Heydər Əliyevin zəngin idarəçilik
irsi Azərbaycan xalqının milli sərvətidir
Qədim tarixə malik Azərbaycanın dövlətçilik
ənənəsi də qədim dövrlərdən
başlayır. Eramızdan əvvəl birinci minilliyə gedib
çıxan Azərbaycan 3 min əvvəl də, elə
indinin özündə də dünyada özünəməxsus
yer tutmuşdur. Dünyanın istər mədəniyyət və
incəsənət, istər elm, istərsə də siyasi
tarixinə Azərbaycan daim öz töhfəsini vermiş və
bu tarixi daha da zənginləşdirmişdir. Bununla bərabər,
ölkəmiz yadelli işğalçıların
hücumuna, təzyiqinə və işğalına da məruz
qalmışdır. Azərbaycan tarixinin müxtəlif
taleyüklü məqamları və dövrlərində
doğma Vətənimizi həmişə
düşdüyü ağır vəziyyətlərdən
çıxarmaq vəzifəsi böyük şəxsiyyətlərin
üzərinə düşüb.
Azərbaycanın
çoxəsrlik tarixinə nəzər saldıqda bir daha
şahidi oluruq ki, ölkəmizin və xalqımızın
yolunda hələ Heydər Əliyev kimi xidmətləri olan
ikinci bir şəxsiyyət olmayıb. Azərbaycan dövləti
və xalqı üçün misilsiz işlər
görmüş ümummilli lider Heydər Əliyev
tanrının bizə bəxş etdiyi xilaskardır.
Azərbaycan tarixində keyfiyyətcə
yeni mərhələ
Azərbaycanın qədim tarixini vərəqlədikcə 2-ci minilliyin sonuncu yüzilliyinin çox kəşməkəşli keçdiyi aydın olur. XX əsrin əvvəllərində Azərbaycan müstəqillik əldə etdi, lakin qısa müddətdən sonra onu itirdi. Ölkəmiz zor gücü ilə Sovet imperiyasının tərkibinə qatıldı. Həmin vaxtdan bizə qarşı ayrı-seçkilik kampaniyası başlandı. Azərbaycanın milli mədəniyyətinin, milli düşüncəli ziyalılarının məhv edilməsi, Sibirə sürgünü məhz bu dövrə təsadüf edir. 1920-40-cı illərdə bu kampaniya daha sərt şəkildə aparılırdı. O dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin fəaliyyətinə, respublikada həyata keçirdikləri tədbirlərin təhlilinə nəzər yetirdikdə bir daha aydın olur ki, həmin rəhbərlərin əsas vəzifələri yalnız imperiyanın göstərişlərini yerinə yetirməkdən ibarət olub. Milli düşüncəli ziyalılarımızın isə bir-birinin ardınca sıradan çıxarılmasının qarşısının alınması, onların müdafiəsi istiqamətində heç bir təşəbbüskarlıq göstərilməyib. Gəlin diqqət yetirək: Azərbaycanın sovet dövrü rəhbərlərinin hansının hakimiyyətdə olduğu illərdə respublika və xalq SSRİ daxilində və xaricdə daha geniş tanındı, nüfuz sahibi oldu? Bu illər ərzində Azərbaycan xalqının milli kimliyini özündə qoruyub saxlayan və inkişaf etdirən, mədəniyyət və incəsənətə, elmə, təhsilə, bu sahənin mütəxəssislərinə, tanınmış ziyalılara münasibət necə idi? Onlar addımbaaddım təqib olunur, milliliyi əks etdirən hər hansı bir fikir səsləndirdikdə dərhal həbs edilir və ya sürgün olunurdular. Azərbaycanda milli dil və tarixlə bağlı məsələlərdən söhbət açmaq qeyri-mümkün idi. Respublikada siyasi hakimiyyətin daxilində yekdilliyin, hakimiyyətlə xalq arasında birliyin olmaması, kadrların seçilib yerləşdirilməsində yerli ziyalılara bir o qədər də üstünlük verilməməsi nəticəsində vəziyyət getdikcə gərginləşirdi. Hakimiyyət daxilində intriqalar hökm sürdüyündən respublikanın iqtisadiyyatı gündən-günə geriləyirdi. Bu da əhalinin həyat tərzini pisləşdirir, sosial vəziyyətini ağırlaşdırırdı.
60-cı illərin sonlarından başlayaraq, xalqın qarşılaşdığı problemlərin həllində və ölkənin inkişafında ziyalılara göstərilən qayğıda, milli düşüncənin, milli ruhun qorunması istiqamətində böyük, strateji mərhələnin əsası qoyuldu. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildikdən sonra adət-ənənələrimizin qorunması və milli düşüncəli ziyalıların yaradıcılıq fəaliyyəti üçün respublikada əlverişli şərait yaradılması istiqamətində əməli işlər görüldü. Millətsevərlik fəaliyyətlərinə, milli təəssübkeşliyinə görə təqib olunan, hər an təzyiqlərə məruz qalan ziyalılarımız bir qədər rahat nəfəs aldılar. Onların təqiblərinə demək olar ki, son qoyuldu. Lakin daxili gərginlik hələ də səngimək bilmirdi. İqtisadiyyatdakı gerilik heç cürə aradan qaldırılmır, intriqalar baş alıb gedirdi. Təbii ki, bu da Moskvanı çox ciddi narahat edirdi. Söz yox ki, Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyinatından sonra Azərbaycanın ictimai həyatında dəyişiklik yaranmışdı, ancaq digər sahələrdə kadrların, xüsusilə respublika rəhbərliyinin fəaliyyəti Moskvanı qane etmirdi. Ona görə də Azərbaycana yeni bir rəhbərin təyin edilməsi mərkəzi çox ciddi düşündürürdü. Nəhayət, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə bütün narahatçılıqlara son qoyuldu. Bununla da Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycanda dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni nəfəs, yeni iş metodunun əsası qoyuldu. Köhnə rəhbər tənqid olunmadı, onun iş metodu pislənilmədi, əksinə ona xüsusi qayğı və hörmətlə yanaşıldı. Bu da sərt sovet rejimi dönəmində nadir hadisələrdən hesab olunurdu. Azərbaycanın yeni rəhbərinin bu hərəkəti xalqla hakimiyyət arasında və daxildə birliyin, həmrəyliyin yaradılması istiqamətində layiqli nümunə idi. Bu, Azərbaycan xalqının uğurlu inkişafının və tərəqqisinin milli birlikdə olduğunu təsdiqləyirdi. Məhz bu yolla geniş planları həyata keçirmək, Azərbaycanı dirçəldərək ittifaq miqyasında qabaqcıllar cərgəsinə qoşmaq, beynəlxalq aləmdə tanıtmaq olardı.
Xalq milli adət-ənənələrin qorunub saxlanılmasının, milli düşüncəli ziyalıların – öz millətsevərliyini ört-basdır edə bilməyənlərin təqib olunmadığını gördükcə sabaha daha böyük ümidlə baxır, Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi. Bununla da tarixən qarşıda duran ümummilli problemlərin həlli üçün əlverişli şərait yaranır, millətsevərlik baxışları daha qətiyyətli şəkildə formalaşırdı. Neçə illərdən bəri xalqı düşündürən problemlər böyük əzm və inadla aradan qaldırılır, reallaşdırılması mümkün hesab edilməyən işləri heyrətamiz siyasi iradə nümayiş etdirərək reallaşdırırdı. Çox sərt rejimi ilə yaddaşlara əbədi həkk olunan sovet sistemi şəraitində Azərbaycan xalqı üçün çox vacib və zəruri hesab edilən xeyli mürəkkəb məsələlər milli mənafe naminə böyük müvəffəqiyyətlə həll edilirdi.
Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin millət kimi formalaşmasında və tanınmasında ilk növbədə elm, təhsil mədəniyyət, incəsənətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Yalnız bu yollarla Azərbaycan istiqlalının təməlini hazırladı.
Böyük siyasətçilərin, dövlət idarəçiliyi sahəsində mükəmməl biliyə malik olanların məharəti mümkün olmayanı mümkün etməyə qadirdir. Bir vaxtlar ABŞ Prezidenti olmuş B.Vilson deyirdi: “Əgər iş alınmırsa, elə etmək lazımdır ki, o, alınsın!” Bu hikmətli kəlam sanki Heydər Əliyev üçün deyilmişdi. Çünki ölkəyə rəhbərlik etdiyi müddətdə çox çətin və mürəkkəb hesab olunan sahələri istədiyi səviyyəyə qaldırır, necə deyərlər, təsəvvürlərdə alınmayan iş kimi canlanan problemlərin həllinə inadla, böyük ustalıqla nail olurdu. Heydər Əliyevin ciddi kommunist rejimi dövründə respublikaya rəhbərliyi Azərbaycan xalqının inkaredilməz gerçək tarixidir. O, düşüncəsi, uzaqgörənliyi, geniş dünyagörüşü və xalqın, millətin tərəqqisi yolunda yerinə yetirdiyi missiya ilə millətin atasına çevrildi. Sovet dövründə respublikaya rəhbərlik edən şəxs milli ruh, millətin gələcək müstəqilliyi, xalqın milli-mədəni intibahı naminə fəaliyyət göstərərdisə onun aqibətinin necə olacağı hamıya bəlli idi. Heydər Əliyev də bunu çox yaxşı bilirdi. Lakin buna baxmayaraq, o, həyatını riskə qoyaraq bütün bunlara getdi. Bu, ilk növbədə onun xalqına, millətinə, Vətəninə necə böyük məhəbbət, sevgi ilə bağlılığından, böyük millətsevərliyindən irəli gəlirdi. Bir fakta diqqət yetirək. 1969-cu ilin iyulundan 1982-ci ilin dekabrınadək Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın bürolarının demək olar ki, bütün iclaslarında xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı, milli-mənəvi sərvətləri, adət-ənənələri, elmin, təhsilin və digər zəruri sahələrin inkişafı ilə bağlı məsələlər geniş müzakirə olunaraq mühüm əhəmiyyəli qərarlar qəbul olunmuşdur.
Yüksəliş illəri
Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan xalqının birliyi, hakimiyyət daxilində yekdillik təşkil edirdi. Qısa vaxt ərzində hakimiyyətlə xalq arasında vəhdətə nail olunması xalqın Heydər Əliyevə olan inamını daha da artırdı. Azərbaycanlıları yüksək dövlət, partiya və müxtəlif sahələrdə, xüsusilə təsərrüfat strukturlarında vəzifələrə yerləşdirməklə siyasi hakimiyyəti möhkəmləndirir, milli ruhu qaldırır, respublikanın hərtərəfli inkişafı üçün zəmin yaradırdı. O, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların vahid amal ətrafında birləşməsinə nail olduqdan sonra diqqəti digər sahələrin inkişafına yönəltdi. Ümumiyyətlə, 1969-1982-ci illər Azərbaycanın tarixində həmişə yüksəliş, tərəqqi, inkişaf kimi qalacaq. Bu illər ərzində elə bir sahə olmadı ki, Azərbaycan ittifaqın digər respublikalarından geri qalsın. Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye sahələri sürətlə inkişaf etdirildi. Milli-mənəvi dəyərlərimiz qorunub saxlanıldı. Moskvanın təzyiqlərinə baxmayaraq, dini və mənəvi dəyərlərin qorunub-saxlanılması, habelə inkişafı diqqət mərkəzində olurdu. Azərbaycan xalqının qədim tarixə malik Novruz bayramı Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə respublika miqyasında böyük təntənə ilə qeyd edilirdi. Bu bayramın sovet hakimiyyəti illərində Azərbaycanda kütləvi şəkildə keçirilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Novruz bayramının sovet dönəmində belə təmtəraqlı keçirilməsi xalqın milli ruhunu dirçəldir, yenidən özünə qaytarır, milli irsə, azərbaycançılığa böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirirdi. Xalq belə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasını gördükcə sanki yuxudan oyanır, yenidən özünə qayıdırdı. Axı, neçə-neçə ziyalılarımız belə bayramların, milli adət-ənənələrimizin inkişafının qurbanı olmuşdu. Yenə də həmin sərt sovet rejimi, həmin insanlar idi. Ancaq dəyişən bircə respublikanın rəhbəri idi. Bu dəfə Azərbaycana böyük siyasi xadim, böyük azərbaycanlı Heydər Əliyev rəhbərlik edirdi. Azərbaycanın kommunist liderinin bu dərəcədə millətsevər olması xalqın gələcəyə olan inamını daha da artırdı, müstəqillik arzusunu getdikcə reallaşdırdı.
Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın müasir elm və mədəniyyət nailiyyətlərini mənimsəmələrini daim diqqət mərkəzində saxlayırdı. Qüdrətli şəxsiyyət deyirdi ki, dövlət idarəçiliyində uğurlar qazanmaq üçün savadlı, bilikli kadrlara, özü də milli kadrlara böyük ehtiyac var. Bu ehtiyac tam ödənildiyi halda bütün sahələr üzrə müvəffəqiyyətlərə imza atmaq mümkün olar. Ona görə də gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində dövlət hesabına təhsil almalarına nail olurdu. Bunun nəticəsi olaraq Azərbaycan başdan-başa savadlılar diyarına çevrildi. Azərbaycanın hətta ucqar kənd məktəblərində, sənaye və təsərrüfat sahələrində ali təhsillilər üstünlük təşkil edirdilər. Tarixi şəxsiyyətin 1969-82-ci illərdə Azərbaycanın inkişafı naminə gördüyü işlərdən yazsaq, cild-cild kitablara sığan deyil. Ana dilimizin qorunub saxlanılmasında, belə ağır bir dövrdə Konstitusiyada dövlət dili kimi təsbit olunmasında, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında, mədəni-maarif, səhiyyə sahələrinin əsaslı şəkildə qurulmasında, respublikanın demoqrafik inkişafında, milli hərbçi kadrların hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı Heydər Əliyevin xalq, Vətən qarşısında ən böyük tarixi xidmətlərindəndir.
Onu da qeyd edim ki, sovet sistemi şəraitində müttəfiq respublikaların xarici ölkələrlə birbaşa əlaqə qurmaq imkanları yox idi. Ancaq Heydər Əliyev müxtəlif yollarla Azərbaycanı beynəlxalq aləmdə tanıtmağa çalışırdı. O, Azərbaycanı beynəlxalq və Ümumittifaq elmi, mədəni və siyasi tədbirlərin keçirildiyi mərkəzə çevirdi. Xarici ölkələrdə işləməyə göndərilən ixtisaslı azərbaycanlıların sayı artırıldı, beynəlxalq mədəni əlaqələri genişləndirildi və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqə yaradıldı. Azərbaycan üçün diplomat kadrların hazırlanması da diqqətdən kənarda qalmadı. Xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşür, onlara Azərbaycan xalqının dayağı kimi baxırdı. Bununla yanaşı çalışırdı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan haqqında düzgün, dolğun məlumata, geniş təsəvvürə malik olsunlar. Görülən səmərəli işlər özünü doğrultdu. Sonradan dünya azərbaycanlılarının Bakıya cəm olması, doğma Vətənlə yaxından tanış olmaları, qarşılaşdığımız problemlərin aradan qaldırılmasında həmrəylik nümayiş etdirmələri də qüdrətli şəxsiyyət Heydər Əliyevin gördüyü işlərin uğurlu yekunu idi.
1969-1982-ci illərdə respublikamızın sənayesi nəinki keçmiş ittifaqın bütün respublikalarına, hətta bir sıra qabaqcıl xarici ölkələrə nisbətən daha yüksək sürətlə inkişaf edirdi. 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə (cəmi 14 ildə) onların sayı 1048-ə çatdırıldı. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsi yalnız geniş siyasi dünyagörüşə malik, dövlət idarəçiliyində savadı, biliyi və xalq təsərrüfatının dərin bilicisi olmaqla mümkün idi. Bütün bu xüsusiyyətlərin hamısı böyük azərbaycanlı Heydər Əliyevdə cəmləşmişdi. Onun bu qabiliyyəti, dərin siyasi biliyi, zəkası SSRİ-nin o vaxtkı rəhbərliyinin də diqqətindən yayınmadı və Heydər Əliyev Kremlə çox maddi məsul bir vəzifəyə — Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilməklə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə aparıldı. Moskvada işlədiyi dövrdə Azərbaycanı bir an da olsun unutmadı. Ürəyi öz milləti , Vətəni ilə bir döyündü. Azərbaycanın daha da inkişafı, tərəqqisi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni zavod və fabriklərin açılması istiqamətində qətiyyətli addımlar atdı. Azərbaycanın dünya miqyasında tanınması üçün bütün imkanlardan səmərəli istifadə etdi. Artıq Azərbaycan SSRİ-nin inkişaf etmiş qabaqcıl respublikalarından birinə çevrilmişdi. Təbii ki, bu da mənfur qonşuları qane edə bilməzdi. Ona görə də Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırmaq üçün düşmənlərimiz min hiylə və məkrə əl atdılar. Böyük siyasi xadim həm də SSRİ-nin o vaxtkı rəhbərliyinin təzyiqlərinə də məruz qalmışdı. Mixail Qorbaçov öz məkrli niyyətlərini həyata keçirməkdə yalnız Heydər Əliyevdən ehtiyatlanırdı. Yersiz təqib və təzyiqlərdən cana doymuş Heydər Əliyev nəhayət, tutduğu vəzifəsindən istefa verdi. Sanki bundan sonra Azərbaycanın düşmənlərinin əli-qolu açıldı və Azərbaycanın tarixində növbəti dəhşətli günlər yenidən başladı...
Böyük qayıdış...
...1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə daha geniş vüsət alırdı. Heydər Əliyevin hakimiyyət başında olduğu müddətdə Azərbaycan torpaqlarına qarşı təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr xeyli fəallaşaraq öz niyyətlərini həyata keçirməyə başladılar. O vaxt respublikaya rəhbərlik edən Ə.Vəzirovun qətiyyətsizliyi, qorxaqlığı, dövlət idarəçiliyindəki səriştəsizliyi ölkədə onsuz da ağır olan ictimai-siyasi sabitliyi daha da ağırlaşdırırdı. Bir tərəfdən də SSRİ-nin milli ədavəti qızışdıran rəhbəri Mixail Qorbaçovun Ermənistana açıq-aşkar himayədarlığı, xalqın razılığı olmadan torpaqlarımızı ermənilərə pay verməsi insanları daha da hiddətləndirmişdi. Arxası, dayağı olmayan xalq etiraz səsini qaldırmaq üçün meydanlara çıxdı. “Torpaqdan pay olmaz!” nidaları Kremli lərzəyə gətirdi. Xalqın haqq səsinə tab gətirə bilməyəcəyini görən M. Qorbaçov silahlı qüvvələrdən istifadə etdi. Bundan əvvəl əlləri digər xalqların qanına batan M.Qorbaçov bu dəfə öz təcavüzkar niyyətlərini Azərbaycanda həyata keçirdi. Azərbaycanın ən yeni tarixinə “Qara Yanvar” kimi düşmüş 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə yüzdən artıq günahsız Azərbaycan vətəndaşı amansızcasına qətlə yetirildi. Vəziyyətdən çıxış yolu tapa bilməyən Ə.Vəzirov gecə ikən qaçıb aradan çıxdı. Bu qanlı faciə barəsində ilk dəfə haqq səsini qaldıran yenə də Heydər Əliyev oldu. Ağır şəraitdə, nəzarət altında yaşayan böyük şəxsiyyət Moskvada Azərbaycan nümayəndəliyinə gedərək bu faciə barəsində dünya ictimaiyyətinə məlumat verdi. Ə.Vəzirovdan sonra ölkə daxilində vəziyyət daha da gərginləşdi. Hakimiyyəti qoruyub saxlamağa çalışan rəhbərliklə hakimiyyəti ələ keçirməyə çalışan bir qrup qüvvə arasındakı silahlı münaqişə Azərbaycanı real vətəndaş qarşıdurması ilə üz-üzə qoydu. Xaos, anarxiya, respublika hakimiyyətinə tabe olmayan qüvvələrin özbaşınalığı vəziyyəti son həddə çatdırmışdı. Bir-birinin ardınca baş verən erməni terrorları, torpaqlarımızın asanlıqla işğal olunması o vaxtkı rəhbərliyin cəsarətsizliyindən və qətiyyətsizliyindən xəbər verirdi. SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqillik qazanması bəzi araqarışdıran qüvvələri daha da fəallaşdırdı. Bundan sonra hakimiyyət davası açıq müstəviyə keçdi. A.Mütəllibovun hakimiyyəti atıb qaçmasından sonra meydana çıxan AXC-Müsavat birliyi də dövlət idarəçiliyində çaş-baş qaldı. Bu cütlüyün hakimiyyəti dövründə vəziyyət daha da ağırlaşdı. Artıq müstəqilliyimiz uçurumun bir addımlığında idi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi köməyə çağırdı. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin neçə-neçə nümayəndə heyəti Naxçıvana gedərək Heydər Əliyevdən Bakıya dönüb respublikaya rəhbərliyə gəlməsinə razılıq verməsini xahiş etmişdi. Hətta ölkəni idarə etmək iqtidarında olmayan AXC-Müsavat hakimiyyəti də Heydər Əliyevdən Bakıya gəlməsini inadla xahiş edirdi.
...1993-cü ilin 9 iyunu. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. Heydər Əliyevin Bakıya qayıtması ilə 1969-cu ildə olduğu kimi bu dəfə də Azərbaycanın başı üzərində sanki günəş doğdu. Bu günəşin isti, nurlu şəfəqləri insanlara yeni ruh, təravət və yeni nəfəs bəxş etdi. Həmin il iyunun 15-də ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra xalqda rahat yaşamağa böyük ümid yarandı. Azərbaycanın müstəqilliyinin möhkəmlənəcəyinə və əbədi olacağına, bu yolda qarşıya çıxacaq maneələrin aradan qaldırılacağına tam əminlik yarandı. Çoxillik siyasi təcrübəyə malik müdrik rəhbərin siyasi uzaqgörənlik fenomeni, quruculuq və inkişaf təcəssümü özünü dərhal büruzə verdi. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayanda isə qarşıda duran ən vacib vəzifənin respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaq olduğunu bildirmişdi. Ulu öndər qeyd edirdi ki, qarşıda duran çətin, ağır vəzifələrin həyata keçirilməsi üçün Azərbaycana müasir idarəçi, yeni tərzdə düşünən, yeni təfəkkürlü kadrlar lazımdır. Bu sahədə beynəlxalq təcrübəni öyrənməyi tövsiyə edirdi. Həm də bildirirdi ki, Azərbaycanın yerli şəraitinin milli xüsusiyyətlərini də unutmayaq. Bu onun milli-mənəvi dəyərlərimizə nə qədər bağlı qüdrətli bir şəxsiyyət olduğunu göstərirdi.
Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında fərmanı dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi, yeni təfəkkürlü, müasir idarəçi kadrların yetişdirilməsi işinə mühüm qayğı idi. Çünki Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə daha geniş miqyasda tanınması və şöhrətlənməsi üçün yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanması çox vacib idi. Bu gün akademiyada milli ruhda, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sədaqətlə xidmət edən kadrların hazırlanması ulu öndərin uzaqgörənliyinin, dərin zəkasının, dövlət idarəçiliyi sahəsində zəngin biliyi və təcrübəsinin nəticəsidir. Ümummilli lider deyirdi: “İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz”. Ona görə də Dövlət İdarəçiliyi Akademiyasının yaradılmasını çox vacib və zəruri hesab edirdi. Yaradıcısı ulu öndər olan akademiya bu gün onun ümidlərini yüksək səviyyədə doğruldur.
Qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmiz və xalqımızın yolunda xidmətləri olduqca yüksəkdir. Ümummilli lider Böyük Yaradanın xalqımıza bəxş etdiyi əvəzolunmaz şəxsiyyət, Azərbaycanın xilaskarıdır. Müstəqil Azərbaycan məhvə doğru gedəndə, vətəndaş müharibəsi reallaşmaq üzrə olanda, ölkədə böhran və iqtisadi tənəzzülün tüğyan etdiyi, hakimiyyətsizliyin baş alıb getdiyi bir dövrdə xalqın təkidli müraciətlərinə cavab olaraq “Həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” – dedi. Bununla da Azərbaycanı dəhşətli bəlalardan qurtardı, parçalanmaq, yer üzündən silinmək təhlükəsindən xilas etdi.
Heydər Əliyev Azərbaycanın şərəfli tarixində əbədi yaşayacaq. Onun bütün fəaliyyəti xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına qoşmağa köklənmişdi. Ulu öndərin yarımçıq qalmış ideyalarının layiqincə reallaşdırılması ölkəmizi daha yüksək zirvələrə qaldırıb. Sevinirik, fəxr edirik və qürur hissi keçiririk ki, bu gün dövlət idarəçiliyi müdrik siyasi xadimin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyevə etibar edilib. Xalq bu etibarı, inamı yekdilliklə dəstəkləyir. Bu gün Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Artıq müstəqil dövlətimiz beynəlxalq aləmdə söz, nüfuz sahibidir.
Möhtərəm Prezidentimizin Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutması, dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan verməməsi bir daha təsdiqləyir ki, Azərbaycan dövləti, onun başçısı öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malikdir. Biz ötən il dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyən zaman da bunun şahidi olduq. İnkişaf etmiş dövlətlərin iqtisadiyyatına güclü zərbə dəysə də, əksinə Azərbaycan öz inkişaf tempini qoruyub saxladı. İndiki mürəkkəb bir şəraitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində, habelə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əlaqədar qardaş Türkiyəyə güclü təzyiqlər edilən zaman da möhtərəm Prezidentimiz əsl siyasi liderə xas olan yüksək siyasi iradə, uzaqgörənlik nümayiş etdirdi. Bunun nəticəsi olaraq, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında proseslər bizim xeyrimizədir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalqımızın rifahı, respublikamızın inkişafı və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda möhtərəm Prezidentimizlə birgə fəaliyyəti ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb.
Bu gün Azərbaycan nüfuzlu, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün inamlı, etibarlı bir dövlətə çevrilib. Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. İnanırıq ki, bu yüksəliş bundan sonra da davam etdiriləcək, ölkəmizin qarşılaşdığı münaqişələr bizim istədiyimiz səviyyədə həll olunacaq və Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcək.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
rektoru, əməkdar
elm xadimi, professor,
Dövlət Qulluğunu İdarəetmə
Şurasının üzvü
Xalq qəzeti.- 2010.- 9 may.- S. 7.