Sumqayıt: ulu öndərə sonsuz məhəbbətlə

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarının təcəssümü olan Sumqayıt şəhərində unudulmaz dahi şəxsiyyətin anadan olmasının 87-ci ildönümü böyük bayram əhval-ruhiyyəsi ilə keçib.

 

Gənclik şəhərinin küçə, meydan, park və xiyabanları başdan-başa bayram libasına bürünmüşdü. Könüllərdə sevinc, çöhrələrdə təbəssüm vardı. Ulu öndərin möhtəşəm abidəsinin önünə toplaşan adamların hər biri dahi rəhbərin doğum gününə həsr olunmuş bayram tədbirlərində iştirakından hədsiz qürur duyurdu. Günəşli may səhərində ətrafa yayılan musiqi təranələri tədbirlərin şən ovqatına xüsusi rəng qatırdı. Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları maraqlı ədəbi-bədii kompozisiya təqdim etdilər. Vətənpərvər ruhlu şeirlər xüsusilə əsrarəngiz təsir bağışladı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimdə məruzə ilə çıxış etdi. Natiq, dünya siyasət aləmində xalqımızın ümummilli liderinin zirvə yeri, onun fenomenal idarəetmə və rəhbərlik qabiliyyəti sayəsində üfüqlərdə parlaq Azərbaycan günəşinin doğması, dövlətimizin müstəqilliyinin dönməz xarakter alması və regionda güc sahibi olması ilə bağlı fikirlərini konkret misallarla əsaslandırdı. Sumqayıtlıların əbədiyaşar dahi siyasətçiyə, zəmanəmizin ən böyük azərbaycanlısına sonsuz məhəbbət duyğularını ifadə etdi. Vaxtilə ulu öndərin diqqət və qayğısı ilə böyüyüb-gözəlləşən Sumqayıtın hazırkı uğurları barədə sanki ümummilli liderin ruhu qarşısında hesabat verdi. O bildirdi ki, ulu öndərin Sumqayıta son səfəri şəhərin yeni inkişaf tarixinin başlanğıcı olub, burada sağlam mənəvi-siyasi iqlim bərqərar edilib. Şəhər rəhbərliyi etimadı layiqli işlərlə doğrultmağa çalışıb. Dahi rəhbərin geniş fəallar yığıncağındakı nitqindən irəli gələn müddəalar fəaliyyət proqramı kimi qəbul edilərək uğurla həyata keçirilib. Vaqif Əliyev ənənənin bu gün də davam etdiyini söylədi. O dedi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtın inkişafını daim diqqətdə saxlayır, gənclik şəhərindən qayğısını bir an belə əsirgəmir. Dövlətimizin başçısı tez-tez Sumqayıta gəlir, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, şəhərin inkişafını sürətləndirmək və onu daha da gözəlləşdirmək üçün vaxtaşırı vəsaitlər ayırır. Regional inkişafın ideal modeli məhz bu gözəl şəhərdə formalaşıb. Son yeddi ildə sumqayıtlıların həyatın bütün sahələrində qazandığı uğurlar, nail olunan sosial-iqtisadi tərəqqi bu qayğının məntiqi nəticəsidir. Ötən illər ərzində şəhərin siması başdan-başa dəyişib, burada müasir infrastruktur yaradılıb. Sumqayıtda yeni-yeni müəssisələr tikilərək istifadəyə verilib, on minlərlə yeni iş yeri açılıb, sakinlərin həyat şəraiti qat-qat yaxşılaşıb. Hazırda Sumqayıt Cənubi Qafqazın ən nümunəvi və müasir şəhərinə çevrilibdir.

Sonra idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, elm və mədəniyyət ocaqlarının kollektivləri ulu öndərin əzəmətli abidəsini ziyarət etdilər, gül dəstələri qoydular. “Gənc heydərçilər” hərbi marşlar və vətənpərvərlik mahnıları oxuya-oxuya meydana daxil oldular. Onlar ümummilli liderin ruhu qarşısında böyük ehtiramla baş əydilər və dahi rəhbərin ideyalarına sadiq qalacaqlarına and içdilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 12 may.- S. 9.