Heydər Əliyev və Azərbaycanda vahid elm-təhsil siyasətinin təməlləri

 

Ölkəmizdə iqtisadi inkişaf sahəsində keçid dövrü başa çatdıqdan sonra gələcək inkişaf yolunun əsas hərəkətverici qüvvələri olmaqla elm və təhsil məsələləri Azərbaycan dövlətçiliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi kimi, yeni mərhələdə elm və təhsilin prioritetliyi vacibdir: “Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”.

 

Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri hələ o vaxt ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O nəinki bu iki sahənin əhəmiyyətini xüsusi vurğulayırdı, həm də onların daxili əlaqəsini, bir-birini tamamlama şərtlərini də özünəməxsus bir fəhmlə hiss edirdi: “Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi — bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir”. Müəllimə olan xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi. Lakin yüksək səviyyəli müəllim kadrlarının yetişdirilməsi üçün də ilk öncə pedaqoji ali məktəblərdə tədrisin yüksək səviyyəsi və onu təmin etmək üçün yüksək elmi hazırlıq tələb olunur. Yəni təhsildən başlanan dövrə elm mərhələsini keçərək yenidən təhsildə qapanır.

Bu günün təhsili cəmiyyətin sabahına xidmət etdiyindən ictimai tərəqqinin proqnozu verilmədən, inkişaf strategiyası müəyyənləşdirilmədən, təhsil sahəsində heç bir islahat aparıla bilməz. Başqa sözlə, təhsil sistemində hər hansı bir islahat aparılması ancaq təhsilin öz daxili məntiqinə əsaslana bilməz və deməli, ancaq təhsil işçilərinin vəzifəsi ola bilməz.

Bütün ölkə, cəmiyyət miqyasında həyata keçirilən sosial-iqtisadi və ideya-siyasi islahatların elmi-nəzəri əsasları işlənib hazırlandıqca, təhsilin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsinin yolları da getdikcə daha çox aydınlaşmış olur. Müstəqil Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata keçirməklə bərabər, onun ideya-nəzəri əsaslarını da, milli ideologiyamızın prinsiplərini də müəyyən edən Heydər Əliyev, heç şübhəsiz, təhsil sahəsinin qarşısında duran vəzifələrə də biganə qalmamışdır. Təhsil sisteminin təşkilati məsələlərini çox gözəl bilən, keçmiş SSRİ-də təhsil islahatına bilavasitə rəhbərlik etmiş olan Heydər Əliyev, digər tərəfdən, cəmiyyətə və dövlət quruculuğuna bir sistem halında yanaşarkən, burada təhsilin də yerini müəyyənləşdirməyi heç vaxt unutmurdu: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

Göründüyü kimi, Heydər Əliyev təhsilə son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi baxırdı. Həyatda uğur qazanmağın vasitəsi kimi. Həyatın sahələri çoxdur. Onların hər hansı birində uğur qazanmaq üçün müvafiq yönümlü ixtisas biliklərinə yiyələnmək tələb olunur. Müxtəlif ixtisas sahələrində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi nəticə etibarı ilə iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Fərəhləndirici haldır ki, “xalqımızın elmi potensialı, təhsil potensialı bütün sahələrdə yüksək mütəxəssislərlə təmin olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən biridir” (Heydər Əliyev).

Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, həm də insanla cəmiyyət arasındakı münasibətin forması, cəmiyyətdəki demokratiklik və insanların azadlıq dərəcəsi ilə müəyyən olunur. Əgər iqtisadi dirçəliş, elmi-texniki tərəqqi daha çox rasional düşüncə, intellektual potensialla şərtlənirsə, insanın sosial və mənəvi yüksəlişi daha çox siyasi mədəniyyət və hüquqi təfəkkürlə şərtlənir. Bütün bunların inkişafı isə ilk növbədə təhsil sisteminin necə təşkil olunmasından asılıdır.

İnformasiyanın sürətlə artması, biliklərin həcminin insanın aktiv hafizəsi ilə müqayisədə hədsiz dərəcədə çox olması, cəmiyyətdə hadisələrin tempinin həddindən artıq böyüməsi, lakin insanın zaman koordinatının buna adaptasiya oluna bilməməsi qarşıya bir sıra problemlər qoyur. Bu problemlərin həlli insanın və cəmiyyətin inkişafı arasındakı fərqlə bağlıdır. Əsrlər boyu cəmiyyətin inkişafı ilə ayrıca götürülmüş bir insanın keçdiyi inkişaf arasında bir əlaqə və uyğunluq olmuşdur. Lakin müasir dövrdə cəmiyyət elə yüksək inkişaf tempi götürmüşdür ki, insan onu haqlamaqda çətinlik çəkir.

Ona görə də, müasir dövrdə qarşıda duran ən böyük problem insanın inkişaf tempini cəmiyyətin inkişaf tempinə uyğunlaşdırmaqdır. Bu funksiyanı təhsil sistemi yerinə yetirməlidir. Təhsil elə qurulmalıdır ki, ilkin ümumi əsaslardan sonra dar ixtisaslaşma getsin. Çünki müasir informasiya bolluğu şəraitində insanın aktiv hafizəsi ancaq dar ixtisas sahəsini əhatə edə bilər.

Beləliklə, təhsil bir tərəfdən insanların ümumi rasional dilə malik olmasını, o biri tərəfdən də insanların müxtəlifləşməsini, fərqli peşə və sahələr üzrə ixtisaslaşmasını təmin etməlidir. Həm də bu proses elə həyata keçirilməlidir ki, müxtəlif qruplara ayrılmış insanların əldə etdikləri nailiyyətləri əlaqələndirmək və toplamaq mümkün olsun.

Bəli, müasir dövrdə dünyanın bütün qabaqcıl ölkələri təhsilin bu optimal modelinin axtarışındadır. Keçid dövründə olan Azərbaycanda da əvvəlki təhsil sistemi, heç şübhəsiz, özünü doğrulda bilməzdi. Yeni tələblərə, dövrün ab-havasına uyğun olan yeni təhsil sisteminə böyük ehtiyac var idi və ulu öndər bu sahədə böyük quruculuq işlərinin vacibliyini hiss edirdi. Lakin, əlbəttə, iqtisadiyyatı qaydaya salmadan elm və təhsil sahəsində fundamental islahatlar aparmaq hələ tez idi.

Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev müstəqillik şəraitində açılan yeni imkanlardan istifadə etməklə əvvəl qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edirdi: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alimlər, müəllimlər təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər”. Biz elm və təhsil işçiləri ulu öndərin bu tövsiyələrini unutmamışıq və bu sahədə müsbət istiqamətdə bir dönüş yaradılması uğrunda mübarizəni indi də davam etdiririk.

Müstəqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni miqyası, daxil olduğu yeni ictimai-iqtisadi münasibətlər, habelə milli və regional xüsusiyyətlər əsasında vahid elm və təhsil konsepsiyası hazırlanması zərurəti qaçılmazdır. Əlbəttə, ötən dövr ərzində Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına qatılması istiqamətində mühüm işlər görülmüş, təhsil haqqında yeni qanun qəbul edilmişdir.

Yeni imkanlar şəraitində respublikamızın təhsil sistemində artıq müəyyən dəyişikliklər edilmiş, müasir tipli kolleclər, liseylər açılmış, ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali təhsildə ikipilləli sistemə keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar açılmışdır. Bizcə, bu istiqamətdə tədbirlərin davam etdirilməsinə və bu işdə xarici ölkələrin təcrübəsindən geniş istifadə olunmasına böyük ehtiyac vardır.

Heydər Əliyev dünya praktikasını və yerli xüsusiyyətləri nəzərə almaq, bu sahədə hər hansı bir islahatı hərtərəfli və mütəşəkkil şəkildə həyata keçirmək zərurətini qeyd edərək deyirdi: “Biz təhsil sahəsində yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız. Müasir texnikanın, texnologiyanın, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadr hazırlamaq lazımdır və bunların əsası orta təhsil illərində qoyulmalıdır”.

Fərəhli haldır ki, Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində ən böyük işlər də məhz onun adını daşıyan fondun geniş və hərtərəfli fəaliyyəti ilə həyata keçirilir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün misilsiz işlər görülmüşdür. Müstəqilliyimiz möhkəmləndikcə təhsil sahəsində də daha inamlı addımlar üçün şans yaranır. Heydər Əliyev Azərbaycan müəllimlərinin qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdi: “Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək...”

Heydər Əliyev qazanılmış hər hansı bir nailiyyətlə kifayətlənmirdi. Xüsusən, elm və təhsil sahəsində görüləcək işlərin çoxunun hələ qabaqda olduğunu da tez-tez vurğulayırdı: “Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin — orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır.”

Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məhdudlaşmır. Uşaqların cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsi ilə yanaşı, fəal ictimai praktika da tələb edir. Məktəb təkcə uşağın başını biliklərlə doldurmaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta məktəb uşağı ümumiyyətlə, həyata hazırlayır. Ali məktəb isə onu bir peşəkar kimi müəyyən sahənin mütəxəssisi olaraq yetişdirir. Bu axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdikdən sonra çalışacaqları istehsal və ya xidmət müəssisələrindəki real şəraitə və tələblərə uyğun surətdə əməli vərdişlərin mənimsənilməsini nəzərdə tutur. Digər tərəfdən, tələbələrin həm də bir vətəndaş kimi yetişməsi, onların siyasi və hüquqi mədəniyyətlərinin formalaşması üçün ali məktəb bu sahədə sadəcə biliklər verməklə kifayətlənməyərək, ictimai həyatın fəal iştirakçısı kimi fəaliyyət göstərməlidir.

İstər hər hansı bir ixtisas sahəsində, istərsə də ictimai həyatda fəallıq isə müvafiq elmi biliklərə əsaslanmalıdır. Heydər Əliyev deyirdi: “Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır. Azərbaycan elminin gələcəyi müasir gəncliyin elmi tədqiqat işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradılmasından asılıdır”.

Üstün elmi tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, aspirant və gənc alimlərin intellektual potensialının ölkəmiz üçün gərəkli olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institutları və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir.

Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki tədqiqatları məhdudulaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılmışdır. Həm də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha da artırır və intellektin daha çox bu sahəyə yönəldilməsini tələb edir. Təsadüfi deyil ki, Heydər Əliyev məhz humanitar elmlərə xüsusi diqqət verir və onların real ictimai həyatdakı rolunu yüksək qiymətləndirirdi: “Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir”.

Elm planetar, ümumbəşəri hadisədir. Vahid, böyük elm prosesinə daxil ola bilməyən, sanki ancaq özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, yalnız artıq keçilmiş yolların künc-bucağında yer tuta bilərlər, lakin bu, elm hesab edilə bilməz.

Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Lakin hətta ən böyük ölkələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. Ona görə də, hər bir ölkə öz elm strategiyasını imkanlarına uyğun olaraq qurmalıdır.

Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük elmi potensiala malikdir. Bu potensialın yaranmasında Elmlər Akademiyasının böyük rolu olmuşdur. Hazırda Azərbaycan elmin bir sıra sahələrində bütün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu uğurların səbəblərini araşdırmaq və onları möhkəmləndirmək lazımdır.

Milli Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nüfuzunun artması, burada əsl elmi yaradıcılıq atmosferinin təmin edilməsi çox vacibdir. Bu gün ən vacib məsələlərdən biri akademiyaya seçkilərin müntəzəm və elmi meyarlar əsasında keçirilməsi, onun özəyini təşkil edən həqiqi və müxbir üzvlər sırasına nisbətən gənc, istedadlı alimlərin seçilməsi, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artırılmasıdır. Bu gün cəmiyyətdə “akademik” imicinin bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır.

Lakin elmin inkişafını yalnız Milli Elmlər Akademiyası ilə bağlamaq olmaz. Çünki bu inkişaf həm təhsil sistemi ilə, xüsusən də ali məktəb, magistratura və doktoranturadakı fəaliyyətlə, həm müasir texnologiyaya əsaslanan sənayenin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin nəzəri səviyyədə dərk olunması təşəbbüsləri ilə sıx surətdə bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati formalarda həyata keçirilir. Keçmiş SSRİ-də elmin inkişafı ona görə əsasən Elmlər Akademiyası ilə bağlanırdı ki, onun yeganə fəaliyyət sahəsi elmi tədqiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı var. Heç də belə düşünmək olmaz ki, guya, MEA-dan başqa heç yerdə, o cümlədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bilməz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mühitsiz təhsil müəssisəsi universitet sayılmamalıdır. Universitetin başqa ali məktəblərdən əsas fərqlərindən biri də onun nəzdində elmi-tədqiqat institutlarının olması, burada geniş miqyaslı elmi yaradıcılıq fəaliyyətinin təşkilidir.

İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf perspektivlərini araşdırarkən köhnə təşkilati formalar, onların müsbət ənənələrinə hörmətlə yanaşmaqla bərabər, yeni, optimal və zamanın tələblərinə daha çox cavab verən təşkilati formalara da biganə qalmamalıyıq. Qanunların məqsədi yaradıcılıq axtarışlarının, o cümlədən təşkilati forma axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən yeni formaya hüquqi imkan verilməsi olmalıdır. Bu baxımdan, biz elm və təhsilin birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsipləri ön plana çəkməyə və süni məhdudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik mexanizmləri sadələşdirməliyik.

Milli Elmlər Akademiyası, heç şübhəsiz, Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xidmətləri olan, böyük kadr potensialına malik nəhəng bir qurumdur. Ona görə də yarım əsr ərzində toplanılmış təcrübəni nəzərə almadan, yeni bir qurum yaratmaq sadəlövhlük olardı. Bu səbəbdən Azərbaycanda elmin inkişafı ilə bağlı islahatlar aparılarkən ilk növbədə Elmlər Akademiyasının təcrübəsi və potensialı nəzərə alınmalıdır. Elm və təhsilin əlaqələndirilməsi işində də bu çox vacibdir. Təsadüfi deyildir ki, bir çox mütəxəssislər magistraturanın akademiya ilə birlikdə, onun bazasından və elmi potensialından istifadə etməklə yaradılması məsələsi qaldırırlar. Bizim fikrimizcə, magistratura ali məktəblərin monopoliyasında qalmamalı və akademiya sistemində çalışan alimlər təhsil prosesindən kənarlaşdırılmamalıdırlar.

Lakin bununla yanaşı, öz elmi kadr potensialına görə bir sıra sahələrdə akademiyadan geri qalmayan universitetlərdə də elmin inkişafına şərait yaradılmalıdır. Bu, müxtəlif qurumların paralel tədqiqat aparması və bir-birini təkrar etməməsi üçün akademiya sistemində olan elmi-tədqiqat institutları ilə universitetlərin nəzdindəki elmi-tədqiqat mərkəzləri və kafedralar arasında sıx koordinasiya olmalıdır. Respublikamız o qədər böyük deyil ki, müəyyən bir elm sahəsində olan konkret elmi-tədqiqat mərkəzlərini müasir laboratoriyalarla təmin edə bilsin. Ona görə də mərkəzləşdirilmiş elmi idarəçilik prinsipi zamanın tələbidir. Lakin bu prinsipin hansı hallarda birləşmə şəklində, hansı hallarda əlaqələndirmə və birgə fəaliyyət şəklində həyata keçirilməsi konkret yanaşma tələb edir. Məhz buna görə də əvvəlcə Milli Elmlər Akademiyasının nisbi müstəqil bir qurum kimi fəaliyyətinin, eyni zamanda, universitet elminin nisbi müstəqil bir proses kimi təşkil olunmasının qanunda təsbit edilməsindən deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi əsaslarının hazırlanmasından çıxış edilməlidir.

Təsadüfi deyil ki, Heydər Əliyev BDU-nun yaradılması və inkişaf yolunu səciyyələndirərkən burada elm və təhsilin vəhdəti məsələsini xüsusi vurğulayırdı: “Universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur”. Bəli, təkcə akademiya deyil, universitetlər də elm ocağı olmalıdır. Lakin bu gün biz buna necə nail ola bilərik? Mənə elə gəlir ki, bu məsələnin düzgün həlli üçün də Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə böyük ehtiyac vardır.

İctimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində böyük quruculuq işləri gedir. Bir tərəfdən, yeni ictimai-iqtisadi münasibətlərə keçid, digər tərəfdən, milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməmişdir. Lakin bu proseslər fərəhli olmaqla bərabər, çətin proseslərdir. Çünki neçə onilliklər ərzində formalaşmış sistemlərin dağıdılıb yenidən qurulması bəzən böyük maddi itkilər və mənəvi-psixoloji sarsıntılarla müşayiət olunur. Bəzən də bu proseslər qeyri-peşəkar səviyyədə aparıldığından əlavə çətinliklər və itkilər yaradır. Xüsusilə müstəqilliyin ilk illərində, dövlətin sükanı naşı əllərdə olduğu vaxtlarda yeniləşmə, yenidənqurma prosesləri “hələ dağıdaq, sonra qurarıq” mövqeyindən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük zəhmətlər, səylər nəticəsində qazanılmış qabaqcıl mövqelər əldən verilmiş, yenidən, sıfırdan başlamaq xətti əsas götürülmüşdür.

Özünün məhz quruculuq, yaradıcılıq ənənələri ilə Azərbaycan xalqının qəlbində dərin iz buraxmış Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın sosializm dövründən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərinin dağıdılması proseslərinə son qoydu və yeni quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ən böyük milli sərvətlərimizdən biri olan Elmlər Akademiyasının taleyi də sual altına alınmışdı və məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu tərəddüdlərə və narahatçılıqlara son qoyuldu və bu barədə Prezidentin qəti fikri bəyan edildi: “Akademiyanın indiyə qədər topladığı təcrübə bizim üçün əzizdir, onu qorumalı, saxlamalıyıq”.

Elm sahəsində quruculuq işləri, bu sahədə çalışan adamların əməyinin müasir tələblər səviyyəsində qiymətləndirilməsi, akademiya üzvlərinin orta yaş həddinin aşağı salınması və s. bu kimi yeniliklər AMEA-da geniş islahatlar aparılması üçün şərtdir. Və bu gün biz qətiyyətlə deyə bilərik ki, yaxın vaxtlarda akademiyada ciddi quruculuq işləri həyata keçiriləcək və elmin müasir tələblərə uyğun surətdə təşkilatlanması ilə bağlı ciddi tədbirlər görüləcəkdir.

Milli Elmlər Akademiyasının taleyi ilə bağlı son vaxtlar yayılmış bəzi şayiələri qəti şəkildə təkzib edərək yada salmaq istəyirik ki, AMEA həmişə bilavasitə Heydər Əliyevin himayəsi altında olmuşdur və bu xətt indi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Xüsusən, onun dağıdılmasına yönəldilmiş heç bir addım atıla bilməz. Heydər Əliyev ona məxsus uzaqgörənliklə bu sahədə ortaya çıxa biləcək belə söz-söhbətlərin qarşısını almaq üçün bu məsələ ilə bağlı qəti mövqeyini də qabaqcadan bildirmişdi: “Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən, prezident öz əhval-ruhiyyəsi ilə bunu dağıtsın. Ola bilər, başqa prezident bunu etsin, amma mən heç vaxt edə bilmərəm”. “Müqəddəs elm ocağı”! Bu sözlər də Heydər Əliyevə məxsusdur və Elmlər Akademiyası haqqında deyilmişdir.

İndiki dövrdə də Azərbaycanda elmin və Milli Elmlər Akademiyasının taleyi ilə bağlı bədbin əhval-ruhiyyə üçün heç bir əsas yoxdur. Lakin bu o demək deyildir ki, hər şey elə əvvəlki kimi qalmalıdır. Biz bu sahədəki sərvətlərimizi qoruyub saxlamaqla yanaşı, onları inkişaf etdirmək barədə də düşünməliyik. Bu baxımdan, Azərbaycanda elmin təşkilati strukturunun təkmilləşdirilməsi, müxtəlif tabelikli elm-təhsil, elmi-tədqiqat müəssisələrinin və sahə elmlərinin əlaqələrinin optimallaşdırılması ilə bağlı ciddi tədbirlər görülməsinə böyük ehtiyac vardır.

Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin təşkilati formalarını, bəziləri hətta, bu təşkilatların yerləşdiyi binaları və öz əvvəlki funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul və adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları elmin özü ilə qarışıq salırlar.

Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə məşğul olmaq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşüncənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca o, ən böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Heydər Əliyev deyirdi: “İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır”.

Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki, Azərbaycan inqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdirilməli və tədqiqatlar, əsasən, bu istiqamətlərə yönəldilməlidir. Lakin tətbiqi elmlərlə yanaşı, fundamental elmlər də vardır və onlar bir qayda olaraq bütün ölkələrdə deyil, yalnız ən qabaqcıl ölkələrdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlərə praqmatik münasibət hələ formalaşmadığından çoxları bu sahəyə, sadəcə, milli imici yüksəldən bir amil kimi baxır.

Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrlə səciyyələnir. Sözün həqiqi mənasında, böyük elm — elmi yaradıcılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə edilməsi, elmi nəzəriyyələrin formalaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir. Lakin elm piramidası həm də oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərəcəsi ilə ölçülür.

Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşməsi, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi biliklərin adi şüurun strukturuna daxil olması – bəli, bütün bunlar da göstəricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi yoxdur.

Müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu yeni tələblərə uyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun olaraq qoşulur. Əsas məsələ məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sahələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq etmək imkanlarına malikik? Bizim sənayenin və kənd təsərrüfatının texnoloji inkişaf səviyyəsi və burada istifadə olunan qurğuların elmi tutum dərəcəsi öyrənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəfdən, bizim texnologiyanın elmin hansı inkişaf səviyyəsinə adekvat olduğu nəzərə alınmalıdır.

Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası, həqiqətən, ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. Lakin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sistem daha çox dərəcədə sosializm cəmiyyəti üçün səciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm cəmiyyətinə nisbətən, həqiqətən, üstünlükləri var idi. Lakin iqtisadiyyat sahəsində dövlət monopoliyasından imtina edilməsi və bazar münasibətlərinə keçilməsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliyyəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu mahiyyət fərqini nəzərə almadan, guya, hər şeyi əvvəlki qaydada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sistemin üstün cəhətlərinin inteqrasiyası kimi çox mürəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib hazırlanmalıdır.

Bəli, Elmlər Akademiyası saxlanmalıdır. Lakin hansı formada, hansı fəaliyyət istiqamətlərində və hansı infrastruktura daxil olmaqla? Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün akademiyanın keçmiş SSRİ Elmlər Akademiyasından qopub ayrılmış və təşkilati forması yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini eynilə qoruyub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir quruma çevirmək tələb olunur. Əgər biz elmi potensialımızın bazasında, həqiqətən, rentabelli işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə — “fundamental elm — tətbiqi elm — texnoloji ideya — mühəndis-konstruktor layihəsi — istehsal” zəncirində hər bir halqaya ayrılan pulun hədər getməyəcəyinə, sonrakı halqaların hesabına əməli nəticəsi olacağına əmin ola bilər.

Hal-hazırda Azərbaycanda təkcə Elmlər Akademiyası ilə deyil, bütövlükdə, elmin inkişaf strategiyası ilə bağlı, elmin müasir tələblərə cavab verən təşkilati strukturunun formalaşdırılması ilə bağlı tədqiqatlara böyük ehtiyac vardır. Həm də bütün bu tədqiqatların əsasında məhz Heydər Əliyev ideyaları dayanmalıdır. Çünki onun uzaqgörən siyasəti və qeyri-adi intuisiyası bizim bugünkü və bütün gələcək uğurlarımızın da yoluna işıq saçır!

 

 

Xalq qəzeti.- 2010.- 12 may.- S. 8.