Alınmaz qalamız laqeydliyin, xəyanətin
qurbanı oldu
Azərbaycanın dilbər guşəsi olan
Şuşa Qarabağ xanlığının əsas strateji
nöqtəsi idi. Bu xanliğın əhalisini Azərbaycan
türkləri təşkil edirdi. Xanlığın əsasını
qoyan və az vaxt ərzində Qarabağda öz hakimiyyətini
möhkəmləndirməyə müvəffəq olan Pənahəli
xan (1748-1763) idi. O dövrdə məlikliklər olan Vərəndə,
Xaçın, Dizaq, Çəlibörd, Gülüstan
Qarabağ xanlığına tabe oldu. Pənahəli xan daxildə
baş qaldıran feodalların və məliklərin
iğtişaşlarını yatırdıqdan sonra 1748-ci ildə
tikdirdiyi Bayat qalasında qalmaqdan ehtiyatlanırdı. Ona
görə də xanlığın iqamətgahını daha
etibarlı yerə köçürdü və bu ərazidə
qala tikdirdi. Bu yer Şuşa qalası idi. Qalanın tikintisi
1757-ci ildə tamamlandı. İlk vaxtlar Pənahəli
xanın adını daşısa da, sonradan Şuşa
qalası adlandırıldı. Pənahəli xanın
oğlu İbrahimxəlil xanın (1763-1806) vaxtında
xanlıq daha da möhkəmləndi.
XVIII əsrin
axırlarında xanlıq dəhşətli faciələrlə
üzləşdi. İran şahı Ağa Məhəmməd
Qacar 1795-ci ilin iyul ayında 85 minlik qoşunla Xudafərin
körpüsünü keçərək, Qarabağ
xanlığı üzərinə hücuma keçdi və
Şuşa qalasını mühasirəyə aldı. Şuşa
iki tərəfdən mühasirəyə alındı, iri
toplardan şəhərə daş və mərmi
yağdırıldı. Qala 33 gün mühasirədə
saxlandıqdan sonra şah öz qoşununu Gürcüstana
yeritdi. Tiflisi işğal edib 20 min əsir götürən
Ağa Məhəmməd Qacar İrana döndü.
Rus çarı I Pavelin
1797-ci ildən Azərbaycan və Dağıstan ərazilərindən
rus ordularını geri çağırmaq haqqında göstərişindən
xəbər tutan İran şahı Qacar 1797-ci ilin yazında
ikinci dəfə Qarabağ xanlığına
yürüş etdi.Şuşa İran şahı tərəfindən
işğal edildi. Bu hadisələrin baş verdiyi vaxt bir qrup
erməni nəyin bahasına olursa olsun Qarabağı
Rusiyanın tərkibinə daxil etdirib bu yerlərdə erməni
məliklikləri yaratmaq niyyətlərini həyata
keçirməyə çalışırdı.
Tarixi mənbələrdə
belə söylənilir ki,guya 1797-ci ildə heç bir
müqavimət görmədən Ağa Məhəmməd
şah Şuşanı işğal etmişdir. İbrahimxəlil
xan isə qalanı, əhalini başlı-başına qoyaraq
ailəsi və ətrafında olan bəylərlə Car-Balakənə
qaçmışdır. Amma düşmənə
qarşı dəyanətlə vuruşan və ona tələfat
verən İbrahimxəlil xanın indi hər şeyi, əhalini
başsız qoyub qaçması inandırıcı
görünmür. Fransız tarixçi alim Jan Gevr Fransəvinin
İranda farsca çap olunmuş “Xacə tacidar” (“şah”)əsərində
bu məsələlər açıq-aydın göstərilmişdir.
Tarixçi yazır ki,1797-ci il Qacar hücumu zamanı
“...İbrahim xan elan etmişdi ki,kim istəsə çətin
ayaqda öz ailəsi ilə birlikdə şəhəri tərk
edə bilər. O, özü gecə qoçaq adamlarından
200 nəfər götürüb xəlvət yoldan
çıxaraq düşmənin arxasına
keçdi.İran topxanasına arxadan hücum etdi.Topları ələ
keçirdi.Geriyə qayıdanda gördü ki,yol
bağlanıbdır. Qacar qoşunları Hacı Babək
adlı Şuşa müccəhidinin vastəçiliyi ilə
şəhərə daxil olmuşdur”. Müəllif
qarabağlıların mənəvi cəhətdən Qacar
ordularından üstün olduğunu göstərir. Onun
mülahizələrinə görə, Qacarın orduları
İranın cənubundan olub,müxtəlif tərkibli idi. İbrahim
xan öz adamlarının hamısını
tanıyırdı. Şuşalılar qətiyyətlə
döyüşürdülər. Qarabağlılar öz yerlərinə
yaxşı bələd idilər.
İbrahim xan çox bacarıqlı, ağıllı və iş bilən adam idi. Qarabağ xanı qala qapılarının bağlı olduğuna görə geri dönə bilmədi. O, düşmən əhatəsini yarıb Dağıstan tərəfə,qohumu Avar hakimi Umma xana pənah gətirdi.
...Azərbaycan dövlət müstəqilliyini çətin və mürəkkəb beynəlxalq şəraitdə əldə edə bilmişdi. Sovet dövlətinin süqutu ilə“soyuq müharibə”sona çatmış,beynəlxalq münasibətlər sistemi aradan qalxmış, qloballaşma prosesləri sürət götürməyə başlamışdı. Azərbaycanın dövlət müstəqilliyini az bir vaxtda dünya dövlətlərinin çoxu tanımışdı. Onu ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımışdı,70 xarici dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdı. Bununla belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dünya dövlətlərinin təsirli dəstəyini əldə etmək, müharibəni söndürmək mümkün olmadı. Belə bir şəraitdə Ermənistan və Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri əvvəl sovet,sonra rus hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirdi, əlverişli strateji mövqeləri tutaraq azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmağa başladılar. 1991-ci il sentyabr ayının ilk günündə burada qeyri-qanuni bir qurum—oyuncaq “Dağlıq Qarabağ respublikası” yaradıldı. Noyabrın 26-da isə Azərbaycanın Ali Soveti DQMV-nin stasunu ləğv etdi. Erməni faşist ordularının müvəffəqiyyət əldə etməsinin əsas səbəblərindən biri xəyanət, səriştəsizlik idisə, digər səbəb isə Azərbaycanda ordu quruculuğunun formal xarakter daşıması idi.
Azərbaycan iqtidarı hərbi hissələrin müəyyən qüvvələrin təsirinə düşüb ona qarşı çıxacağından qorxaraq ilk vaxtlar sovet qoşununa, sonra isə Rusiya silahlı qüvvələrinə meyl göstərməyi nəzərdə tuturdu. 1991-ci il sentyabr ayının 5-də Müdafiə Nazirliyi yaradıldı.General Valeh Bərşadlı müdafiə naziri təyin edildi. Erməni hərbi hissələri rus ordusunun köməyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücumlarını artırdılar. Dekabrın sonlarında Kərgicahan qəsəbəsinə erməni quldur dəstələrinin hücumu başlandı. Ermənilər ilk dəfə odatan silahı işə saldılar. Çətin döyüşlərdə 30 azərbaycanlı əsgər igidlik göstərərək həlak oldu.1992-ci il yanvarın 19-da Kərgicahan düşmən əlinə keçdi və yandırıldı.Yanvarın 21-də Qeybalı, fevralın 12-də Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal olundu. Xocalı və Şuşanın mühasirəsi yaxınlaşırdı.Azərbaycan ordu hissələri, xüsusi təyinatlı milis dəstələri və yerli özünümüdafiə batalyonlarının müqaviməti nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.
Alınmaz Şuşanın mühasirəsini yarmaq üçün Daşaltı tərəfdən Azərbaycan ordu hissələrinin 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə keçirdiyi əməliyyat da bu səbəbdən uğursuzluğa düçar oldu.Satqın bələdçilər bir taqım əsgəri və zirehli texnikanı minalanmış sahəyə saldılar. Ordu hissələrindən 33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər isə yaralandı. Döyüşlərdə Erməni tərəfi 150 nəfərədək itki verdi. Bir neçə gün sonra Şuşanın mühasirəsini Ağdam istiqamətində yarmaq məqsədilə aparılan Xromot-Xanabat əməliyyatı da uğursuz başa çatdı.
Azərbaycanın döyüş meydanlarında vəziyyətə təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr arasında hökm sürən didişmələrin, satqınlığın növbəti qurbanları Şuşa və Laçın oldu.Şuşa şəhəri uzun vaxt idi ki,mühasirədə qalmışdı. Şəhərə erməni daşnak ordularının güclü hücumları gözlənilirdi. Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbçisinin 90 ağır hərbi texnika ilə erməni tərəfə keçməsi bəlli idi. Alay bu ərazidən Gürcüstana köçürülərkən çoxlu sayda hərbi texnika erməni hərbi hissələrinə verilmişdi.
Şuşa şəhərinin müdafiə olunması üçün isə cəmi 24 ağır hərbi texnika var idi. Hərbi rabitə pis vəziyyətdə idi, şəxsi heyətin hazırlıq səviyyəsi, nizam-intizam pozulmuşdu. Silahlı qüvvələr arasında narazılıq başlanmış, eləcə də dəstələrdə parçalanma şiddətlənmişdi. Azərbaycan iqtidarı isə iki güc nazirliyi (Müdafiə və Daxili İşlər nazirliklərinin) rəhbərlərinin yaxınlaşmasını özünə qarşı təhlükə hesab edirdi. Azərbaycan rəhbəri məsuliyyətli vaxtda diqqəti yayındırmaq məqsədilə diplomatik tələyə düşdü. İran dövlətinin vasitəçiliyi ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılırdı. Minalanmış sahələr zərəsizləşdirilmiş, əsgərlərin xeyli hissəsi cəbhə xəttindən qısa müddətli məzuniyyətə göndərilmişdi. Şuşa taborunda 1500-ə yaxın döyüşçü olduğu halda hücum vaxtı vur-tut 500 nəfər qalmışdı. 200 könüllü döyüşçü isə silahı ilə şəhəri tərk etmişdi.Şuşadan hərbi texnika, “Qrad”qurğularının çıxarılmasına başlanmışdı. Xüsusi milis taborunun döyüşçüləri 1992-ci il mayın 4-də Şuşanı tərk edib Böyük Kirsdə mövqe tutmuşdular. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Şuşa şəhərini güclü artilleriya atəşinə tutdular. Düşmənin hücumunda 80 “T-72" tankı, 6 minə yaxın döyüşçü,eləcə də xarici muzdlular iştirak edirdilər.
Səhərə yaxın şəhərətrafı postlar düşmən tərəfindən ələ keçirilmişdi. Bəzi sahələrdə isə milli qüvvələr düşmənə qarşı igidliklə vuruşurdular. Bu vaxt düşmənin 3 tankı şəhərə soxula bildi.Azərbaycan Ordusunun 533 saylı tankı düşmən tankının birini vurub sıradan çıxardı, o biri tanklar geri qayıtdılar. “Qayabaşı”adlı yerdə dayanmış əsgərlər döyüşü axıra qədər davam etdirdilər. Belə bir zamanda müdafiə dəstələrinə köməyə gələn olmadı. Köməyə çatan vertolyot isə səhvən şəhərin müdafiəçilərinin mövqeyini atəşə tutdu, piyadalar üçün döyüş maşınını sıradan çıxardı. Axşama qədər 30-40 müdafiəçi Şuşanı tərk etdi. Şuşa şəhəri ətrafında gedən döyüşlərdə 155 müdafiəçi şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Alınmaz Şuşanın süqutu ilə erməni faşistləri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı başa çatdı.
...Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ probleminin həll olunması istiqamətində şox böyük işlər görür. Xarici müşahidəçilər qeyd edirlər ki, İlham Əliyev danışıqların aparılmasının təmkinli məcraya düşməsində mühüm iş görüb. Qarabağ probleminin dinc yolla həll edilməsinin tərəfdarı olan Prezidentimiz, bununla yanaşı,açıq-aşkar bildirir ki, Azərbaycanın öz torpaqlarını istənilən anda, o cümlədən hərbi yolla erməni işğalından azad etmək,ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır. Xalqımız torpaqlarımızı düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevın əmrini gözləyir.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2010.- 12 may.- S. 10.