinda əldə edilmiş nailiyyətlər inkar edilməz həqiqətdir. Bu gün başlıca məsələ dəyişən sosial-iqtisadi şəraitə adekvat dövlətin iqtisadi rolunu yüksəltməyin optimal yollarını tapmaqdır. Dünya dəyişir, ölkənin sosial-iqtisadi inkişafinda dövlətin rolu, təsir etmə imkanları da dəyişir. Bu şəraitdə bazar mexanizmi ilə dövlət tənzimləməsinin optimal əlaqələndirilməsi sosial-iqtisadi inkişafin zəruri şərtinə çevrilir.

Sosial-iqtisadi inkişafa məqsədyönlü xarakter dövlət tərəfindən müəyyən edilir və icra olunur. Dövlət büdcə-vergi, pul-kredit, rüsum- tarif, qiymət (dövlət inhisarında olan sahələrdə) siyasətini müəyyən edir. Dövlətin tənzimləyici rolu nə qədər böyük olsa da o bazar iqtisadiyyatı mexanizmlərinin, stimullarının, normalar və qaydalarının fəaliyyətinə maneələr yaratmamalıdır.

Dövlət iqtisadiyyatın texnoloji proseslərinə qarışmır: O, iqtisadi inkişafa hüquqi baza yaratmaqla, mülkiyyət, antiinhisar, büdcə-vergi, pul-kredit münasibətlərinə aid, habelə istehlakçıların hüquqlarını müdafiə edən qanunlar qəbul etməklə və müəyyən olunmuş qaydalar və prinsiplərə əməl olunmasını təmin etməklə tənzimləyir. İqtisadiyyatın liberallaşması, iqtisadi subyektlərin maliyyə təsərrüfat fəaliyyətini sərbəst icra etmələri bəzi hallarda qanun pozuntularına, sui istıfadə hallarına və korrupsiyaya əlverişli şərait yaradır. Bu meyllərə qarşı mübarizənin çətinliklərlə qarşılaşması qanunların keşiyində durmalı olanların, dövlət məmurlarının, çinovniklərinin, hüquq mühafizə orqanları işçilərinin arasında vəzifə borclarını yerinə yetirmələrində neqativ halların olması ilə əlaqədardır.

Dövlətin başlıca funksiyasını, eləcə də onun iqtisadiyyata təsirinin təməl daşını qanunların hazırlanması və onların reallaşması təşkil edir. Bu, bazar iqtisadiyyatında dövlətin iqtisadi rolunun əsasıdır, iqtisadi təhlükəsizliyi təmin etməyin vacib şərtidir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu, digər qanunların hazırlanması və qəbulu üçün sistem yaradıcı xarakter daşıdı, Konstitusiya qəbul olunduqdan sonra hazırlanmış qanunların keyfıyyətcə fərqlənməsi təkcə onu hazırlayanların xidməti deyil. O habelə yeni hazırlanan qanunların müddəalarını əsas qanunla uzlaşdırmaq imkanının yaranması ilə əlaqədardır. Bütün bunlar dövlətin məqsədyönlü təsiri və tənzimləməsi olmadan mümkün olmazdı. Qeyd etdiyimiz kimi dövlət bazar münasibətləri şəraitində istehsalın texnologiyasına, əmək və istehsal proseslərinin idarə olunmasına, maddi və material ehtiyatlarının müəssisələr və biriklər arasında bölgüsünə, yenidən bölgüsünə, reallaşdırılmasına və s. müdaxilə etmir. Cəmiyyətin inkişafi, ictimai istehsalın strukturunda, onun texniki bazasında irəliləyişlər baş verməsi dövlətin iqtisadi funksiyalarında yeni cəhətlərin meydana gəlməsi ilə nəticələnir.

Dövlətin tənzimedici rolunun mərkəzi məsələsi sosial-iqtisadi yenidənqurmanın istiqamətlərini, onun mərhələlərini, prioritetlərini, strategiyasını və son məqsədini müəyyənləşdirməkdir. Onu Azərbaycan dövlətinin başçısı müəyyən edir. İlham Əliyev 7 illik prezidentliyi dövründə 70 ildə görülən işlərdən çox iş gördü. Azərbaycan Respublikasının sosial-iqtısadi inkişafının strateji xəttini, onun reallaşma istiqamətlərini ulu öndərimiz Heydər Əliyev müəyyən etmişdir. Xalqımızın ümummilli lideri 10 il ərzində iqtisadi idarəetmənin bu və ya başqa sahələrinin inkişafı və tənzimlənməsi üzrə yüzlərlə qanun imzalamış, onlarla fərman və sərəncam vermişdir. Əlbəttə, başlıca məsələ onların kəmiyyətində yox, ölkənin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətindədir. Onların ölkənin sosial-iqtisadi vəziyyətinə təsiri üçün meyar ümumi daxili dinamikası ola bilər. Heydər Əliyevin başladığı işlərin uğurlu davamçısı, Prezident İlham Əliyev ölkədə görüləsi işləri yeni keyfiyyət halına yüksəltdi. Dünya proseslərinin təhlili əsasında iqtisadi inkişafa yeni dinamika gətirdi.

Dünyanı iqtisadi böhranın bürüdüyü 2009-cu ilin birinci rübündə ixracın artımı 20 faiz, orta aylıq əmək haqqı 20 faiz artdığı şəraitdə inflyasiya 15 faiz təşkil etmişdir. Uğurların səbəbini təkcə neft və qaz istehsalında axtarmaq düzgün olmazdı. Başlıcası uğurlu iqtisadi siyasət yeridilməsidir. Azərbaycanda aparılan struktur və idarəetmə islahatlarına görə ölkəmiz dünyada öncül yerdədir. Dünyanın maliyyə institutları Dünya Bankı, BVF Azərbaycanı bir nömrəli islahatçı dövlət hesab edirlər. Uğurlar iqtisadi, siyasi islahatlarda, sosial-siyasi stabilliyin qorunub saxlanılması və daha da möhkəmlənməsində olmuşdur. Əlverişli investisiya mühitinin yaradılması, investisiya qoyuluşunun səmərəli təşviqi xarici investisiyaların Azərbaycana axınının artmasına səbəb olmuşdur. 2009-cu ildə dəyəri 300 milyon avrodan çox yeni sement zavodunun təməlqoyma mərasimi olmuşdur. Sosial inftastruktur sahələri daha sürətlə inkişaf etmişdir. Yolların salınması, Heydər Əliyev Fondunun birbaşa köməkliyi ilə 2 mindən çox məktəb, yüzlərlə xəstəxana, idman kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir. Dünya iqtisadiyyatını tənəzzül bürüdüyü dövrdə yeni körpülərin, elektrik stansiyalarının tikilməsi, alternativ enerji mənbələrindən istifadə edilməsi, qeyri-neft sektorunun üstün inkişafı nəticəsində 1996-2003-cü illərdə Azərbaycanda ÜDM istehsalının orta artım tempi müntəzəm olaraq yüksəlməkdə davam etmişdir.

Hazırda Azərbaycanın regionun informasiya mərkəzinə çevrilməsi üzrə gərgin iş gedir. İKT Azərbaycanın iqtisadiyyatı, istehsalı, ticarəti, pul dövriyyəsi, səhiyyə sistemi, elmin-təhsilin inkişafina geniş tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Elektron Azərbaycan” dövlət Proqramı inamla həyata keçirilir. Respublikamızda bazar münasibətləri ardıcıl olaraq genişlənir. Azərbaycan iqtisadiyyatında struktur dəyişiklikləri aparılır və iqtisadi artım baş verir. İqtisadi inkişafin bu mərhələsində dövlət təkmil struktur, investisiya və idatəetmə siyasəti yeritməklə iqtisadi inkişafa fəal təsir edir. Dünya təcrübəsi göstərir ki, bu mərhələdə dövlət əsaslı vəsait qoyuluşunun həcmi ən azı ÜDM-in 3 faizi nisbətinə çatdırılmalıdır.

Xarici investisiya qoyuluşlarını da nəzərə alsaq 2009-cu ildə ölkə iqtisadiyyatına dövlət büdcəsindən 4,7 milyard manat xərc nəzərdə tutulmuşdur. Bütün mənbələr hesabına investisiya qoyuluşlarının səviyyəsi indiyə kimi görünməmiş səviyyəyə yüksəlmişdir. Xatırladırıq ki, sürətli iqtisadi tərəqqi üçün bütün mənbələr hesabına iqtisadiyyata investisiya qoyuluşunun ÜDM-ə nisbəti beynəlxalq təcrübənin göstərdiyi kimi 30-35 faiz olmalıdır. Bazar münasibətlərinə keçidin birdən-birə ümumi tarazlıq və iqtisadiyyatda yüksək səmərəlilik yaratması mümkün deyil. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində belə, həm ümumi disproporsionallıq, həm də aşağı səmərəlilik mümkündür. Dünya təcrübəsidə onu təsdiq edir. Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatına keçid dövrünü yaşadığından, burada Qərbi Avropa ölkələrinə nisbətən iqtisadiyyatın dövlət tənzimlənməsinə daha çox zərurət vardır. Bir neçə il islahatçılıq təcrübəsi göstərir ki, bazar əgər belə demək mümkünsə, hər şeyi öz qaydasına qoymaq xassəsinə qadir deyil. Təcrübənin göstərdiyi kimi bu mexanizmlər kortəbii surətdə yarana bilməzdi. Onu cəmiyyət şüurlu surətdə, dövlətin fəal iştirakı ilə yaradır.

Dövlət milli iqtisadi təhlükəsizlik strategiyasını müəyyənləşdirməklə, fiskal və monetar siyasət yeritməklə, habelə birbaşa təsiretmə alətləri və mexanizmlərindən istifadə etməklə sahibkarlıq fəaliyyətinin tənzimlənməsini təmin edə bilər. Bu, ilk növbədə ölkədə maliyyə stabilliyi yaradan, inflyasiya tempini normal həddə salan, iqtisadiyyatda pul “ aclığı ” yaranmasının qarşısını alan, ÜDM-in fiziki komponentlərinin dövranı və dövriyyəsi üçün zəruri olan pul kütləsinin dövriyyədə olmasını təmin edən siyasət yeritməklə tənzimlənə bilər. XXI əsrdə respublikamızın sosial-iqtisadi vəziyyəti xeyli dərəcədə bu siyasətin arqumentliliyi, onun reallaşması üçün zəruri vasitələr və alətlərdən istifdənin səmərəliliyi ilə müəyyən olunacaqdır. Beynəlxalq təşkilatların analitik təhlili qarşıdakı əsrdə işsizliyin artımının iqtisadi inkişafi üstələyəcəyini göstərir. Xüsusilə gənclər və qadınlar arasında işsizlərin artması, bütövlükdə məşğulluq məsələsini XXI əsrin ən mühüm problemlərindən birinə çevirə bilər. Əmək qabiliyyətli əhalisinin hər 5 nəfərindən biri işsiz olan ABŞ, Yaponiya, Fransa, Kanada kimi inkişaf etmiş ölkələrdə işsizlərin artmaqda davam etməsi, dünya ekspertlərinin fikirlərini təsdiq edir. Beynəlxalq təşkilatların və dünyanın ən nüfuzlu mütəxəssislərinin fikrincə, XXI əsrdə işsizlik problemi dövlət himayəsinə əsaslanan kiçik və orta müəssisələrin inkişafı ilə həll edilə bilər. Yeni əsrdə iqtisadi möcüzələrə nail olunacağı ehtimal olunan Asiya-Sakit okean regionunda – Yaponiyada, Çin Xalq Respublikasında, Sinqapurda, Cənubi Koreyada, Tayvanda və s. investisiyaların iri istehsala qoyuluşu ilə, kiçik sahibkarlığın inkişafına istiqamətləndirilməsi arasında balans yaradılmasına böyük əhəmiyyət verilir. Kiçik sahibkarlıqda bir iş yerinin dəyəri iri sənaye müəssisələrinə nisbətən 10 dəfə az, elmi-texniki yeniliklərdən istifadəyə həssaslıq isə dəfələrlə yüksəkdir.

Azərbaycanda mənfəət vergisinin dərəcəsi istehsalçıya da, kormmersiyaçıya da 22 faizdir. Bu sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əksəriyyətinin tədavül dairəsinə axınına, pul vəsaitinin vasitəçi, kommersiyaçı strukturlarda cəmləşməsinə səbəb olur. Milli sahibkarlığın inkişafında prioritet istiqamətlərin müəyyən edilməsi, əsaslandırılmış perspektivli layihələrin dövlət büdcəsindən məqsədli maliyyələşməsinin təmin edilməsi, sahibkarlığın inkişafına hüquqi baza yaradılması, respublikada sahibkarlıq subyektlərində işlərin fəallaşmasına, iqtisadi artımın daha da sürətlənməsinə təsir edə bilər. Dövlətin iqtisadi funksiyasının reallaşdırılmasında büdcə siyasəti xüsusi rol oynayır. Konstitusiyaya əsasən Nazirlər Kabineti, həm “Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayır, həm də ldövlət büdcəsinin icrasını təmin edir”. Dövlət büdcəsinin tətbiq edilməsi haqqında ölkə Prezidentinin fərmanlarında büdcə xərclərinin bölüşdürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilir. Təbii ki, bu bölgünün səmərəliliyindən dövlət büdcəsinin iqtisadi inkişafa, iqtisadi artıma stimullaşdırıcı təsiri, habelə xalqın rifahı üçün zəruri sosial tədbirlərin həyata keçirilməsi çox asılıdır.

Radikal struktur və idarəetmə islahatları aparmadan, lüzumsuz idarəçilik və paralel strukturları aradan qaldırmadan, dövlət büdcəsinin formalaşması, bölgüsü və istifadəsində əsaslı dəyişiklik aparmaq, idarəetmə xərclərini optimal həddə endirmək mümkün deyil.

“Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında (1996-cı ildə) barter əməliyyatlarının məhdudlaşdırılması məqsədəuyğun hesab edilmiş, yalnız zəruri hallarda Nazirlər Kabinetinın icazəsi ilə onun aparılmasına icazə verilmişdir. Həm də 1996-cı ildə respublikadan milyon dollarlıq barterlə ixrac olunmuş malların əvəzinə, respublikaya cəmi 120 milyon dollarlıq məhsul barterlə gətirilmişdir. Barterlə ixrac edilmiş 80 milyon dollarlıq məhsul respublikaya qayıtmamışdır. Bu, respublikamızda həmin dövrdə bir ayda istehsal edilmiş ümumi daxili məhsula bərabər idi. Xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş valyuta sərvətləri şəkilində Azərbaycan Respublikasının Prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasət strategiyası və onun sistemlə reallaşdırılması büdcə mədaxilinin son illər 3 dəfəyə qədər artımı ilə nəticələnmişdir. “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” (17 iyul 1996-cı il), “İqtisadiyyatda qarşılıqlı hesablamalarda yaranmış vəziyyətin aradan qaldırılması və maliyyə intizamının möhkəmləndirilməsı tədbirləri haqqında” (24 sentyabr 1996-cı il) və s. fərmanları, sərəncamları ölkənin sosial-iqtisadi inkişafında dönüşün əsasını qoydu. Bu sənədlərdə dövlətin iqtisadi strategiyasını reallaşdırmağın hüquqi bazası, onların icrasının alətləri və mexanizmləri öz əksini tapdı. O, dövlətin iqtisadi funksiyalarının qanunlar, normativ aktlarla reallaşdırmağın, bütün inıkanları xalqın rifahına yönəltməyə istiqamətlənməsinin bariz ifadəsi oldu. Dövlət başçısının sistem xarakterli daxili və xarici siyasəti, iqtisadi əməkdaşlığa, investisiya qoyuluşlarına qarant olması, respublikanın sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olan kontraktların bağlanması ilə nəticələndi. İqtisadi, sosial və siyasi əhəmiyyətini bir çoxlarının vaxtında anlaya bilmədiyi və ya anlamaq istəmədiyi bu uzaqgörən siyasət artıq öz konkret nəticələrini verməkdədir. Heç bir mübaliğəsiz deyirik ki, ulu öndərimizin təşəbbüsü ilə vaxtında bu kontraktlar bağlanmasaydı, indi onların bəzisini reallaşdırmaq qeyri-mümkün olardı. Burada dövlət başçısının yeritdiyi iqtisadi siyasətdə müdrikliyin, uzaqgörənliyin mövcudluğu, gəlişi gözəl söz deyil, real həqiqətdir. Ölkə Prezidenti uzaqgörən siyasət yeritməklə hadisələrin və proseslərin sonrakı gedişini əhəmiyyətli dərəcədə qabaqladı, bir sıra ölkələri fakt qarşısında qoydu, Azərbaycan Respublikasının qanuni mənafelərinin reallaşmasını təmin etdi. Göstərilən kontraktların bağlanması Xəzər dənizinin Azərbaycan sektorunda təbii ehtiyatları təsərrüfatçılıq dövriyyəsinə cəlb etmək və onların xalqımızın mənafeyinə xidmət etməyə yönəltməklə uzunmüddətli problemlərin həllinə zəmin yaratdı. Bu, cənab Prezidentin strateji iqtisadi siyasət yeritməsinə əyani misaldır. Onlarla belə misallar gətirmək olar. İqtisadiyyatda mütərəqqi meyllərin baş verdiyi real faktdır. Qanun başlıca faktoru bövlət başçısının gərgin səyi ilə respublikada ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Onu pozmaq üçün müxtəlif təxribatlara əl atanlar olsa da, məhz ölkə Prezidentinin müdrik siyasətilə respublikada qorunub saxlanılan və möhkəmlənən siyasi stabillik, eləcə də icra strukturları qarşısında dövlət başcısının proqram xarakterli vəzifələr qoyması iqtisadi fəaliyyətin digər sahələrində işlərin canlanmasına təsir etmişdir. Dövrün tələbindən irəli gələn fəal iqtisadi siyasət yeridilməsi və onun reallaşması üçün sistem xarakterli tədbirlər gorülməsi nəticəsində ölkədə sənaye istehsalında geriləməni dayandırmaq mümkün olmuş, kənd təsərrüfatı məhsulları istehsalında isə artıma nail olunmuşdur.

Bir-biri ilə bağlı olan iqtisadi islahatların radikallaşdırılmasını və pul-kredit sferasının tənzimlənməsini paralel aparmadan dinamik sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil. Bunun üçün pul-kredit, büdcə-vergi sferalarının koordinasiya olunmuş inkişafi təmin olunmalıdır. Onsuz iqtisadiyyatın pul-kredit və real sferalarının inkişafında disproporsionallıqları aradan qaldırmaq mümkün deyil. Milli iqtisadiyyatın inkişafı, ÜDM-in fiziki komponentlərinin dövriyyəsini təmin edən nisbətdə nağd və qeyri-nağd pul kütləsi olmalıdır. Həm də pula olan tələb ÜDM-ə düz mütənasib olaraq dəyişilməlidir. Bu nisbətlər Avropa ölkələrində 70-80 faizdir. ABŞ-da isə 100-120 faiz təşkil edir (O, dünya pulu rolunu oynadığı, dövlətlərin ehtiyat valyutası olduğu üçün belədir). Respublikamızda illik inflyasiya tempi 1993-1994-cü illərdə 1600 -1800 faiz idi. 1997-ci ilin birinci yarısında respublikamızda aylıq orta inflyasiya 0,5-0,6 faizə enmişdir. Bu Azərbaycanda inflyasiyanı boğmaq siyasəti ilə təmin olunmuşdur. ÜDM-in azaldığı, istehsalın tənəzzülü şəraitində inflyasiya tempinin aşağı salınması deyilənlərə sübutdur. 1996-cı və 1997-ci illərdə respublikamızda nağd və qeyri-nağd pul kütləsinin ÜDM-ə nisbəti 16-17 faiz təşkil edirdi. Bu, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinə nisbətən 4 dəfə aşağıdır. Hazırda məqsəd inflyasiya yaratmayan metodlarla, real iqtisadiyyatın pula ehtiyacının ödənilməsi üçün sistemli tədbirlər görmək və pul qıtlığı problemini aradan qaldırmaq siyasəti yeritməkdən ibarətdir.

 

 

Səttar SƏFƏROV,

Azərbaycan Respublikasınm

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 9 may.- S. 10.