Qələbə-65

 

Qələbənin layiqli varisləri...

 

Yaxud “Şahinlər döyüşkən olurlar”

 

İkinci Dünya müharibəsinin əsas baiskarı olan faşizm taunu üzərində qazanılan ümumbəşəri Qələbənin gerçəkləşməsində dünyanın əksər xalqları və millətləri bu və digər formada iştirak ediblər. Lakin Qələbə naminə Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlər sayagəlməzdir. Çətin olsa da etiraf etməliyik ki, keçmiş SSRİ məkanında “Böyük Vətən müharibəsi” adı ilə məşhurlaşan bu qovğada Azərbaycanın və azərbaycanlıların verdiyi itkilər lazımi qiymətini almayıb. Yumşaq desək, bu sahədə müəyyən ədalətsizliklərlə qarşılaşmışıq. Çünki biz müharibəyə təkcə canımızı verməmişik. Həm də ağzımızın çörəyini, sandığımızın “yatırını”, boynumuzun “babaxanısını”, son qramınadək qara və ağ “qızılımızı”, yorğan-döşəyimizin yununu, əynimizin qalınçasını (hansını deyim?!), nəhayət, saçlarımızın qarasını, qəlbimizin sevincini vermişik.

 

Amma qiymətimiz nə olub? Bakı nefti ilə faşizmin belini sındıran, düşmən üzərində qələbəni təmin edənlər Bakının qəhrəmanlığını bu günədək etiraf etməyiblər. Nəisə, mənası məzmunundan çox-çox yüksəkdə dayanan bu mövzunu “giley-güzar” üstündə kökləmək istəməzdim...

Tədqiqatçıların araşdırmalarına görə, adıçəkilən müharibədə 600 mindən çox Azərbaycan vətəndaşı döyüşüb. Onların yarıdan çoxu bir daha geriyə dönməyib. Qayıdanlar isə yarımcan qayıdıblar. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə döyüşən azərbaycanlıların cərgəsində hərbi təyyarəçilərimizin, aviatorlarımızın, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin xüsusi yeri olub.

Müharibə dövründə Azərbaycan əsl cəbbəxanaya çevrilmişdi. Amansız müharibə qanunları Azərbaycan aviasiya sənayesi müəssisələri qarşısında çətin və təxirəsalınmaz vəzifələr qoymuşdu. Əvvəla, həmin illərdə Azərbaycan Sovet İttifaqının əsas neft bazası hesab olunurdu. Cəbhəyə lazım olan neftin və neft məhsullarının dörddə üç hissəsi burada istehsal edilirdi. Yüksək oktanlı aviasiya yanacağının 75 faizini Bakı zavodları verirdi. Bununla yanaşı, Azərbaycan “acgöz” müharibənin təkcə neft-benzin təminatçısı deyildi...

Ölkə rəhbərliyinin təkidli tələbinə əsasən, hərbi təyyarələrin, o cümlədən təyyarələr üçün ehtiyat hissələrinin istehsalına və təmirinə ciddi fikir verilirdi. İşğal zonalarından “ucqarlara” köçürülən aviamüəssisələrin təcili bərpası ilə yanaşı, yenilərinin də tikilib, istifadəyə verilməsi gündəlikdə duran əsas tələblərdən idi. Bakı aviatorları bu çətin vəzifəni şərəflə yerinə yetirirdilər.

Bakının Keşlə qəsəbəsində kodlaşdırılmış adları “168” və “458” olan iki aviazavod fəaliyyət gəstərirdi. Fasiləsiz işləyən bu müəssisələrdə “UTİ-4” və “YAK-3” tipli qırıcı təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal edilirdi. Düşmənin başına od ələyən və müharibənin sonunadək “sirrini” qoruyub saxlaya bilən əfsanəvi “Katyuşa”nın raket-mərmiləri də Bakıda hazırlanırdı.

Bu zaman Gəncə şəhərində iri tutumlu aviatəmir zavodu fəaliyyət göstərirdi. Müharibə illərində bu müəssisədə ümumi sayı 782 olan müxtəlif tipli təyyarələr, habelə 1550-dən çox təyyarə mühərriki və digər aviahissələr vaxtında təmir edilərək, cəbhəyə göndərilmişdi. Gəncə aviatəmir zavodu indi də fəaliyyətini davam etdirməkdədir...

Məlum olduğu kimi, Hitler Almaniyası Bakı neftinə sahib olmaq üçün xüsusi plan hazırlamışdı və bu məqsədlə Bakının işğalını tezləşdirmək üçün hərbi sənayenin bütün imkanlarından istifadə edirdi. Lakin SSRİ-nin əsas cəbbəxanalarından olan Bakının müdafiəsi də etibarlı əllərdə idi. Şəhərin havadan müdafiəsi xüsusi təlim keçmiş qırıcı aviadəstələrin hesabına daha da gücləndirilmişdi. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da uçurdular. Onlardan Ziba Dadaşovanın, Zərifə Qasımovanın adlarını öyünclə çəkmək olar.

Müharibə tarixinin yaddaqalan hadisələrindən olduğu üçün belə bir faktı da xatılatmaq yerinə düşər : 1942-ci il avqustun 14-də Bakı üzərində ilk faşist təyyarəsi vurulmuşdur. Azərbaycan övladları müharibə alovunun bürüdüyü müxtəlif cəbhələrdə faşistlərə qarşı igidliklə vuruşurdular. Onların arasında təyyarəçilərimiz də az deyildi. Onlar kəşfiyyat, bombardımançı, qırıcı və hərbi nəqliyyat uçuşlarını yerinə yetirməklə yanaşı, fövqəladə dövlət tapşırıqlarının həyata keçirilməsində də fəal iştirak edirdilər...

Böyük Vətən müharibəsində rəşadətli döyüş yolu keçmiş Adil Hüseyn oğlu Quliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı hərbi təyyarəçi idi. Bakı aeroklubunun və Stalinqrad hərbi-hava məktəbinin məzunu olan A. Quliyev müharibənin yeddi cəbhəsində 265 döyüş uçuşu keçirmiş, 64 “əlbəyaxa” döyüşdə düşmənin 18 təyyarəsini vurmuşdu. Bu da önəmlidir ki, Adilin məharətlə idarə etdiyi və hər döyüşdən sonra salamat yerə endirdiyi “YAK-9” qırıcı təyyarəsi başqa bir həmyerlimizin, avisiya mühəndisi İbrahim Seyidovun çalışdığı Novosibirsk zavodunda hazırlanmışdı. Tanınmış aviakonstruktor Yakovlev cəbhə xatirələrində yazırdı ki, “Stalinin xüsusi tapşırığı ilə cəbhəni sürətli və davamlı “YAK”larla təmin etmək üçün İbrahim Seyidovun xidmətləri əvəzsiz idi...”

Züleyxa Həbib qızı Seyidməmmədova azərbaycanlı qadınlar arasında ilk hərbi təyyarəçi kimi adını tarixə yazdırmışdır. O, 1934-1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almaqla yanaşı, Bakı aeroklubunda ilkin uçuş vərdişləri qazanmışdır. 1941-ci ildə isə Cukovski adına Moskva Hərbi-Hava Akademiyasının şturman fakultəsini bitirərək, kiçik leytenant rütbəsi almışdı. Z. Seyidməmmədova Böyük Vətən müharibəsi illərində əsasən gecələr hücum edən və düşmən tərəfindən “gecə şeytanları” adı qazanan qırıcı qadın aviasiya alayının komandir müavini olmuş, 500-ə qədər döyüş əməliyyatında iştirak etmişdi. İkinci dərəcəli “Böyük Vətən müharibəsi” və “Alman faşizmi üzərində qələbəyə görə” ordenləri ilə təltif edilmişdi. Ordudan aviasiya kapitanı rütbəsi ilə tərxis olunan Z. Seyidməmmədova ömrünün qalan hissəsini doğma Azərbaycanın inkişafına sərf etmişdi...

Azərbaycanın xalq şairi Məmməd Rahimin hələ məktəb kitablarından oxuduğumuz “Leninqrad göylərində” poemasının qəhrəmanı Hüseynbalanın prototipi kim olmuşdur? Bu gün cavanlarımızın bir çoxu bu sual qarşısında aciz qalır. Hüseynbala oğlu Əliyev Bakı aeoklubunun yetışdirməsi və Yeysk Hərbi Dəniz Aviasiya Məktəbinin məzunu olmuşdu. O, böyük müharibədə cəmi 27 gün iştirak etmişdi. Bu az müddətdə 49 hərbi uçuş keçirmiş, onlarca düşmən təyyarəsini ya məhv etmiş, ya da “yaralayaraq” Leninqrad səmasından qovub çıxarmışdı. Döyüşlərin birində düşmənin 3 “Yunkers-88” tipli qırıcı təyyarəsi ilə üzbəüz qalan Hüseyn onlardan ikisini vurmuş, digərini qaçmağa məcbur etmişdir. Lakin bu döyüş Hüseynbalanın özü üçün də sonuncu olmuşdur. Ölümcül yaralanmasına baxmayaraq, təyyarəsini salamat yerə endirə bilmiş, bir neçə dəqiqədən sonra isə dünyasını dəyişmişdi. Leytenant H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdi...

“Əziz ata, mən vətənin bu ağır günlərində arxa cəbhədə rahatlıq tapa bilmərəm... Xahiş edirəm mənim ön cəbhəyə göndərilməyimi sürətləndirəsiniz”. Bu cümlələr təyyarəçi Vladimir-Cahangir Mir Cəfər oğlu Bağırovun öz atasına, Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Abbas oğlu Bağırova yazdığı məktubdandır. Davamlı və inadlı xahişlərdən sonra ön cəbhəyə “vəsiqə” alan Vladimir-Cahangir qırıcı eskadrilyanın tərkibində vuruşmuş, olduqca cəsarətli uçuşlar keçirmişdi. Təyyarəçi dostları onu “taran ustası” adlandırırdılar. Elə özü də belə təhlükəli uçuşların qurbanı olmuşdu. 1943-cü ildə növbəti döyüşlərdən birində təyyarəsini düşmən təyyarəsinə çırparaq onu məhv etmiş, özü də həlak olmuşdur. Vladimir-Cahangir Bağırov ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdi...

Qeyri-adi şücaət sahibi olan hərbi təyyarəçilərimizdən biri də Məzahir Həmid oğlu Abbasov olmuşdu. Çətin hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək , qaçmağa məcbur etmişdi. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdi. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq da göstərmişdir: O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdu. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq, alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bimişdir.

Müharibədən sonra Məzahir Abbasov tarixçi alim kimi fəaliyyət göstərmişdir. O, Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdı...

 

* * *

 

Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyinin əməkdaşları “Azərbaycan aviatorları Böyük Vətən Müharibəsində” adlı kataloq buraxmışlar. Azərbaycan və rus dillərində nəşr olunmuş bu kitabçada öz igidlikləri ilə Qələbə gününü yaxınlaşdıran 40 təyyarəçimiz haqqında məlumat və foto-şəkil toplanmışdır. Bu yazımda onlardan yalnız bir neçəsini sizlərə təqdim edə bildim...

 

 

Yusif KƏRİMOV,

yazıçı-publisistmuxbir uzvu

 

Xalq qəzeti.- 2010.- 12 may.- S. 9.